Məhkəmə qərarları › İş №1(006)-264/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-264/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-264/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 mart 2022-ci il tarixdə, saat 17:47-də ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi, vətəndaşların azad girib-çıxa biləcəyi «Casio» saat satışı mağazasına müştəri qismində daxil olub mağazada olan şəxslərin başının qarışıq olmasından istifadə edərək satış üçün vitrinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus 730 manat dəyərində «Orient» markalı «RA- AK0007S10B» modelli qol saatını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08 mart 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanda yerləşən «Casio» adlı mağazaya girmiş və oradakı qol saatlarına baxmışdır. O, vitrində olan «Orient» markalı qol saatını baxmaq üçün götürmüş, qiymətini soruşmaq istəyəndə satıcıların başının qarışıq olduğunu görmüş və saatı cibinə qoyaraq hadisə yerindən uzaqlaşmışdır. Oğurladığı qol saatının ucuz olduğunu düşünmüşdür. Yolda saatın üzərində qiymətini görmüş, baha olduğunu biləndən sonra geri dönüb qaytarmaq istəmiş, lakin qorxduğundan geri qayıtmamışdır. Elə həmin gün o, oğurladığı qol saatını itirmişdir. Daha sonra törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən «Casio» adlı mağazanı işlədir, həmin mağazada olan mallar ona məxsusdur. 09 mart 2022-ci il tarixdə, saat 14-15 radələrində mağazada olarkən mağazada vitrində olan saatlara baxdıqda bir ədəd «Orient» markalı saatın yerində olmadığını aşkar etmişdir. Mağazada ona kömək edən arvadı Şahid1 bu barədə soruşduqda, saatın harada olmasını bilmədiyini demişdir. O, dərhal mağazada olan videogörüntülərə baxmış və müəyyən etmişdir ki, 08 mart 2022-ci il tarixdə saat 17 radələrində bir nəfər hündürboy şəxs mağazaya müştəri qismində daxil olaraq saatlar olan vitrinə yaxınlaşır, hamının başının qarışıq olmasından istifadə edərək vitrində olan istifadə olunmamış «Orient RA-AK0007S10B» markalı qol saatını götürüb baxaraq cibinə qoyur və sonra mağazam tərk edir. Bundan sonra o, baş vermiş hadisə barədə DİN «102» xidmətinə məlumat vermişdir. Oğurlanmış qol saatının dəyəri 730 manatdır və ona həmin məbləğdə ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, oğurlanmış əşyanın geri qaytarılmadığını və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək məhkəmədən Təqsirləndirilən şəxs ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Əri Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən «Casio» adlı mağazanı işlədir, o da çox vaxt ərinə kömək etmək üçün həmin mağazada olur. Mağazada qol saatlarının satışı həyata keçirilir. 09 mart 2022-ci il tarixdə saat 15 radələrində mağazada olarkən əri İzzət mağazada vitrində olan saatlara baxarkən bir ədəd «Orient» markalı saatın yerində olmadığını aşkar etmişdir. İzzət ondan həmin saatı hər hansı bir müştərinin alıb-almadığını soruşduqda, o, vitrindən heç bir qol saatının satılmadığını bildirmişdir. Sonra əri İzzət mağazada olan videogörüntülərə baxmış və müəyyən etmişlər ki, 08 mart 2022-ci il tarixdə saat 17 radələrində bir nəfər hündürboy şəxs mağazaya müştəri qismində daxil olaraq saatlar olan vitrinə yaxınlaşır və hamının başının qarışıq olmasından istifadə edərək vitrində olan «Orient» markalı qol saatını götürüb baxaraq cibinə qoyur, sonra isə mağazadan çıxıb uzaqlaşır. Buna görə əri Zərərçəkmiş şəxs polisə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 21 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 46A ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək oranı işlətməsi üçün tanışı Zərərçəkmiş şəxs vermiş, İzzət həmin ünvanda yerləşən «Casio» adlı mağazanı işlədir. Orada olan mallar ona məxsus deyil, həmin mallar İzzətə məxsusdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.52-53); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 8 mart 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən «Casio» adlı mağazadan qol saatını hansı qaydada oğurladığını hadisə yerində əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir (i.v.48-51); - Baş vermiş cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, videofaylda 12 saniyə müddətində videogörüntü vardır. Videogörüntüdə bir nəfər hündürboy, başında papaq, əynində qara rəngli gödəkcə, sifətində qoruyucu tibbi maska olan şəxs mağazaya girişdən sağ tərəfdə olan vitrinin qarşısında durub, həmin vitrində olan qol saatlarına əlini uzadaraq saatların bir ədədini götürüb baxır və sonra həmin qol saatını cibinə qoyur, həmin an mağazada olan işçilərin başı qarışıq olduğu üçün həmin şəxsin hərəkətlərini görmürlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs videogörüntüdə olan həmin şəxsin özü olduğunu bildirmişdir; - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk iş üzrə sübut kimi tanınmışdır (i.v.77-83); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli, 9/2506 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 1 ədəd istifadə olunmamış «Orient RA-AK0007S10B» qol saatının 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 730 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.69-71); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin xx.xx.2005ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum elmə cəzasına məhkum olunmuş, Nizami rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə 3 ay 3 gün vaxtından əvvəl şərti azad olunmuşdur (i.v.67-68). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 22 saata görə 132 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 22 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar