Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-265/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 02-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronlar əldə edib üzərində daşımış, 12 yanvar 2021-ci il tarixdə, saat 16:06 radələrində ünvan 1 ünvanda olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilmiş, orada üzərinə videoçəklişlə axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın arxa sağ tərəfində kəmərə keçirilmiş olan bir ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd zavod üsulu ilə istehsal olunmuş səkkiz ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, funksional əhəmiyyət daşımayan patron darağı və patron darağının içərisində zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli, həmin Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş üçün nəzərdə tutulmuş döyüş sursatı olan dörd ədəd patron aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünü dolandırmaq üçün dəmir yığıb təhvil verməklə pul qazanırdı. 07 yanvar 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Yasam rayonu, “Sovetski” adlanan ərazidə yerləşən söküntüdə dəmir yığarkən sellofan torba tapmış, içərisinə baxanda orada bir ədəd markasını bilmədiyi tapança görmüşdür. Fikirləşmişdir ki, bu silah oyuncaq və ya pnevmatik tapançadır, əks halda heç kəs onu belə sahibsiz qoymazdı. Silahı əlinə alıb hər tərəfinə baxmış, bu zaman darağında dörd ədəd patron görmüşdür. Dərhal silahı gizlətmişdir ki, onu polisə təhvil versin, lakin polisdə ondan şübhələnəcəklərindən qorxduğu üçün bu fikrindən daşınmış və silahı üzərində gəzdirmişdir. 12.01.2021-ci il tarixdə, saat 16:05 radələrində ünvan 3 ünvanda olarkən özünü polis əməkdaşları kimi təqdim edən bir neçə nəfər ona yaxınlaşıb ondan qanunsuz olaraq odlu silahı əldə edib üzərində daşımaqda şübhələndiklərini bildirib polis bölməsinə dəvət etmişlər. Orada videoçəkilişlə üzərində axtarış zamanı əynindəki göy rəngli cins şalvarın arxa sağ tərəfində kəmərə keçirilmiş həmin tapança və patronlar aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 12 yanvar 2021-ci il tarixdə bölməyə “Şahin” adlı şəxsin qanunsuz olaraq odlu silahı əldə etməsi, üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə ondan, iş yoldaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar həmin günü, saat 16:06 radələrində ünvan 4 ünvanda olarkən əməliyyat məlumatına uyğun olan Şahin adlı şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etməklə məsələ barədə məlumat verib onu 21-ci polis bölməsinə dəvət etmişlər. Orada şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində ola biləcək qeyriqanuni əşyanı könüllü təqdim etməsi təklif edilmişdir. O da əynindəki göy rangli cins şalvarın sağ arxa tərəfindən belindəki bir ədəd "Makarov" tipli tapança və dörd ədəd patronu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı üzərindən aşkar edilmiş tapançanı 07 yanvar 2021-ci il tarixdə “Sovetski” adlanan ərazidən söküntüdə dəmir yığarkən tapdığını və daimi yaşayış yeri olmadığından üzərində daşıdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşı Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13.01.2021-ci il tarixli, 21/24 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. 04 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ-də, bir ədədi 1979-cu, iki ədədi 1985-ci, bir ədədi isə 1987-ci illərdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar (04 ədəd patrondan 02 ədədi eksperimental atəş zamanı istifadə olundu) (İ cild, i.v.56-61); “Maddi sübut kimi tanınmaq haqqında” 10.02.2021-ci il tarixli qərarla 01 ədəd Makarov tipli tapança və tapançanın darağının içərisində iki ədəd patron maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.111); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.03.2021-ci il tarixli arayışından görünür ki, Rzayev X4- Qubadlı Hərbi Məhkəməsinin 30.11.2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08.05.2007-ci il tarixli amnistiya qərarına əsasən 22.06.2007-ci il tarixdə cəzadan azad olunmuşdur (İ cild, i.v.96-97); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 4(006)- 28/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 yanvar 2021-ci ildən hesablanmışdır (İ cild, i.v.92- 94); Şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən Təqsirləndirilən şəxs 02.08.2007, 20.08.2011 və 05.01.2017-ci il təvəllüdlü üç övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı 01 ədəd nömrəsi silinmiş tapança, 01 ədəd patron darağı, ekspertiza tədqiqatından sonra qalıq qalan 02 ədəd 9x18 mm kalibrli patron Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı 01 ədəd nömrəsi silinmiş tapança, 01 ədəd patron darağı, ekspertiza tədqiqatından sonra qalıq qalan 02 ədəd 9x18 mm kalibrli patron Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-265/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-265/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver