Məhkəmə qərarları › İş №1(006)-265/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-265/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-265/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1982-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 6-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı «Eldost» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 05 mart 2022-ci il tarixdə saat 07 radələrində anbar hesab edilən ünvan 1 ünvanda yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tikintisi aparılan binanın giriş qapısının kilidlə bağlı olmamasından istifadə edib kənar şəxslərin sərbəst daxil olması üçün icazə olmadığı halda həmin qapıdan oraya qanunsuz daxil olaraq 1-ci mərtəbədə qoyulmuş "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus hər biri 3 metr uzunluğunda olmaqla 10 ədəd hər metrinin qiyməti 8 manat təşkil edən ümumilikdə 240 manat dəyərində alüminium profilləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşayır və tutulduğu günədək heç yerdə işləməmişdir. O, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən günlük evlərdə kirayə qalmışdır və orada qonşuluqda onun kimi günlük kirayədə qalan Eldost adlı şəxs ilə tanış olmuşdur. 05 mart 2022-ci il tarixdə gecə saatlarında Eldost ilə səhərə yaxın görüşmələri və münasib yerdən oğurluq etmələri barədə qərara gəlmişlər. 05 mart 2022-ci il tarixdə tanışı Eldost ilə Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsinin ətrafında gəzmişlər, bu zaman orada yeni tikilinin 1-ci mərtəbəsində qapının açıq olduğunu və orada aliminium profilin olduğunu görərək oraya qanunsuz daxil olaraq götürə bildikləri qədər profil götürmək qərarına gəlmişlər. İçəri daxil olduqdan sonra Eldost ilə təxminən 10 ədəd alüminium profil oğurlamışlar və oradan uzaqlaşmışlar. Həmin profilləri oğurladıqdan sonra səhər olan zaman yəni 05 mart 2022-ci il tarixdə təxminən saat 10 radələrində Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon bazarında səyyar olaraq fəaliyyət göstərən mis və aliminium alan tanımadığı şəxsə 28 manata satmışdır. Sonradan o, öz işinin dalınca getmişdir. 06 mart 2022-ci il tarixdə saat 01 radələrində oğurluq etdiyi MTKnın yaxınlığından keçən zaman tanımadığı bir şəxs ona yaxınlaşmış və oradan oğurluq etməyini soruşmuşdur. O, həmin şəxsə həqiqəti etiraf etmiş və həmin şəxs onu polis bölməsinə aparmışdır. Həmin şəxs ona hansısa zor tətbiq etməmişdir. O, öz razılığı ilə polis bölməsinə getmiş və orada öz əməlini etiraf etmişdir. Eldostun anket məlumatları barədə hansısa məlumatı olmamışdır və başqa yerdən oğurluq etməmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olmasını bildirərək məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs "xxxx" Mənzil-Tikinti Kooperativin nümayəndəsi Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 05 mart 2022-ci il tarixdə səhər saatlarında MTK-da fəhlə işləyən Şahid1 MTK-nın binasından alüminium profillərin oğurlanmasını aşkar edib bu barədə MTK-nın baş məsləhətçisi Şahid2 məlumat vermiş, daha sonra Şahid2la birlikdə MTK-da quraşdırılmış müşahidə kameralarına baxaraq 05 mart 2022-ci il tarixdə saat 07 radələrində 2 nəfər şəxsin MTK-ya qanunsuz daxil olaraq oradan alüminium profillərini oğurladıqlarını aşkar etmişlər. 06 mart 2022-ci il tarixdə saat 01 radələrində Şahid1 MTK-nın ərazisində olarkən MTK-nın yanından bir nəfər şəxsin keçdiyini görüb həmin şəxsin oğurluq etmiş şəxslərdən birinə oxşadaraq həmin şəxsə yaxınlaşmış, həmin şəxslə söhbət apardıqdan sonra sonradan şəxsiyyəti tam olaraq məlum olmuş Təqsirləndirilən şəxs oğurluq etdiyini etiraf etmiş, bu səbəbdən həmin şəxs ərazi üzrə polis əməkdaşlarına təhvil verilmişdir. Oğurluq nəticəsində MTK-dan 10 ədəd hər biri 3 metr uzunluğunda olan alüminium profilləri oğurlanmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq, sonuncu barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisə vaxtı ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-da fəhlə işləmişdir və həmçinin yaşadığı ünvana getmədiyi günlər həmin MTK-nın həyətinə və binasına nəzarət etmişdir. 05 mart 2022-ci il tarixdə səhər saatlarında MTK-da olarkən binanın içərisində olan alüminium profillərin azaldığını müşahidə etmişdir. Bu barədə baş məsləhətçi Şahid2 məlumat verdikdən sonra sonuncu ilə birlikdə binada quraşdırılmış müşahidə kameralarında qeydə alınmış videogörüntülərə baxmışlar. Həmin vaxt 05 mart 2022-ci il tarixdə saat 07 radələrində 2 nəfər naməlum şəxsin MTK- nın ərazisinə daxil olub binadan alüminium profilləri oğurlamasını müşahidə etmişlər. O, müşahidə kameralarında qeydə alınmış videogörüntülərə baxdığı zaman MTK-dan oğurluq edən şəxslərə, onların geyimlərinə və zahiri görünüşlərinə diqqətlə nəzər yetirmişdir. 06 mart 2022-ci il tarixdə saat 01 radələrində MTK-nın həyətində olarkən çöldən bir nəfər şəxsin hərəkət etdiyini görmüş, həmin şəxsə diqqətlə baxdıqda, müşahidə kameralarında qeydə alınmış videogörüntülərdə olan şəxslərin birinə oxşadığı üçün həmin şəxsə yaxınlaşmış və həmin şəxsi sorğu sual edən zaman sonradan şəxsiyyəti tam olaraq ona məlum olan Təqsirləndirilən şəxs MTK-dan oğurluq etdiyini etiraf etmişdir. Daha sonra həmin şəxsin yanında Şahid2 məlumat vermiş və sonuncu gəldikdən sonra həmin şəxsi ərazi üzrə polis bölməsinin əməkdaşlarına təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 06 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanda yerləşən "xxxx" Mənzil-Tikinti Kooperatividir (i/v 5-7). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 06 mart 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən DVD diskin içərisində olan məlumatlar açıldıqda, diskdə 4 ədəd videofaylın olduğu müəyyən edilmişdir. Həmin videofayllann hər biri ayrı-ayrı açıldıqda, videofaylların hər birinin dəqiqə 32 saniyə müddətində olması müəyyən olunmuşdur. Videofayllara baxış keçirilərkən ləyyən olunmuşdur ki, 2 nəfər şəxs ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın binasına qanunsuz daxil olaraq həmin binanın jxlanc yerində axtarış aparırlar, sonra saxlanc yerindən bir neçə ədəd profilləri oğurlayırlar, baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə videogörüntülərə baxıb, həmin videogörüntülərdə olan şəxslərdən birinin özünün olduğunu, digərinin isə tanışı Eldost adlı şəxsin olduğunu, Eldost adlı şəxslə birlikdə MTK-nın saxlanc yerindən 10 ədəd alüminium profilləri oğurladıqlarını, videogörüntülərdən də onların alüminium profilləri oğurlamalarının tam açıq aydın göründüyünü bildirmişdir (i/v 40). Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/3249 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında istifadədə olmamış, eni 4,8 sm olan alüminium profilin 01 metrinin 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 8,00 manat müəyyən olunmuşdur (i/v 83-85). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 33). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 56-58). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Səbail rayon məhkəməsinin 22 aprel 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i/v 88-90, 92-94). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin verdikləri ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 20 (iyirmi) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, ondan ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-265/2022 saylı, 25 may 2022-ci il tarixli qərara əsasən 27 may 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 09 (doqquz) ay 10 (on) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Salyan rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar