Məhkəmə qərarları › İş №1(006)-268/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-268/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-268/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Balakən rayonu, Şambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta-ixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 03, mənzil 11-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə Zərərçəkmiş şəxs 2019-cu ilin iyun ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Sabirabad” otelindən çıxarkən ona özünü jurnalist kimi təqdim edib fotoşəkillərini çəkməklə və videogörüntülərini lentə almaqla onun həmin oteldə əxlaqsız qadınlarla münasibəti barədə məlumatları müxtəlif xəbər portallarında yaymaq hədəsi ilə onu cəmiyyətdə, eləcə də yaxın qohum və tanışları arasında nüfuzdan salacağını bildirib 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında 3.000 manat pulu ondan hədə-qorxu ilə tələb etmiş, xx xxxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Cavadxan küçəsində yerləşən “Antalya” restoranında Zərərçəkmiş şəxs 1.000 manat məbləğində pulu aldıqdan sonra xx xxxxxxx 2019-cu il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, F.Əliyev küçəsi, 71 saylı ünvanda yerləşən “Kardeşlər Marmaris” restoranında əlavə 1.000 manat, ümumilikdə 2.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib alarkən Zərərçəkmiş şəxs bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında həmin tarixdə, saat 17:45 radələrində restoranda keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, İdarədə onun üzərinə baxış keçirilən zamanı əlindəki çantadan çıxarıb təqdim etdiyi 10 ədəd 100 manatlıq pul əsginazları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxsona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ildən jurnalistika sahəsində işləmiş, hazırda isə ictimai jurnalist olaraq fəaliyyət göstərir. “Vətənpərvərlər” qəzetində şöbə müdiri kimi fəaliyyət göstərən Şahid2 2016-cı ilin sentyabr ayından, “müstəqil.az” internet saytının rəhbəri Şahid1 isə 2018-ci ilin mart ayından tanıyır. Cavidlə onu Sevil tanış etmişdir. Onlar tanış olduqda pul qazanmaq məqsədi olmadan cəmiyyətdə əks-səda doğura biləcək mənfi halları ictimailəşdirməyə razılaşmış və bununla bağlı hər ay görüşüb məlumat axtarmaq üçün gəzmişlər. 2019-cu ilin iyun ayının sonlarında Sevil və Cavidlə görüşərkən onlar ona son zamanlar bəzi otellərə azyaşlı qızların çağırıldığını və orada əxlaqsızlıqla məşğul olduqlarını demişlər. Bu məsələni ictimailəşdirmək üçün onlar həmin günü saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən ”Titanik" otelinə getsələr də, oradan heç bir məlumat əldə edə bilməmişlər. Daha sonra Cavidin təklifi ilə onlar həmin yerdə yerləşən “Sabirabad” adlı otelə getmişlər. Saat 15 radələrində otelə girməmişdən əvvəl o, özünə məxsus “Xiaomi” markalı mobil telefonla videoçəkiliş aparmağa başlamış və qarşısında olan avtomobilləri də çəkmişdir. Sevillə Cavid isə kənarda dayanmışlar. O, çəkiliş apararkən bir nəfər kişi yanında bir qadınla oteldən çıxaraq ağ rəngli “Kia” markalı avtomobilə tərəf gəlməyə başlamış, bu zaman həmin görüntüləri də qeydə almışdır. Qadın tez avtomobilə əyləşdiyindən onu çəkə bilməmişdir. Sonradan adının Fuad olduğunu bildiyi həmin şəxs ondan videonu dayandırmağını tələb etsə də, o buna məhəl qoymamışdır. Bundan sonra Fuad Cavidə yaxınlaşıb cibinə 50 manat pul qoyaraq videonun silinməsini xahiş etmiş, lakin Cavid pulu yerə atmışdır. Fuad da həmin pulu götürüb onunla əlaqə saxlamaq üçün Cavidə mobil nömrəsini verib oradan çıxıb getmişdir. Bu hadisədən 5-10 gün sonra Cavid ona zəng vuraraq həmin videonu ictimailəşdirmək üçün onun gətirməsini və bu görüntüdə olan şəxsin məktəb direktoru olduğunu bildirmişdir. O, əvvəlcə çəkilişin onda olduğunu desə də, daha sonra “WhatsApp” proqramı vasitəsilə Cavidə yalandan yazmışdır ki, guya səhvən bu videonu silib. 2019-cu ilin sentyabr ayının sonlarında qızının ürəyində problemi olduğu üçün ona təcili pul lazım olmuşdur. Buna görə də həmin çəkilişdə olan direktoru axtarıb taparaq çəkilişin silinməsi üçün ondan pul almaq qərarına gəlmişdir. Araşdırma apardıqdan sonra Fuad adlı həmin şəxsin Bakı şəhəri, Sabunçu rayonu, 170 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışdığını müəyyən etmiş və internet vasitəsilə onun xidməti otaq nömrəsini tapmışdır. Oktyabr ayının əvvəllərində həmin nömrəyə zəng etsə də, onunla əlaqə saxlaya bilməmişdir. 10 oktyabr tarixdə, saat 11 radələrində təkrar olaraq həmin nömrəyə zəng edəndə telefona cavab verən şəxs məktəbin direktoru Fuad olduğunu demiş, o da özünü “Xəyalə” kimi təqdim edib ona məsələni bildirmiş, sonuncu da ona öz mobil nömrəsini verib zəng vurmağı xahiş etmişdir. Bundan sonra onlar həmin günü metronun ”20 Yanvar" stansiyası yaxınlığında saat 14 radələrində görüşüb kafelərin birində söhbət etmişlər. Söhbət zamanı Fuada çəkilişin ondan başqa heç kimdə olmadığını və bu günə kimi onu yaymadığını söyləmiş, lakin hazırda pula ehtiyacı olduğu üçün ona köməklik etməsini xahiş etmiş, bunun qarşılığında isə həmin görüntülər və şəkillərin silinəcəyini demişdir. Fuad ona 2.000 manat kömək edə biləcəyini söyləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində o, Fuadla Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Cavadxan küçəsində yerləşən “Antalya” adlı restoranda görüşərkən sonuncu ona 1.000 manat pul vermiş, o da mobil telefonunu Fuada təqdim etmiş, sonuncu da özü orada olan videogörüntünü silmişdir. Razılığa əsasən 03 ədəd şəkli də Fuad qalan 1.000 manatı verdikdən sonra siləcəkdi. xx xxxxxxx 2019-cu il tarixdə, saat 17:15-də onlar Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “Kardeşlər Marmaris” restoranında görüşərkən Fuad ona 10 ədəd 100 manatlıq əsginazlardan ibarət 1.000 manat pul vermişdir. O, pulu götürdükdən sonra Fuad onun mobil telefonunda olan 03 ədəd şəkli də silmişdir. Fuaddan aldığı pulları əlində olan qara rəngli çantaya qoyub oradan uzaqlaşmaq istəyərkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək onun Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul almaqda şübhəli olduğunu bildirmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Hazırda zərər çəkmiş şəxsə vurulmuş zərər ödənilmiş, onunla barışıq əldə olunmuşdur. Himayəsində iki övladı var, onları təkbaşına böyüdür. Qızı ürək və göz xəstəliyindən əziyyət çəkir, kənar şəxsin köməyinə ehtiyacı var, oğlu isə hərbi xidmətdədir, Qarabağda gedən döyüşlərdə iştirak edir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2016-cı ildən Bakı şəhəri, Sabunçu rayonu, 170 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyir. 2019-cu ilin iyun ayının sonlarında bir nəfər qadın tanışı ilə istirahət etmək məqsədi ilə Nərimanov rayonu ərazisində yerləşən “Sabirabad” otelinə getmiş, lakin şəraiti xoşuna gəlmədiyi üçün oranı tərk etmək qərarına gəlmişdir. Bu zaman bir neçə nəfər şəxsin yüksək səslə “102”yə zəng vur” dediyini eşitmişdir. Bu zaman qorxduğundan özü otelin ön, yanındakı qadın isə arxa qapısından çölə çıxmışlar. Otelin ön qapısından çıxan zaman bir nəfər şəxsin onu videoçəkilişlə qeydə aldığını görmüş, hətta idarə etdiyi avtomobilə əyləşdikdən sonra da bu hərəkət davam etmişdir. O, çəkiliş aparan qadına yaxınlaşıb ondan videogörüntünü silməsini xahiş etsə də, sonuncu buna əhəmiyyət verməmişdir. Bundan sonra qadının yanındakı şəxsə yaxınlaşıb onun cibinə 50 manat pul qoyaraq videonu silməsini xahiş etmiş, lakin otelin işçiləri bunu gördüyündən sonuncu pulu yerə atmışdır. Daha sonra o bu şəxsə öz mobil telefon nömrəsini verib həmin yerdən çıxıb getmişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində işdə olan zaman xidməti otağındakı telefon nömrəsinə zəng gəlmiş, zəng edən qadın özünü “Xəyalə” kimi təqdim edərək onunla söhbət etmək istədiyini bildirmişdir. O da bu qadının oteldə onun görüntülərini qeydə alan şəxsin olduğunu anlamışdır. Daha sonra öz mobil nömrəsini ona verib metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşməyə razılaşmışlar. Orada həmin qadınla görüşən zaman sonuncu ona görüntüləri göstərib xəbər saytlarında yayacağını bildirmiş, o da bunun baş verdiyi təqdirdə rüsvay olacağını fikirləşmişdir. O, “Xəyalə”dən həmin görüntülərin başqa şəxslərdə olub-olmadığını soruşanda, sonuncu onların heç kimdə olmadığını demişdir. “Xəyalə” görüntüləri yaymamaq üçün ondan 3.000 manat pul istəsə də, onlar 2.000 manata razılaşmışlar. xx xxxxxxx 2019-cu il tarixdə o bu qadınla Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən “Antalya” restoranında görüşüb ona 1.000 manat pul vermiş, sonuncu da telefonu ona təqdim etmiş və o da orada olan videonu silmişdir. Qalan pulun verilməsi üçün qadından vaxt istəmiş, eyni zamanda düşünmüşdür ki, məsələ bununla bitməyəcək və qadın ondan hər dəfə pul istəyəcək. Buna görə də o, bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat vermiş və “Xəyalə” adlı qadının ona hədə-qorxu gəldiyini, ondan 1.000 manat pul aldığını, hazırda da 1.000 manat istədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona seriya və nömrələrini protokola qeyd etdikləri, əvvəlcədən xüsusi işarələnmiş pul əsginazlarından ibarət 1.000 manat pul vermişlər. O, “Xəyalə” adlı qadınla xx xxxxxxx 2019-cu il tarixdə, saat 17:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, F.Əliyev küçəsi, 71 saylı ünvanda yerləşən “Kardeşlər Marmaris” restoranında görüşüb polis əməkdaşlarının verdiyi 1.000 manat pulu ona vermiş, “Xəyalə” də pulu alıb çantasına qoyduqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman onlara həmin qadının Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, mətbuat sahəsində fəaliyyət göstərir, “musteqil.az” internet saytının rəhbəridir. Şahid2 və Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayında tədbirlərin birində tanımışdır. Onlar da mətbuat sahəsində fəaliyyət göstərirdilər. İyun ayının sonlarında Sevil onlara azyaşlı qızın evdən qaçdığını və otellərdə əxlaqsızlıqla məşğul olması barədə məlumat daxil olduğunu bildirmiş, bununla bağlı araşdırma aparmaq üçün kömək lazım olduğunu söyləmişdir. Bununla bağlı onlar əvvəlcə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Titanik” otelinə, oradan da “Sabirabad” otelinə getmişlər. Onlar otelə getdikdən sonra Sevil oraya gələn müştərilərin siyahısı olan jurnala baxmış, o isə Fatma ilə birlikdə həyətdə olmuşdur. Fatma öz mobil telefonu ilə otelin qarşısını, orada olan avtomobilləri çəkərkən bir nəfər şəxs yanındakı qadınla otelin qarşısındakı avtomobilə yaxınlaşmışdır. Bu zaman Fatma onların da videoçəkilişini aparmışdır. Həmin şəxs Fatmadan videonu dayandırıb silməyi tələb etsə də, Fatma buna əhəmiyyət verməmişdir. Bu vaxt həmin şəxs ona yaxınlaşaraq videonu heç yerdə yaymamağı tapşıraraq onun cibinə 50 manat pul qoymuşdur. O isə həmin pulu yerə atmışdır. Bundan sonra həmin şəxs mobil nömrəsini ona verib oradan çıxıb getmişdir. Bir neçə gündən sonra həmin nömrə ilə bağlı məlumat toplayanda ona məlum olmuşdur ki, onun sahibi 170 saylı tam orta məktəbin direktorudur. Fatmaya zəng edib videonu gətirməsini və görüntülərdə olan şəxsin məktəb direktoru olduğunu bildirmişdir. Fatma isə ona yazaraq həmin videonun telefonundan silindiyini demişdir. O vaxtdan sonra o, Fatma ilə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs çəkdiyi videogörüntünü Zərərçəkmiş şəxs göstərib haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə ondan 2.000 manat pul tələb edərək alması barədə məlumatı olmamışdır. İş materiallarında olan: - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokol və fotoşəkillərdən görünür ki, mobil telefonun “WhatsApp” mobil tətbiqinin ‘‘Söhbətlər“ bölməsində ***-***-**-** mobil nömrəsini istifadə edən “Fuad Muellim” adlı şəxslə olan yazışmalarda Təqsirləndirilən şəxs bu şəxsə “Çalışın sabah həll edək qurtarsın”, “Mənə şərt qoyma pislik etmək olsa çox yolu var”, “Mən deyirəm onlarda yox olacaq, deməli olacaq, bu da son sözüm”, “Gəl belə danışaq mən görürəm siz biraz rahatsız videonun silindiyinə görə, şəkil də kifayət edər”, “Kompüterdən də sildim, mən söz dedim ki, yalnız 3 şəkil var”, “O video yoxdur artıq, sadəcə üç şəkil var”, “Sabah həll et, özün zəng et birigünə qalmasın” kimi ismarıclar göndərilib. Həmçinin, “Fuad Muellim” adlı şəxsdən Təqsirləndirilən şəxs “Onda belə edək də mən pulu verəndən sonra sən gedirsən nəşriyyata onu silinmə prosesini telefona çəkib atırsan mənə”, “Mən bu gün gələ bilməyəcəm, çünki düzəldə bilməmişəm sabaha qalıb”, “Ona görə pulu düzəldən kimi sizə zəng edəcəm”, “Bu gün hazır edəcəyəm axşam üstü görüşə bilərik” kimi ismarıclar göndərilib. Bundan başqa mobil telefonda “foto” bölməsində olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb etdiyi və Zərərçəkmiş şəxs oteldə olarkən görüntüləri əks etdirilmiş videodan çəkilmiş 03 ədəd fotoşəkilin olması müəyyən edilir. Fotoşəkillərdən birində Zərərçəkmiş şəxs məxsus olan avtomobilin görüntüsü, digərində isə onun özünün görüntüsü əks olunub (İ cild, i.v.71-93, 138-141); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış çəkilişi əks etdirən disk, sonuncuya məxsus “Samsung A20” markalı mobil telefon və əməliyyat tədbirinin keçirilməsi zamanı istifadə olunmuş 10 ədəd 100 manatlıq pul əsginasları iş üzrə maddi sübut kimi tanınmış, disk və telefon cinayət işinin materiallarına əlavə edilmiş, pul isə Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və X5 Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 təhvil verilmişdir(İ cild, i.v.193-206); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-984/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır (İ cild, i.v.116-118); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-1122/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur (İ cild, i.v.162-166); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.175-177); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx.xx.2019-cu il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.137); - “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2001-ci il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X6 adlı övladları var (İİ cild); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Uşaq Klinik Xəstəxanası”nın Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan (xx.xx.2020-ci il tarix) aydın olur ki, X6 aritmiya diaqnozu ilə 2015-ci ildən xəstəxanda qeydiyyatdadır (İİ cild); - “ASAN Xidmət” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa görə xx.xx.2001-ci il təvəllüdlü X4 xx.xx.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilib (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələbetmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də İbadova X9 Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində xəstə uşağının olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı və digər müddətlər daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailə vəziyyətini, o cümlədən övladının birinin həqiqi hərbi xidmətdə olmasını, digərinin isə xəstə olmasını nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A20” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılmalı, 10 ədəd 100 manatlıq pul əsginazları Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və X5 Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 istifadəsində, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A20” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsın, 10 ədəd 100 manatlıq pul əsginazları Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və X5 Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 istifadəsində, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar