Məhkəmə qərarları › İş №1(006)-268/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-268/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-268/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.10.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 yanvar 2021-ci il tarixdə, saat 23:30 radələrində ünvan 1 ünvanda yerləşən «M1» kafesinin pəncərəsinin üzərində olan dəmir barmaqlıqları özündə olan istintaqla müəyyən edilməyən dəmir alətlə sındırıb oraya qanunsuz daxil olaraq kafenin ümumi zalında olan Zərərçəkmiş şəxs məxsus bir ədəd 1000 manat dəyərində «Dynacord» markalı «Pover Mate 600» modelli mikşeri, bir ədəd 120 manat dəyərində «Stac» markalı 5 kVa-lıq elektrik tənzimləyicini və zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 170 manat dəyərində bir ədəd «Secacu» markalı mikrofonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1290 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, son zamanlarda dolanışığı çətin olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə 02 yanvar 2021ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən «M1» kafesinin yaxınlığında olarkən qərara gəlmişdir ki, həmin kafeyə girib oradan oğurluq etsin. Karantin şəraiti olduğu üçün kafe işləməmişdir. O, kafeyə yaxınlaşıb kafenin pəncərəsində olan dəmir barmaqlığı qırmış və pəncərəni özü ilə əvvəldən gətirmiş olduğu dəmir parçası ilə açaraq, kafeyə daxil olmuşdur. Kafeyə daxil olduqdan sonra içəridə olan bir ədəd «Dynacord» markalı səsgücləndiricisini və bir ədəd 5 kVa-lıq transformatoru görüb onları götürmüş və pəncərədən çölə çıxarmışdır. Sonra isə özü də pəncərədən çıxmış və oğurladığı əşyaları uşaq arabasına yığıb yaşadığı evə aparmışdır. Sonradan həmin əşyaları sata bilməmişdir. 09 yanvar 2021-ci il tarixdə o, polis əməkdaşları tərəfindən 19-cu PŞ-nə gətirilmiş və polis şöbəsində olarkən etdiyi oğurluğu etiraf etmişdir. Oğurluğu tək etmişdir. Onu kənardan görən olmamışdır. Kafedən mikrofon oğurlamamış, ancaq səsgücləndirici və transformator oğurlamışdır. Oğurladığı əşyaları 19cu polis şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, vurulmuş zərərin ödənildiyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hazırda işsizdir, özü əvvəllər gitara ifaçısı olmuş, bu məqsədlə təxminən 3 il əvvəl Nəsimi rayonu, 3-cü mikrorayon bazarı adlanan ərazidən 5 kVa-lıq “Stac” markalı stabilizatoru 180 manata, “Dynacord” markalı səs tənzimləyici aparatı Avtovağzal TM-də musiqi alətləri satılan mağazadan 2800 manata, “Secacu” markalı mikrofonu da Avtovağzal TM-dən 170 manata almışdır. Sonradan səhhəti ilə əlaqədar olaraq musiqidən kənarlaşmışdır. Həmin alətləri isə 2020-ci ilin oktyabr ayından Nəsimi rayonu ərazisində yerləşən “M1” kafesinə günü 5 manat olmaqla icarəyə vermişdir. Lakin sonradan karantin vəziyyəti ilə əlaqədar olaraq həmin alətləri günü 2 manat 50 qəpik olmaqla icarəyə vermişdir. Həmin vaxt kafeni Şəhla adlı qadın işlətmiş, pulunu da vaxtlı-vaxtında vermişdir. Şəhladan əvvəl həmin kafeni Mütəllim adlı kişi işlətmişdir. 05 yanvar 2021-ci il tarixdə Şəhla ona zəng edərək bildirmişdir ki, kafedən naməlum şəxs oğurluq etmişdir. O, 06 yanvar 2021-ci il tarixdə həmin kafeyə getmiş və orada ona məlum olmuşdur ki, oğurluq nəticəsində ona məxsus 1 ədəd 5 kVa-lıq “Stac” markalı stabilizator, 1 ədəd “Dynacord” markalı səs tənzimləyici aparatı və “Secacu” markalı mikrofon naməlum şəxs tərəfindən oğurlanmışdır. O, bu barədə dərhal DİN-in 102 zəng xidmətinə məlumat vermiş və bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gələrək oranı müayinə etmişlər. 09 yanvar 2021-ci il tarixdə 19-cu PŞ-nin təhqiqatçısı Vahid Quliyev ona zəng edərək bildirmişdir ki, ona məxsus 1 ədəd 5 kVa-lıq “Stac” markalı stabilizator, 1 ədəd “Dynacord” markalı səs tənzimləyici aparatı tapılmış və onu PŞ-nə dəvət etmişdir. O, PŞ-nə getmiş və orada ona məxsus olan, “Dynacord” markalı səs tənzimləyicisini təqdim etmişlər. O, həmin aparatın üzərinə adının baş hərfi olan “E” yazdığını bildirmişdir. Polis əməkdaşının ona təqdim etdiyi aparatda həqiqətən də “E” yazısı olmuş və ona məlum olmuşdur ki, həmin aparat ona məxsus aparatdır. Stabilizatorun üzərində isə xətt olduğundan həmin stabilizatorun ona məxsus olduğunu tanımışdır. Kafedən ona məxsus 1 ədəd 180 manata almış olduğu, 5 kVa-lıq “Stac” markalı stabilizator, 1 ədəd 2800 manata almış olduğu “Dynacord” markalı səs tənzimləyici aparatı və 1 ədəd 170 manata almış olduğu “Secacu” markalı mikrofon oğurlanmışdır. Daha sonra ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs şikayəti və ona qarşı tələbi olmadığını bildirmişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.36); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.01.2021-ci il tarixli, 4(006)-21/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs oğlu barəsində 09 yanvar 2021-ci il tarixdən 09 aprel 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.78-79); - Könüllü təqdim etmə və baxış keçirmə barədə 09 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi «M1» kafesindən oğurladığı bir ədəd «Dynacord» Pover Mate 600 markalı səsgücləndirici cihazın və 5 kVa-lıq transformatorun saz vəziyyətdə olduğu, deformasiyaya uğramadığı müəyyən olunmuşdur (İ cild, i.v.19); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2021-ci il tarixli, 9/355 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş «Stac» markalı 5 kVa-lıq elektrik tənzimləyicisinin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 120 manat, «Dynacord» markalı «Pover Mate 600» modelli mikşerin orta bazar qiyməti isə 1000 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.93-96); - “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və istintaqa təqdim olunmuş bir ədəd «Dynacord» markalı «Pover Mate 600» modelli mikşer və bir ədəd «Stac» markalı 5 kValıq elektrik tənzimləyicisi iş üçün əhəmiyyət kəsb etdiyindən, üzərində hadisənin izlərini saxladığından maddi sübut hesab edilmiş və saxlanılması üçün zərər çəkmiş şəxsə təhvil verilmişdir (İ cild, i.v.104-110); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.10.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 26.05.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ cild, i.v.83-84, 88-91). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. "Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2021-ci il tarixdə, saat 23:30 radələrində ünvan 1 ünvanda yerləşən «M1» kafesinin pəncərəsinin üzərində olan dəmir barmaqlıqları özündə olan istintaqla müəyyən edilməyən dəmir alətlə sındırıb oraya qanunsuz daxil olmuş, kafenin ümumi zalında olan Zərərçəkmiş şəxs məxsus bir ədəd 1000 manat dəyərində «Dynacord» markalı «Pover Mate 600» modelli mikşeri, bir ədəd 120 manat dəyərində «Stac» markalı 5 kVa-lıq elektrik tənzimləyicini və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 170 manat dəyərində bir ədəd «Secacu» markalı mikrofonu oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 1290 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs mikrofonu götürməməsi ilə bağlı ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib edilmişdir. Məhkəmə bu ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini qismən etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxslə barışaraq maddi ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs oğlu əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olmasını, cinayətin törədilməsi vərdişinin dayanıqlılığını, məhkum edildikdən sonra cinayətkar fəaliyyətin davam etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs oğlu cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 09 yanvar 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış bir ədəd «Dynacord» markalı «Pover Mate 600» modelli mikşer və bir ədəd «Stac» markalı 5 kVa-lıq elektrik tənzimləyicisi Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli, Təqsirləndirilən şəxs oğlundan ekspertiza tədqiqatının dəyəri 50 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 21 saat üçün nəzərdə tutulan 126 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «Dynacord» markalı «Pover Mate 600» modelli mikşer və bir ədəd «Stac» markalı 5 kVa-lıq elektrik tənzimləyicisi sahibi Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar