Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-268/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:15 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1996-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 265 ünvanında qeydiyyatda olan, Goranboy rayonu Əhmədabad kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 yanvar 2023-cü il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında yerləşən “Mc Donalds” restoranının qarşısına gəlib ətrafdakı şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra həmin restoranın avtomobil dayanacağında saxlanılmış Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1400 manat dəyərində 2022-ci il buraxılışlı “Tufan M50” markalı mopedi gizli olaraq talayaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, 13 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 3005 ünvanında yerləşən “MC Donalds” restoranı yaxınlığında olan avtomobil dayanacağında qırmızı rəngli moped görmüş və həmin mopedi sürmək istəmişdir. Təxminən 15-20 dəqiqə həmin mopedi müşahidə etdikdən sonra heç kimin yaxınlaşmadığını görmüş və ətrafda onu izləyən şəxsin olmadığını gördükdən sonra mopedə yaxınlaşmış, mopedə söykənərək bir müddət dayandıqda, mopedin sepinin qırıldığını görmüşdür. Bundan sonra ona və mopedə kimsənin fikir vermədiyini görərək mopedin sükanından tutaraq, mopedə əyləşmiş, sonra mopedi işə salmayaraq ayaqları ilə kömək edərək mopedi hərəkət etdirərək oradan uzaqlaşmışdır. Mopedin sepi nasaz olduğu üçün yaxınlıqdakı sexə aparmış və sepini düzəltmişdir. Bundan sonra isə həmin mopedi 2 gün ərzində özü sürmüşdür. Sonradan polis əməkdaşları onu saxladıqda isə moped oğurluğunda şübhəli olduğunu bildirmişdirlər və o həmin mopedi polis əməkdaşlarına təqdim etmişdir. Mopedi götürən zaman talamaq məqsədi olmamış sadəcə sürmək istəmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini bildirərək, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus olan və idarə etdiyi qırmızı rəngli “Tufan M50” markalı mopedini qardaşı Babaxana vermişdir. O və qardaşı asudə vaxtlarında həmin mopedlə kuryer fəaliyyəti göstərmişlər. xx.xx.2023-cü il tarixdə qardaşı Babaxan yenə də kuryerlik fəaliyyəti ilə məşğul olmaq üçün yaşadıqları ünvandan ona məxsus mopedi götürmüşdür. Lakin həmin günü evə qayıdan zaman mopedin sepi çıxmış və bu barədə ona zəng edərək məlumat vermişdir. O, Babaxandan harada olduğunu soruşduqda, cavabında Babaxan ona ünvan 4 ünvanında yerləşən “Mc Donalds” restoranı yaxınlığında olduğunu demişdir. O, da Babaxana mopedi həmin ünvanda yerləşən “Mc Donalds” restoranının avtomobil dayanacağında saxlamağını bildirmişdir. Babaxan da mopedi orada saxlayaraq evə gəlmişdir, üzərindən bir iki gün keçdikdən sonra təxminən xx.xx.2023-cü il tarixdə o, Babaxanın mopedi saxladığı ünvan 5 ünvanında yerləşən “Mc Donalds” restoranı yaxınlığında olan avtomobil dayanacağına yaxınlaşmışdır. Mopedə baxdıqdan sonra mopedin sepini düzəltmək üçün usta axtarmışdır. Daha sonra öyrənmişdir ki, mopedin sepi dəyişilməsi üçün ustaya aparılmalıdır və bunun üçün də evakuator lazımdır, lakin həmin vaxt maddi cəhətdən imkanı aşağı olduğundan moped bir müddət də orada qalmalı olmuşdur. Daha sonra hava şəraitinin qarlı olması ilə əlaqədar mopedi ustaya apara bilməmişlər və xx.xx.2023-cü il tarixdə qardaşı Babaxan ünvan 5 ünvanında yerləşən “Mc Donalds” restoranının avtomobil dayanacağına getdikdə mopedin orada olmamasını aşkar etmiş və bu barədə ona bildirmişdir. Daha sonra o Babaxana bu barədə polisə məlumat verməsini bildirmişdir, özü isə həmin vaxt işdə olduğu üçün gələ bilməmişdir. O, həmin mopedi 1400 manata almışdır. Hal-hazırda ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı Elxan Qasımov tərəfindən tərtib edilmiş, həmin şöbənin əməliyyat müvəkkilləri Seymur Əsgərov və Rahib Qardaşovun iştirakı ilə tərtib edilmiş “Tufan M50” markalı mopedin təqdim edilməsi və götürmə barədə 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsi 3005 ünvanında yerləşən “MC Donalds” restoranının parking yerindən oğurladığı Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli “Tufan M50” markalı mopedi təhqiqata təqdim etdiyindən həmin moped təhqiqatçı Elxan Qasımov tərəfindən götürülmüşdür. (i/v 15). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 42). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən Nəsimi rayon prokuroru tərəfindən 19 yanvar 2023-cü il tarixdə imtina olunmuş və Təqsirləndirilən şəxs həmin gün Nəsimi RPİnin MSY-dən azad edilmişdir. (i/v 67-68). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 yanvar 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 69). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3, 66.5, 68.2-ci maddələri ilə məhkum olunaraq 03 il müddətinə azadlıqdan məhrumetmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1. 221.1. 66.2, 67.1, 68.2-ci maddələri ilə məhkum olunaraq 03 il müddətinə azadlıqdan məhrumetmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökm üzrə 177.2.1, 177.2.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad olunmuş və xx.xx.2019-cu il tarixli hökm üzrə 67.1 və 68.2-ci maddələri xaric olunmuş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə saat 10:50-də saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə gətirilmişdir. (i/v 103). İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə saat 10:00-da saxlanılaraq 19cu Polis şöbəsinə gətirilmişdir. (i/v 140). İş materiallarında olan 31 mart 2023-cü il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Tufan M50” markalı moped maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. (i/v 124- 125). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1136 saylı rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara-qırmızı rəngli, 2022-ci il buraxılışlı, “Tufan M50” markalı mopedin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 1300.00 manat müəyyən edilir. (i/v 111-113). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu Əhmədabad kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Goranboy rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Goranboy rayon İcra və probasiya şöbəsinə tapşırılmalı, iş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Tufan M50” markalı mopedin Zərərçəkmiş şəxs qaytarılması alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-268/2023 saylı, 31 may 2023-cü il tarixli qərara əsasən 13 iyun 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu Əhmədabad kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Goranboy rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Goranboy rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “Tufan M50” markalı mopedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-268/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-268/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver