Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-268/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu, onun müdafiəçisi Fərdi qaydada fəaliyyət göstərən vəkili X1 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zeynalabdin oğlu ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 02 fevral 2024-cü il tarixdə, saat 10:45-də idarə etdiyi “Toyota Prius” markalı, **-CT-*** dövlət nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olduğu zaman “Renault Logan” markalı, **-VH- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onun sol tərəfindən yüksək sürətlə ötmə əməliyyatı etməsini cüzi səbəb kimi bəhanə gətirib Zərərçəkmiş şəxs avtomobili yol kənarında saxlamasına işarə edərək ictimai yer hesab edilən ünvan 3 ünvanın qarşısında avtomobildən düşüb sonuncuya yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan barəsində nalayiq ifadələr işlətməklə münaqişənin yaranmasına səbəb olub cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla yanaşı, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan, yəni ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncuya zor tətbiq edərək xuliqanlıq niyyəti ilə qəsdən bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmaqla ona sağ sirkə kasasının qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Zeynalabdin oğlu özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 10:45-də etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobil ilə ünvan 4 ünvanda yerləşən “Baku İnn” adlı otelin qarşısından keçərək H.Ələsgərov küçəsi istiqamətinə hərəkətdə olduğu zaman arxasında həmin istiqamətdə hərəkətdə olan “Renault Logan” markalı **-VH-*** dövlət nömrə nişanlı avtomabilin sürücüsü Zərərçəkmiş şəxs onun sol tərəfi ilə ötmə əməliyyatı edərək keçdikdən sonra qəflətən qarşı tərəfinə manevr etmişdir. O, həmin avtomobilin solu ilə hərəkətə davam edərək səs siqnalı vermiş və Zərərçəkmiş şəxs avtomobili saxlamışdır. O, idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin solunda saxlayaraq şüşəni aşağı salmış və sakit tərzdə “qaqa neynirsən?” deyə soruşmuş, lakin sonuncu ona qarşı kobudluq edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Onu təhqir etdiyi üçün iradını bildirdikdə Zərərçəkmiş şəxs ona “gəl qabağa söhbət edək” demiş, sonuncu bir qədər qabaqda avtomobili saxlamış, o da idarə etdiyi avtomobili Fazilin idarə etdiyi avtomobilin arxasında saxlamışdır. Zərərçəkmiş şəxs avtomobilindən düşərək ona doğru hərərkət etməyə başlamış, o da öz növbəsində avtomobildən düşərək ona doğru hərəkət etmişdir. Fazil onun yanına çatdıqda yenidən onu nalayiq ifadələrlə təhqir etməyə başlamış və əli ilə sinəsinə toxunaraq onu itələmişdir. Bu vaxt o, Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla zərbə endirmiş və zərbənin təsirindən sonuncu yerə yıxılmışdır. Bundan sonra da əsəblərinə hakim ola bilməyib Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə ardıcıl yumruq zərbələri endirmiş və sonra avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Özü taksi fəaliyyəti ilə məşğul olur, heç kimlə mübahisə edən şəxs deyil, Vətən müharibəsində iştirak etdiyindən və müharibənin stresi onun əsəb sistemində müəyyən fəsadlar buraxdığından, hadisə vaxtı əsəblərini cilovlaya bilməmişdir. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu məhkəmə çıxışında törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, 44 günlük “Vətən müharibəsi” iştirakçısı olduğunu bildirərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 10:45-də özünə məxsus “Renault Logan” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomabil ilə ünvan 4 ünvanın kəsişməsində yerləşən “Baku İNN” otelinin qarşısından keçərək H.Ələsgərov küçəsi istiqamətində hərəkətdə olduğu zaman ondan qabaqda hərəkətdə olan “Toyota Prius” markalı, 77-CT- 409 dövlət nömrə nişanlı avtomabil çox asta sürətlə hərəkət etdiyi üçün ondan sol tərəfdə hərəkət edərək onu ötmüşdür. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Zeynalabdin oğlu ona işıq və səs siqnalı vasitəsilə xəbərdarlıq etmiş, o, hərəkətdə olduğu zolağı dəyişərək sağ tərəfə keçmişdir. Lakin, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs təkrar olaraq işıq və səs siqnalı vasitəsilə xəbərdarlıq etmiş və ondan avtomobilini dayandırmasını tələb etmişdir. O, Təqsirləndirilən şəxs əhəmiyyət verməyərək yoluna davam etmişdir. Təqsirləndirilən şəxs avtomobilini onun sol tərəfində saxlayaraq şüşəni açmış və ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Ötmə manevri etdiyinə görə irad bildirdikdə o, Təqsirləndirilən şəxs qarşı “xiyar söyüş söymə” ifadələrini işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilini onun avtomobilinin qarşısına sürərək saxlamışdır. Avtomobildən enərək ona doğru yaxınlaşdıqda o da avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs ona yaxınlaşan kimi yaxasından tutararaq ünvanına nalayiq ifadələr işlətmiş və üz nahiyəsinə yumruq zərbəsi endirmişdir. O, zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmış və başı səkinin kənarına dəymişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs onun üzərinə çıxaraq baş nahiyəsindən ardıcıl yumruq zərbələri endrməyə davam etmişdir. Daha sonra avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada kömək edilməsini və onun azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmışdır (i/v 45, 86-90). İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Zeynalabdin oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (i/v 114-116). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 08 fevral 2024-cü il tarixli 147 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ sirkə kasasının dibinin qapalı sınığı, ənsə nahiyəsinin dərialtı hematoması, sağ gicgah, sol qulaq seyvanı və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilmələri inkar olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (i/v 54-57). İş materiallarına əlavə olunmuş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu 09 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i/v 66). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i/v 99-100). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu əvvəllər məhkum olunmamışdır (i/v 13-131). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu ilə barışmışdır, ona dəymiş zərərin ödənilmişdir, sonuncudan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada kömək edilməsini və onun azadlığa buraxılmasını məhkəmədən xahiş edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, 44 günlük “Vətən müharibəsi” iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğluna cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs Zeynalabdin oğluna təyin olunacaq cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay 13 (on üç) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zeynalabdin oğluna cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 07:00-dək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Zeynalabdin oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zeynalabdin oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılmaqla ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay 13 (on üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-268/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-268/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver