Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-269/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, tərcüməçi – X7, müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1950-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X1 8000 manat pul müqabilində şəxsi əlaqələri vasitəsilə sonuncunun qızı Zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində ekspert vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 28 iyun 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında Vəliyullah Əhmədovdan 5000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs Vəliyullah Əhmədova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Vəliyullah Əhmədovu təxminən iki olar ki, tanıyır, sonuncunu ilk dəfə Bakı şəhəri, Nəsimi rayonunda Heydər Əliyev adına sarayın arxa tərəfində yerləşən Heydər Əliyev adına parkda tanımış, X3rdaşı olduğunu bilmişdir. Tağı onun Universitetdə qrup yoldaşı olmuşdur. Bu səbəbdən aralarında münasibət yaranmışdır. Onlar tez-tez görüşüb parkda söhbət etmişlər. Bir müddət sonra Vəliyullah öz qızına iş düzəltdirmək istədiyini bildirmiş, o da Vəliyullaha köməklik edə biləcəyini bildirmişdir. Daha sonra Vəliyullahdan qızı haqqında məlumatları almış, sonuncunun qızını Unibanka işə düzəldəcəyini bildirmişdir. Bunun üçün Vəliyullahdan 5000 manat pul istəmiş, sonuncu da razılaşmışdır. 28 iyun 2022-ci il tarixdə Vəliyullahla Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən "xxxx"ın yanında görüşmüşlər, orada Vəliyullah ona 5000 manat pul vermişdir. O, pulu alıb, cibinə qoymuş və Vəliyullaha tez bir zamanda işin düzələcəyini demiş və oradan uzaqlaşmışdır. O, fikirləşmişdir ki, Anar adlı tanışının vasitəsi ilə Vəliyullahın qızını banka işə düzəldər. Bununla bağlı Anarla danışmış, Anar öz tanışına deyəcəyini və ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra Anarın səhhətində problem olduğu üçün həmin işi alındıra bilməmiş və Anar Türkiyə Respublikasına müalicə üçün getmişdir. Bundan bir müddət sonra isə Anar Türkiyədə vəfat etmişdir. O isə 5000 manat pulu xərclədiyi üçün həmin pulu Vəliyullaha qaytara bilməmişdir. Anar adlı şəxsin yalnız adını bilir. Anar vəfat etmişdir. Vəliyullah Əhmədovdan aldığı puldan Anara pul verməmişdir. Həmin 5000 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra geri qaytara bilməmişdir. Vəliyullah Əhmədovdan 5000 manat pulu qızını "xxxx" ASC-yə işə düzəltmək üçün almışdır.Onun hər hansı bir şəxsi işə düzəltmək kimi imkanı olmamışdır. O, düşünmüşdür ki, Vəliyullahın qızını tanışı Anar vasitəsilə işə düzəldər, lakin Anar öldüyü üçün alınmamış, pulu da xərclədiyi üçün qaytara bilməmişdir. Törətdiyi əməldən peşmandır. Zakir adlı şəxsi tanımır. Həmin şəxsin adını ona Anar demiş, Anarın həmin şəxsə pul verib-verməməsini bilmir. Anar işi Zakir adlı şəxslə birgə düzəldəcəyini demiş, lakin Zakirin kim olmasını ona deməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl atası Vəliyullah onun üçün iş axtarmışdır. 2022-cl İlin may-iyun aylarında atası ona Kamil adlı tanışının olduğunu və sonuncunun vasitəsi ilə onu İşə düzəldəcəyini bildirmişdir. Atası Vəliyullah ona Kamil adlı şəxsin onu "xxxx"a işə düzəldəcəyini demişdir. Bu söhbəti bacısı Şahid da təsdiqləyə bilər. Həmin vaxt dəqiq xatırlamasa da atası həmin Kamil adlı şəxsin 8000 manat pul istədiyini, lakin Kamil adlı şəxslə 5000 manat pul qarşılığında razılaşdığını bildirmişdir. Atası Kamil adlı şəxsə pulu verdikdən sonra sonuncunun "xxxx" ASC-də qohumunun rəhbər şəxslərdən biri olduğunu, qısa müddət ərzində orada işləyən hamilə bir qadının analıq məzuniyyətinə gedəcəyini, onun da həmin qadının yerinə işə təyin olunacağını bildirdiyini demişdir. Həmin "xxxx" ASC Bakı şəhəri, Nəsimi rayonu, 28 may adlanan ərazidə yerləşir. O, bir dəfə qeyd edilən ünvanda yerləşən "xxxx"a getmişdir. Lakin oradan hər hansı bir məlumat əldə edə bilməmişdir. Xeyli müddət keçməsinə baxmayaraq Kamil adlı şəxsdən xəbər çıxmamış və atası Kamil adlı şəxslə əlaqə saxladıqda, sonuncu hər dəfə işin qısa zamanda həll olunacağını demiş və vaxtı uzatmışdır. Onlar artıq narahat olmağa başlamışlar. O, atasına bildirmişdir ki, “ata bu bizi aldadır”. Atası onun yanında telefon vasitəsi ilə Kamil adlı şəxslə danışmış, sonuncu atasına narahat olmamağı bildirmiş, lakin onlar pullarını geri istəməyə başlamışlar. Kamil adlı şəxs isə müəyyən bəhanələr gətirərək bu zamana kimi pulu qaytaracağını bildirsə də qaytarmamış, buna görə də atası polisə müraciət etmişdir. Araşdırma dövründə Kamil adlı şəxs cəmi 1000 manat qaytarmışdır. Kamil adlı şəxslə görüşməmiş, lakin atası onun yanında həmin şəxslə telefonla danışmışdır. Atası Vəliyullah xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs onlara vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Atası Vəliyullah təxminən 2 il əvvəl bacısı üçün iş axtarırdı. 2022-ci ilin may-iyun aylarında evdə Kamil adlı tanışının olduğunu və onun vasitəsi ilə bacısını işə düzəldəcəyini demişdi. Atası Kamil adlı şəxsin bacısını “Unibank"a işə düzəldəcəyini deyirdi. Atasının dediyinə görə Kamil bacısını işə düzəltmek üçün 8000 manat pul istəmiş, lakin atası onunla 5000 manat pul qarşılığında razılaşmışlar. Atası Kamilə həmin pulu vermişdir. Xeyli müddət keçməsinə baxmayaraq Kamil adlı şəxsdən xəbər çıxmamış və atası Kamil adlı şəxslə əlaqə saxladıqda sonuncu hər dəfə işin qısa zamanda həll olunacağını demiş və vaxtı uzatmışdır. Atası sonradan Kamilə verdiyi pulu geri istəmiş. Kamil isə müəyyən bəhanələr gətirərək bu zamana kimi pulu qaytaracağını bildirsə də qaytarmamış, buna görə də atası polisə müraciət etmişdir. Cinayət işinin 10-12-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı X8 tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti "xxxx"ın qarşısıdır. Cinayət işinin 76-cı vərəqində olan “Tutma haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 99-100-cü vərəqlərində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsinə dair” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyindən onun dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 116-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 158-ci vərəqində olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 21-1-731811 nömrəli məktubundan görünür ki, məhkum İsrafilov X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 7(006)- 07/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzanı çəkməkdən azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilmişdir) və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini (ünvan 1) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-269/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-269/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver