Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-27/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 saylı ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, xx xxx 2019-cu il tarixdə, saat 02:49 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 nömrəli ünvanın qarşısında saxladığı “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının açıq olmasından istifadə edərək qabaq sağ qapısını açıb avtomobilin salonuna daxil olaraq avtomobilin saxlanc yerində saxılanılan pul kisəsinin içərisindən 1320 manat nağd pulu, bir ədəd 300 manat dəyərində “İ Phone 6”, bir ədəd 250 manat dəyərində “Samsung Note 2” markalı mobil telfonları və 60 manat dəyərində mobil telefon qidalandırıcı aksesuarı, ümumilikdə Zərərçəkmiş şəxs 1930 manat məbləğində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 2-3 radələrində o, Bakı şəhərində yerləşən Xarici İşlər Nazirliyinin yaxınlığında "Avromart” marketin yaxınlığından işdən evə doğru piyada olaraq hərəkət edən zaman "Opel" markalı avtomobilin nəzarətsiz vəziyyətdə yol kənarında olduğunu və arxa sağ qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, ətrafa nəzər yetirib heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşaraq sağ qapısını açıb həmin avtomobilə daxil olmuş və sərnişin oturacağına oturub avtomobilin salonunda oğurlamaq niyyətini həyata keçirməli olacaq predmet aşkar etmədiyindən saxlanc yerini açmış və orada iki ədəd mobil telefonla bir ədəd pul kisəsi görmüşdür. Dərhal həmin pul kisəsini açmış və sərxoş olduğundan yadında qalmayan məbləğdə olan bütün nağd pul vəsaitini götürərək pul kisəsini yerinə qoymuşdur. Həmin pul kisəsində sahibinə aid olan sənədlər də olmuşdur. Bundan sonra iki ədəd mobil telefonu və orada olan bir ədəd ağ rəngli daşınan mobil telefon qidalandırıcı cihazı da götürüb avtomobildən düşmüşdür. Avtomobildən düşərkən əski olduğunu görmüş, həmin əskidən istifadə edərək avtomobilin qapısını açarkən və salonunda axtarış edərkən əl barmaq izlərinin silinməsini təmin etmişdir. Avtomobil şüşələri və qapılarını sildikdən sonra əskini atmış və oradan uzaqlaşmışdır. Oradan uzaqlaşandan sonra avtomobildən götürdüyü telefonlardan biri "İPhone 6" markalı, digəri isə sensor ekranı olan köhnə model "Samsung" markalı telefon olmuşdur. Bundan sonra o, həmin ərazidən tez bir zamanda uzaqlaşmış və birbaşa yaşadığı ünvana getmişdir. Qidalandırıcı aksesuarın yararsız vəziyyətdə olduğunu düşünərək həmin cihazı xatırlamadığı yerdə tullamışdır. Əldə etdiyi pul vəsaitindən isə 200 manat pulu atasının müalicəsi üçün dərman almış, yerdə qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. Həmin hadisədən təxminən bir neçə gün sonra oğurladığı mobil telefonları satmaq qərarına gəlmişdir. Lakin həmin sensor ekranlı "Samsung" markalı mobil telefonu əlindən yerə saldığı üçün yararsız hala düşmüş, bundan əlavə həmin telefonun bir qədər işlənmiş vəziyyətdə olduğu göründüyü üçün həmin telefonu tullamışdır. Lakin "İphone 6” markalı mobil telefon satış üçün yararlı olduğundan onu satmaq qərarına gəlmiş, lakin həmin vaxt ailə üzvlərindən ayrı yaşadığı üçün ona məxsus olan şəxsiyyət vəsiqəsi üzərində olmamış və qeyri-rəsmi olaraq yaşadığı Şahid2 da şəxsiyyətini təsdiq edən sənədi üzərində olmadığına görə məcbur olub qonşusu olan Şahid1 ona telefonun satılmasına kömək etməsini xahiş etmiş və razılıq verəndən sonra onunla və Şahid2 ilə ”28 may" metrosunun çıxışında yerləşən alqı-satqı dükanlarına getmişlər. Onlar həmin yerə çatanda həmin yerdə fəaliyyət göstərən dükanların birinə yaxınlaşmışlar və o, kənarda olmuş, Şahid2 və Şahid1 telefonu satmaq məqsədilə dükana daxil olmuşlar. Alqı-satqını Şahid2 edib pulu götürsə də, lazım olan sənədləri Şahid1 təqdim etmiş və 70 manat pul vəsaiti əldə edilmişdir. Bundan sonra onlar mağazanı tərk edərək evə qayıtmış və əldə edilmiş vəsait qaldıqları evin kirayə haqqının ödənilməsinə sərf edilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, evə gələn zaman ailə üzvlərindən xəbər tutaraq Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşlarının onunla maraqlanmasını bilmiş və könüllü olaraq özü polis bölməsinə getmişdir. Polis bölməsinə gedib orada verilən sorğu-suala cavab olaraq həmin hadisəni özünün törətməsini səmimi etiraf etmişdir. Daha sonra zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu, oğurluğu maddi imkansızlıq ucbatından törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini,zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərərçəkmiş şəxs və şahidlərin iştirakı olmadan məhkəmə istintaqının yekunlaşdırılmasını xahiş etmişdir. İş materiallarında olan bir ədəd kompakt diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxx 2019-cu il tarixdə, saat 02:49-da Zərərçəkmiş şəxs “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nömrəli avtomobili ünvan 2 saylı ünvanın qarşısında saxladığı zaman Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşaraq qabaq sağ qapısını açaraq avtomobilin salonuna əyləşmiş, bir dəqiqədən sonra avtomobildən düşərək avtomobilin sol yan hissəsinə yaxınlaşmaqla əlində olan əski ilə avtomobilin qabaq sol və qabaq arxa şüşələrini sildikdən sonra ərazidən uzaqlaşmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxx 2019-cu il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 55, 81-82). İş materiallarına əlavə edilmiş Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(006)-27/2020 saylı qərarından və “axtarış elan olunmuş şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və xx xxxx 2020ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(101)-662/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(101)- 662/2013 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 5 il 2 ay müddətinə endirilmiş və cəzasının sonu ilə azad edilmişdir (i/v 96-97, 112-119). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2020-ci il tarixdə ödənilməli olduğu üçün, o əvvəllər məhkum edilmiş şəxs hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019cu il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-399/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx xxxxxx 2019-cu il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-27/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-27/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver