Məhkəmə qərarları › İş №1(006)-270/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-270/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-270/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 14 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Music Gallery” mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra satış üçün vitrinə qoyulmuş 01 ədəd 289 manat dəyərində “JBL Charge 5” markalı səsgücləndirici avadanlığı gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 14 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Music Gallery” mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra satış üçün vitrinə qoyulmuş 01 ədəd 289 manat dəyərində “JBL Charge 5” markalı səsgücləndirici avadanlığı gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, hazırda ünvan 4 ünvanında arvadı X2 ilə birlikdə kirayədə yaşayır və heç yerdə işləmir. 22 dekabr 2023-cü il tarixdə saat 15 radələrində dostu X4 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən “Music Gallery” mağazasının qarşısından keçən zaman orada satılan məhsullara baxmaq üçün həmin mağazaya daxil olmuş, həmin vaxt mağazadan oğurluq etmək qərarına gəlmiş və dostu Həsənlə birlikdə mağazanın içərisində sol tərəfdəki vitrində olan səsgücləndirici avadanlıqlara baxan zaman satıcının diqqətsizliyindən istifadə etmiş və xatırladığı qədəri ilə qiyməti 200 manatdan baha olan “JBL” markalı səsgücləndirici avadanlığın 01 ədədini vitrindən cəld şəkildə götürmüş və əynindəki gödəkçənin iç hissəsinə qoyaraq gizlətmiş, daha sonra əli ilə həmin avadanlığın üzərində olan qiymət barkodunu qoparıb yerə atmış və bundan sonra Həsənlə birlikdə mağazadan bayıra çıxmışlar. Həsən onun mağazadan oğurluq etdiyini görmüş, lakin o, Həsənin bu barədə danışmasına və ya ona sual verməsinə imkan verməmişdir. Onlar mağazadan bayıra çıxıb oradan bir qədər uzaqlaşdıqdan sonra o, işi olduğunu Həsənə demiş və sonuncu ilə sağollaşıb ayrılmışdır. Bundan sonra o, özü tək Nəsimi rayonu S.Rəhimov küçəsində yerləşən “EVA COMP” mağazasına getmiş, oğurladığı 01 ədəd səsgücləndirici avadanlığı orada əvvəllər tanımadığı, həmin mağazanın müdirinə 140 manata satmış və əldə etdiyi 140 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 07 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində digər dostu Şahid1 ilə birlikdə həmin “Music Gallery” mağazasının qarşısından keçən zaman yenidən həmin mağazadan oğurluq etmək qərarına gəlmiş, həmin mağazaya daxil olub məhsullara baxmağı Sadiqə təklif etmiş və sonuncu ilə birlikdə həmin mağazaya daxil olmuşdur. Onlar mağazaya daxil olub sol tərəfdəki vitrində olan səsgücləndirici avadanlıqlara baxan zaman o, yenidən satıcının diqqətsizliyindən istifadə edərək 22 dekabr 2023-cü il tarixdə oğurladığı “JBL” markalı səsgücləndirici avadanlıqdan birini də cəld şəkildə eyni qaydada vitrindən götürüb əynindəki gödəkçənin iç hissəsinə qoyaraq gizlətmiş və daha sonra əli ilə həmin avadanlığın üzərində olan qiymət barkodunu qoparmış və yerə atmışdır. Həmin vaxt Sadiq onun mağazadan oğurluq etdiyini gördüyünə görə cəld şəkildə mağazadan bayıra çıxmış, o da Sadiqin arxasınca mağazadan bayıra çıxıb sonuncuya vacib işi olduğunu demiş və Sadiqlə sağollaşıb oradan Bakı şəhəri Nizami küçəsinə, yəni “Tarqovıy” adlanan əraziyə getmişdir. Bundan sonra o, oğurladığı həmin 01 ədəd səsgücləndirici avadanlığı Nizami küçəsində yerləşən “Az Mobile” mağazasının əvvəllər tanımadığı müdirinə 170 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək istədiyini, lakin imkanı olmadığını bildirərək, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, təxminən 7 ildir ki, "xxxx" MMC-nin nəzdində və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 14 ünvanında yerləşən “Music Gallery” mağazasının meneceri vəzifəsində çalışır. 10 fevral 2024-cü il tarixdə həmin mağazanın əməkdaşları ilə birlikdə hesabat aparan zaman bəzi əskiklər olduğunu aşkar etmişlər və buna görə məcbur olub mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntülərə baxış keçirməyə başlamışlar. Bu zaman 22 dekabr 2023-cü il tarixdə təxminən saat 15 radələrində 2 nəfər naməlum şəxsin mağazaya daxil olduqlarını, həmin şəxslərdən birinin satıcının diqqətsizliyindən istifadə edərək vitrində olan 01 ədəd 289 manat dəyərində olan “JBL Charge 5” markalı səsgücləndirici avadanlığı oğurlayıb əynindəki gödəkçənin iç hissəsində gizlətdiyini və bundan sonra həmin şəxslərin mağazanı tərk etdiklərini aşkar etmişlər. Bundan başqa, 07 fevral 2024-cü il tarixdə təxminən saat 14:30 radələrində də eyni qaydada 2 nəfər naməlum şəxsin mağazaya daxil olmasını, yenə həmin şəxslərdən birinin satıcının diqqətsizliyindən istifadə edərək vitrində olan 01 ədəd 289 manat dəyərində “JBL Charge 5” markalı səsgücləndirici avadanlığı oğurlayıb əynindəki gödəkçənin iç hissəsində gizlətməsini və bundan sonra həmin şəxslərin mağazanı tərk etdiklərini aşkar etmişlər. Buna görə də o, 10 fevral 2024-cü il tarixdə ərizə ilə Nəsimi RPİ-nin 22-ci PŞ-nə müraciət etmiş, 22 dekabr 2023-cü il və 07 fevral 2024-cü il tarixlərdə “Music Gallery” mağazasından 02 ədəd “JBL Charge” markalı səsgücləndirici avadanlıqların oğurlandığını bildirmişdir. Təmirdən sonra mağazanın hər iki qapısından istifadə edilməyə başlandığına görə bundan səmərəli istifadə edərək dəfələrlə oğurluqlar edilmiş, lakin kamera görüntülərində 2 məhsul qeydə alınmışdır. Hər iki oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə 578 manat məbləğində maddi ziyan dəymiş və hazırda ödənilməmişdir. İfadəsinin sonunda ona dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 20 ildir sahibkarlıq fəaliyyəti ilə, elektron avadanlıqların alqı-satqısı ilə məşğul olur. 07 fevral 2024-cü il tarixdə təxminən saat 16 radələrində ünvan 6 ünvanında icarəyə götürdüyü elektron avadanlıqların alqı-satqısını həyata keçirdiyi mağazada olan zaman əvvəllər tanımadığı cavan bir oğlan onun mağazasına gələrək əlində olan 01 ədəd “JBL” markalı səsgücləndirici avadanlığı ona göstərmiş, qohumu tərəfindən ona hədiyyə edildiyini, dərman alması üçün pul lazım olduğunu və avadanlığı satmaq istədiyini bildirmişdir. O isə həmin şəxsdən avadanlığın qutusunun harada olduğunu soruşmuş, həmin şəxs isə qutusunun olmadığını, avadanlığın ona açıq formada hədiyyə verildiyini bildirmişdir. O, avadanlığı yoxlamış, oğurluq olub-olmamağını öyrənmək üçün şəxsi sorğusual etmiş, onun sözlərinə inanmış, avadanlığı yoxlamış, orijinal olduğunu müəyyən etdikdən sonra avadanlığı neçə manata satdığını soruşmuş, həmin şəxs avadanlığı 170 manata satdığını bildirmiş, o da razılşaraq səsgücləndirici avadanlığı alqı-satqı müqaviləsi bağlanmaqla almışdır. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini müqaviləyə əlavə etmiş, ona imzalatmış və bundan sonra ona 170 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin səsgücləndiricini satan şəxs Təqsirləndirilən şəxsdur və o avadanlığı oğurlamışdır. Avadanlığın cinayət yolu ilə əldə edilməsi barədə onun heç bir məlumatı olmamış, onu alandan sonra tanımadığı bir müştəriyə ikinci əl məhsul kimi 180 manata satmış, bu səbəbdən onu istintaqa təqdim edə bilməmiş, həmçinin satdığı şəxsin mobil telefon nömrəsini və ya anket məlumatlarını da qeyd etməmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 41). İş materiallarında olan 20 fevral 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, "xxxx" MMC-də mağaza direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (i/v 76-77). İş materiallarında olan 21 fevral 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 99-100). İş materiallarında olan 04 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 04 mart 2024-cü il tarixdə saat 11:58 dəqiqədən saat 12:40 dəqiqəyədək olan müddət ərzində Nəsimi rayonu Azadlıq prospekti 14 ünvanında yerləşən “Music Gallery” mağazasında quraşdırılmış müşahidə kameraları tərəfindən 23 dekabr 2023-cü il və 07 fevral 2024-cü il tarixlərdə baş vermiş oğurluq hadisələri ilə bağlı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd CD disklərə xidməti otaqda Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, 1-ci CD diskində, yəni 23 dekabr 2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı qeydə alınmış görüntüləri özündə əks etdirən diskdə 06 ədəd, 2-ci CD diskində, yəni 07 fevral 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı qeydə alınmış video görüntüləri özündə əks etdirən diskdə isə 02 ədəd videofayl vardır. Baxış zamanı 1-ci CD diskində olan və ikinci sırada yerləşən “MGCenter_ch4_**********0511_**********1211” adlı video faylda qara rəngli geymidə olan bir kişinin mağazanın içərisindəki vitrindən nəsə götürüb əynindəki gödəkçənin içərisinə qoyması müşahidə olunmuşdur. Baxış zamanı 2-ci CD diskində olan və ikinci sırada yerləşən “MGCentre_ch19_**********3328_**********3516” adlı video faylda da eyni qaydada qara rəngli geyimdə olan bir kişinin mağazanın içərisindəki vitrindən nəsə götürüb əynindəki gödəkçənin içərisinə qoyması müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin video görüntülərdəki qara geyimdə oğurluq edən şəxs onun özüdür, ifadəsində də qeyd etdiyi kimi 22 dekabr 2023-cü il tarixdə saat 15 radələrində 01 ədəd və 07 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində 01 ədəd olmaqla “Music Gallery” mağazasından cəmi 02 ədəd “JBL” markalı səsgücləndirici avadanlıq oğurlamışdır (i/v 135). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan, Nəsimi Rayon Məhkəməsinin 1(006)-37/2024 saylı, 08 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi nəzərə alınamaqla qəti olaraq 02 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i/v 138-143). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2024-cü il tarixli, 9/1856 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 ədəd “JBL Charge 5” markalı səsgücləndirici avadanlıqdır. Aparılmış tədqiqat nəticəsində məmulatların Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə toplanan məmulatlardan istifadə edilməklə analoji müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 02 ədəd “JBL Charge 5” markalı səsgücləndirici avadanlıqların orta bazar qiyməti və ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 01 ədəd “JBL Charge 5” markalı səsgücləndirici avadanlıq 22 dekabr 2023-cü il tarixə uyğun pərakəndə (sərbəst) satış qiyməti 289 manat, 01 ədəd “JBL Charge 5” markalı səsgücləndirici avadanlığın 07 fevral 2024-cü il tarixə uyğun pərakəndə (sərbəst) satış qiyməti 289 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən 02 ədəd “JBL Charge 5” markalı səsgücləndirici avadanlığın orta bazar qiymətləri və ümumi dəyəri nəzəri qaydada təxminən 578 manat müəyyən edilir (i/v 146). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-37/2024 saylı 08 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin şihafi sorğusu əsasında əldə edilmiş Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Aynur Yadigarova tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 19 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon Məhkəməsinin 1(006)-37/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan əməli, yəni təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vuraraq oğurluq cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-37/2024 saylı hökmü ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-37/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-37/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 03 (üç) gün müddət və hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla, ümumilikdə 05 gün ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-270/2024 saylı 07 may 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 10 may 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə tutulduğu 03 (üç) gün və hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 05 (beş) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar