Məhkəmə qərarları › İş №1(006)-271/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-271/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-271/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1997-ci ildə Şamaxı rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, telefon ustası işləyən, məhkum olunmamış, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, telefon ustası işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, M.Aslanov küçəsi, ev 37-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 03.01.2021-ci il tarixdə, saat 11 radələrində metronun “Sahil” stansiyası yaxınlığında istintaqa məlum olmayan şəxsdən 50 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə, 0,665 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək üzərində daşımış, 08.01.2021-ci il tarixdə, saat 20:45 radələrində ünvan 1 ünvanda əldə bu maddəni birgə istifadə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 vermiş, 09.01.2021-ci il tarixdə, saat 02 radələrində sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman sol ayağına geyindiyi qara rəngli idman ayaqqabısının içərisindən həmin maddə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 telefon ustası kimi işlədiyi, Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 ünvanda yerləşən “Bir plus” telefon mağazasının kassa aparatının olduğu dolabın içərisindən sonuncuya məxsus pulun olduğuna dair verdiyi məlumat əsasında özgənin əmlakını talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 08.01.2021-ci il tarixdə, saat 20:10-da onunla birlikdə giriş-çıxışın sərbəst olduğu, sözügedən telefon mağazasına daxil olub kassa aparatının olduğu dolabın içərisindən milli məzənnə ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dollarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yerləşən telefon mağazasında usta kimi işləyirdi. Təqsirləndirilən şəxs2 isə qonşuluqda yerləşən, Zərərçəkmiş şəxs məxsus mağazada telefon ustası işləmiş, aralarında yaxın münasibət yaranmışdır. 08.01.2021-ci il tarixdə, saat 20:10 radələrində söhbət zamanı Ruslan öz işlədiyi mağazada kassa aparatının olduğu dolabın altındakı əl çantasında Səttarxana məxsus pul olduğunu söyləmişdir. Ruslan həmin pulların olduğu yeri ona dəqiq göstərərək onları oğurlayıb aralarında bölməyi təklif etmişdir. Ruslan ona Səttarxanın mağazadan çıxdığını görən kimi oraya gəlməsini söyləmiş, o da sonuncu gedən kimi dərhal həmin mağazaya getmişdir. Ruslan onu bayırda gözləmiş, o isə dolabın altından içərisində pul olan qara çantanı götürüb Ruslanın iş masasının altında gizlətmişdir. Səttarxan mağazaya geri qayıdanda içərisində pul olan çantanın oğurlandığını aşkar edərək polisə zəng vurmuşdur. Bir müddət sonra Ruslan ona polislərin gələcəyini dedikdə Səttarxanın pulu axtarmaq üçün mağazadan çıxdığını görüb yenidən oraya girmiş, çantanın içərisindən pulu götürərək cibinə qoymuş, çantanı da başqa bir masanın altına atmışdır. O, oğurluğun aşkara çıxacağından qorxduğu üçün dərhal götürdüyü pulları aparıb öz işlədiyi mağazada iş stolunun üzərindəki, ona məxsus pul qabının altında gizlətmişdir. 08.01.2021-ci il tarixdə, saat 20:45 radələrində oğurluqla bağlı polislər gəldikdə Ruslan onun işlədiyi mağazaya gəlib bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. O da sonradan içərisində nə olduğunu bilmədiyi bükümü əvvəlcə əynindəki gödəkcənin cibinə, daha sonra isə ayağındakı idman ayaqqabısının içərisində gizlətmişdir. Hadisə ilə bağlı həmin gecə, saat 02 radələrində 22-ci polis şöbəsində üzərinə axtarış keçirilən zaman ayaqqabısının içərisindən bu maddə ondan aşkar edilmişdir. Onlar bu oğurluğu əvvəldən planlaşdırmamış, Ruslana ehtiyacı olduğunu söylədikdə, sonuncu ona Səttarxanın mağazada pulu olduğunu deyib onu oğurlamağı təklif etmişdir. Lakin o, əvvəldən bu pulun miqdarını və yerini bilməmişdir. Eyni zamanda onun narkotiklə bağlı təqsiri olmadığından bu hissədə ona elan edilmiş ittihamı əsassız hesab edir. Ona cəza təyin edilərkən himayəsində xəstə atasının olduğunun nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs işlətdiyi “Bir plus” telefon mağazasında telefon ustası kimi işləyirdi. Təqsirləndirilən şəxs1la birlikdə əvvəllər bir neçə dəfə birlikdə narkotik qəbul etmişlər. 03.01.2021-ci il tarixdə, saat 11 radələrində metronun “Sahil” stansiyası yaxınlığında əvvəllər tanımadığı şəxsdən 50 manata bir ədəd bükümdə metamfetamin alaraq cibində saxlamış, istifadə üçün imkan olmamışdır. 08.01.2021-ci il tarixdə, saat 20:45 radələrində o, Mehraca üzərində metamfetamin olduğunu söyləyib işdən sonra imkan tapan kimi bərabər istifadə etmək üçün saxlamaq məqsədi ilə ona vermişdir. Onun Mehracın mağazadan pulu oğurlamasından əvvəldən xəbəri olmamış, ona heç bir köməklik göstərməmişdir. Sadəcə olaraq Mehrac evdə olan problemi ilə bağlı ona pul lazım olduğunu bildirmiş və ondan Səttərxanda pulun olub-olmamadığını soruşmuş, o da pulun olduğunu deyərək onun yerini söyləmişdir. 08.01.2021-ci il tarixdə Səttarxan mağazadan bayıra çıxanda Mehrac ayaqyoluna getmək adı ilə onun yanına gəlib oranın açarını istəmiş, o da açarın yerini ona göstərmiş, özü isə siqaret çəkmək üçün çöldə dayanmışdır. 09.01.2021-ci il tarixdə, gecə saatlarında oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə aparıldıqda Səttarxana məxsus 10.000 ABŞ dolları məbləğində pulun Mehracın işlədiyi telefon mağazasından tapıldığını bilmişdir. Həmçinin orada ona məlum olmuşdur ki, Mehraca saxlaması üçün verdiyi psixotrop maddə polislər tərəfindən sonuncunun sol ayağındakı ayaqqabının içərisində aşkar olunub. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yerləşən, mobil telefon aparatlarının və onların aksesuarlarının satışı xidməti ilə məşğul olan “Bir plus” mağazasını icarə əsasında işlədir. Təqsirləndirilən şəxs2 da bu mağazada mobil telefon aparatlarının təmiri ustası kimi işləyirdi. 08.01.2021-ci il tarixdə özünə məxsus 10.000 məbləğində ABŞ dollarını noutbukunun çantasına qoyub onu mağazadakı piştaxtanın altında olan açıq dolabda gizlətmişdir. Həmin günü mağazadan çıxıb bir müddətdən sonra geri qayıdanda təsadüfən dolabın altına baxmış və həmin çantanın oğurlandığını aşkar etmişdir. Dərhal hadisə barədə polisə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, bu pulları mağazadan 08.01.2021-ci il tarixdə, saat 20:10-da Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 oğurlamış və Mehrac oğurladıqları pulu öz işlədiyi qonşuluqdakı mağazada gizlətmişdir. O bu mağazanın sahibi Şahid ilə bərabər mağazanı axtardıqda orada Mehracın iş masasının üzərində sonuncuya məxsus pul qabının içərisindən həmin pulu aşkar etmişdir. Təqsirləndirilən şəxs1 ailə vəziyyətini nəzərə alaraq ona qarşı şikayət və tələbi yoxdur, lakin digər Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Kərimli Vaqif Xosrov oğlu ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yerləşən, mobil telefon aparatlarının və onların aksesuarlarının satışı, təmiri xidməti ilə məşğul olan mağazanı icarə əsasında işlədir. Təqsirləndirilən şəxs1 da bu mağazada telefon ustası kimi işləyirdi. Zərərçəkmiş şəxs onun qonşuluğundakı mağazanı işlədir. 08.01.2021-ci il tarixdə Səttarxan onun mağazasına gəlib 10.000 ABŞ dolları məbləğində pulunun oğurlandığını söyləmişdir. Mağazada axtarış etsələr də, heç nə tapa bilməmişlər. Daha sonra onlar mağazadakı müşahidə kamerasına baxanda Mehracla Ruslanın şübhəli şəkildə Səttarxanın mağazasına daxil olduqlarını müəyyən etmişlər. Onlardan bu barədə soruşduqları zaman heç nə bilmədiklərini deyib məsələni inkar etmişlər. Hadisə ilə bağlı Səttərxan polisə məlumat verdikdən sonra onlar Mehracı da polis şöbəsinə aparmışlar. Buna görə o, şübhələnib öz mağazasında Mehracın iş masasını axtardıqda oğurlanmış pulların sonuncuya məxsus pul kisəsinin içərisində olduğunu görmüş və bu barədə polisə məlumat vermişdir. İş materiallarında olan:  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 09.01.2021-ci il tarixli, 6/91 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs1..” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,665 qram olan maddə tərkibinə görə psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra metafetaminin ümumi qalıq çəkisi 0,565 qram, aparılmış tədqiqatın dəyəri 108,46 manat təşkil edir (İ cild, i.v.48-51);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında:  15.02.2021-ci il tarixli, 483 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.232-233);  15.02.2021-ci il tarixli, 484 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.234-235);  “Maddi sübut kimi tanıma və saxlanca verilməsi barədə” 10.01.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş, qalıq qalan 0,565 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (İ cild, i.v.171);  “Pul vəsaitinin maddi sübut kimi tanınması və depozit hesabına təhvil verilməsi haqqında” 12.01.2021-ci il tarixli və “Pul vəsaitinin depozit hesabından götürülməsi haqqında” 03.02.2021-ci il tarixli qərarlara əsasən Təqsirləndirilən şəxs1 götürülmüş, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Daxili İşlər Nazirliyinin BPİ-nin Maliyyə-plan şöbəsinin xəzinəsinə təhvil verilmiş, milli məzənnə ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pul əsginasları sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (İ cild, i.v.172-173, 212);  “Video görüntüyə baxılması haqqında” 09.01.2021-ci il tarixli protokollara əsasən ünvan 3 ünvanda 08.01.2021-ci il tarixdə qeydə alınan 17:37 dəqiqəlik görüntüyə baxış zamanı müəyyən edilir ki, saat 20:45-də Təqsirləndirilən şəxs1 mağazadakı iş masasının arxasında oturaraq kompyuterdə baxdıqda Təqsirləndirilən şəxs2 mağazaya daxil olaraq cibindən bir ədəd bükümü çıxarıb Mehracın qarşısındakı masanın üzərinə qoyur və sonuncuya onu götürməsini işarə edir. Bir qədər sonra Mehrac həmin bükümü götürüb cibinə qoyur. Baxış zamanı Təqsirləndirilən şəxs2 Mehracın qarşısındakı stolun üzərinə qoyduğu sellofan bükümdəki maddənin metamfetamin olduğunu və birlikdə istifadə üçün saxlasın deyə Mehraca verdiyini bildirir. Diskdə olan 08.01.2021-ci il tarixdə qeydə alınmış 22:16 dəqiqəlik digər görüntüyə baxış zamanı müəyyən edilir ki, saat 20:21-də Mehrac iş masasının arxasına keçir və orada başqa bir şəxs də oturaraq kompyuterdə görüntülərə baxır, Mehrac isə masanın üzərindən pul kisəsini götürüb əynindəki gödəkcənin döş cibindən gizlicə nəsə çıxarıb onun içərisinə qoyur, həmin pul kisəsini də masanın sol tərəfinə qoyur. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirir ki, görüntüdəki pulları Zərərçəkmiş şəxs mağazasından oğurlamış, polisdən qorxduğu üçün pul kisəsində gizlətmişdir (İ cild, i.v.113-114, 260, disk);  Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən götürülmüş məlumata əsasən 2021-ci il yanvar ayının 08-nə 01 ABŞ dollarının məzənnəsi 1,70 manat təşkil edir (İ cild, i.v.114-115);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.01.2021-ci il tarixli, 4(006)-20/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.162- 166);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.01.2021-ci il tarixli, 4(006)-18/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.167- 171);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 yanvar 2021-ci il tarixli arayışları və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur, Təqsirləndirilən şəxs2 isə əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.04.2001-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İ cild, i.v.220-221, 223- 225);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 24.07.2006-cı il təvəllüdlü bir övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona ittiham olunmuş əməllərdən özünü yalnız oğurluq cinayətində, Təqsirləndirilən şəxs2 isə narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətində törətməsində təqsirli bilsələr də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz dəlillərlə onlara qarşı irəli sürülmüş ittiham tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hallar onların özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda hər iki təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusunaböyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslə barışıq əldə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb eilməsini nəzərə alaraq ona təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə, Təqsirləndirilən şəxs2 isə təyin olunacaq cəzaları qismən toplanmaqla onların üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaların əvvəli onların həbsə alındığı andan – 09 yanvar 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,565 qram psixotrop maddə metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş 10.000 ABŞ dolları təşkil edən pul əsginasları sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 108,46 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,565 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs1 götürülmüş 10.000 ABŞ dolları təşkil edən pul əsginasları sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar