Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-273/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 435,0 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla özü ilə daşımış, X17 Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə, saat 12:20də, Sabunçu rayonu, Sabunçu dəmir yolu stansiyası ərazisində saxlanılaraq X17 Polis İdarəsinin inzibati binasına dəvət olunmuş və İdarənin növbətçi hissəsində həmin gün saat 13:30-da üzərində şəxsi axtarış keçirilən zaman, sağ əlində olan açıq yaşıl rəngli, üzərində «Herba Flora» yazısı olan sellofan torbanın içərisindən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 435,0 qram olan, narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, tutulduğu günə qədər uzun müddət Bakı şəhərində müxtəlif yerlərdən narkotik vasitə əldə edərək istifadə etmişdir. Ev göyərçinləri saxladığı üçün təxminən 5-6 ay bundan əvvəl özünə məxsus dəyəri təxminən 120-150 manat olan, göyərçinin birini satmaq məqsədi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, dəmir yolu stansiyasının yanında fəaliyyət göstərən bazara aparmış, orada bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq bağlamada narkotik vasitə «marixuana» olduğunu və göyərçinlə dəyişmək istədiyini bildirmişdir. Narkotikdən istifadə etdiyindən həmin şəxslə razılaşaraq göyərçini həmin şəxsə verib əvəzində narkotik vasitə olan «marixuana» almışdır. Həmin bağlamanı yaşadığı evə aparmış, ara bir həmin narkotik vasitədən istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə saat 12 radələrində içərisində narkotik vasitə olan bağlamanı evdən götürərək ona narkotik vasitə vermiş şəxsi tapıb, narkotik vasitəni qaytararaq göyərçinini geri almaq məqsədi ilə heyvan bazarına getmiş, həmin şəxsi bazarda tapa bilmədiyinə görə evə geri qayıtmaq istəyərkən Sabunçu dəmir yolu vağzalı yaxınlığında 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini X23 İdarəsinin əməkdaşları kimi təqdim edərək onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində polis əməkdaşlarının və müdafiəçinini iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı əlində olan açıq yaşıl rəngli üzərində "Herba Flora" yazısı olan sellofan torbanı masanın üzərinə qoymuşdur. Həmin kütlə açıldıqda içərisindən spesifik iyə malik yaşımtıl ota bənzər maddə yəni, marixuana adlı narkotik vasitə aşkar edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni “heyvan bazarı” adlanan yerdən tanımadığı şəxslə göyərçinin əvəzinə dəyişərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ondan aşkar olunmuş narkotik vasitə qabalşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkiliş aparılmışdır. O, narkotik vasitəni ona satan şəxsi tanımamış, adı və yaşayış yeri barədə heç-bir məlumatı olmamışdır. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. DYNPİ-nin Cinayət Axtarış Şöbəsinə Sabunçu rayonu, Balaxanı qəsəbə sakini «Fəxrəddin» adlı şəxsin Sabunçu dəmir yolu stansiyası ərazisində qanunsuz olaraq narkotik vasitənin istifadəsində, üzərində saxlama və gəzdirməsində şübhəli olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Ona görə də, «Fəxrəddin» adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə Sabunçu dəmir yolu stansiyasının xidməti ərazisində «Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair» xx xxx 2020-ci il tarixli qərara əsasən o, qrup rəhbəri, DYNPİ-nin baş əməliyyat müvəkkili Şahid2 isə qrup üzvü təyin edilmişdir. Məlumatda göstərilən şəxsi müəyyən etmək üçün xx xxx 2020-ci il tarixdə tədbirlərə başlayaraq, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində qərəzsiz mənbədən daxil olmuş məlumata əlamətləri uyğun gələn şəxs xx xxx 2020-ci il tarixdə, saat 12:20-də Sabunçu dəmir yolu stansiyasının ərazisində saxlanılaraq, saat 12:50-də DYNPİ-nin növbətçi hissəsinə gətirilmişdir. DYNPİ-də həmin şəxsin xx.xx.1991-ci ildə anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmş və DYNPİ-nin növbətçi hissəsində saat 13:30-da Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması soruşulduqda o, sağ əlində olan açıq yaşıl rəngli üzərində «Herba Flora» yazısı olan, sellofana bükülmüş bağlamanı masanın üzərinə qoymuşdur. Həmin bağlama açıldıqda içərisində şəffaf sellofana bürünmüş kütlə aşkar edilmiş, həmin şəffaf sellofan açıldıqda içərisindən spesifik iyə malik yaşımtıl kütlə aşkar olunmuşdur. Sorğu zamanı Qədimov X2 torbadan aşkar edilmiş kütlənin «marixuana» olduğunu, həmin kütləni 5-6 ay bundan öncə Sabunçu rayon ərazisində tanımadığı şəxslə ev göyərçini əvəzinə dəyişərək öz istifadəsi üçün üzərində saxlayaraq arabir istifadə etdiyini bildirmişdir. Daha sonra xx xxx 2020-ci il tarixdə həmin kütləni yenidən götürüb “heyvan bazarı” adlanan əraziyə gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar edilməmiş, aşkar olunmuş maddə zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı Anar Rüstəmov tərəfindən tərtib edilmiş və həmin İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, DYNPİ-nin KTQ-nun inspektoru Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş və belə bir əşya varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində olan açıq yaşıl rəngli, üzərində “Herba Flora" yazısı olan, sellofana bükülmüş bağlamanı masanın üzərinə qoymuşdur. Həmin bağlama açıldıqda içərisində şəffaf sellofan aşkar edilmiş, həmin sellofan açıldıqda içərisindən spesifik iyə malik yaşımtıl kütlə aşkar olunmuşdur. Sorğu zamanı Qədimov X2 torbadan aşkar edilmiş kütlənin marixuana adlı narkotik vasitə olduğunu bildirmişdir. Həmin kütləni onun 5-6 ay bundan öncə Sabunçu rayon ərazisində tanımadığı şəxslə ev göyərçini əvəzinə dəyişərək öz istifadəsi üçün üzərində saxladığını və arabir ondan istifadə etdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə o, həmin kütləni yenidən götürüb “heyvan bazarı” adlanan əraziyə gedərkən DYNPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axrtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamışdır. Aşkar olunmuş kütlə iştirakçıların müşayiəti altında qablaşdırılaraq möhürlənmiş və onların imzaları ilə təsdiqlənmişdir. Şəxsi axtarış zamanı video görüntü çəkilərək protokola əlavə edilmiş, protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bır irad və təklif daxil olmamışdır. (i/v 25). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 7/264 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” yazısı və imzalara olan kağız paketdəki, 01 ədəd polietilen paketdə təmiz çəkisi – 435,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i/v 31-34). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanıma və saxlanması üçün verilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ümumi xalis çəkisi 435,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 434,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın saxlanması üçün DYNPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi qərara alınmışdır (i/v 72). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 1935 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 104-105). İş materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş olan 1 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 87). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan və Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Qədimov X4 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Binəqədi rayon məhkəməsinin qərarına əsasən xx.xx.2018-ci il tarixdə 05 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i/v 89-90, 91-98). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(006)-290/2020 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 23, 77-82). İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında daimi pasport qeydiyyatındadır. Həbsə düşən günə kimi anası ilə birgə qeyd olunan ünvanda yaşayıb və onun barəsində Balaxanı qəsəbə nümayəndəliyinə yazılı surətdə şikayət ərizəsi daxil olmamışdır (i/v 108). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi xx xxxxxxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan və X17 Polis İdarəsinin maddi sübutların saxlanması anbarında saxlanılan, ilkin çəkisi 435,0 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 434,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-273/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhukm edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və X17 Polis İdarəsinin maddi sübutların saxlanması anbarında saxlanılan, ilkin çəkisi 435 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 434,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası X17 Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-273/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-273/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver