Məhkəmə qərarları › İş №1(006)-273/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-273/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-273/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırki cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10.01.2021-ci il tarixdə saat 20:15-də Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 ünvanda yerləşən “Çinar Kokoreç” restoranının içərisində kənar şəxslərin olmamasından və giriş qapısının açıq olmasından istifadə edərək oraya daxil olub masanın üzərində enerji daşıyıcısına qoşulmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd 770 manat dəyərində “Apple İD” markalı A 2198 modelli 32 GB yaddaşlı planşeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 10 yanvar 2021-cİ il tarixdə saat 20:15 radələrində piyada ünvan 3 ünvanında yerləşən “Çinar Kokoreç” adlı restoranın qarşısında dayanmış, daha sonra restorana yaxınlaşıb restoranın içərisinə bayırdan boylanıb baxmağa başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs restoranın içərisindən ona yaxınlaşıb “aclığın var deyəsən, nə yaxşı içəri baxırsan” soruşmuş, o da “hə biraz acam, ancaq üstümdə çox pulum yoxdur, cəmi 2 manat pulum var” deyə sonuncuya cavab vermişdir. Daha sonra Zərərçəkmiş şəxs ona “bayırda gözlə, sənə yemək verərəm” demiş, o da buna etiraz etməmiş və restoranın qarşısında gözləmişdir, belə ki, həmin vaxt pandemiya olduğundan restorana kənar şəxsləri buraxmamışlar. Zərərçəkmiş şəxs ona yemək üçün kokoreç vermiş, o, da həmin kokoreçi götürüb təşəkkür edərək restoranın qarşısında dayanıb yeməyə başlamışdır. Sonuncu isə həmin gün saat təxminən 20 radələrində restorandan çıxaraq yaxınlıqdakı marketin birinci mərtəbəsinə düşmüş, o da bundan istifadə edib restoranın içərisinə daxil olmuşdur. O, restorana daxil olduqda masanın üzərindən planşeti görmüş və planşeti üzərində olan sellofanla birlikdə oğurlamışdır. Daha sonra həmin planşeti götürüb restoranı tərk edib bayıra çıxmışdır. Planşeti əlində saxlayaraq üzü yuxarı küçə ilə qaçmağa başlamış, daha sonra həmin planşeti yoldan keçən tanımadığı şəxsə 100 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yerləşən “Çinar Kokoreç” restoranını icarə əsasında işlətmişdir. Həmin restoranın iş saatı saat 10:00-dan 00:00-dək olmuşdur. O, 10 yanvar 2021-ci il tarixdə restoranda olarkən əvvəllər tanımadığı və sonradan adı və soyadı ona məlum olan Təqsirləndirilən şəxs restoranın içərisinə bayırdan boylanıb baxdığını görmüşdür. O, həmin vaxt sonuncuya yaxınlaşıb “aclığın var qardaş, nə yaxşı içəri boylanırsan?” soruşmuş, Təqsirləndirilən şəxs da ona “bəli aclığım var, ancaq üstümdə 2 manat pul var” demişdir. O sonuncuya “bayırda gözlə, sənə yemək üçün bir şeylər verərəm” demiş, Təqsirləndirilən şəxs da buna etiraz etməmiş və restoranın qarşısında gözləmişdir. Belə ki, həmin vaxt pandemiya olduğundan restoran onlayn qaydada fəaliyyət göstərirmiş, içəriyə müştərilər buraxılmamışdır. O, Təqsirləndirilən şəxs yemək üçün kokoreç vermiş, sonuncu da həmin kokoreçi götürüb təşəkkür edərək restoranın qarşısında dayanıb yeməyə başlamışdır. O, həmin vaxt saat 20:15 radələrində restorandan çıxaraq yaxınlıqdakı marketin birinci mərtəbəsinə düşmüş və oradan özünə içki, siqaret alıb təxminən 6-7 dəqiqə sonra restorana tərəf qayıdanda Təqsirləndirilən şəxs üzü yuxarıya doğru qaçdığını görmüşdür. O dərhal restorana girib içəriyə baxdıqda masanın üzərinə qoyduğu planşetin qoyulduğu yerdə olmadığını görmüşdür. O, həmin planşeti oğurluq hadisəsindən 3-4 ay əvvəl 1100 manat qiymətə almışdır. O, dərhal Təqsirləndirilən şəxs planşeti oğurlamasından şübhələnib bu barədə əvvəlcə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermişdir. Onun məlumatından sonra hadisə yerinə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları gəlmişlər, hadisə yerinə baxış keçirmişlər, onun hadisə barədə ərizə və izahatını almışlar. Oğurlanmış əşya nəticəsində ona ümumilikdə 1100 manat maddi ziyanın dəymişdir. Halhazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş “Qətimkan tədbiri seçilməsi haqqında” 18 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 mart 2021-ci il tarixdə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 103-104). İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Tağı Tağıyev tərəfindən tərtib edilmiş və Təqsirləndirilən şəxs və müdafiəçi Qeybulla Cavadovun iştirakı ilə 18 mart 2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə bir qovluq olmuş, həmin qovluq vatsap video 2021-02-04 at. 11.09.53 adlanmışdır. Həmin qovluğa baxış keçirərkən müəyyən edilmişdir ki, diskdə oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs əlində açıq sarı rəngli sellofan torbada nəsə aparması, yol ilə iti sürətlə gəzməsi, daha sonra isə qaçması, əynində qara rəngli papaq, qara rəngli isti gödəkçə, qara rəngli şalvar, üzündə isə qara rəngli maskanın olması müşahidə edilmişdir (i/v 99). Məhkəmə baxışı zamanı qeyd olunan CD diskə baxış keçirilmiş və baxış zamanı 09.03.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-345/2018 saylı, 13.11.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 oktyabr 2020ci il tarixli qərarı ilə 06 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir (i/v 55-57, 61-64). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2021-ci il tarixli, 9/800 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ortada olmayan “Apple İD” markalı A2198 modelli 32 GB yaddaşlı planşetin işlənmiş vəziyyətdə 10 yanvar 2021-ci il tarixdə dörd ay istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 770, 00 manat müəyyən olunmuşdur (i/v 47-50). Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-229/2021 saylı, 03.06.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 01 iyun 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın 1100 manat qiymətləndirsə də, ittiham aktında və ekspertiza rəyində qeyd olunduğu kimi sonuncuya 770 manat maddi ziyanın vurulması öz təsdiqini tapmışdır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Cavadov X1 rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı ilə 06 ay 15 gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, əsas cəzanı çəkib qurtarmadan yenidən qəsdən cinayət törətdiyinə görə məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 06 ay 15 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Məhkəmə Təqsirləndirilən şəxs ona Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə vaxtından əvvəl şərti azad edildikdən sonra əsas cəzanı çəkib qurtarmadan qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən həmin qərarla çəkilməmiş qalan 06 ay 15 gün cəza müddəti hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 18.06.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-229/2021 saylı, 03.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-273/2021 saylı, 30.03.2021-ci il tarixli qərara əsasən 30.03.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29.10.2020-ci il tarixli qərarı ilə təyin edilmiş vaxtından əvvəl şərti azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 (altı) ay 15 (on beş) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 18 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-229/2021 saylı, 03.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar