Məhkəmə qərarları › İş №1(006)-273/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-273/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-273/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi – “Ədalət” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1984-cü il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 25 may 2023-cü il tarixdə saat 21 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanın qarşısında olarkən qeyd olunan ünvanda "xxxx" MMC tərəfindən aparılan söküntü işlərində iştirak edərkən həmin söküntünün aparılmasına etiraz edən Zərərçəkmiş şəxs2 və X2 ilə sözlü mübahisə edib sonuncuların etirazlarını cüzi səbəb kimi bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozmaqla yanaşı, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan, yəni ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslərin gözu qarşısında Zərərçəkmiş şəxs2ın və Zərərçəkmiş şəxs1 üzərinə hücum edib zor tətbiq edərək xuliqanlıq niyyətilə qəsdən bədənlərinin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla Zərərçəkmiş şəxs1 qarın və sağ bud nahiyyələrinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə burun sümüklərinin yerdəyişmiş sınığı və tənəffüsün iki tərəfli mötədil pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında sıyrığı, sol yanaq, boyun nahiyələrinin sıyrıqları, hər iki dirsək oynağı nahiyələrinin qançırları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə 25 may 2023-cü il tarixdə təxminən saat 21:00 radələrində sökuntü yerinə yaxın yerdə yerləşən iki yol arasında olan kafedə Ceyhun, Seymur və Raman ilə oturub yemək yemişlər. Ceyhunla Seymur yemək yeyən zaman spirtli içki qəbul etsələr də o, spirtli içki qəbul etməmişdir. Yemək yedikləri müddətdə Ceyhunun mobil telefonuna Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ev 4 mənzil 75 və 92-nin sahibi Zərərçəkmiş şəxs1 zəng edərək Ceyhunu söküntü yerinə çağırmışdır. Ceyhun həmin yerin söküntü podratçısı olmuşdur. Ceyhun içkili olduğu üçün Raman ilə birlikdə söküntü olan yerə gəlmiş, gəldikdən sonra Zərərçəkmiş şəxs1 yüksək səslə onları yox Ceyhunu çağırdığını bildirmiş və buralara söküntü işlərinin aparılmasına imkan verməyəcəyini qeyd etmişdir. Ona burada söküntü işlərinin yox daşınmaq işlərinin aparıldığını və dəmirlərin çıxarılacağını bildirmişlər. Ora yaxınlaşanda Zərərçəkmiş şəxs1 tək idi. Təxminən dəqiqə yarımdan sonra Zərərçəkmiş şəxs2 onun ünvanına nalayiq sözlər işlədərək onlara tərəf gəlmiş, həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 tərəfindən onun ünvanına nalayiq sözlər əvvəllər də ünvanlanmışdır. Daha sonra traktorun sepinin üzərində oturan Zərərçəkmiş şəxs2 onun təzə - avqust ayında rəhmətə getmiş anasının ünvanına təhqir və söyüşlər ünvanlamışdır. Bu zaman Raman artıq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs2 tərəf gedib ona anasına münasibətdə niyə söyüş söyüdüyünü soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs2 spirtli içki qəbul etdiyini hiss etmişdir. O əlinin arxası ilə zərbə endirəndə təqsirləndirilən şəxs geri çəkilmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 əli ilə təqsirləndirilənin boğazından tutmuş, özünü müdafiə etmək məqsədi ilə onu itələmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 yumruq zərbəsi endirmişdir. Kənarda olan onun tanımadığı şəxslər onları ayırmış və o, daşın üzərinə oturmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və onu 20-ci polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, onun tərəfindən zərəçəkmiş şəxslərə hər hansı bir zərbə vurulmamış, sadəcə özünümüdafiə üçün Zərərçəkmiş şəxs2 sinəsindən əli ilə itələmişdir. Zərərçəkmiş şəxslər tərəfindən atılan zərbələr ona dəyməmiş, sadəcə Zərərçəkmiş şəxs2 onun boğazından tutması nəticəsində qançır izləri yaranmışdır. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, təhqir və təhdid olunduğunu, o, heç kimi vurmadığını, sadəcə Fazili özündən uzaqlaşdırmaq üçün itələdiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və iş materiallarında olan ilkin ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Təxminən 2022-ci ilin oktyabr ayında əvvəllər söküntü işlərindən tanıdığı Şahid2 dəvəti ilə ünvan 5 ünvanda yerləşən mənzil sahiblərindən alman evlərin sökülməsi işləri ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində sökuntü yerinə yaxın yerdə yerləşən iki yol arasında olan kafedə Ceyhun, Seymur və o, oturub yemək yemişlər. Ceyhunla Seymur yemək yeyən zaman spirtli içki qəbul etsələr də o, spirtli içki qəbul etməmişdir. Yemək yedikləri müddətdə Ceyhunun mobil telefonuna Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 4, mənzil 75 və 92-nin sahibi Zərərçəkmiş şəxs1 zəng edərək Ceyhunu söküntü yerinə çağırmışdır. Ceyhun Zaməddinin çağırışına gedərkən sonuncunun içkili olduğunu düşünərək, o da onunla birlikdə həmin çağırışa getmiş, lakin Seymur oturduqları stol boş qalmasın deyə Kafedə onları gözləmişdir. O, və Ceyhun söküntü yerində Ceyhuna məxsus söküntü işləri üçün gətirdiyi traktorun qarşısına gəlmişlər. Bu zaman orada iki mənzilin sahibi Zaməddini görmüşlər və sonuncudan kəskin spirtli içkinin iyi gəlmişdir. Zaməddin onları görən kimi yüksək səs tonu ilə əmredici formada qışqıraraq onlara bildirmişdir ki, burada söküntü işləri aparılmayacaq və o, buna icazə verməyəcək. Bu mövzuda aralarında sözlə mübahisə edilən zaman uzaqdan Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 4, mənzil 72-nin sahibi Zərərçəkmiş şəxs2 onları görərək ünvanlarına nalayiq ifadələr işlədərək onlara yaxınlaşmışdır. Yaxınlaşan kimi o, Fazilə nalayiq ifadələr işlətməməyini və bu barədə etiraz etdiyini bildirmişdir. Fazildən də kəskin spirt iyi gəlmişdir. Bu zaman Fazil nalayiq ifadələr işlətməyə davam edərək sağ əli ilə onun boğazından yapışaraq sıxmışdır. O, hər iki əli ilə Fazilin sinəsindən vuraraq özündən kənara itələmiş və sonuncu müvazinətini itirərək yerə yıxılmışdır. Sonra polis əməkdaşları gəlmiş və onu 20-ci PB-nə dəvət etmişlər. O, ifadəsində həmçinin göstərmişdir ki, mübahisə xx.xx.2023cü il tarixdə saat təxminən 21 radələrində ünvan 5 ünvanın qarşısında baş vermişdir. Fazil ona sinəsindən və boyun nahiyəsindən xəsarət yetirmişdir, ilkin olaraq Zərərçəkmiş şəxs2 sağ əli ilə yapışaraq boğazını sıxmış və o, həmin vaxtı Fazili itələdiyinə gorə Fazil yerə yıxılmışdır. Daha sonra o, kənara çəkilmişdir. Həmin hadisənin şahidi Şahid2, Seymur İbrahimov və digərləri olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2023-cü ildə "xxxx" şirkəti onun yaşadığı məhəllədə qanunsuz sökünütu işlən ilə məşğul olmuşdur. Bütün bunları nəzərə alaraq hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs1 həmin ünvanda yerləşən mülkiyyətini qanunsuz kənar müdaxilələrdən müdafiə etmək məqsədi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda həmin əmlakın toxunulmazlığını təmin etmək məqsədi ilə onun adından “Müvəqqəti təminat tədbirinin tətbiqi”nə dair məhkəməyə ərizə də vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, e- MTT(006)-23/2022 saylı qərardadı ilə ərizələri təmin edilmiş və e-2(006)-1601/2022 saylı əlaqəli mülki işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, 92 saylı mənzilin sahəsinin tamlığının pozulması, o cümlədən tavanının, döşəməsinin, pəncələrinin, qapılarının, elektrik naqillərininın və su, kanalizasiya sistemlərinin sökülməsi, mənzilə daxil olan və daxildəki kommunikasiya sistemlərinin sıradan çıxarılması cavabdeh "xxxx" MMC-nə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardada da məhəl qoymayan iş icraçısı Ədalət adlı şəxsin rəhbərliyi ilə 25 may 2023-cü il tarixində saat 20 radələrində hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, 92 saylı mənzilə bitişik mənzili sökdükdən sonra, içərisində hamilə qadın olmağına baxmayaraq ekskavatorla həmin mənzili sökmək istəmişlər. Bu barədə o, həmin vaxtı icra məmurlarına məlumat vermiş və həmin mənzilin sökülməsinin qarşısını almaq və onlardan dərhal hüquqi qüvvəyə minmiş məhkəmə qərardadının icrasının təmin edilməsini tələb etmişdir, icra məmurları iş saatı sona çatdığı üçün əraziyə gələ bilməyəcəklərini bildirmişlər. Belə olan halda mənzilin sökülməsinin qarşısını almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 ekskavatorun kovşasının altında dayanmış, o isə ekskavatorun tırtılının üstündə oturmuşdur. Həmin vaxt orada tanımadığı şəxslər vardır. Əraziyə toplamış şəxslərin arasından iş icraçısı Ədalət adlı şəxs çıxaraq ona hücum çəkmiş, sonuncu ona çatan kimi yumruqla burnuna güclü zərbə endirmişdir. Bundan sonra Ədalət onun köməksizliyini görüb bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməkdə davam etmişdir. Daha sonra isə Ədalət boynunu qolları arasına salaraq onu boğmağa başlamışdır. Bu vaxt yaxınlıqda yerləşən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin tanımadığı 3 (üç) nəfər polis əməkdaşları zorla onu Ədalətin qolları arasından xilas edərək Ədaləti özləri ilə aparmışlar. Ədalət həmin vaxtı oraya gələn zaman yanında Ceyhun adlı şəxs də olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, Ədalət oraya yaxınlıqda olan kafedən gəlmişdir. Hadisə vaxtı onun qonşusu Ülvi, Ədalət, Ceyhun, Zaməddin və kənar şəxslər olmuşdur. Onun Ədalətə hər hansı bir xəsarət yetirməyə fikizi imkanı əl verməmişdir. O, orada heç kimi söyməmiş və Ədalətə heç bir söz deməmişdir. Ədalət yalan danışır, o, həmin yerdə yerə yıxılmamış, onun hər hansı şəxslə dava etməyə fiziki imkanı yoxdur. Ədalət onun sinəsindən vurmamış və ilkin olaraqda Ədalət onun burnundan vurmuşdur. Daha sonra isə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdikdən sonra onun boynundan tutaraq boğmağa başlamışdır. O, Ceyhunun işlədiyi şirkəti məhkəməyə verdiyinə görə habelə şirkətlə problem yaşayan mülkiyyətçilərin bir neçəsinin hüquqlarını müdafiə etdiyinə görə təxminən 2 ilə yaxın müddətdir ki, bir-birilərini tanıyırlar və Ədalətin həmişə ona nifrətlə baxmağını hiss etmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onun barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 6 ünvanı ona məxsus olmuşdur. Onun ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda 2023-cü ilin may ayında "xxxx" MMC qanunsuz söküntü işləri aparmışdır. Belə ki, həmin şirkət qeyd olunan ünvanda bir neçə ailəni köçürsədə, belə o, və onun kimi bir neçə ailə həmin ünvanda yaşamağa davam etmişlər, "xxxx" MMC tikinti şirkəti həmin ünvanda artıq qanunsuz söküntü işləri apardığından onlara bir neçə dəfə oz etirazlarını bildirmişlər. Həmin binada, yəni Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 4, mənzil 72-də qeydiyyatda olan və orada yaşayan Zərərçəkmiş şəxs2 yaşayır və sonuncu həmdə sökuntü işlərinə görə onun hüquqlarını müdafiə etmək uçün müqavilə bağlayaraq onun vəkili olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18.30 radələrində onlar yenədə "xxxx" MMC-nin yaşadıqları ünvanda qanunsuz söküntü işlərin aparmasını gördükdə onlara yaxınlaşaraq onlardan söküntu işlərin saxlanılmasını xahiş etmişlər. O, həmin şəxslərə evin sökülməməsi ilə bağlı məhkəmənin qərarı olduğunu bildirmişdir. O, həmin vaxtı qonşusu və vəkili Zərərçəkmiş şəxs2 zəng edib icra məmurunu çağırmağını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 həmin icra məmuruna zəng etsə də, onlar iş vaxtının bitdiyini növbəti gün yaxınlaşacaqlarını bildirmişlər. Həmin vaxtı o, sökuntü aparmaq istəyən ekskavatorun çalasının altında dayanıb evin söküntüsünə icazə verməmişdir. Saat 21 radələrində Ədalət gələrək Şahin adlı rəhbərinin ona söküntü üçün tapşırıq verdiyini bildirib, ona ayağından təpik vurub, yumruqla qarnına zərbə endirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 hasasını yerə dirəyərək söküntünü dayandırmaq məqsədi ilə ekskavatorun sepinın üzərində oturmuşdur. Həmin vaxtı Ədalət bunu görərək Fazilin üzərinə gedərək sonuncunun burun nahiyəsindən vurub boynundan tutaraq boğmağa başlamışdır. Bu halda o, DİN-nin 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə çataraq Fazili Ədalətin əlindən almışlar. Daha sonra polis əməkdaşları Ədaləti və Ceyhunu Nəsimi RPİ-nin 20-cı Polis şöbəsinə aparmışlar. Hadisə vaxtı o, Ceyhun, Ədalət, Zərərçəkmiş şəxs2 orada olmuşdur. Orada başqa şəxslər də vardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və onunla davası təxminən 10-15 dəqiqə davam etmişdir. Fazil hadisə vaxtı Ədaləti söyməmiş və Ədalət Fazili sifətinin burun nahiyəsindən yumruq vuraraq boynunu tutub boğmağa başlamışdır. Onu isə Ədalət təpiklə ayağından və yumruqla qarnından vurmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələr işlətmişdir. Onu və Fazili ancaq Ədalət vurmuşdur. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onun barəsində törətdiyi əmələ münasibətdə layiqli cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 10 ilə yaxındır ki, tikinti şirkətləri ilə müqavilə bağlayıb söküntu işləri ilə məşğul olur. O, təxminən 2023-cü ilin yanvar fevral aylarında "xxxx" MMC-nin məsul şəxsi Rəşad adlı şəxslə ünvan 7 ünvanda yerləşən söküntü işləri gedən yerin yaxınlığında onların ofisində müqavilə imzalamışdır. Onun 3 nəfər işçisi vardır, onlar Seymur, Raman və Əvəzdir. Hal-hazırda iş dayanmışdır. Onun həmin işçilərlə əmək müqaviləsi vardır. Onların işi - şirkət hər hansı boş mənzilin açarını verir və ya köçən sakinlərin özləri onlara yaşadıqları evin açarını verir və onlar həmin evləri sökürlər. Onlar sökən zaman sakin oradakı əşyaları aparmırsa həmin əşyaları, məsələn qapı, daşı, pəncərəni həmin şəxslərdən pul müqabilində alırlar. Onların söküntü apardıqları yerdə Zaməddin adlı şəxsin iki evi vardır və həmin şəxs evlərini şirkətə satmaq istəməmişdir. Həmin şəxsin evləri alınmadığına görə onlar orada söküntü aparan zaman Zaməddin və sonuncunun qonşusu Fazil adlı şəxs onlara maneələr yaratmışlar. Hətta elə olmuşdur ki, Fazil onuda ağır şəkildə təhqir etmişdir. Onlar xx.xx.2023-cü il tarixdə saat 10:00-dan 18:00-dək söküntü işlərini aparmışlar. O, söküntu işlərini aparan zaman onunla bərabər "xxxx" MMC-nin işçisi Ədalətdə orada olmuşdur. Ədalət həmin söküntü aparan fəhlələrin işinə nəzarət etmişdir. Sökuntü işləri gedən zamanda Ədalətdə orada olmuşdur. O, xx.xx.2323-cü il tarixdə işdən çıxdıqdan sonra sökuntu aparılan yerin yaxınlığında kafedə işçisi Seymur və Ədalətlə oturmuşlar. O, həmin vaxt Seymurla spirtli içki pivə içmişlər, lakin Ədalət həmin vaxtı içməmişdir. Təxminən saat 21 radələrində Zaməddin ona zəng edərək tikinti gedən yerə çağırmışdır. Oturduqları kafedə tikinti gədən yerin ara məsafəsi təxminən 50-100 metr olmuşdur. Ona zəng gəldikdən sonra Ədalətlə Seymur ondan əvvəl həmin yerə getmişlər, o, 3-4 dəqiqə sonra həmin yerə getməyə başlamışdır. O, gedən zaman uzaqdan Fazilin ağır söyüş söyməyini eşitmiş və həmin yerə çatdıqda görmüşdür ki, orada Fazil, Ədalət, Zaməddin, traktor sürücüsü Raman orada olmuşdur. Həmin vaxtı o, Fazilə demişdir ki, «sən yaşlı adamsan nə üçün söyüş söyürsən». O, ora gələndə polis əməkdaşları da ondan 1-2 dəqiqə sonra oraya gəlmişlər. O, oradakı davanın sonuna gəlib çatmışdır. O, həmin davanın olmağını qaranlıq olduğuna görə tam görə bilməsə də sadəcə orada söyüş söyüləndən sonra baş verdiyini hiss etmişdir. Buna səbəb söyüş söyüldükdən sonra oradan daha çox səs küy gəlməsi olmuşdur. O, hadisə yerinə çatdıqda Ədalətlə Fazil hər ikisi kənarda kubiklərin üstündə durmuşdur. Bundan sonra onları polis əməkdaşları bölməyə dəvət etmişlər. Ədalət ondan əvvəl kafedən çıxdığına gorə o, hadisəni görə bilməmiş, lakin uzaqdan səs küyu eşitmişdir. O, hadisə yerinə çatdıqda onların hər ikisinin kənarda dayandığını görmüşdür. Həmin davanın baş verməsinə səbəb Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Ədaləti ağır şəkildə anasını, nəslini söyməsi olmuşdur. Çünki o, kafedən çıxan zaman qaranlıqda olsa oradan söyüş gəldikdən sonra daha çox səs küyün gəlməsini eşitmişdir. O, ora çatdıqda isə onların hər ikisinin kənarda dayandığını görmüşdür. O, Fazilə hətta bildirmişdir ki, «sən söyüş söyürsənsə heç olmasa özünü söy, onun anası, nəsili ilə nə işin var». Həmin vaxtı orada Seymur, Raman, Zaməddin olmuşdur. Başqa şəxslərin qaranlıq olduğundan olmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, icarə əsasında traktor işlədir və "xxxx" MMC şirkəti ilə bir neçə ildir ki, işləyir. O, həmin şirkətin hər hansı bir yerdə sökuntü işləri olduqda orada istifadəsində “Hundai” markalı traktorla söküntü işləri aparır. 2023-cü ilin may ayının 25-də Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində səhər saatlarında söküntü işləri aparmış və saat 18 radələrində həmin söküntü işləri apardığı yeri tarktorla təmizləyəcəkdi. Bu zaman həmin məhəllədə yaşayan sakinlərdən Zaməddin və Fazil adlı şəxslər buna öz etirazını bildirmişlər. Onlar ona işi dayandırmağını bildirmişlər. Həmin vaxtı Fazil nalayiq ifadələr işlətdiyindən və səsküy çox olduğundan o, tarktorla işi dayandırıb həmin yerdən bir qədər aralıda dayanmışdır. Həmin vaxtı hava qaranlıq olmuş, o, məhəllənin girişindən çöl tərəfdə çıxıb dayanmışdır. Bir neçə dəqiqə sonra məhəllədə səs-küy eşitmiş, bu zaman Fazil adlı şəxsin Ədalətin ünvanına nalayıq ifadələr işlətdiyini eşitmişdir. Daha sonra o, traktor olan yerə yaxınlaşmış və bu zaman Ədalətlə Fazilin bir biriləri ilə dava etdiyini görmüşdür. O, həmin vaxtı Ədaləti Fazildən ayırmış və daha sonra həmin yerə polis əməkdaşları gəlib Ədaləti polis bölməsinə dəvət etmişlər. Hadisə vaxtı oraya çox adam gəldiyindən Ədalət, Fazili və Zaməddin orada görmüşdür. O, digər şəxsləri üzdən tanısa da anket məlumatlarını bilmir. O, Ədalətin Zərərçəkmiş şəxs2lə davasının sonunda gəlib Ədaləti ondan ayırmışdır. O, həmin davanın necə başladığını görməmişdir. O, həmin ərazidə səhər saatlarında apardığı söküntünü daşımaq üçün həmin yerə gəlmişdir. Həmin yerdə səs-küy olduğundan o, orada işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ünvan 6 ünvanı onların ailəsinə məxsus olmuşdur. Onun ailə uzvləri ilə birlikdə yaşadığı ünvanda 2023-cü ilin may ayında "xxxx" MMC şirkəti qanunsuz söküntü işləri aparmışdır. Belə ki, həmin şirkət qeyd olunan ünvanda bir neçə ailəni köçürsə də onların ailəsi kimi bir neçə ailə həmin ünvanda yaşamağa davam etmişlər, "xxxx" MMC tikinti şirkəti həmin ünvanda artıq qanunsuz söküntü işləri apardığından onlara bir neçə dəfə öz etirazlarını bildirmişlər. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində atası ona zəng edib qeyd etdiyi şikrətin işçisi Ədalətin onunla mübahisə etdiyini və həmin yerdəsöküntü eləmək istədiklərini bildirmişdir. O, bir müddət sonra həmin yerə gəlmiş və o, gələn zaman Ədalətin qonşuları Zərərçəkmiş şəxs2 burnuna xəsarət yetirdiyini öyrənmişdir. O, hadisənin hansı şəkildə başlayıb bitdiyinin şahidi olmamışdır. O, atasından soruşduqda sonuncu Ədalətin onu və Fazil Hüseynovu vurduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, həmin yerə hadisə bitdikdən sonra gəlmiş və atasının ona bildirdiyinə görə "xxxx" MMC şirkəti həmin yerdə söküntü etmək istəmiş və bu zaman şirkətin işçisi Ədalətlə atası Zərərçəkmiş şəxs1 və qonşuları Zərərçəkmiş şəxs2 mübahisə etmişdir. Atası həmin vaxtı qarnını tutaraq axsamış və Ədalətin onu vurduğunu bildirmişdir. Mübahisə zamanı Ədalət atasına və Zərərçəkmiş şəxs2 xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2023cü ilin may ayının 25-də o, əməliyyat qruppasında olmuşdur. xx.xx.2023-cü il saat 22:27də Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 4 ünvanında doyülməsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında o, növbədə olan sahə inspektoru Şahid8 və baş əməliyyat müvəkkili Şahid7 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 4 ünvanına getmişlər. Onlar hadisə yerinə çatdıqda həmin vaxtı orada olan Hüseynov X4 Fazil Hüseyn oğlu ilə mübahisə edib kənarda dayanmışdr. Həmin vaxtı Zərərçəkmiş şəxs2 sifəti qan olmuşdur. Daha sonra onlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 polis bölməsinə dəvət etmişlər. Onlar əməliyyat qrupu olaraq hadisə yerinə çatdıqda orada dava qurtarmış və Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı şahidlər qismində dindirilən Şahid8 və Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 və Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid3 və Şahid1 ifadələri digər şahidlərin ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış 1649/23 (HK- 1/1011) saylı material üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kamal Hüseynovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və fakta görə AR CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-2); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 703 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər - burun sümüklərinin yerdəyişmiş sınığı və tənəffüsün iki tərəfli mötədil pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında sıyrığı, sol yanaq, boyun nahiyələrinin sıyrıqları, hər iki dirsək oynağı nahiyələrinin qançırları bərk kut əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmişlər. (i.v. 56- 57); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 703 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - qarın və sağ bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər (i.v. 59-60); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 109); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kamal Hüseynovun 15 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 132-133); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (i.v. 155); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kamal Hüseynovun zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 158-159); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kamal Hüseynovun qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 11 mart 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 168); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kamal Hüseynovun cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir (i.v. 190); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kamal Hüseynovun “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 191); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kamal Hüseynovun zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 204); sübutların qiymətləndirilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs, Şahid2 və X6 barəsində CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadəsində Zərərçəkmiş şəxs2 yalnız itələməsi, Zərərçəkmiş şəxs1 isə vurmaması barədə göstərdiyi xüsusatlar iş materialları ilə tam təkzib olunduğundan və özünü müdafiə xarakteri daşıdığından sübut növü kimi qiymətləndirilməmiş və müvafiq qərarla rədd edilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanması CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri alması xüsusatı üzrə araşdırma aparılması məqsədi ilə ayrıca icraata material ayrılmış, cinayət işinin materiallarından "xxxx" MMC-nin qanunsuz hərəkətlərinin, eyni zamanda əmək müqaviləsi olmadan işə cəlb olunması məsələsinin araşdırılması məqsədi ilə ayrıca icraata material ayrılmış və ayrılmış material Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış, üzləşdirmə, digər istintaq hərəkəti protokolları, məhkəmətibbi ekspertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmiş hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. (i.v. 221-232). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı (ünvan 8 ünvanı axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar