Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-274/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və təkrarən elektron məlumat daşıyıcısından istifadə edərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2022-ci il tarixdə saat 13:59-da Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 15 ünvanında yerləşən “Avrasiya Hospital” klinikasının üçüncü mərtəbəsində olan 1306 nömrəli ümumi həkim otağının giriş qapısının kilidlə bağlı olmamasından istifadə edib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra həmin otağa qanunsuz daxil olaraq otağın girişindən sol tərəfdə qoyulmuş dolabın üst hissəsindən Zərərçəkmiş şəxs2 məxsus içərisində 01 ədəd 120 manat dəyərində “İphone 6” markalı mobil telefon, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə məxsus plastik bank kartı, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 4 manat dəyərində 02 ədəd metro kartları, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 10 manat dəyərində “X9” markalı üzərində “Concealer camouflant” yazısı olan konsiler, 01 ədəd 5 manat dəyərində “Bourjois" markalı tester, 01 ədəd 13 manat dəyərində “Essience” markalı qadın kiprik tuşu, 01 ədəd 17 manat dəyərində “L.O.N.G.S.T.A.Y” markalı dodaq boyası və 01 ədəd 55 manat dəyərində “X10 Black Opium” markalı qadın ətri olan 35 manat dəyərində qadın əl çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 269 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə əvvəlcədən gizli olaraq taladığı Zərərçəkmiş şəxs2 məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-nin **********533444 nömrəli bank kartı vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Bakı şəhəri, Səbail rayonu, Nizami 99 ünvanında yerləşən «CİTY MARKET» mağazasından 22 fevral 2022-ci il tarixdə saat 15:22:33-də 80 manat, saat 15:22:49-da 90 manat, saat 15:24:11-də 80 manat, saat 15:24:28-də 90 manat, saat 15:24:55-də 90 manat, saat 15:26:21-də 80 manat, saat 15:26:38-də 90 manat, saat 15:26:55-də 80 manat, saat 15:27:11-də 50 manat, saat 15:27:41-də 90 manat, saat 15:27:56-da 90 manat, saat 15:28:34-də 90 manat, saat 15:28:50-də 60 manat, saat 15:29:07-də 80 manat, 15:29:37-də 90 manat, 15:29:53-də 90 manat məbləğində alış-veriş etməklə həmin kartın hesabından ümumilikdə 1320 manat məbləğində pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 mart 2022-ci il tarixdə saat 12:40-da ünvan 6 ünvanında yerləşən “Kəpəz Hospital” klinikasının birinci mərtəbəsində olan 114 nömrəli həkim otağının giriş qapısının kilidlə bağlı olmamasından istifadə edib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra həmin otağa qanunsuz daxil olaraq otaqda iş masasının sağ aşağı hissəsində yerləşən dolabın içərisinə qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus içərisində 01 ədəd 80 manat dəyərində “Apple Airpods 3” markalı naqilsiz qulaqcıq, 150 manat nəğd pul, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd "xxxx" ASC-yə məxsus bank kartları, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə məxsus bank kartı və 80 manat dəyərində “Michael Kors” markalı pul kisəsi olan 200 manat dəyərində “Furla” markalı əl çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 540 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər də məhkumluq həyatı yaşamışdır, cinayətkar olduğunu etiraf edir, narkotik vasitələrdən də istifadə etmişdir. Lakin hazırki cinayət işi üzrə ona edilən ittihamlarla razı deyildir. Belə ki, hər iki oğurluq cinayəti onun tərəfindən törədilməmişdir, lakin baş vermiş oğurluq hadisələri barədə onun məlumatı olmuşdur. “Şərq Bazarı” ilə üzbəüz evdə bir nəfər adını bilmədiyi Yevlax rayonundan olan şəxslə kirayədə yaşamışdır. Həm “Kəpəz Hospital” dan, həm də “Avrasiya” klinikasından oğurluqlar həmin şəxs tərəfindən törədilmişdir. Oğurlanmış əşyalar onların yaşadıqları evdən aşkar olunduğu üçün polislər həm evin sahibini, həm onu, həm də yevlaxdan olan oğurluq edən şəxsi və marketin sahibini polis bölməsinə aparmışlar. Kirayə yaşadıqları evin sahibini, yevlaxlını və marketin sahibini polis bölməsindən buraxmışlar. Ona isə təzyiq edilmiş, döyülmüşdür və bu səbəbdən də oğurluqları boynuna almışdır. İstintaqdakı verdiyi ifadəni də təzyiq altına vermiş və təqsirli olduğunu etiraf etmişdir. Klinikanın işçisinin çantasından oğurlanmış plastik kart vasitəsilə “City” marketdən alış-verişi o etməmişdir. Belə ki, o marketin sahibi Elxanı əvvəllər də tanımış, onun uşaqlıq dostu olmuşdur. Bəzi vaxtlarda dostunun işlədiyi marketə getmişdir. Oğurlanmış kartdan yevlaxlı deyilən şəxsin alış-verişi etdiyi zaman da o marketdə olmuşdur. Həmin yevlaxlıdan plastik kartın kimə məxsus olması barədə soruşduqda, cavabında anasına məxsus olduğunu və şifrəsini unutduğu üçün ona köməklik etməsini xahiş etmiş, o da yevlaxlıya dostu Elxanın sahibi olduğu marketdən gedib alış-veriş edə biləcəyini məsləhət görmüşdür. Sonradan isə yevlaxlı dediyi şəxsin adının Zaur olduğunu, soyadının xatırlamadığını bildirmişdir. Zaurun da boyunun onun kimi hündür olduğunu və ona nisbətdə dolu bədən qurluşuna malik olduğunu qeyd etmişdir. Videgörüntülərə baxılan zaman da, həmin şəxsin xarici görünüşünün ondan fərqləndiyi aydın görünür. İfadəsinin sonunda göstərdiklərinin nəzərə alınmasını və ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X2 izahatında bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış doğma bacısı Zərərçəkmiş şəxs1 vəfat etmişdir. Məhkəmənin qərarı ilə o, bacısının hüquqi varisi kimi tanınmışdır. Bacısına məxsus əşyalar ibtidai istintaq vaxtı qaytarılmış və bununla bağlı bacısı tərəfindən şikayət və tələbi olmadığı barədə polis idarəsinə ərizə də verilmişdir. Hal-hazırda bacısı Zərərçəkmiş şəxs1 hüquqi varisi olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. ünvan 8 ünvanında yerləşən “Avrasiya” Hospitalda operator vəzifəsində çalışır. O, hər gün saat 08:30-da işə gəlməklə saat 17:00-a kimi gündəlik qrafik üzrə işləyir. Hər gün işə gəldikdə işdə qoyulan tələblərə uyğun olaraq özünə məxsus əl çantasını həkimlər üçün olan üçüncü mərtəbədəki 1306 nömrəli ümumi otaqdakı dolaba qoyub iş masasında əyləşir. Yalnız nahar fasiləsində və evə gedən zaman həmin dolabdan çantasını götürə bilir. Hadisə baş verən günü təxminən saat 14:00 radələrində qəbul şöbəsində olarkən təqsirləndirilən şəxs təsadüfən ona yaxınlaşmış və o da həmin şəxsdən nə istədiyini soruşduqda, həmin şəxs də heç nə lazım deyil deyərək uzaqlaşmışdır. Təxminən bir saat sonra həmin şəxs yenidən hospitala daxil olaraq, pasientlərin belə girişi qadağan olunmuş otağa daxil olmaq istəyərkən, ondan nə lazım olduğunu və həmin otağa girişə icazə olmadığını ona bildirmişdir. Həmin şəxs ondan tualetin yerini soruşmuş və o da ona tualetin yerini göstərmişdir. Həmin vaxt saat 13:59 radələri olmuşdur, çünki iş yoldaşı telefonla videoçəkiliş etmiş və o epizod da, həmin kadra düşmüşdür. Saat 15:00 radələrində o, nahar etmək üçün əşyaları olan otağa daxil olmuş və bu zaman özünə məxsus istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə sms bildirişlər gəlməyə başlamışdır. Nahar etdiyi üçün telefonuna baxmamış, lakin telefonunun səsinin ard-arda çox gəldiyini eşidib narahat olaraq mobil telefonuna baxmışdır. Ona gələn sms bildirişlərdən aydın olmuşdur ki, ona məxsus "xxxx" ASC-nin bank kartından 1300 manat pul çıxılmış və həmin pulla alış veriş edilmişdir. Bundan sonra o kartını bloka salmışdır ki, qalan məbləğ də çıxarılmasın. O, cəld ümumi həkim otağında yerləşən dolaba tərəf getmiş və dolabı açdıqda özünə məxsus əl çantasının yerləşdirdiyi yerdə olmadığını aşkar etmişdir. Bununla bağlı hospitalın mühafizəsinə xəbər vermiş və onlar da öz növbəsində polis bölməsinə bununla bağlı məlumat vermişdir. Hadisə nəticəsində onun kartından 1300 manat pul, qadına aid kosmetik əşyalar və “İphone 6” markalı mobil telefon oğurlanmışdır. Kosmetik əşyalar onun üçün o qədər də önəmli deyil, lakin telefonunun və kartından pulların oğurlanması ona pis təsir etmişdir. Belə ki, atası insult xəstəsi olduğu üçün hər an onun müalicə və əməliyyatı üçün pul lazım ola bilər və bu səbəbdən də həmin məbləği xərcləmədən kartında saxlamışdır. Telefonun içərisində GSM nömrə olmamış, ondan yalnız qulaqcıq kimi istifadə etmiş və həmçinin özünə və ailəsinə məxsus şəkilləri saxlamışdır. Oğurluq hadisəsi ona maddi və mənəvi təsir etmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin baş təhqiqatçısı Nazim Qədirov tərəfindən tərtib edilmiş raporta əsasən xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus əl çantasını “Kəpəz” Hospitalından oğurlamış şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və inzibati ərazidə gün ərzində mütəmadi gəzintilər aparılmışdır. Həmin gəzintilərdən birində, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati ərazisində xidmətdə olan zaman bölmənin inzibati ərazisində bir nəfər orta yaşlı uzun boylu şəxsin qadın çantası ilə hərəkət etdiyini görmüşdür. Bundan şübhələnərək onun arxasınca hərəkəti davam etdirmişdir. Hərəkət edə-edə mobil telefonunda “Kəpəz Hospital”dan oğurluq etmiş şəxsin oğurluq zamanı qeydə alınmış videogörüntülərinə nəzər yetirmişdir. Bundan sonra görüntüdə olan şəxsin qarşısında hərəkət edən şəxslə ortaq xarici görünüş əlamətlərinə əsaslanaraq həmin şəxsə ünvan 9 ünvanda yaxınlaşaraq özünü təqdim etmiş və onun şəxsiyyətini müəyyən etmək məqsədilə kim olduğunu soruşmuşdur. Adının Elnur olduğunu qeyd etdikdən sonra əlindəki çantanın qadın çantası olduğunu və həmin qadın çantasını niyə gəzdirdiyini soruşduqda həmin Elnur adlı şəxsin həyəcanlandığını görmüşdür. Bundan sonra həmin şəxsə mobil telefonunda olan videogörüntünü təqdim etmiş və həmin şəxsin oğurluq etdiyini bildirmişdir. Bunu gördükdən sonra Elnur adlı şəxs görüntüdə olan şəxsin özü olduğunu və Kəpəz Hospitaldan oğurluq etdiyini səmimi olaraq etiraf etmişdir. Əlində olan çantanın da məhz oradan oğurladığı çanta olduğunu, çantanın içərisində olan pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Bundan sonra o, Elnur adlı şəxsi Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına dəvət etmişdir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Bakı şəhəri, Səbail rayonu, Nizami 99 ünvanında yerləşən “City Market”də satıcı vəzifəsində çalışır. Hadisənin baş verdiyi tarixi dəqiq xatırlamadığı gündə Elnur adlı şəxs müştəri qismində marketə daxil olmuş, plastik kart vasitəsilə təxminən 42 blok müxtəlif növ siqaretləri, su və enerji içkilərini almışdır. Alış-verişin ümumi məbləği 1320 manat təşkil etmişdir. Həmin şəxs ona məbləğin hamısını birdən yazmamağını xahiş elmiş və bildirmişdir ki, əgər çox məbləğ yazılsa həmin şəxsdən faiz tutulacaqdır. Hər dəfə siqaret bloklarını 80-90 manat dəyərində olmaqla hissə-hissə kart vasitəsilə ödəniş edərək almışdır. Həmin şəxs təxminən 22 dəfə olmaqla hissə-hissə kartla ödəniş etmiş və siqaret bloklarını sellofan torbaya yığmışdır. Siqaret bloklarını mağazanın anbarından gətirdiyi müddət ərzində Elnur adlı şəxs marketdə gəzişmiş, su və başqa içkiləri də almaq məqsədilə götürmüşdür. Bundan sonra həmin şəxs marketi tərk edərək getmişdir. Növbəti gün isə baş idarədən polis əməkdaşları dükana daxil olmuş və kamera müşahidə cihazlarına baxmalı olduqlarını bildirmişdirlər. Məhz həmin gün Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları onu 20-ci PB-nə dəvət etmiş və ondan həmin şəxsin tapılmasında köməklik göstərməsini xahiş etmişdirlər. O, polis bölməsində izahat vermiş və bölmədə olan zaman ona aydın olmuşdur ki, ondan siqaretləri almış həmin şəxs siqaretlərin pulunu məhz oğurladığı bank kartı vasitəsilə ödəmişdir. Polis bölməsində olarkən klinikadan qadın əl çantasının oğurlandığı hadisənin videogörüntüsü ona göstərilmişdir. Həmçinin onu da bildirmək istəyir ki, Elnur adlı şəxs marketə daxil olarkən əlində qadın əl çantası olmamışdır. İş materiallarında olan 02 mart 2022-ci il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 02 mart 2022-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarıvəlli tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır (i/v 1). İş materiallarında olan 01 mart 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 6 ünvanıdır (i/v 9-11). İş materiallarında olan təqdim etmə və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Kəpəz Hospital”dan oğurladığı 01 ədəd qadın əl çantasını, 01 ədəd pul kisəsini, 01 ədəd “Apple Airpods 3” markalı naqilsiz qulaqcığı, 02 ədəd "xxxx" ASC-yə məxsus bank kartını, 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartını və 33 manat pulu təhqiqat orqanına təqdim etmişdir (i/v 24). İş materiallarında olan “CD diskə baxış keçirilməsi və götürülməsi barədə” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin baş təhqiqatçısı Nazim Qədirov tərəfindən “Kəpəz” hospitalında quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntülərdə hadisəni əks etdirən görüntülərə baxış keçirilmiş və Zərərçəkmiş şəxs1 iş otağında olmadığı müddət ərzində naməlum kişinin otağa girərək əlində çanta ilə çıxması müəyyən olunmuşdur. Həmin görüntülər material üzrə əhəmiyyət kəsb etdiyindən 01 ədəd CD diskə köçürülərək götürülmüşdür (i/v 12-13). Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-136/2022 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 24 may 2022-ci il tarixli, 4(006)-296/2022 saylı qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri 22 iyun 2022-ci il tarixədək uzadılmışdır (i/v 54, 129-133). İş materiallarında olan “Materialın cinayət işinə birləşməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 04 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq edilən HK-1/403 saylı material sonuncunun barəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (i/v 68-69). İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin təhqiqatçısı Mikayıl Bayramov tərəfindən tərtib edilmiş “Götürmə və baxış keçirilməsi barədə” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 oğurlanmış bank kartının fotoşəklini və həmin bank kartından çıxarışı təqdim etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, üzərində 5213 6751 0453 3444 seriyası CVC 952 12/24 ifadələri qeyd edilmiş "xxxx"a məxsus bank kartı Zərərçəkmiş şəxs2 aiddir. Həmin bank kartına məxsus çıxarışa baxdıqda müəyyən edilir ki, qeyd olunan bank kartından xx.xx.2022-ci il tarixdə, saat 15:22:33 saniyədən saat 15:30:25 saniyəyədək “CİTY MARKET”də müxtəlif vaxtlarda ümumilikdə 1320 manat onlayn alış-veriş edilmişdir (i/v 76-78). İş materiallarında olan 22 fevral 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev 15 ünvanıdır (i/v 79-80). İş materiallarında olan “Videogörüntülərə baxış keçirilməsi haqqında” 04 mart 2022ci il tarixli protokoldan görünür ki, Videogörüntünün yazıldığı 01 ədəd DVD diskin içərisində 03 ədəd videogörüntünü özündə əks etdirən fayl vardır. Həmin fayllara daxil olduqda orada olan videogörüntüdə bir nəfər şəxsin klinikanın dəhlizində otaqlara baxaraq hərəkət etməsi, daha sonra həmin şəxsin otaqlardan birinə daxil olması, bir qədər keçdikdən sonra otaqdan çıxması və otaqdan çıxarkən qolunun altında qadın əl çantasını saxlamsı öz əksini tapımışdır. İş üzrə təqsirləndirilən şəxs qismində baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu etiraf etmiş və görüntünün əks olunduğu vaxtda “Avrasiya” hospitalından ümumi həkim otağından oğurluq etdiyini bildirmişdir (i/v 136). Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli 9/1665 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “Furla” markalı qara rəngli dəri materialından olan 2 tutacaqlı qadın çantasının 01 ədədinin qiyməti 200 manat, “Michael Kors” markalı qara rəngli pul kisəsinin 01 ədədinin qiyməti 80 manat, “Apple Airpods 3” markalı naqilsiz qulaqcığın 01 ədədinin qiyməti 80 manat, 02 ədəd “Kapital Bank ASC”-nə məxsus plastik bank kartının 01 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat, 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartının 01 ədədinin qiyməti 10 manat müəyyən edilmişdir. Ekspertizaya təqdim edilməmiş 01 ədəd “İphone 6” markalı mobil telefonun 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri olaraq 120 manat, 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartının 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri olaraq 10 manat, 02 ədəd metro kartının 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri olaraq 01 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 4 manat müəyyən edilmişdir. Beləliklə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 390,00 manat, təqdim edilməyən qərarda göstərilən 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 134,0 manat müəyyən edilmişdir. Qərarda göstərilən 5 adda malların istifadədə olub-olmaması haqqında ətraflı məlumat olamdığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (i/v 149-151). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(007)-946/2020 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 29, 178.2.2, 234.4.3cü maddələri ilə təqsirli bilinərək 07 il 08 ay 14 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 29, 178.2.2 maddəsi hökmdən xaric edilmiş və 07 il 02 ay 14 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və 05 il 08 ay 14 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də edilən dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs cəzadən azad edilmişdir (i/v 153-156, 172-176). İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş 01 ədəd qara rəngli “FURLA” markalı qadın əl çantasını, 01 ədəd qara rəngli “MİCHAEL KORS” markalı pul kisəsini, 01 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcığı, 02 ədəd "xxxx" ASC-yə və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartlarını tanıyaraq, həmin əşyaların ona məxsus olan 114 nömrəli həkim otağından oğurlandığını bildirmişdir (i/v 157- 160). İş materiallarında olan “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qara rəngli “FURLA” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “MİCHAEL KORS” markalı pul kisəsi, 01 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 02 ədəd "xxxx" ASCyə və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartlarının maddi sübut kimi tanınması və qanuni sahibi Zərərçəkmiş şəxs1 verilməsi qərara alınmışdır (i/v 162-164). İş materiallarında olan 15 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd qara rəngli “FURLA” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “MİCHAEL KORS” markalı pul kisəsi, 01 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 02 ədəd "xxxx" ASC-yə və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartlarının və 33 manat nağd pul Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (i/v 166). İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Ramil Vəliyev tərəfindən Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarıvəlliyə ünvanlanmış məktubdan və 08 fevral 2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin İŞ-də Azərbaycan respublikası CM-nin 185.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi “8 Noyabr - Zəfər Günü” münasibətilə qəbul edilmiş amnistiya aktına əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsi ilə xitam verilmişdir (i/v 166, 167-167A). İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə baş beyinin ocaqlı travması səbəbindən ölmüşdür. Zərərçəkmiş şəxs1 doğma qardaşı X2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə vəfat etmiş doğma bacısı Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmağı ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-274/2022 saylı, 13 sentyabr 2022ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 qardaşı X2 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus içərisində 01 ədəd 120 manat dəyərində “İphone 6” markalı mobil telefon, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə məxsus plastik bank kartı, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 4 manat dəyərində 02 ədəd metro kartları, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 10 manat dəyərində “X9” markalı üzərində “Concealer camouflant” yazısı olan konsiler, 01 ədəd 5 manat dəyərində “Bourjois" markalı tester, 01 ədəd 13 manat dəyərində “Essience” markalı qadın kiprik tuşu, 01 ədəd 17 manat dəyərində “L.O.N.G.S.T.A.Y” markalı dodaq boyası və 01 ədəd 55 manat dəyərində “X10 Black Opium” markalı qadın ətri olan 35 manat dəyərində qadın əl çantasını oğurlamasını, həmçinin Zərərçəkmiş şəxs2 məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-nin **********533444 nömrəli bank kartı vasitəsilə «CİTY MARKET» mağazasından 1320 manat dəyərində alış-veriş etməsini və bundan başqa, digər Zərərçəkmiş şəxs1 məxsus içərisində 01 ədəd 80 manat dəyərində “Apple Airpods 3” markalı naqilsiz qulaqcıq, 150 manat nəğd pul, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd "xxxx" ASC-yə məxsus bank kartları, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə məxsus bank kartı və 80 manat dəyərində “Michael Kors” markalı pul kisəsi olan 200 manat dəyərində “Furla” markalı əl çantasını gizli talamasını inkar etməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Video diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Kəpəz” hospitalında quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntülərdə hadisəni əks etdirən görüntülərə baxış keçirilmiş və Zərərçəkmiş şəxs1 iş otağında olmadığı müddət ərzində naməlum kişinin otağa girərək əlində çanta ilə çıxması müəyyən olunmuşdur. Video diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, videogörüntüdə bir nəfər şəxsin klinikanın dəhlizində otaqlara baxaraq hərəkət etməsi, daha sonra həmin şəxsin otaqlardan birinə daxil olması, bir qədər keçdikdən sonra otaqdan çıxması və otaqdan çıxarkən qolunun altında qadın əl çantasını saxlamsı öz əksini tapımışdır. İş üzrə təqsirləndirilən şəxs qismində baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu etiraf etmiş və görüntünün əks olunduğu vaxtda “Avrasiya” hospitalından ümumi həkim otağından oğurluq etdiyini bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı da, hadisə yerindən götürülmüş videogörüntülərə baxış keçirilmiş, videogörüntüdə olan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Furla” markalı qara rəngli qadın əl çantası, 01 ədəd “Michel Kors” markalı pul kisəsi, 01 ədəd “Apple Airpods 3” markalı naqilsiz qulaqcıq, 02 ədəd "xxxx" ASC-yə məxsus bank kartı, 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-274/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərara əsasən 03 iyun 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Furla” markalı qara rəngli qadın əlçantası, 01 ədəd “Michel Kors” markalı pul kisəsi, 01 ədəd “Apple Airpods 3” markalı naqilsiz qulaqcıq, 02 ədəd "xxxx" ASC-yə məxsus bank kartı, 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-274/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-274/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver