Məhkəmə qərarları › İş №1(006)-274/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-274/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-274/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:00 Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxx 1960-cı ildə Masallı rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 14 noyabr 2024-cü il tarixdə saat 11:24-də ünvan 3 ünvanında yerləşən Nəsimi rayon Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs ona yaxınlaşaraq məhkəmə iclasında qardaşı Cavidanın və onun övladı Aynurənin boşanmasının səbəbkarı kimi anası Asudəni göstərməsinə irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zaman qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsindən əl zərbələri vuraraq sonuncuya sol gicgah-təpə nahiyəsinin qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan qançır-şişkinliyi (dərialtı hematoması) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə qızı Aynurə Cəlilova ilə Cavidan Cəlilov ailə həyatı qurmuş, 2023-cü ildə isə qızı Aynurə Cavidanla ayrılmışdır. Hadisə vaxtı Aynurə və Cavidan arasında əmlakın bölünməsi ilə bağlı mübahisə yarandığından Nəsimi rayon Məhkəməsində həmin xüsusatla bağlı məhkəmə prosesi davam etmişdir. 14 noyabr 2024-cü il tarixdə Nəsimi rayon Məhkəməsində məhkəmə prosesindən sonra saat 11:30 radələrində Nəsimi rayon Məhkəməsinin inzibati binasından çölə çıxarkən qızı Aynurənin keçmiş qayını Zərərçəkmiş şəxs vəkillə söhbət etdiyini görmüş və Nicat onu gördükdən sonra vəkildən ayrılıb ona tərəfə gələrək ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o isə sonuncunun işlətdiyi nalayiq ifadələrə görə əsəbiləşmiş və onu itələyərək uzaqlaşmaq istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun itələməsindən sonra yerə yıxılmamış və sonuncu hər hansı xəsarət almamışdır. Lakin Zərərçəkmiş şəxs sonradan məhkəmin içərisinə doğru getmiş və səs-küy salmışdır. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, onun qardaşı Cavidan Cəlilov 2013-cü ildə X2 ilə rəsmi nikaha daxil olmuşdur. Bundan sonra ailədaxili problemləri olduğuna görə Cavidan Aynurədən 2023-cü ildə Masallı rayon Məhkəməsinin qərarı ilə boşanmışdır. Daha sonra mülki mübahisələri olduğundan məhkəmə prosesləri davam etmişdir. 14 noyabr 2024-cü il tarixdə Nəsimi rayon Məhkəməsində mülki məsələ ilə bağlı proses zamanı qardaşının keçmiş qaynatası Təqsirləndirilən şəxs bir neçə dəfə prosesə müdaxilə etmiş və onun bu hərəkətləri protokola qeyd olunmuşdur. Proses bitdikdən sonra Mirdamədi məhkəmənin qarşısında gözləmiş və ona yaxınlaşıb nə üçün qohumlarının yanında Cavidanla Aynurənin boşanmasının səbəbi kimi anasını günahlandırdığını soruşmuş, bu sualdan sonra Mirdaməd nalayiq ifadələrlə onu təhqir etməyə başlamış və mübahisə zamanı Mirdaməd onun üz nahiyəsinə bir neçə dəfə əl zərbələri ilə vurmuş və onu təhqir etməyə davam etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin "102“ Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nömrəli cinayət işi başlanmışdır. ( i/v 1). İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən Nəsimi rayon Məhkəməsinin qarşısıdır (i/v 10-14). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 canlı şəxsin ekspertizasına dair 26 noyabr 2024-cü il tarixli, 1547 saylı məhkəmə-tibbi ekspertizasının sağlamlığa zərər vurmanın təyininə dair rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət- sol gicgah-təpə nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan qançırşişkinliyi (dərialtı hematoması) küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl, qəarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (i/v 19-21). İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:22:15 saniyədə 5 nəfər şəxs görüntü dairəsinə gəlir. 11:22:47 saniyədə görüntü dairəsinə Zərərçəkmiş şəxs gəlmişdir. Onun başında qara rəngli kepka, əynində isə göy rəngli gödəkçə və qara rəngli şalvar olmuşdur. O, sağ əlini gödəkçəsinin cibinə qoyub məhkəmənin giriş qapısı tərəfə baxıb bir neçə saniyədən sonra isə uzaqlaşmışdır. Saat 11:23:03 saniyədə görüntü dairəsinə Təqsirləndirilən şəxs gəlmişdir. Onun sol əlində A4 formatında vərəq sağ əlində isə mobil telefon olmuşdur. Saat 11:23:30 saniyədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşmış, qeyd edilən şəxslərin arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı saat 11:24:13 saniyədə Təqsirləndirilən şəxs sağ qolunun dirsəyi ilə və və iki dəfə yumruqla Nicata zərbə endirmişdir. Nicat əli ilə məhkəmənin içərisindən naməlum şəxsi çölə dəvət edir. Həmin vaxt Mirdaməd pilləkəndə dayanmış, Nicatın arxasınca baxmışdır (i/v 24). Məhkəmə baxışı zamanı hadisənin videogörüntüsünü özündə əks etdirən kompakt diskə baxış keçirilmiş və iş materiallarında olan 05 dekabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokolda göstərilənlər öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluq vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası DİN BƏSİİ X1 heç bir məlumat yoxdur (i/v 83). İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (i/v 93-95). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 40). İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 07 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Əzizov X3 RPİ-nin MSY-dən azad edilmişdir (i/v 67-68). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 dekabr 2024-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 69-70). İş materiallarında olan 11 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin nəzarətmüşahidə kameralarından əldə edilmiş və özündə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməsini əks etdirən görüntülərin olduğu 01 ədəd disk maddi sübut kimi tanınmış və diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 96- 100). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs cərimə cəzası təyin edərkən onun tutulduğu 02 (iki) gün müddəti də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 20-ci bəndində göstərilir ki, CM-nin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi həmin Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı tərəfindən verilmiş və onun iş üzrə mülki iddiaçı qismində tanınması üçün əsas hesab edilmiş ərizə üzrə ona dəymiş ziyanın məbləğinə dair mötəbər sübutlar təqdim edilmədiyindən və həmin məsələnin araşdırılması üçün müəyyən müddət tələb olduğundan, hazırkı cinayət işi ilə əlaqədar isə qeyd olunan sübutların tələb edilərək araşdırılması üçün kifayət qədər müddət olmadığından mülki iddia baxılmamış saxlanılmalı, sonradan mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməli, o cümlədən mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu zərərçəkmiş şəxsə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-274/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx.xx.2025-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 16 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 1300 (min üç yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələblərinə dair mülki iddiası baxılmamış saxlanılsın və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar