Məhkəmə qərarları › İş №1(006)-275/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-275/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-275/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Sabir oğlu, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Nijnevartovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Hacıqabul Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, o, 10 iyun 2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «xxxx» ASC-nin Memar Əcəmi filialının qarşısında istintaqa adı məlum olmayan şəxslə 3000 manat pul müqabilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid məlumatları özündə əks etdirən hüquq verən “MN seriyalı 0082574” nömrəli hərbi qulluqçunun saxta şəxsi vəsiqəsini və üzərində “xxxx" ASC-nə aid olan əmək haqqını özündə əks etdirən saxta ödəniş kartı üzrə çıxarışı istifadə etmək məqsədilə əldə edərək həmin sənədlərin saxta olduqlarını bildiyi halda sənədləri ünvan 3 ünvanda yerləşən «xxxx» ASC-nin Əcəmi filialına təqdim edib bankdan 019CASA191610007 saylı nömrəli kredit müqaviləsi əsasında 10.000 manat məbləğində pul götürməklə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Hacıqabul Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Əvvəllər ailəli olmuş, sonradan isə rəsmi qaydada boşanmış və həmin nikahdan 1 azyaşlı uşağı vardır. Həbs olunmamışdan əvvəl o, narkotik vasitələrin aludəçisi olmuş və 2019-cu ilin iyun ayının əvvəllərində pula ehtiyacı olduğu üçün kredit götürmək qərarına gəlmişdir. Maraqlanan zaman isə iş yeri olmadığı üçün kredit götürə bilməyəcəyini bilmişdir. X5 da həmin vaxt bir ilə yaxın olardı ki, Bakı şəhərindən tanımış, bir tanış kimi münasibətləri olmuşdur. X6 harada olması barədə heç bir məlumatı yoxdur. O, kredit götürməklə bağlı maraqlandıqda bir nəfər tanımadığı şəxslə Bakı şəhərində tanış olmuş, həmin şəxsin adını və harada yaşamasını xatırlamamışdır. Həmin şəxs ona demişdir ki, Müdafiə Nazirliyində işləməyinə dair ona saxta vəsiqə düzəldə bilər, bunun müqabilində o, kredit götürə bilər. O, nə qədər pul lazım olduğunu soruşduqda demişdir ki, 10.000 manat pul lazımdır. Həmin şəxs demişdir ki, saxta vəsiqə əsasında o, «xxxx»dan kredit götürə bilər. Həmçinin bildirmişdir ki, 5000 manatdan artıq kredit götürmək üçün əlavə olaraq zamin lazımdır. Sonra zamin kimi Fuad Mürsəlova bu barədə bildirmişdir. O, Fuada məsələni izah etdikdən sonra Fuad onunla razılaşmış və o, da görüşə gəlmişdir. Fuad Mürsəlov onlara saxta vəsiqə düzəldən şəxsi tanımışdır. Onlar bir daha söhbət etdikdə, onlara saxta vəsiqə düzəldən şəxs bildirmişdir ki, o, onların hər ikisinə Müdafiə Nazirliyində işləmələrinə dair saxta vəsiqə düzəldəcək. Bundan əlavə, guya onların Müdafiə Nazirliyində işlədiklərinə görə «xxxx» ASC-yə məxsus plastik kartdan əmək haqqı almalarına dair saxta ödəniş cədvəli düzəldəcək. Həmin saxta sənədlər əsasında Bakı şəhəri Nəsimi rayonu, ərazisində «Memar Əcəmi» metrostansiyası yaxınlığında yerləşən «xxxx» ASC-nin filialından pul götürəcəkdir. Fuad Mürsəlov da ona verilən saxta sənədlər əsasında zamin duracaqdır. Həmin şəxs onların götürdüyü puldan 3000 manatının ona verəcəklərini bildirmiş, o, da onunla razılaşmışdır. Bundan sonra onlar oradan ayrılmış və həmin gün də Fuadla birlikdə özlərinə məxsus şəxsiyyət vəsiqələrinin əslinin foto şəkillərini «Whatsapp» vasitəsi ilə həmin şəxsə atmışlar ki, vəsiqələrini hazırlasın. 09 iyun 2019-cu il tarixdə həmin şəxs xatırlamadığı mobil nömrə ilə zəng vuraraq sənədləri düzəltdiyini demiş və növbəti gün səhər saatlarında bankın qarşısında görüşəcəklərini bildirmişdir. 10 iyun 2019-cu il tarixdə saat 10 radələrində «xxxx» ASC-nin Memar Əcəmi filialının qarşısında o, Fuad Mürsəlov və saxta vəsiqə düzəldən şəxslə görüşmüşlər. Onlar bankın yaxınlığında dayanmışlar, həmin şəxs ona və Fuad Mürsəlova bir ədəd vəsiqə və A4 vərəqlərində «xxxx» ASC-yə məxsus kart çıxarışlarını təqdim edib bildirmişdir ki, hər ikisinin vəsiqələri Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində hansısa vəzifədə işləmələrinə dair saxta xidməti vəsiqədir. A4 vərəqlərində onlara təqdim etdiyi isə işlədikləri yerə dair saxta kart çıxarışlarıdır. O, saxta vəsiqəyə baxdıqda görmüşdür ki, həqiqətən də kapitan rütbəsində hərbi formada şəkli vəsiqədə əks olunmuş, vəsiqə MN №-0082574 nömrəli olmuşdur. Eyni ilə Fuad Mürsəlovda da vəsiqə olmuşdur. Həmin şəxs onlara demişdir ki, bankdan kredit götürdükdən sonra saxta vəsiqələri və çıxarışları onun özünə qaytarmalıdırlar. Bundan sonra o, Fuad Mürsəlovla birlikdə banka daxil olmuşlar və kredit mütəxəssisinə yaxınlaşıb kredit götürmək istədiyini bildirmişdir. Kredit mütəxəssisi saxta vəsiqələri və çıxarışları onlardan alaraq baxmış və onların surətlərini çıxartmışdır. Sonra da onlarla kredit müqaviləsi bağlanmış, kredit alan o, zamin isə Fuad Mürsəlov olmuşdur. O və Fuad kredit müqaviləsinə dair bütün sənədlərə şəxsən özləri imza etmişlər. Kredit ona 19%-lə 24 ay müddətinə verilmişdir. Hər ay 535,64 manat pul ödəməli olmuşdur. Bundan sonra kassadan ona 10.000 manat pul vermişlər. Ona kredit verən şəxs həmin sənədlərin saxta olmasını bilməmişdir. Pulu aldıqdan sonra bankdan bayıra çıxmışlar, həmin şəxs onları gözləmişdir. O və Fuad onlara verilən saxta vəsiqələri və çıxarışları həmin şəxsin özünə qaytarmışlar. Lakin saxta sənədi onlara düzəldən şəxsə verəcəyi 3000 manat pulu verməmiş, həmçinin Fuad Mürsəlova da pul verməmişdir, çünki Fuad ona bir yoldaş kimi kömək etmişdir. Ona görə də ondan pul istəməmişdir. O, 10.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Kredit götürdükdən sonra bir müddət banka ödəniş etmiş, daha sonra ödəniş edə bilməmişdir. Lakin hazırda ailə üzvüləri banka ödəniş etmişlər. Gələcəkdə də banka olan borcunu ödəyəcəyinə söz verir. Əlavə olaraq bildirmişdir ki, ona saxta vəsiqə və kart çıxarışlarını düzəldib verən şəxsin adını xatırlamamış, bu barədə məlumatı olmamış, həmin şəxsi X7 tanımışdır. Ona saxta xidməti vəsiqəni və kart çıxarışlarını təqdim edən şəxslə qabaqcadan razılaşmışlar, onların saxta olduğunu o, və Fuad Mürsəlov bilmişlər. Bilə-bilə saxta sənədlərdən istifadə etmişlər. Saxta sənədləri onlara hazırlayan şəxsi o, iki dəfə görmüşdür. Sonda törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirərərk, məhkəmədən yüngül cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Sabir oğlu ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən hazırki vaxta qədər «xxxx ASC»xxxx«xxxx ASC»-nin 03 mart 2021-ci il tarixli məktubu əsasında o, cinayət işi üzrə mülki iddaçı qismində tanınmış bankın nümayəndəsi kimi çıxış etmişdir. 10 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs «xxxx» ASC-nin 19 nömrəli Memar Əcəmi filialına yaxınlaşaraq özünü Müdafiə Nazirliyinin hərbi qulluqçusu kimi təqdim edərək saxta şəxsi vəsiqə əsasında bankdan 10.000 manat kredit götürmüşdür. Həmin proses zamanı Təqsirləndirilən şəxs zamin kimi özünü Müdafiə Nazirliyinin hərbi qulluqçusu kimi təqdim etmiş X7 zamin dayanmış, həmçinin kredit götürülən zamanı o, da öz növbəsində saxta xidməti vəsiqədən istifadə elmişdir. Həmin tarixdən bu günki vaxta qədər Təqsirləndirilən şəxs götürdüyü 10.000 manat kreditdən yalnız 2050 manat (iki min əlli manat) bankın hesabına pul köçürülmüşdür. Kredit götürülən vaxtdan 1 ay keçdikdən sonra Təqsirləndirilən şəxs ödənişi gecikdirmişdir. Bu səbəbdən də kredit ödənilmədiyinə görə götürdüyü əsas məbləğin faizi, cəriməsi və peniyasına görə ümumilikdə hazırda Təqsirləndirilən şəxs banka 9636 manat borcu qalmışdır. Hazırda həmin borc dondurulub, yəni üzərinə heç bir peniya, faiz və yaxud da cərimə hesablanmır, şəxs ödədikcə qalıq qalan pulun üzərindən çıxılacaqdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs banka olan borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 11 dekabr 2018-ci ildən «xxxx» ASC-nin 19 nömrəli Memar Əcəmi filialında istehlak kreditləri üzrə mütəxəssis işləyir. Onun işi istehlak kreditləri üzrə müştərilərin sifarişini qəbul etmək və şərtlərə, həmçinin qaydalara uyğun olaraq kredit ayırmaqdan ibarətdir. 10 iyun 2019-cu il tarixdə bank fəaliyyətə başladıqdan sonra, yəni səhər saatlarında Təqsirləndirilən şəxs işlədiyi bankın filialına daxil olub özünü Müdafə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti kimi təqdim etmiş və 10.000 manat kredit götürmək istədiyini bildirmişdir. Belə olan halda o, Təqsirləndirilən şəxs izah etmişdir ki, zaminsiz yalnız 5.000 manata qədər kredit verilə bilər. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun zamini vardır. Belə ki, iş yoldaşı, yəni Müdafə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti olan X7 ona zamin dayanacaqdır. O, Fuad Mürsəlovdan harada işlədiyini soruşduqda o da təsdiq edərək həqiqətən də, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit işlədiyini bildirmişdir. O, həmin şəxslərdən şəxsi vəsiqəni istədikdə Təqsirləndirilən şəxs və Fuad Mürsəlov hər ikisi əllərində olan hərbi qulluqçu olmaqlarına dair vəsiqələri və «xxxx»a aid olan əmək haqqlarından çıxarışlarını təqdim etmişlər. O, həmin şəxslərin sənədlərinə baxdıqdan sonra xidməti vəsiqələrin surətlərini və bank hesablarından çıxarışların əsillərini götürmüşdür. Daha sonra da sənədlərə diqqət yetirdikdən sonra heç nədən şübhələnməmişdir. Daha sonra Təqsirləndirilən şəxs harada işləməsi, krediti nə məqsədlə götürməsi barədə sual etdikdə ona adekvat cavab vermişdir. Həmçinin zamin X9 Minaxanova götürdüyü kreditlə bağlı etirazının olub-olmamasını soruşduqda Fuad Mürsəlov heç bir etirazının olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs izah etmişdir ki, kredit ona 24 ay müddətinə veriləcək və o, banka ayda 535 manat, 64 qəpik pul ödəməlidir. Bundan sonra onun adına olan kredit sənədlərini düzəldərək icra olunması üçün arxa ofis şöbəsinə göndərmişdir və həmin şöbədə sənədləşmə davam etdikdən sonra həmin günü Təqsirləndirilən şəxs bank tərəfindən 10.000 (on min) manat kredit verilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 24 ünvanında yerləşən «xxxx» ASC-nin Əcəmi filialı ilə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arasında 10.06.2019-cu il tarixli 019CASA191610007 nömrəli kredit müqaviləsi bağlanması və həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs 10.000 (on min) manat məbləğində kredit verilməsi müəyyən olunmuşdur (cild 1, i/v 79-80). İş materiallarında olan 12 sentyabr 2020-ci il tarixli 1/2496 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Nəsimi RPİ-nə daxil olmuş məktubdan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan ordusunda zabit və ya gizir (miçman) qismində xidmət keçməsi barədə məlumat yoxdur (cild 1, i/v 120). İş materiallarında olan 17 sentyabr 2020-ci il tarixli 20/2285 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Nəsimi RPİ-nə daxil olmuş məktubdan görünür ki, Təşkilat-Səfərbərlik İdarəsində aparılan uçot sənədlərinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət keçməsi barədə məlumat yoxdur (cild 1, i/v 127). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının 12 mart 2021-ci il tarixli 4/250 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 10.06.2019-cu il tarixli «Kredit nıüqaviləsi»nin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində «Borcalan» qrafasında olan imza, 10.06.2019-cu il tarixli ödəniş cədvəlində «Borcalan» qrafasında olan imza, 10.06.2019-cu il tarixli kassa məxaric orderində «Alanın imzası» qrafasında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 2, i/v 58-61). İş materiallarında olan 12.03.2021-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, “xxxx” ASC-dən götürülmüş Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlərin kserosurəti, kredit müqaviləsinin əsli, ödəniş kartına dair çıxarışın əsli, kassa mədaxil orderinin əsli, kassa məxaric orderinin əsli, ödəniş cədvəlinin surəti maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, i/v 62). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 04.10.2007-ci il tarixdə Ağdam Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 14.11.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən 01 il şərti sınaq müddəti təyin edilmiş, 26.05.2010-cu il tarixdə Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş, 17.08.2010-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 26.05.2010-cu il tarixli hökm dəyişdirilib, cəzası 03 ilə endirilmiş, 07.06.2012-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 07 ay vaxtından əvvəl şərti azad olunmuş, 15.03.2016-cı il tarixdə Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 200 manat cərimə cəzasına məhkum edilmiş, 12.04.2017-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.09.2017-ci il tarixdə Salyan rayon Məhkəməsinin 27.09.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 03 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, 01.03.2018-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.12.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Hacıqabul Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 2, i/v 14-17). İş materiallarında olan 10 iyun 2019-cu il tarixli 019CASA191610007 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Əcəmi filialından Təqsirləndirilən şəxs 10.000 manat pul verilmişdir (cild 1, i/v 188-189). Nəsimi rayon məhkəməsinin 29.04.2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 1(071)-73/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkməsinin əvvəlinin 14 aprel 2020-ci il tarixdən hesablanması barədə hökm çıxarılmışdır (cild 2, i/v 22-26). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, mülki iddiaçının nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətyə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Hacıqabul Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli hökmü ilə qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 14 aprel 2020-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-73/2020 saylı, 20.08.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlərin kserosurətinin, kredit müqaviləsinin əslinin, ödəniş kartına dair çıxarışın əslinin, kassa mədaxil orderinin əslinin, kassa məxaric orderinin əslinin, ödəniş cədvəlinin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, ondan 112 (yüz on iki) manat miqdarında ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-275/2021 saylı, 31 mart 2021-ci il tarixli qərara əsasən 01 aprel 2021-ci il tarixdən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. Mülki iddiaçı “xxxx” ASC tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 9636 (doqquz min altı yüz otuz altı) manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində “xxxx” ASC-yə 9636 (doqquz min altı yüz otuz altı) manat dəyərində maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 9636 (doqquz min altı yüz otuz altı) manat məbləğində pul tutularaq mülki iddiaçı – “xxxx” ASC-yə ödənilməlidir. İşdə olan 08 may 2021-ci il tarixli qəbzdən görünür ki, “xxxx” ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı “xxxx” ASC tərəfindən verilən mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxsmülki cavabdeh Təqsirləndirilən şəxs 9636 (doqquz min altı yüz otuz altı) manat maddi ziyan, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, cəmi 9666 (doqquz min altı yüz altmış altı) manat tutularaq “xxxx” ASC-yə verilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 1(071)-73/2020 saylı, 20.08.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 aprel 2020-ci il tarixdən hesablansın. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-73/2020 saylı, 20.08.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlərin kserosurətinin, kredit müqaviləsinin əslinin, ödəniş kartına dair çıxarışın əslinin, kassa mədaxil orderinin əslinin, kassa məxaric orderinin əslinin, ödəniş cədvəlinin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 112 (yüz on iki) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Mülki iddiaçı “xxxx” ASC tərəfindən verilən mülki iddia tam təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 9636 (doqquz min altı yüz otuz altı) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, cəmi 9666 (doqquz min altı yüz altmış altı) manat pul tutularaq “xxxx” ASC-yə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar