Məhkəmə qərarları › İş №1(006)-276/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-276/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-276/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, müdafiəçi - “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 18 avqust 1998-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməklə saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,643 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 oktyabr 2024-cü il tarixdə saat 11:30-da ünvan 4 ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,643 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, psixotrop maddə qəbul edir. 31 oktyabr 2024-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər və barəsində narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxlamaqla daşımağı barədə məlumat olduğunu bildirib, üzərində yoxlama aparılacağını demişlər, həmçinin ona hüquq və vəzifələrini, tutulan andan müdafiəçiyə malik olmaq hüququnun olmasını izah edib, ona təklif etmişlər ki, əgər üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa onları təqdim etsin. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə «patı» deyilən metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı üstünü yoxlamış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq ondan təqdim etdiyi maddənin nə olması və onu haradan əldə etdiyini soruşduqda, demişdir ki, təqdim etdiyi bükümdə olan maddə psixotrop maddə «patı» deyilən melamfetamindir. Metamfetamini istifadə etmək məqsədilə əldə edib üzərində saxlamışdır. Daha sonra təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Sonra polis əməkdaşları ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə getmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən ona hüquqlarını müdafiə etmək üçün müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin polis şöbəsində onun iştirakı ilə üzərindən aşkar olunmuş bükümə və üstü yoxlanılan zaman çəkilmiş videogörüntüyə də baxış keçirilmiş və protokol tərtib olunmaqla o da həmin protokolla tanış olub imza etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, psixotrop maddə istifadə edir, bu işlə məşğul olmasından heç kimin xəbəri olmamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin ona məxsusdur. O, həmin psixotrop maddəni tanımadığı şəxsdən almış, həmin şəxsin onda heç bir məlumatı yoxdur. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 31 oktyabr 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Vasif» adlı şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əlcə edib saxlamaqla daşıyır və istifadəsi ilə məşğul olur. Keçirilmiş əməliyyat tədbirləri ilə «Vasif» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 20-ci polis şöbəsinin əməliyyat müvəkkili X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Eyyub Ağazadə ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 6 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o cümlədən saxlanıldığı andan müdafiəçinin yardımından istifadə etmək hüququnun olmasını izah etmişlər. Bu proses videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs də üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif elmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılmış və götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə «patı» deyilən metamfetamin olduğunu, onu istifadə etmək məqsədilə əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs onlarla birlikdə 20-ci polis şöbəsinə gəlməsi təklif olunmuş, sonuncu da razılaşaraq onlarla birlikdə 20-ci polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra videoçəkilişlə bağlı protokol tərtib olunmuş və hər bir iştirakçı həmin protokola imza etdikdən sonra Təqsirləndirilən şəxs barəsində raport tərtib olunmuş və şöbənin baş təhqiqatçısı tərəfindən sonuncu şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanımasına dair” 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 oktyabr 2024-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v. 9-10); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə saat 1 l:30-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman aşkar olunmuş 01 ədəd bükümdəki maddəyə və 01 ədəd DVD diskinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə saat 13:3O-da ünvan 5 ünvanın qarşısında saxlanılması və özünün cibində olan 01 ədəd bükümü təqdim etməsi videogörüntüdə öz əksini tapmış, həmçinin bükümdə olan maddənin ağ rəngli psixotrop maddə ıııclamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur (i.v. 14); “şübhəli şəxsin tutulması haqqında” 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə, saat 14:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 31 oktyabr 2024-cü il tarixdən, saat 11:30-dan tutulmuş hesab edilmişdir (i.v. 28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5090 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188» dairəvi möhür əksi və “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iki – imza: Tərtib etdi: Zaur Quliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,643 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 48-51); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X1 dair 01 noyabr 2025-ci il tarixli, 7093 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 53-54); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 62-63); “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmiş və barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 70-71); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 72); “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa gətirilən vaxta kimi dayandırılmışdır (i.v. 85); “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 88); AZ İV seriyalı, 538520 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşağı var (i.v. 92-93); “sübutların qiymətləndirilməsi haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,643 qram psixotrop maddə metamfetaminin xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonrakı psixotrop maddə metamfetaminin 0,593 qram qalığı saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin mddi sübutları saxlama otağına verilməsi qərara alınmışdır (i.v. 94- 98); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-276/2025 saylı, 04 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tapılaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin yaxalanması” barədə 16 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:45 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ-nə gətirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-276/2025 saylı, 16 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-276/2025 saylı, 04 aprel 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində yoxlanılma aparılmanın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin ümumi təmiz çəkisi 0,593 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən 02 noyabr 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün, məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdə tutulduğu 1 (bir) gün və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 29 (iyirmi doqquz) gün, ümumilikdə 1 (bir) ay 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən 02 noyabr 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün, məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdə tutulduğu 1 (bir) gün və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 29 (iyirmi doqquz) gün, ümumilikdə 1 (bir) ay 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) ay 4 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2nını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan qalıq çəkisi 0,593 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar