Məhkəmə qərarları › İş №1(006)-277/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-277/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-277/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Ucar rayonu, Ramal kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi fərdi evdə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs 31 avqust 2020ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən yarımtikiliyə daxil olub orada yatmaq istəyərkən həmin yerdə olan tanışı Zərərçəkmiş şəxs onun yarımtikilidə yatmasına etiraz etdikdə sonuncunun etirazını cüzi səbəb kimi bəhanə gətirərək ünvanına nalayiq ifadələr işlədib xuliqanlıq niyyətilə üzərində olan dırnaq qayçısının bıçağı ilə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə bir dəfə qəsdən vuraraq sağlamlığına dərin bud arteriyasının əzələ şaxəsinin zədələnməsi ilə müşayiət olunan sol budun bayır səthinin orta 1/3-nin kəsilmiş-deşilmiş yarası kimi az ağır bədən xəsarəti yetirməsi ilə nəticələnən və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər də tanımış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Tüfeyli həyat tərzi yaşadığından Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən sahibsiz yarımtikililərdə yaşamışdır. 31 avqust 2020-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində olan yarımtikilidə uzanıb yatmaq istəyərkən Zərərçəkmiş şəxs yarım tikilinin digər tərəfində uşaqlarla oturub söhbət söhbət etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs digər şəxslərdən birinin sualına yüksək səslə cavab verdiyindən sonuncuya yüksək səslə danışdığına görə irad bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədrək, səsini yüksəltdiyini və uca səslə danışmağının onun istirahətinə maneə törətmədiyini bildirmişdir. O, da Asimanın onunla bu tərzdə danışmağından və ona qarşı nalayiq ifadə işlətməsindən əsəbləşərək, sonuncunun yanına gəlmiş və məsələyə aydınlıq gətirməyə çalışmışdır. Hər iksi əsəbi olduğundan bir-birlərinə qarşılıqlı olaraq nalayiq ifadələr işlətmişlər. Həmin vaxt yaxınlıqda olan digər şəxslər uzaqlaşmış və onların mübahisəsi ikisi arasında davam etmişdir. Lakin ona qarşı nalayiq ifadələr təkrarlandığından o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən dırnaq tutan aləti çıxartmış, həmin alətin kəsici-deşici hissəsi ilə, yəni alətin bıçağı ilə Zərərçəkmiş şəxs sol ayağının bud hissəsindən vurmuşdur. Bundan sonra o, etdiyi əməldən peşman olmuş, Zərərçəkmiş şəxs aldığı xəsarətlə bağlı xəstaxanaya getməsini bildirmiş, sonuncu isə onun əlindəki deşici alətin balaca ölçüdə olduğundan ağrı hiss etmədiyini, ağrı hiss etdiyi halda özünün xəstaxanaya müraciət edəcəyini bildirmişdir. O, da bundan sonra heç bir söz demədən yarımlikilidən çıxıb getmişdir. Həmin vaxt ətrafda heç kim olmamış, hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Hadisə yerindən uzaqlaşdıqdan sonra xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi dırnaqtutan alətini məişət tullantıları olan yerə atmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş vermə səbəbi Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. Onun sonuncuya birbaşa olaraq xəsarət yetirmək niyyəti olmamış, hadisələrin axarı davam etdikcə əsəbləşdiyindən Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə onun ayağına xəsarət yetirmişdir. Onlar həmin yerdə olarkən kənar şəxs orada olmamış, hadisədən dərhal sonra etdiyi əməldən peşman olmuşdur. Həmçinin bildirmişdir ki, o, hadisəni xuliqanlıq və ya cəmiyyətə hörmətsizlik niyyəti ilə etməmiş, istintaq orqanı isə həmin xüsusatları nəzərə almadan ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əsassız ittiham elan etmişdir. Göstərilən halları nəzərə alaraq onun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışdığı üçün barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin zərərçəkən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində və mübahisənin zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmasına baxmayaraq, onun hərəkətlərinin xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirlib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımış və aralarında heç bir mübahisə, düşmənçilik və şəxsi ədavət olmamışdır. 31 avqust 2020-ci il tarixdə təxminən saat 18 radələrində o, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində olan yarımtikiliyə getmiş, orada olan tanışları ilə söhbət etmişdir. Həmin vaxt orada əvvəllər tanıdığı Roman adlı şəxsdə olmuş və həmin şəxs yarımtikilidə onlardan biraz uzaq məsafədə yatmağa çalışmışdır. O, yarmtikilidə olan digər şəxslərdən birinin sualına yüksək səs tonu ilə cavab verərkən Təqsirləndirilən şəxs ona iradını bildirmişdir. Bu zaman o sonuncuya nalayiq ifadələrlə cavab verərək necə danışacağına yalnız özünün qərar verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun yanına gələrək ona qarşı nalayiq ifadələr işlədərək onu söymüş o, da Romanın onu təhqir etməsindən qəzəblənərək ona qarşılıq vermişdir. Həmin vaxt onların yanında olan digər şəxslər yarımtikilini tərk etdiyindən onlar arasında olan mübahisənin şahidi olmamışlar. Təxminən 4-5 dəqiqə onlar arasında mübahisə olduqdan sonra Təqsirləndirilən şəxs anidən sağ əli ilə əynindəki şalvarın sağ yan cibindən dırnaq tutan aləti çıxartmış, dırnaq tutan alətin kəsici-deşici (bıçağı) hissəsi ilə, yəni alətin bıçağı ilə onun sol ayağından bir dəfə zərbə endirmiş, o geriyə doğru bir neçə addım atıb dayanmış, sol ayağına baxarkən ağrı hiss etməsə də, xəsarət aldığını bilmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun xəstaxanaya müraciət etməsini istəmiş, o ağrı hiss etmədiyini, ağrı hiss etdiyi halda xəstaxanaya müraciət edəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs oranı tərk edərək çıxıb getmişdir. 01 sentyabr 2020-ci il il tarixdə onun sol ayağında ağrılar başlamış və o, ayağından gələn qanın kəsilmədiyini görüb həmin tarixdə Nəsimi rayonu, Topçubaşov adına X3 müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, dava-dalaş təxminən 5 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs onun yalnız ayaq nahiyəsindən bir dəfə vurmuş, hadisə zamanı orada əlavə şəxslər olmamışdır. Hazırda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir tələb və şikayətin olmamasını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 10 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsindəki yarımtikilidə baş vermişdir və həmin yarımtikilinin içərisi məişət tullantılarından ibarət olmuşdur (i/v 13-17). İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 09 dekabr 2020-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə tutulmuş və 11 dekabr 2020-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 23-24, 104-105). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 sağlamlığa zərər vurmanın təyininə dair 14 noyabr 2020-ci il tarixli, 39 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - dərin bud arteriyasının əzələ şaxəsinin zədələnməsi ilə müşayiət olunan sol budun bayır səthinin orta 1/3-nin kəsilmiş-deşilmiş yarası, deşici-kəsici əşyanın (alətin) təsirindən ilkin müayinədən 3-4 həftə əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 31.08.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də yıxılma nəticəsində törənməsi inandırıcı deyildir (i/v 55-57). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 20.01.2021ci il tarixdə tərtib olunmuş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15 sentyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 124-125, 126-129). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı tələbi və şikayəti yoxdur, ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.02.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxsa elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında olan xuliqanlıq niyyətini göstərməklə kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törətməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda Təqsirləndirilən şəxs əməlini tövsif edərkən hadisənin həmin vaxt sonuncunun heç kimə xəsarət yetirmək fikrində olmadan yatmaq məqsədilə yarımtikilidə olduğunu, həmin yarımtikilidə olarkən Zərərçəkmiş şəxs yüksək səs tonu ilə danışmasını və ona nalayiq ifadələr işlətməsini, hadisədən dərhal sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin xəstəxanaya gedərək özünə tibbi yardım üçün şərait yaradılmasını istədiyini nəzərə almamışdır. Bununla da tərəflər arasında yaranmış mübahisə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə sonuncunun təhriki ilə onların arasında olan şəxsi münasibətlər zəminində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyəti kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təhriki nəticəsində baş verməsini, onun hərəkətləri sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzarə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 127.1-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-277/2021 saylı, 31 mart 2021-ci il tarixli qərara əsasən 01 aprel 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.8, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar