Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-279/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Tərcüməçi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 01-də qeydiyyatda olan, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 68 saylı ünvanın yaxınlığında yerləşən “Qızıl Tac” şadlıq sarayının arxasında Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə baş nahiyəsindən bir dəfə yumruqla vuraraq yerə yıxdıqdan sonra onun çiynindən asdığı, içərisində 800 manat, milli məzənnə ilə 55 manat təşkil edən 2.000 Rusiya rublu, milli məzənnə ilə 01 manat 70 qəpik təşkil edən 01 ABŞ dolları, milli məzənnə ilə 01 manat 88 qəpik təşkil edən 01 Avro pulu, şəxsiyyət vəsiqəsi və xarici pasport olan 10 manat dəyərində çantanı əlləri ilə dartıb hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 868,58 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında olarkən sərxoş vəziyyətdə olan bir nəfərin, sonradan ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxsin yol kənarında dayanaraq taksi axtardığını görmüşdür. O da kömək etmək məqsədi ilə ona yaxınlaşmış və onu yaşadığı ünvana apara biləcəyini demişdir. Zərərçəkmiş şəxs də buna etiraz etməmiş və özünü pis hiss etdiyindən onu Qaraçuxur qəsəbəsinə getməyə köməklik etməyi xahiş etmişdir. O da yoldan keçən taksi saxlayaraq onunla birlikdə maşına əyləşmiş, lakin sürücüdən Qaraçuxur qəsəbəsinə deyil, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 68 saylı ünvanın yaxınlığında yerləşən “Qızıl Tac” şadlıq sarayı tərəfə sürməyi xahiş etmişdir. Həmin yerə çatanda o, Zərərçəkmiş şəxs oyatmış, sonuncu da taksi sürücüsünə 10 manat pul verdikdən sonra onlar maşından düşmüşlər. Eyni zamanda İlxas onun həmin yerdə yaşamadığını, nə səbəbə görə onu bura gətirdiyini deyib ondan uzaq durmağı istəmişdir. O da ona heç nə deməmiş, sakitcə duraraq onun getməsini gözləmişdir. İlxas da bir qədər irəli getdikdən sonra o, arxadan ona yaxınlaşaraq yumruğu ilə bir dəfə onun başından vurub yerə yıxmış və çiynindən asılmış çantanı əlləri ilə dartaraq qaçmışdır. Daha sonra ara məhəlləyə gələrək çantanın içərisinə baxmış və orada 800 manat pul, 2.000 Rusiya rublu, 01 ABŞ dolları, 01 Avro pul, şəxsiyyət vəsiqəsi ilə pasport olmuşdur. Pulları götürmüş, çanta və sənədləri isə yadında qalmayan yerə tullamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə metronun “28 May” stansiyası yaxınlığında yerləşən “Bistro” adlı kafedə spirtli içki qəbul edib, yemək yemişdir. Sonra isə kafedən çıxıb piyada gəzmiş, sərxoş olduğundan yaşadığı evə getmək üçün taksi axtarmışdır. Saat 22 radələrində yolda bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və onu yaşadığı ünvana apara biləcəyini demişdir. O da Qaraçuxur qəsəbəsində qaldığını deyib özünü pis hiss etdiyi üçün onu evə aparmağı, yol pulunu da verəcəyini bildirmişdir. Həmin şəxs də buna etiraz etməmiş və onu taksi ilə yaşadığı ünvana aparacağını söyləmişdir. Daha sonra onlar taksiyə əyləşmiş, yolda o yuxuya getmiş, bir müddət sonra həmin şəxs onu oyadaraq çatdıqlarını demişdir. O da ətrafa baxanda həmin yerin onun yaşayış yeri olmadığını bildirmişdir. Bu zaman həmin şəxs gülümsəyərək taksi sürücüsünə onun sərxoş olduğunu və yaşadığı ünvanı tanıya bilmədiyini demişdir. O, taksi sürücüsünə 10 manat pul vermiş və onlar taksidən düşmüşlər. Sonra o, bu şəxsdən ondan uzaq durmağı tələb edib piyada hərəkət etmişdir. Lakin bir qədər irəli getmişdir ki, kimsə onun başının arxa nahiyəsindən yumruqla vurmuş, o da zərbədən üzü üstə yerə yıxılmışdır. Həmin vaxt onun əynində tünd qəhvəyi rəngli isti gödəkcə, gödəkcənin üzərində isə qara rəngli kişi əl çantası var idi. Həmin çanta onun sağ çiynindən asılmışdır. Həmin şəxs onu vurub yerə yıxdıqdan sonra içərisində 800 manat, 2.000 Rusiya rublu, 01 ABŞ dolları, 01 Avro pul, şəxsiyyət vəsiqəsi və pasport olan bu çantanı özünə tərəf dartmağa başlamış, o da ona müqavimət göstərə bilmədiyi üçün sonuncu çantanı götürüb qaçmışdır. O da qışqıraraq kömək istəmiş, lakin köməyə gələn olmamışdır. Sonradan ona məlum olmuşdur ki, onu taksi ilə gətirən və çantasını əlindən alıb qaçaq şəxs Təqsirləndirilən şəxsdir. Ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikasını Mərkəzi Bankının rəsmi internet səhifəsindən götürülmüş məlumatlara görə xx.xx.2019-cu il tarixə 01 ABŞ dollarının rəsmi məzənnəsi 1,70 manat, 01 Avronun məzənnəsi 1,88 manat, 01 Rusiya rublu - 0,0275 manat təşkil edir (İ cild, i.v.98-101); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışı və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, o cümlədən X8 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4, 180.2.5, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 234.1 və 326.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X8 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə qismən birləşdirilərək ona qəti olaraq 06 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.64-66, 79-89); - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-661/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx xxxxxx 2020ci il tarixdən hesablanması hökm edilmişdir. Bu hökm Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır (İ cild, i.v.90-96). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir (23-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən (X8 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə münasibətdə) yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı X8 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-661/2020 saylı hökmü ilə təyin edilmiş cəza hazırkı hökmlə müəyyən olunacaq cəza ilə qismən toplanılmaqla qəti cəza təyin olunmalı, onun hazırda xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin, onun cəzasının əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd olunan hökmündə müəyyən edilmiş vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və ona qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın və onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X4 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-279/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-279/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver