Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-279/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 14, mənzil 31-də yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması və 7.000 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə, saat 21:30 radələrində ünvan 1 ünvanda yerləşən “Yaşıl ada” restoranında müştəri qismində olarkən zaman orada digər masada əyləşmiş Zərərçəkmiş şəxs tanışı Şahid1 rəqsə dəvət etməsi səbəbindən Zərərçəkmiş şəxs ilə restoranın rəqs meydanında aralarında baş vermiş mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, restoranın normal fəaliyyətini pozan hərəkətlər edib heç bir əsaslı səbəb olmadan onu nalayiq sözlərlə təhqir edib, daha sonra ona zor tətbiq edərək əli ilə bir dəfə boyun nahiyyəsindən vuraraq sonuncuya qapalı kəllə beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyyəsinin qançır-şişkinlik kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində tanışı Seymur ilə birlikdə ünvan 1 ünvanda yerləşən “Yaşıl ada” restoranında əyləşib pivə içən zaman tanıdığı Zərərçəkmiş şəxs və Şahid3 ora gəlmişlər. O, rəqs edərkən Lətafətə başı ilə işarə edərək salamlaşmış, bu zaman Əli ona yaxınlaşaraq nə məqsədlə onunla bir masada əyləşən xanımı rəqsə dəvət etməsini irad tutmuşdur. Həmin vaxt Əli onun sinə nahiyyəsindən itələmədiyinə görə o, əsəbləşərək bir dəfə şillə ilə onun boyun nahiyyəsinə vurmuş, daha sonra orada olan tanımadığı şəxslər onları ayırmış, o isə çıxıb getmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. İİ dərəcəli əlildir. Gözünün biri protezdir. Barəsində yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində tanışları Şahid1, Şahid3, Şahid2 və digərləri ilə birlikdə çay içmək üçün “Yaşıl ada” restoranına gəlmişlər. Masa arxasında oturarkən Rusifin tanışı Təqsirləndirilən şəxs adlı şəxs onlara yaxınlaşıb görüşmüş, sonra öz masasında əyləşmişdir. Təxminən 40 dəqiqədən sonra Anar yenidən onların masasına yaxınlaşaraq sonradan gəlmiş Lətafətlə də görüşmüşdür. Bundan 05 dəqiqə sonra Lətafət Anarın oturduğu masaya gedib onun dostları ilə görüşüb təkrar onların yanına qayıtmışdır. Onunla birlikdə əyləşən tanışı Nailə Anarın ona baxıb narahat etdiyini bildirərək yerlərini dəyişməyi təklif etmiş, o da bununla razılaşmışdır. Onlar rəqs etməyə başlayanda Nailə masada əyləşmiş, bu zaman Anar sərxoş vəziyyətdə masaya yaxınlaşaraq Nailəni rəqsə dəvət etmişdir. Nailə də onu çağıraraq Anarın narahat etdiyini bildirmişdir. O da Anarla söhbət edərkən sərxoş olduğu üçün Nailəni narahat etməməyi xahiş etmiş, bu zaman aralarında mübahisə yaranmış, Anar nalayiq ifadələr işlədərək qəflətən şillə ilə sol qulaq nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxtı kənarda olan şəxslər onları ayırarkən Anar onu öldürməklə hədələmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, o, X4 ilə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində ortaq tanışları Rusifin və Günelin evinə qonaq getmiş, onların evində şam yeməyi yedikdən sonra “Yaşıl ada” restoranına gəlmişlər. Restoranda Əli, Rusif, Günel, Nailə və İradə bir masada əyləşib çay içmişlər. Digər masada əyləşən Rusifin tanışı Anar adlı şəxs masaya yaxınlaşaraq onunla görüşüb söhbət etdikdən sonra Anar öz masasına qayıtmış, bir neçə dəqiqədən sonra isə Günel və Rusif onlarla sağollaşıb çıxıb getmişlər. Bundan sonra masada o, İradə, Əli, Nailə və Lətafət qalmış, sonra Anar yenidən masaya yaxınlaşıb Nailə ilə söhbət etmişdir. Onlar rəqs edərkən Anar sərxoş halda yenidən Nailəyə yaxınlaşmaq istədiyinə görə Əli Anara yaxınlaşıb nə isə deyərkən qəfildən Anar Əlinin sol qulaq nahiyyəsinə sağ əli ilə bir dəfə şillə ilə vurmuşdur. O və digər şəxslər tez müdaxilə edərək onları sakitləşdirmiş, mübahisənin davam etməməsinə görə restorandan çıxıb getmişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 Nəsimi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 59 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyyəsinin qançır-şişkinlik halında əziyi bərk-küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alınaraq onlar insan bədəninin hissələrinin (əl, ayaq və.s) təsirindən əmələ gələ bilərdilər (İ cild, i.v.18-20); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1-ci, 29, 178.2.3-cü və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması və 7.000 manat cərimə cəzasına məhkum edilmişdir (İ cild, i.v.56-58, 60-67). • Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3-69760-18 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(007)-124/2019 saylı hökmünün icrası barədə göstəriş (cərimə cəzasına aid hissədə) Təqsirləndirilən şəxs hər ay pensiyasından 50 faiz məbləğində pul tutulması üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 və Mühasibatlıq İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maliyyə Mühasibatlıq üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs əmək pensiyasından tutulma qeydə alındığı göstərilmişdir. Lakin bu günə kimi pul tutulmalarının aparılması barədə ödəniş tapşırığı idarəyə göndərilməmişdir (İİ cild); • 10.05.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.101-102); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmişdir (İİ cild); • Bu qərarın icrası ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 082-39324 saylı məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsə alınaraq Penitensiar xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirildiyi üçün onun haqqında açılmış axtarış işinə xitam verilmişdir (İİ cild); • Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini icra edən T.Haqverdiyevin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli qərarına əsasən ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinə xitam verilərək o, istintaq təcridxanasından azad olunmuşdur (İİ cild); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 1(006)- 279/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 1(006)-279/2022 saylı qərarı ləğv edilmişdir (İİ cild); • “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2005-ci il, xx.xx.2009-cu il və xx.xx.2017-ci il təvəllüdlü üç övladı var, həmçinin o, İİ dərəcəli əlildir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşaqlarının, habelə özünün də əlil olmasını Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə (Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi) cərimə cəzasına məhkum olunub məhkumluğu ödənilməsə də, hazırki törətdiyi əməl böyük ictimai təhlükəli törətməyən cinayətə aid olduğundan, həm də əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən də onun cəzasını ağırlaşdıran hal müəyyən olunmur. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilməli, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli və bu cəzalar müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 7.000 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilsin, onun üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması və 7.000 manat məbləğində cərimə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 14, mənzil 31-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzalarını yaşayış yeri üzrə çəksin, azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaların icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-279/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-279/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver