Məhkəmə qərarları › İş №1(006)-28/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-28/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-28/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə “Kubinka” adlanan yaşayış massivində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 30 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, xalis çəkisi 0,191 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini alaraq əldə edərək üzərində saxlayıb daşımış, xx xxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində ünvan 2 saylı ünvanın qarşısında Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin və Nəsimi Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən üzəri qara və içərisi ağ rəngli olan bir ədəd kağız bükümdə təmiz çəkisi 0,191 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. xx.xx.2020-ci il tarixdə, saat təxminən 12:30 radələrində yaşadığı ünvan 1 saylı ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşları olaraq təqdim etdikdən sonra, onlar onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu saat 12:45-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Baxışda iştirak etmək üçün 2 nəfər polis əməkdaşı, video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət etmişlər. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş və o, əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən çıxardığı 01 ədəd üzəri qara və içərisi ağ rəngli kağıza bükülmüş içində şəffaf rəngli kristal formalı psixotrop maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o isə öz növbəsində üzərində hər hansı başqa əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməyi təklif olunmuşdur. O, 01 ədəd üzəri qara və içərisi ağ rəngli kağızın içərisindəki vasitənin adətən “şüşə” kimi adlanan psixatrop maddə olduğunu bildirmişdir. Ondan həmin kağızın içərisində olan psixatrop maddənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, xx.xx.2020-ci il tarixində “Kubinka” deyilən ərazidən 30 manata öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin kağızın içində olan psixatrop maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş və sonra zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. O, psixatrop maddəni özü üçün aldığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxx 2020-ci il tarixdə “Asif” adlı şəxsin üzərində narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə ondan və Nəsimi Rayon Polis İdarəsinin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və həmin məlumat raportla bölmə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün razılıq əldə olunmuş və “Asif” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Asif” adlı şəxsin ünvan 3 saylı ünvanın qarşısında olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni xx xxxxx 2020-ci il tarixdə qeyd edilən ünvana, yəni ünvan 3 saylı ünvanın qarşısına yollanmışlar və saat 12:20 radələrində qeyd edilən ünvana bir nəfər şəxsin gələrək bir müddət gəzdiyini müəyyən etmişlər və əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 12:30-da sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs qeyd edilən ünvanın qarşısında saxlanılmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni qanunsuz olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğunu elan edərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edərək onu üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət etmişlər. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində xidməti otaqların birində ona dövlət hesabına müdafiəçi təyin edilmiş, onun və Nəsimi Rayon Polis İdarəsinin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid1, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən üzəri qara və içərisi ağ rəngli olan kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəki predmetin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd üzəri qara və içərisi ağ rəngli olan kağıza bükülmüş, içərisində şəffaf rəngli kristal formalı narkotik maddənin “metamfetamin” olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə, həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2020-ci il tarixində “Kubinka” deyilən ərazidən 30 manata tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin üzəri qara və içərisi ağ rəngli olan kağıza bükülmüş, içərisində şəffaf rəngli kristal formalı narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra üzəri qara və içərisi ağ rəngli olan kağızda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər Təqsirləndirilən şəxs 21-ci Polis Bölməsinə gətirilən zaman və həmin bölmədə olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin NMBnin kiçik əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Ağakişi Surxayev tərəfindən tərtib edilmiş və həmin İdarənin baş əməliyyat müvəkkili Şahid2 və Nəsimi rayon Polis İdarəsinin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid1, mütəxəssis X4, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən üzəri qara və içərisi ağ rəngli olan kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olubolmaması barədə sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. ilk öncə onun geyindiyi qara rəngli qolsuz gödəkçənin boynuna, sağ-sol yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan mavi rəngli qısa qol köynəyə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şalvar kəmərini açması, həmçinin qara rəngli şalvarına baxılması tələb olunmuş, o, şalvarın kəmərini çıxaranda kəmərin, həmçinin tünd boz rəngli şalvarın sağ, sol və arxa ciblərinin içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarım çıxarması tələb olunmuş və o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirmiş və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan ayaqqabısını geyinməsi və üstbaşını səliqəyə salması tələb edilmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd üzəri qara və içərisi ağ rəngli olan kağıza bükülmüş, içərisində şəffaf rəngli kristal formalı narkotik maddənin “metamfetamin” olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2020-ci il tarixində “Kubinka” deyilən ərazidən 30 manata tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin üzəri qara və içərisi ağ rəngli olan kağıza bükülmüş, içərisində şəffaf rəngli kristal formalı narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra üzəri qara və içərisi ağ rəngli olan kağızda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirimiş, şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 45-52). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/586 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs...” əl yazıları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №189” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,191 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i/v 58-62). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,191 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 131-137). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx xxx 2020-ci il tarixli, 1186 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 121-122). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, cinayət hadisəsi törədilənədək məhkumluğu ödənilmiş və götürülmüşdür (i/v 108-110). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur (i/v 100-102, 102/1). İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Salman Məmmədlinin qərarından və “Başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsindən imtina edilmiş və həmin tarixdə “Başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmişdir. (i/v 79-80). Nəsimi rayon məhkəməsinin 1(006)-207/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Nəsimi rayon məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, xx/xx-9286 saylı məktubundan və Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 043-4559-1220 saylı məktubundan görünür ki, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və qərarın icrası Nəsimi rayon Polis İdarəsinə tapşırılmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,191 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,141 qram olan psixatrop maddə metamfetamin məhv edilməlidir Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına və X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxx 2020-ci il tarixli “dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən hüquqi yardım göstərilmişdir.Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-207/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərara əsasən xx xxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat və Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,191 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,141 qram olan psixatrop maddə metamfetamin məhv edilsin. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat və X2 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar