Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-28/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının xx.xx.2021-ci il tarixədək çəkilməmiş 11 ay 17 gün hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 17 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində gündəlik evlərdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 29,180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və təkrarən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək özgənin əmlakını açıq talamaqla soyğunçuluğa cəhd elmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 iyul 2022-ci il tarixdə, saat 19:40-da müştəri qismində Zərərçəkmiş şəxs2 işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 106A ünvanında yerləşən və vətəndaşların azad giribçıxa bildiyi “Metropark” ticarət mərkəzinin 3-cü mərtəbəsində fəaliyyət göstərən "xxxx" mağazasına daxil olub orada olan kənar şəxslərin və mülkiyyətçinin hiss etmədiyi şəraitdə satış üçün vitrinə qoyulmuş sonuncuya məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 919 manat dəyərində “X1 21 Jewels AR60007” markalı kişi qol saatını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 11 iyul 2022-ci il tarixdə saat 16 radələrində müştəri qismində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005 ünvanında yerləşən və vətəndaşların azad girib-çıxa bildiyi “Moskva” ticarət mərkəzinə daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarının qoyulduğu piştaxtanın üzərindən 01 ədəd 578 manat dəyərində 4,82 qram çəkidə 750 əyarlı qızıl üzüyü açıq talamış və hüquqazidd hərəkətlərini aşkar edən Zərərçəkmiş şəxs1 onu səsləməsinə əhəmiyyət vermədən əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşmaq istəyərkən Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla təkrarən soyğunçuluğa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Bakı şəhərində daimi yaşayış yeri olmadığı üçün pula ehtiyacı olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 19:40-da ünvan 1 ünvanda yerləşən “Metropark" ticarət mərkəzinə daxil olub 3-cü mərtəbədə yerləşən “Greenwich" mağazasına daxil olmuş və mağazada satıcı və bir neçə müştəri olduğunu görmüşdür. O, həmin vaxt oğurluq etmək qərarına gəlmiş və satıcının, müştərilərin başının qarışıq olduğundan, yəni ona fikir vermədiklərindən istifadə edərək piştaxtada olan saatların içərisindən üzərində 919 manat qiymət yazılmış “Emporio Anmani" markalı kişi qol saatını gizlin götürmüşdür. Saatı götürdükdən sonra əynindəki şalvarının cibinə qoyub mağazanı tərk etmişdir. Həmin vaxt mağazada olan satıcı və müştərilər onun oğurluq etdiyini görməmişlər. O, səhəri gün həmin saatı götürüb Babək prospektində yerləşən avtotəmir sexlərindən birinə gəlmiş, həmin vaxt orada əvvəllər kirayədə yaşadığı məhəllədən tanıdığı qonşusu Şahid4 görmüşdür. O, Xəyyama özünə məxsus “Emporio Armani” markalı kişi qol saatını satdığını bildirmişdir. Xəyyam ondan saatı haradan əldə eldiyini və nə üçün saldığını soruşmuş, o isə cavabında Xəyyama saatın onun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün 120 manata satdığını bildirmişdir. Xəyyam daha sonra ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş, o da Xəyyama şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş və saatın həqiqətən də özünə məxsus olduğuna inandırmışdır. Xəyyam ona 120 manat ödəniş edərək saatı ondan almışdır. O da əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, yenidən pula ehtiyacı olduğu üçün xx.xx.2022ci il tarixdə, təxminən saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Moskva” ticarət mərkəzinə gəlmişdir kı, hansısa piştaxtanın üzərində qızıl-zinət əşyası olarsa, götürüb dərhal qaçsın. O, piştaxtaların ətrafında gəzmiş, piştaxtalardan birinə yaxınlaşmış və satıcının ətrafında çoxlu adamların olduğunu, başının qarışıq olduğunu görərək piştaxtanın üzərində olan bir ədəd qızıl üzüyü götürmüşdür. Oradan asta addımlarla uzaqlaşan zaman çıxış qapısına 2-3 metr qalmış mühafizəçi tərəfindən saxlanılmışdır. Mühafizəçi ona üzüyü götürərkən gördüyünü bildirmiş, o da əməlini etiraf etmişdir. Daha sonra mühafizəçi onu mühafizə otağına aparmış, o da üzüyü mühafizə otağında sonuncuya təhvil vermişdir. Satıcını da həmin mühafizə otağında görmüşdür. Onun üzüyü piştaxtadan götürdüyünü satıcı və ətrafda olan müştərilər görməmiş, o, üzüyü götürdükdən sonra piştaxtadan uzaqlaşan zaman satıcı onu səsləməmişdir. Mühafizəçi o, mağazaya daxil olduğu andan ondan şübhələndiyi və güdə-güdə onun arxasınca gəldiyi, üzüyü götürərkən gördüyü üçün onu saxlamışdır. Ona soyğunçuluq əməlinə görə ittiham irəli sürülməsi ilə razı deyil, onun törətdiyi əməl oğurluqdur. İbtidai istintaq zamanı ifadəsini oxumadan imzalamışdır. Daha sonra əməlindən peşman olduğunu, dəymiş zərərin ödənildiyini, zərər çəkmiş şəxslərlə barışdığını və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanda yerləşən “Metropark” ticarət mərkəzinin 3-cü mərtəbəsində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus “Greenwich" mağazasında qol saatlarının satışı işə məşğuldur. O, mağazada olan MMC-yə məxsus saatları satır və həm də mağazada olan bəzi saatlara şərikdir, yəni bəzi saatlar ona məxsusdur. Mağazada iş vaxtı hər gün saat 10:00-da başlayır, axşam saat 22:00-da başa çatır. Hər gün olduğu kimi xx.xx.2022-ci il tarixdə işə gəlmiş, axşam isə çıxıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə mağazada hesabat işləri aparan zaman MMC-yə məxsus olmayan, yəni ona məxsus 01 ədəd dəyəri 919 manat təşkil edən “Emporio Armani" markalı kişi qol saatının yerində olmadığını aşkar etmiş, yoxlama zamanı həmin saatın satılmadığını müəyyən etdikdən sonra videomüşahidə kameralarına baxan zaman müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 19:40 radələrində mağazaya tanımadığı müştərilər daxil olmuş və onun həmin müştərilərlə iş əsnasında başı qarışıq olan zaman digər bir tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun başının müştəri ilə qarısıq olmasından istifadə edərək mağazada ona məxsus “Emporio Armani" markalı kişi qol saatını oğurlayaraq əynindəki şalvarın cibinə qoyub mağazanı tərk etmişdir. Mağazada baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 zəng xidmətinə məlumat vermiş və daha sonra ərizə ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nə müraciət etmişdir. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 məhəllədə yerləşən “Moskva” ticarət mərkəzində qızıl-zinət əşyalarının satışını həyata keçirir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində işdə olduğu zaman qızılları müştərilərə göstərmək üçün piştaxtanın üzərinə çıxartmışdır. Həmin vaxt təqsirləndirilən şəxsə də bir ədəd qızıl üzük göstərmişdir. Daha sonra onun başı digər müştərilərə qarışmış və bu zaman mağazada olan digər satıcılar ona bir nəfər şəxsin qızıl üzüyü götürdüyünü bildirmişlər. O, bu vaxt üzüyü götürən şəxsin piştaxtadan uzaqlaşdığını görüb onu çağırmağa başlamışdır. O isə çağırışlara əhəmiyyət verməyərək hərəkətinə davam etmişdir. Bu zaman mağazadakı mühafizəçi onun kimisə çağırdığını eşitmiş və həmin şəxsi saxlamışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş və həmin şəxsi polis bölməsinə aparmışlar. Həmin şəxs piştaxtadan götürdüyü 1000 manat dəyərində olan 750 əyarlı brilyant qaşlı kişi qızıl üzüyünü polis əməkdaşlarına təhvil vermişdir. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin maliyyə direktorudur. Nərimanov rayonu, Təbriz küçəsi 106A saylı ünvanda yerləşən “Metropark” ticarət mərkəzində "xxxx" qol saatları satılan mağazada MMC-yə məxsus saatlar satışa çıxarılır. Zərərçəkmiş şəxs2 onlarla işləyir və mağazadakı piştaxtaların bır hissəsi Zərərçəkmiş şəxs2 məxsusdur. Mağazadan 919 manat dəyərində olan “Emporio Armani" markalı kişi qol saatı oğurlanmış, bu barədə Zərərçəkmiş şəxs2 ona bildirdikdən sonra onlar mağazadakı video müşahidə kameralarına baxmış və xx.xx.2022ci il tarixdə bir nəfər şəxsin mağazadan həmin qol saatını oğurladığını görmüşlər. Daha sonra hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə məlumat vermişlər. Saatı oğurlayan şəxs müəyyən olunmuş və saat mağazaya geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Babək prospektində avtomobil təmiri sexində işləmişdir. Əvvəllər tanıdığı, onunla bir məhəllədə kirayə yaşayan Təqsirləndirilən şəxs işlədiyi sexə yaxınlaşaraq “Emporio Armani" markalı kişi qol saatını satdığını bildirmiş, o da Ayazdan həmin saatı 120 manata almışdır. Aradan bir həftə keçdikdən sonra müstəntiq ona zəng edərək Təqsirləndirilən şəxs saat alıb-almadığını soruşmuş, o da aldığını bildirərək saatı aparıb müstəntiqə təhvil vermişdir. Təqsirləndirilən şəxs ona satdığı saatın oğurluq yolu ilə əldə edilməsindən məlumatı olmamış, Ayaz həmin saatın özünə məxsus olduğunu bildirmişdır. Yalnız istintaq zamanı ona məlum olmuşdur ki, Ayaz həmin saatı kimdənsə oğurlayıb ona satmışdır. Saatın oğurluq yolu ilə əldə edildiyini bilsəydi, almazdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu Mühafizə İdarəsində mülki mühafizə xidmətinin qrup rəhbəri vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat 16:10-da Nəsimi rayonu, Cavadxan küçəsi 3005 ünvanda yerləşən “Moskva” ticarət mərkəzinin içərisində xidmətdə olduğu zaman ticarət mərkəzinin birinci mərtəbəsində qızıl-zinət əşyalarının satışını həyata keçirən Zərərçəkmiş şəxs1 bir nəfər şəxsi səslədiyini və həmin şəxsin piştaxtadan qızıl üzüyü götürdüyünü bildirdiyini görmüşdür. O da əvvəlcədən bir nəfər şəxsin Zərərçəkmiş şəxs1 məxsus piştaxtaya yaxınlaşıb üzüyə baxdığını müşahidə etdiyi üçün üzüyü onun götürməsindən şübhələnərək dərhal həmin şəxsi saxlamış və üzüyü onun götürübgötürmədiyini soruşduqda, həmin şəxs üzüyü götürdüyünü etiraf etmişdir. Daha sonra o, həmin ərazidə xidmətdə olan mülki mühafizə xidmətinin əməkdaşları Şahid1 və Şahid3 məlumat vermişdir. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu Mühafizə İdarəsində polis nəfəri vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat 16:10 radələrində polis nəfəri Şahid3 ilə birlikdə Nəsimi rayonu, Cavadxan küçəsi 3005 saylı ünvanda yerləşən “Moskva” ticarət mərkəzində xidmətdə olan zaman mülki mühafizə xidmətinin qrup rəhbəri Şahid2 onlardan “Moskva” ticarət mərkəzinin giriş qapısına yaxınlaşmaqlarını xahiş etmiş və onlar dərhal həmin yerə yaxınlaşmışlar. Orada onlara məlum olmuşdur ki, bir nəfər şəxs ticarət mərkəzindəki piştaxtalardan birinin üzərində olan qızıl üzüyü götürərək qaçmağa cəhd edərkən saxlanılmışdır. Onlar da həmin şəxsi Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi rayonu Mühafizə İdarəsinin polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Tutma haqqında” 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v 98); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; (i.v. 156-160); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi 01 ədəd “Emporio Armani” markalı kişi qol saatı sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (i.v.31); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə 01 ədəd “Emporio Armani” markalı kişi qol saatı tanınmaya təqdim olunmuş, Zərərçəkmiş şəxs2 3-cü sırada qoyulmuş “Emporio Armani” markalı kişi qol saatını tanıyaraq ona məxsus olduğunu bildirmişdir (i.v.46-47); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 750 əyarlı qızıl üzük sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (i.v.80); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə 01 ədəd 750 əyarlı üzərində 5 ədəd şəffaf qaşlı qızıl üzük tanınmaya təqdim olunmuş, Zərərçəkmiş şəxs1 1-ci sırada qoyulmuş 01 ədəd 750 əyarlı üzərində 5 ədəd şəffaf qaşlı qızıl üzüyü tanıyaraq ona məxsus olduğunu bildirmişdir (i.v.117-118); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6720 saylı rəyin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd sferblatı qızılı rəngli, kəmər hissəsi qara rəngli, üzərində "X2 21 Jewels AR60007” yazıları olan qol saatının yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2022-ci il iyul ayına olan orta bazar qiyməti təxminən 300,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (i.v. 200-202); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3894-9/5077 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzüyün xx.xx.2022-ci il tarixə olan pərakəndə satış qiyməti təxminən 578,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (i.v.180-183); - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, tərəflər vermiş olduqları ifadələri bir-birinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (i.v.121-122); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən “Metropark” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən "xxxx" mağazasından Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Emporio Armani” markalı kişi qol saatını oğurlayaraq törətdiyi cinayət əməlini əyani şəkildə göstərmişdir (i.v.213); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən “Moskva” ticarət mərkəzində Zərərçəkmiş şəxs1 məxsus piştaxtadan qızıl üzüyü götürüb qaçaraq soyğunçuluq cinayətinə cəhd əməlini törətməsini əyani şəkildə göstərmişdir (i.v.149); - İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus 01 ədəd “Emporio Armani” markalı kişi qol saatını Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 307 nömrəli xidməti otağında təhvil almışdır (i.v 206); - İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus 01 ədəd çəkisi 4,85 qram olan brilyant qaşlı kişi üzüyünü Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 307 nömrəli xidməti otağında müstəntiqdən təhvil almışdır (i.v 208); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş bir ədəd DVD diskin yaddaşında iki ədəd videogörüntü olması müşahidə olunur. Birinci videogörüntünün 24-cü saniyəsində əynində ağ rəngli köynək, göy rəngli cins şalvar, köynəyin üstündən çiyin çantası olan şəxsin vitrinə yaxınlaşaraq vitrinin sol aşağı tərəfindən sol əli ilə saat götürərək şalvarının sol yan cibində gizlətməsi, ikinci videogörüntünün 31-ci saniyəsində isə həmin şəxsin 01 ədəd saatı götürərək sol yan cibinə qoyması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə əks olunan şəxs özüdür (i.v.212); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Metropark” ticarət mərkəzinin 3-cü mərtəbəsində olan "xxxx" mağazasından “Emporio Armani” markalı kişi qol saatını oğurlaması ilə bağlı görüntünün əks olunduğu DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, ünvan 2 ünvanda yerləşən “Metropark” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən "xxxx" mağazasından edilmiş oğurluq hadisəsi ilə bağlı Şahid4 tərəfindən təqdim edilmiş “Emporio Armani” markalı kişi qol saatı xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmış, ünvan 4 ünvanda yerləşən “Moskva” ticarət mərkəzindən edilmiş soyğunçuluğa cəhd hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd 750 əyarlı qızıl üzük xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılmışdır (i.v.215-223); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,180.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v.225- 226); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının xx.xx.2021-ci il tarixədək çəkilməmiş 11 ay 17 gün hissəsi 06 ay azaldılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 17 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.162-164); - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və Suraxanı Rayon Məhkəməsinin 7(010)-562- 2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan məhkum Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış və müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. - Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş zərər ödənilmişdir. - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş zərər ödənilmişdir. - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında iki ədəd videogörüntü var. Birinci videogörüntünün 24-cü saniyəsində əynində ağ rəngli köynək, göy rəngli cins şalvar, köynəyin üstündən çiyin çantası olan şəxsin vitrinə yaxınlaşaraq vitrinin sol aşağı tərəfindən sol əli ilə saat götürərək şalvarının sol yan cibində gizlətməsi, ikinci videogörüntünün 31-ci saniyəsində isə həmin şəxsin 01 ədəd saatı götürərək sol yan cibinə qoyması müşahidə olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə əks olunan şəxs özüdür. - AZ-İV№227447 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2016-cı il təvəllüdlü bir azyaşlı uşağı var (i.v.144). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 29,180.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü yalnız CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilməsi və soyğunçuluğa cəhd əməlini qəbul etməyərək törətdiyi əməlin əslində oğurluğa cəhd əməli olmasına dair verdiyi ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində əməlini etiraf edərək, səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ittiham olunduğu soyğunçuluğa cəhd əməlində özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməllərini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində ibtidai istintaq dövründə belə ifadə vermədiyini, sənədləri oxumadan imzaladığını bildirsə də, məhkəmə hesab edir ki, sonuncu əvvəllər də bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edildiyindən bildirdiyi bu hal inandırıcı hesab edilə bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini qismən etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərərin tam ödənilməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 29,180.2.2-ci maddələri maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 9-cu bəndinə görə başa çatmayan cinayətlərə dair işlərdə cinayətlərin residivi (residivin hər hansı növü) cəzanı ağırlaşdıran hal qismində müəyyən edildikdə, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə müvafiq olaraq residivə görə cəzanın yolverilən aşağı həddi başa çatmayan cinayət üzrə müəyyən edilmiş cəzanın yuxarı həddinə görə hesablanmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 11 iyul 2022ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Emporio Armani” markalı kişi qol saatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması və 01 ədəd 750 əyarlı qızıl üzüyün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 29,180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 29,180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 11 iyul 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Emporio Armani” markalı kişi qol saatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması və 01 ədəd 750 əyarlı qızıl üzüyün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-28/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-28/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver