Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-28/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 2-ci Alatava ünvanında yerləşən “Araz superstore” mağazasının qarşısında olan zaman, həmin yerdə saxlanılmış Şahid1 məxsus “Dodge Caliber” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə azyaşlı uşaqların olmasını görüb özgənin əmlakını ələ keçirmək məqsədilə avtomobilə yaxınlaşaraq avtomobildə olan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2, Şahid2 və Şahid3 özündə olan əyləncə mərkəzlərinə giriş üçün nəzərdə tutulmuş kartı təqdim edib guya həmin ərazidə oğurluq hadisələrini törədən şəxslərin olması ilə bağlı məlumat verərək valideynləri gələnə qədər avtomobildə olan mobil telefonların onda qalması ilə bağlı sonuncuların razılığını aldıqdan sonra sürətlər qutusunun yanına qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 280 manat dəyərində “Samsung Tab 7” markalı planşeti, içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 120 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefonu, içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 15 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 120 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefonu və qabaq sərnişin oturacağında əyləşmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 əlindəki Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 250 manat dəyərində “Blackview” markalı planşeti Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib qolundan sıxmaqla götürüb ələ keçirərək sonuncunun əmlakın geri qaytarılması ilə bağlı çağırışlarına məhəl qoymadan hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs1 məxsus əmlakları açıq talayıb sonuncuya ümumilikdə 795 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvvəlcə ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Araz” supermarketinin yaxınlığında olarkən, orada marketin qarşısında dayanmış qara rəngli “Dodge Caliber” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrinin açıq olduğunu görmüş, yaxınlaşaraq boylandıqda, avtomobilin içərisində 2 nəfər azyaşlının arxa oturacaqda, 1 nəfər azyaşlının isə ön sərnişin oturacağında əyləşdiyini, ön sərnişin oturacağında əyləşmiş azyaşlının əlində olan 01 ədəd “Blackview” markalı planşet, avtomobilin sürətlər qutusunun rıçaqının yanında olan 02 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon, sürücünün oturacağında isə 01 ədəd “Samsumg Tab 7” markalı planşet olduğunu görmüşdür. Maddi sıxıntıları olduğu üçün həmin planşet və mobil telefonları azyaşlıları aldadaraq ələ keçirmək qərarına gəlmişdir. Bunun üçün avtomobilə yaxınlaşaraq azyaşlılarla söhbət etməyə başlamış, ön sərnişin oturacağında oturan azyaşlı isə ona əhəmiyyət verməyərək əlində olan 01 ədəd “Blackview” markalı planşetdə oyun oynamışdır. O, arxa oturacaqda oturan uşaqlara cibində olan əyləncə mərkəzlərinə giriş üçün nəzərdə tutulmuş kartı uzadaraq, həmin ərazidə telefon oğrularının olduğunu, avtomobildə olan telefon və planşetlərin oğurlanma ehtimalı olduğunu bildirərək maşında olan telefon və planşetləri ona verməklərini bildirmişdir. Arxa oturacaqda oturmuş azyaşlı qız onunla razılaşaraq kartı ondan almış, avtomobilin sürətlər qutusunun rıçaqının yanında olan 02 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon, sürücünün oturacağında isə 01 ədəd “Samsung Tab 7” markalı planşeti götürməyinə etiraz etməmişlər. Bundan sonra o, avtomobildə ön oturacaqda oturmuş azyaşlı oğlanın da 01 ədəd “Blackview” markalı planşeti ona verməsini bildirmişdir. Həmin oğlan ona etiraz edərək planşetdə oyun oynadığını və planşeti verməyəcəyini ona bildirmişdir. O, arxa oturacaqda oturmuş 2 nəfər azyaşlının ona inanmayacağından ehtiyat edərək, qara rəngli “Dodge Caliber” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sürücü tərəfinin pəncərəsinin şüşəsinin açıq olduğundan istifadə edərək, avtomobilin içərisinə boylanaraq, ön oturacaqda əyləşmiş azyaşlının üzərinə qışqırmış, əlində olan 01 ədəd “Blackview” markalı planşetdən tutub dartmış, həmin uşaq planşeti ona vermək istəmədikdə əli ilə onun qolundan tutub sıxaraq burmuş, planşeti özünə tərəf dartıb azyaşlı oğlanın əlindən almış, azyaşlı ağlayaraq planşeti qaytarmağını bildirmiş, o isə buna məhəl qoymayaraq oradan uzaqlaşaraq getmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək, ona soyğunçuluq etməkdə şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, Qaradağ rayonu, Qobu Park 3 yaşayış kompleksində yaşayır. Hadisənin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 2-ci Alatava ünvanında yerləşən “Araz” supermarketinin yaxınlığında isə onun bacısı qızı yaşayır. O, bacısı qızıgilə tez-tez gedib-gəldiyi üçün həmin ərazidə çox olur. Lakin hadisənin baş verdiyi tarixdə o, “Araz” supermarketinin qarşısında heç bir avtomobilə yaxınlaşmamış, orada “Dodge Caliber” markalı avtomobil görməmiş və heç kimdən telefon və planşet götürməmişdir. xx.xx.2023-cü il tarixində anasının yas mərasiminə iki gün qalmış yaşadığı ünvanda oğlu ilə telefonla danışarkən 20-ci polis bölməsinin 4 nəfər əməkdaşı gələrək onu evdən aparmış və bir neçə ay bundan əvvəl soyğunçuluq etdiyini bildirmişlər. Müstəntiq onu buraxmaq adı ilə aldadaraq sənədlərə qol çəkdirmiş, o da anasının yas mərasiminə iki gün qaldığı üçün tutulmaması üçün sənədlərə baxmamış onları imzalamışdır. Zərər çəkmiş şəxsləri polis idarəsində görmüş, idarədə olarkən onunla bərabər daha 3 nəfər şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərilmiş, bu zaman sonuncu heç bir şey deməmiş, müstəntiq ondan “bu uşağı tanıyırsanmı?” deyə soruşduqdan sonra uşaq onu göstərmişdir. Müstəntiq ona “Araz” supermarketinin qarşısında olmasını göstərən kamera görüntülərini göstərmiş, lakin o, kamera görüntülərinin hadisə baş verən tarixdə çəkilib-çəkilmədiyini bilməmişdir. Bundan başqa müstəntiq onun ailə üzvləri ilə görüşməsinə şərait yaratmamış, ailə üzvlərinə onun hər şeyi etiraf etdiyini bildirərək onlardan dəymiş zərəri ödəmələrini tələb etmiş və onlar da zərəri ödəmişlər. Sonra da ona “işi bağlayıram” deyib sənədlərə qol çəkdirmişdir. İbtidai istintaq zamanı ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində iki azyaşlı uşağı və bacısının azyaşlı oğlu ilə birlikdə anası Şahid1 idarə etdiyi “Dodge Caliber” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Araz” supermarketinə getmişlər. Bundan sonra iki azyaşlı uşaqlarını və bacısı uşağını avtomobildə qoyub anası Şahid1 ilə birlikdə alış-veriş etmək üçün supermarketə daxil olmuşlar. Onlar avtomobildən düşdükdə tez qayıdacaqlarına görə o və anası Elnora 02 ədəd “Samsung A 10” markalı mobil telefonları, 01 ədəd “Samsung Tab 7” markalı və 01 ədəd “Blackwiev” markalı planşetləri sürətlər qutusunun rıçaqının yanına qoyaraq maşından düşmüşlər. Onlar maşından düşərkən, avtomobilin ön yan şüşələri açıq olmuşdur. Onlar avtomobildən düşdükdən sonra oğlu Amil avtomobilin içərisində arxa hissədən ön hissəyə keçərək planşetləri və telefonları götürərək sərnişin oturacağında oturmuşdur. Bu zaman bir nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq üzərində “X6” yazılmış kartı verdikdən sonra burada oğurluq hadisəsinin çox olduğu üçün telefon və elektron əşyaları ona verməsini və valideyinləri gəldikdə kartla əlaqə saxlanıldıqda, telefon və elektron əşyaları gətirib qaytaracağını bildirdiyindən həmin şəxsin sürətlər qutusunun yanında olan 02 ədəd “Samsung A 10” markalı mobil telefonları, 01 ədəd “Samsung Tab 7” markalı və 01 ədəd “Blackwiev” markalı planşetləri götürməsinə uşaqlar etiraz etməmiş, həmin şəxs azyaşlı oğlu Amilin əlində olan “Blackwiev” markalı planşeti də almaq istədikdə Amil planşetdə oyun oynadığına görə həmin planşeti vermədikdə həmin şəxs oğlu Amilin qolundan tutub sıxaraq zorla planşeti oğlunun əlindən almışdır. Həmin vaxt azyaşlı uşaq onun arxasınca ağlayaraq planşeti istədikdə o, iti addımlarla addımlayaraq oradan uzaqlaşmışdır. Bundan sonra onlar polis bölməsinə şikayət etmişlər, anası Elnoranın telefonu tapılmadığından anası Elnoraya “Samsung A 10” markalı mobil telefon, 01 ədəd “Samsung Tab 7” və mobil telefonun üzərində olan GSM nömrənin talanması nəticəsində anası Şahid1 dəymiş ziyanı qarşılamış, 01 ədəd 400 manat dəyərində “Blackwiev” markalı planşet, 01 ədəd 600 manat dəyərində “Samsung A 10” markalı mobil telefon, 01 ədəd 10 manat dəyərində GSM nömrə, 01 ədəd 500 manat dəyərində “Samsung Tab 7” markalı planşet, 01 ədəd 600 manat dəyərində “Samsung A10” markalı mobil telefon və 01 ədəd 15 manat dəyərində GSM nömrənin talanması nəticəsində ona ümumilikdə 2.125 manat ziyan dəymiş, təqsirləndirilən şəxs tərəfindən onlara 2000 manat ödənilmişdir. Daha sonra ona dəymiş zərərin qismən ödənildiyini, ziyanın tam ödənilməsini tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirərək təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, bacısı Aylin, xalası oğlu Kənan, anası Təranə və nənəsi Elnora ilə birlikdə nənəsinin maşını ilə marketə getmişlər. Anası Təranə və nənəsi Elnora marketə getmişlər, o, xalası oğlu Kənan və bacısı Aylin maşında qalmışlar. Bacısı və xalası oğlu arxada əyləşmiş, o isə sıxılmamaq üçün ön tərəfə keçib “Blackwiev” markalı planşetdə oyun oynamağa başlamışdır. Bu zaman avtomobilə bir nəfər kişi yaxınlaşıb onlara “telefonları verin mən saxlayım, burada çoxlu oğrular var” deyərək, 01 ədəd üzərində “X6” yazılmış kartı vermiş, Aylin kartı götürdükdən sonra həmin şəxs, sürətlər qutusunu rıçaqının yanında olan 01 ədəd “Samsung Tab 7” planşeti və 02 ədəd “Samsung A 10” markalı telefonları götürmüşdür. Həmin şəxs “Blackwiev” markalı planşeti də istədikdə o, planşeti verməmiş, lakin həmin kişi pəncərədən əlini içəri salaraq onun qolundan bərk tutub sıxaraq planşeti əlindən almışdır. Həmin adam onun əlindən planşeti zorla alaraq iti addımlarla uzaqlaşarkən, o, Kənan və Aylin həmin şəxsin arxasınca səslənərək telefon və planşetləri istədikdə, həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Polis idarəsində olarkən ona dörd nəfər şəxs göstərilmiş, ondan telefonları və planşetləri götürən şəxsin həmin şəxslərin arasında olub-olmaması soruşulmuş, o da telefon və planşetləri götürən şəxsi tanımış və əli ilə işarə edərək göstərmişdir. Daha sonra ona dəymiş zərərin qismən ödənildiyini, ziyanın tam ödənilməsini tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirərək təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, qardaşı Amil, xalası oğlu Kənan, anası Təranə və nənəsi Elnora ilə birlikdə nənəsinin maşını ilə marketə getmişlər. Anası Təranə və nənəsi Elnora marketə getmiş, o, xalası oğlu Kənan və qardaşı Amil maşında qalmışlar. O və xalası oğlu arxada əyləşmişlər, qardaşı isə sıxılmamaq üçün ön tərəfə keçib planşetlə oynamağa başlamışdır. Bu zaman avtomobilə bir nəfər ağ saçlı kişi yaxınlaşıb “telefonları mənə ver saxlayım, burada çoxlu oğrular var” demiş, əvəzində isə ona 01 ədəd üzərində “X6” yazılmış kartı vermiş, valideynləri gəldikdə kartda olan nömrə ilə əlaqə saxladıqda, telefon və planşetləri gətirib verəcəyini demişdir. O, kartı götürdükdən sonra həmin şəxs, sürətlər qutusunu rıçaqının yanında olan 01 ədəd “Samsung Tab 7” markalı planşeti və 02 ədəd “Samsung A 10” markalı telefonları götürmüşdür. Həmin şəxs Blackwiev” markalı planşeti də istədikdə qardaşı Amil planşeti verməmiş, lakin həmin kişi pəncərədən əlini içəri salaraq onun qolundan bərk tutub sıxaraq planşeti zorla qardaşı Amilin əlindən almışdır. Həmin kişi telefon və planşetləri talayaraq iti addımlarla uzaqlaşarkən, o, Amil və Kənan həmin şəxsin arxasınca səslənərək telefon və planşetləri istədikdə, həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən Şahid3 Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində qızı Zərərçəkmiş şəxs1 və üç azyaşlı nəvəsi ilə birlikdə idarə etdiyi “Dodge Caliber” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Araz” supermarketinə getmişlər. Bundan sonra üç azyaşlı nəvəsini avtomobildə qoyub qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə alış-veriş etmək üçün supermarketə daxil olmuşlar. Onlar avtomobildən düşdükdə tez qayıdacaqlarına görə o və qızı Təranə 02 ədəd “Samsung A 10” markalı mobil telefonları, 01 ədəd “Samsung Tab 7” markalı və 01 ədəd “Blackwiev” markalı planşetləri sürətlər qutusunun rıcaqının yanına qoyaraq maşından düşmüşlər, onlar maşından düşərkən, avtomobilin ön yan şüşələri açıq olmuşdur. Onlar avtomobildən düşdükdən sonra oğlu Amil avtomobilin içərisində arxa hissədən ön hissəyə keçərək planşetləri və telefonları götürərək sərnişin oturacağında oturmuşdur. Bu zaman bir nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq üzərində “X6” yazılmış kartı verdikdən sonra burada oğurluq hadisəsinin çox olduğu üçün telefon və elektron əşyaları ona verməsini və valideyinləri gəldikdə kartla əlaqə saxlanıldıqda, telefon və elektron əşyaları gətirib qaytaracağını bildirdiyindən həmin şəxsin sürətlər qutusunun yanında olan 02 ədəd “Samsung A 10” markalı mobil telefonları, 01 ədəd “Samsung Tab 7” markalı və 01 ədəd “Blackwiev” markalı planşetləri götürməsinə uşaqlar etiraz etməmiş, həmin şəxs azyaşlı nəvəsi Amilin əlində olan “Blackwiev” markalı planşeti də almaq istədikdə Amil planşetdə oyun oynadığına görə həmin planşeti vermədikdə həmin şəxs nəvəsi Amilin qolundan tutub sıxaraq zorla planşeti onun əlindən almış, həmin vaxt azyaşlı uşaq onun arxasınca ağlayaraq planşeti istədikdə o, iti addımlarla addımlayaraq oradan uzaqlaşmışdır. Bundan sonra onlar polis bölməsinə şikayət etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Tutma haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.111); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.192-193); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.194-195); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-365/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmişdir və Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır; - Məhkəməyə 07 dekabr 2023-cü il tarixdə daxil olmuş Bakı şəhəri Nəsimi RPİ-nin 20- ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PŞ-nə könüllü surətdə gedərək təslim olmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X3 təhvil verilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-365/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanda yerləşən “Araz Superstore” adlı mağazanın qarşısıdır (i.v.7-8); - “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim olunan şəxslərin arasından 1-ci sırada durmuş Təqsirləndirilən şəxs göstərib, hadisə günü onun əlindən planşeti alan şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmişdir (i.v 156-157); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir (i.v 259-260); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 9/6734 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən malların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri qaydada bir ədəd “Samsung Tab 7” markalı planşetin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 280 manat, bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun bazar qiyməti isə 120 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.20-22); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 9/6733 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən malların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri qaydada bir ədəd “Blackview” markalı planşetin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 250 manat, bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun bazar qiyməti isə 120 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.52-54); - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 635 saylı rəyindən görünür ki, Şahid2 bədən səthində xəsarət aşkar edilməmişdir (i.v.216-217); - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 636 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində xəsarət aşkar edilməmişdir (i.v.218-219); - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 777 saylı rəyindən görünür ki, Şahid3 bədən səthində xəsarət aşkar edilməmişdir (i.v.220-222); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilərək barəsində 03 il 06 ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 07 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci ildə şərti cəzasının vaxtı sona çatmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 06 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v.212-215); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, yəni onun soyğunçuluq cinayətini törətməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.(3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayətin azyaşlı şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 07 dekabr 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 dekabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-28/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-28/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver