Məhkəmə qərarları › İş №1(006)-280/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-280/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-280/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Goranboy rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, yeni massivdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarının tələblərini pozaraq koronavirus (Covid-19) infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, 16 dekabr 2020-ci il tarixdə, saat 10 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni massivdə yerləşən fərdi yaşayış evini tərk edərək idarə etdiyi “X7” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 22 saylı ünvanda yerləşən “Yaşıl Bazar” ticarət mərkəzinə, daha sonra saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “xxxx” klinikasına getmiş, metronun “28 may” stansiyası istiqamətində hərkətdə olarkən saat 11:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən stasionar postda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq bortkompyuter vasitəsilə yoxlanılan zaman epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratdığı müəyyən edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, 15.12.2020-ci il tarixdə özündə bir az narahatçılıq hiss etdiyi üçün Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “xxxx” klinikasında koronavirus (Covid-19) infeksiyası ilə bağlı analiz vermişdir. 16.12.2020-ci il tarixdə, səhər saatlarında analizin cavablarını öyrənmək üçün idarə etdiyi “X7” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yenidən həmin klinikaya getmiş, orada olarkən onun mobil nömrəsinə analizin nəticəsinin pozitiv olduğu barədə “İTS.GOV.AZ” portalından SMS məlumatı gəlmişdir. Bundan sonra müalicəsi üçün lazım olan dərmanları almaq məqsədi ilə avtomobillə metronun “28 May” stansiyası yaxınlığındakı depoya gedərkən Nəsimi rayonu, Azadlıq prospektində olan postda saxlanılmışdır. Polislər onun karantinlə bağlı müvafiq icazəsinin olub-olmadığını sistemdən yoxladıqda aktiv koronavirus (Covid-19) infeksiyasının daşıyıcısı olduğunu bildirib bayıra çıxmağının səbəbini soruşmuşlar. O da polislərə analizin nəticəsini təxmini 15-20 dəqiqə öncə öyrəndiyini, dərman alıb evinə qayıdacağını, başqa yerə getmək fikrinin olmadığını söyləmişdir. Bundan sonra polis əməkdaşları onun barəsində qeydiyyat aparıb onu evinə yola salmışlar. İttihamda qeyd olunduğu kimi işlədiyi “Yaşıl Bazar” ticarət mərkəzində olmamış, sadəcə polislər soruşanda orada işlədiyini demişdir. Himayəsində üç yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 16.12.2020-ci il tarixdə, saat 11:30 radələrində iş yoldaşı Şahid1la Bakı şəhəri, Nəsimi rayonu, Azadliq prospektində qurulmuş stasionar postda xidmətdə olarkən “X7” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb bort-kompyuter vasitəsilə onun sürücü Təqsirləndirilən şəxs karantinlə bağlı müvafiq icazəsinin olub-olmadığını yoxlamış, bu zaman sonuncunun aktiv koronavirus (Covid-19) infeksiyasının daşıyıcısı olduğunu aşkar etmişlər. Bu şəxsdən hansı səbəbə görə yaşadığı ünvanı tərk etdiyini soruşanda, sonuncu işlədiyi “Yaşıl Bazar” ticarət mərkəzindən “xxxx” klinikasında Covid-19 virusu ilə bağlı verdiyi analizin nəticəsini götürməyə getdiyini, eyni zamanda virusun əlamətləri onda olmadığı üçün özünü yaxşı hiss etdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk etməməsilə bağlı xəbərdar edib onu evinə yola salmışlar. İş materiallarında olan:  19.03.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”nda Təqsirləndirilən şəxs göstərmişdir ki, “15.12.2020-ci il tarixdə səhhətimdə olan problemlərlə əlaqədar “xxxx” klinikasında “Covid-19” testi üçün analiz verdim. 16.12.2020-ci il tarixdə, saat 09:36-da verdiyim analizin nəticəsinin pozitiv çıxması barədə “İTS.GOV.AZ” portalından mənə sms gəldi və sms-də karantin rejimini pozacağım təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb ola biləcəyim barədə xəbərdar edildim. 16.12.2020-ci il tarixdə, saat 10 radələrində işlədiyim Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Yaşıl Bazar” adlanan yerdə olmuşam və 11:00 radələrində verdiyim analizin nəticəsi ilə əlaqədar qeyd olunan klinikaya gedərək cavabı götürmüşəm. Analizin nəticəsini götürdükdən sonra müalicə almaq məqsədi ilə lazım olan dərmanları almaq üçün idarəm etdiyi “Toyota” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla metronun “28 May” stansiyasının yaxınlığındakı aptekə getmək istəyən zaman yolda, yəni Nəsimi bazarının yaxınlığında, Azadlıq prospektində 2 nəfər polis əməkdaşı məni saxlayaraq icazəmin olub-olmamasını yoxlamaq üçün şəxsiyyət vəsiqəmi istədilər. Şəxsiyyət vəsiqəmi yoxlayan zaman sistemdən mənim aktiv “Covid-19” virusunun daşıyıcısı olmağım çıxdı................................................................... “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatları qrafikindən görünür ki, Siz istifadənizdə olan 050“401-08-01 nömrəli mobil telefonuzla 16.12.2020-ci il tarixdə saat 10:00-da Nərimanov rayonu Qarabağ küçəsində olmusunuz. Aktiv Covid-19 virusunun daşıyıcı olmağınıza baxmayaraq nə üçün yaşadığınız ünvanı tərk edərək qeyd olunan ünvanlarda olaraq xəstəliyin yayılmasına şərait yaratmısınız” müstəntiqin sualına Təqsirləndirilən şəxs “Səhvimi etiraf edirəm, daha diqqətli olmalı olduğum halda yaşadığım ünvanı tərk etməməli olduğumu bilirdim, bu barədə mənə sms də gəlmişdir. Lakin işimlə bağlı qeyd olunan ünvana getməli idim. Ona görə də səhər tezdən işlədiyim “Yaşıl Bazar” ticarət mərkəzinə gedib oradan da klinikaya getmişəm” cavabını verir” (İ cild, i.v.70-72);  “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatları”ndan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə, saat 10:00-da olan hərəkəti - ünvan 1 ünvandan ünvan 22);  “xxxx” MMC tərəfindən verilmiş 13.02.2021-ci il tarixli, 119 saylı məktuba əsasən Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə klinikaya ambulator şəkildə müraciət etmiş, Covid-19 PCR (sıyrıntı) analiz müayinəsindən keçmişdir. Müayinənin nəticəsi pozitiv olaraq dəyərləndirilmişdir (İ cild, i.v.29);  “İTS.GOV.AZ” portalından olan çıxarışa əsasən 16.12.2020-ci il tarixdə, saat 09:36-da göndərilən mesajla Təqsirləndirilən şəxs 15.12.2020-ci il tarixdə “Covid-19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğu bildirilir. Onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olunnacağı barədə xəbərdar edilmişdir (İ cild, i.v.25);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 03.02.2021-ci il tarixli, 108/KEŞ saylı rəyinə əsasən 15.12.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (İ cild, i.v.17- 19);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya- Kommunikasiya İdarəsinin 17.02.2021-ci il tarixli, 020-1892-1221 saylı məktubuna görə Təqsirləndirilən şəxs (AZE 0*******) “Covid-19” virusuna yoluxduğu və 15.12.2020-ci il, saat 12:51:25-dən 29.12.2020-ci il, saat 12:51:25 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat TƏBİB-in informasiya sistemi tərəfindən 15.12.2020-ci il tarixdə, saat 21:19:05 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür (İ cild, i.v.30);  “Videoyazıya baxış keçirilməsi haqqında” 08.02.2021-ci il tarixli protokol və diskdən aydın olur ki, 16.12.2020-ci il tarixdə qeydə alınmış 03 dəqiqə 07 saniyəlik görüntülərə əsasən Təqsirləndirilən şəxs ünvan 3 ünvanda polis əməkdaşları tərəfindən aşkar edilir. Görüntünün 01 dəqiqə 10-cu saniyəsində polis əməkdaşı Təqsirləndirilən şəxs aktiv “Covid-19” virusunun daşıyıcısı olduğuna baxmayaraq hansı səbəbdən yaşadığı ünvanı tərk etməsini soruşduqda, sonuncu bunula bağlı 15.12.2020-ci il tarixdə “xxxx” klinikasında verdiyi analizin nəticəsini götürməyə getdiyini bildirir(İ cild, i.v.26); “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.02.2021-ci il tarixli arayışında Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunub (İ cild, i.v.20); “ Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs 25.08.2009-cu il, 21.09.2010-cu il və 14.12.2011-ci il təvəllüdlü üç övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarına əsasən: “ Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd); “ karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd);  karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd);  Yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər (3.1-ci bənd); “ Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd);  Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd); “ Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər (4-1.1-ci bənd); “ Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4-1.2-ci bənd); “ yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd);  karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs koronavirus (Covid- 19) infeksiyasına 16.12.2020-ci il tarixdə, saat 09:36-da “İTS.GOV.AZ” portalından göndərilən mesajla yoluxduğunu bilib, onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olunacağı barədə xəbərdar edilməsinə baxmayaraq, artıq karantin nəzarətinə götürülmüş şəxs kimi özünü təcrid etmək əvəzinə yaşadığı yeri tərk edərək idarə etdiyi nəqliyyat vasitəsi ilə işlədiyi yerə - Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Yaşıl Bazar” deyilən əraziyə gəlmiş, həmin günü saat 11:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində qurulmuş stasionar postda polis əməkdaşları tərəfindən saxlanılaraq onun aktiv “Covid-19” virusuna yoluxması müəyyən edilmiş, bununla da o, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşmaqla onu özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi kimi qiymətləndirir və hesab edir ki, onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi işin hallarına daha uyğundur. Buna görə də həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını yüngülləşdirən halın mövcud olmasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar