Məhkəmə qərarları › İş №1(006)-280/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-280/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-280/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən, tanışı Zərərçəkmiş şəxs işlətdiyi “Kibar” su sexinin təmizlənməsi məqsədi ilə giriş qapısının açarını əvvəlcədən sonuncudan götürüb sexi təmizlədikdən sonra açarı özündə saxlayaraq 20 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həmin su sexinin qarşısına gəlib icazəsi olmadığı halda özündə olan açarla sexin giriş qapısını açaraq oraya qanunsuz daxil olmuş, sexin içərisindən Zərərçəkmiş şəxs məxsus 170 manat dəyərində bir ədəd “Almaz” markalı preferatoru, 100 manat dəyərində bir ədəd “Bosch” markalı dreli, 55 manat dəyərində bir ədəd “Candan” markalı qaynaq aparatını, 90 manat dəyərində bir ədəd “Dewalt” markalı mişarı, hər birinin qiyməti 110 manat olmaqla ümumilikdə 220 manat dəyərində iki ədəd dəmirkəsən aləti (laqonda), hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 72 manat dəyərində 24 ədəd qaz açarını, hər birinin qiyməti 6 manat olmaqla ümumilikdə 12 manat dəyərində iki ədəd kəlbətini və hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 25 manat dəyərində beş ədəd buraçı oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 744 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı bildirdi ki, iş materiallarına əsasən ibtidai istintaqı aparan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Mahir Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə istintaqın qurtarması Təqsirləndirilən şəxs və onun müdafiəçisi, 14 saylı Vəkil bürosunun vəkili X1 elan edilmiş, bununla bağlı tərtib olunmuş protokola bu şəxslər imza atmış, daha sonra 17 mayda onlar cinayət işinin materialları ilə tanış olmuşlar. Halbuki, məhkəmədə müəyyən edilir ki, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında həmin rayonun polis idarəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən cinayət işi üzrə həbsdədir. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubunda da qeyd olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən orada saxlanılır və bugünədək heç bir yerə aparılmayıb, həmçinin 16-17 may tarixlərində müstəntiq Mahir Əliyev və müdafiəçi Pərvanə Hacıyeva onunla görüşməyiblər. Bu da ona dəlalət edir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozularaq ibtidai istintaqın qurtarması ona real olaraq elan edilməmiş və o, cinayət işinin materialları ilə tanış olmamışdır. Göstərilənləri nəzərə alaraq cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirdi ki, o, sonuncu dəfə müstəntiq Mahir Əliyevin yanında bu ilin aprel ayında olmuş və həmin vaxtı müdafiəçisi ilə şəkli çəkilmişdir. Daha sonra o, may ayının 06-ı Sabunçu rayonunda tutularaq Bakı istintaq Təcridxanasına yerləşdirilmiş və bügünə kimi orada saxlanılır, heç yerə aparılmamış, yanına da müstəntiq və müdafiəçi gəlib hansısa sənədlərlə tanış etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi dövlət ittihamçısnın vəsatətinə etiraz etmədi. Məhkəmə tərəfləri dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla ibtidai istintaq zamanı aparılmış hərəkətlər kobud qanun pozuntuları kimi qiymətləndirilməli və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, vəsatət təmin edilməlidir. Belə ki, cinayət işində olan ibtidai istintaqın qurtarmasının təqsirləndirilən şəxsə və onun müdafiəçisinə elan olunması (cild İ, i.v.127), cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi və onun müdafiəçisini tanış etmək (cild İ, i.v.129) haqqında protokollarda müdafiəçi X2 ilə yanaşı təqsirləndirilən şəxsin imzasının olmasına baxmayaraq, məhkəmədə müəyyən edilir ki, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında həmin rayonun polis idarəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən cinayət işi üzrə həbsə alınmış və Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-4924 saylı məktubuna görə o, xx.xx.2022-ci il tarixdən orada saxlanılmaqla bugünədək heç bir yerə aparılmamış, həmçinin 16-17 may tarixlərində müstəntiq Mahir Əliyev və müdafiəçi Pərvanə Hacıyeva ilə görüşməmişdir. Bununla da aydın olur ki, təqsirləndirilən şəxsin ümumiyyətlə həbsdə olması barədə nə müstəntiqin, nə də ki onun müdafiəçisinin məlumatı olmamış, nəticədə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.5-ci (müdafiəçinin yardımından pulsuz istifadə etmək) və 91.5.22-ci maddələrində (ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq) nəzərdə tutulmuş hüquqları pozulmuş, ona real olaraq ibtidai istintaqın qurtarması elan olunmamış və o, cinayət işinin materialları ilə tanış edilməmişdir. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsinin qadağan etdiyi təqdirdə, bu işdə təqsirləndirilən şəxsin müdafiəçisi, 14 saylı Vəkil bürosunun vəkili X2 da müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olan hərəkətlər etmiş, onunla cari ilin 16-17 may tarixlərində görüşmədiyi halda, müstəntiqin hərəkətlərinə etiraz etmək əvəzinə, yuxarıda qeyd olunan pozuntulara yol verib müvafiq protokollara imza atmaqla keyfiyyətli hüquqi yardımı göstərməmiş, öz peşə borcunu vicdanla yerinə yetirməmişdir. Göstərilən nöqsanlarla əlaqədar məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq və müdafiə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsinin ən mühüm prosessual təminatlarından biridir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nəzərə alınmalıdır ki, hüquqi yardım almaq və müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin ona elan edilmiş ittihamdan özünü müdafiə edə bilməsi üçün tutulduğu, şübhəli şəxs qismində dindirildiyi, ona ittiham elan edildiyi və ya həbsə alındığı andan müdafiəçiyə malik olmaqla onun yardımından istifadə etmək, müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlara dair məlumatlanmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar bir-biri ilə əlaqəli şəkildə hüquqi yardım almaq və müdafiə hüququnu əmələ gətirirlər və onlardan hər hansı birinin pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə əsasən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən, onun cinayət işinin materialları ilə tanış etmə qaydası pozulduğundan cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Həmin Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Bu Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarına əsasən hazırki iş üzrə təqsirləndirilən şəxs barəsində “başqa yerı getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsə də, o, hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerı getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət yoxdur və onun hazırda həbsdə olması da nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında həbsdə olması nəzərə alınsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar