Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-280/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1968-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,109 qram çəkidə narkotik vasitə asetilə edilən tiryək əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 21:05-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 28 ünvanında yerləşən Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 1,109 qram təşkil edən kustar üsulla hazırlanmış, həmin narkotik vasitə asetilə edilən tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2007-ci il tarixdən narkotik vasitə istifadə edir. Əvvəllər “Ata” kimi tanıdğı İran vətəndaşından onlayn olaraq narkotik vasitə əldə etmişdir. xx.xx.2024-cü il tarixdə Qaraçuxur qəsəbəsində bacısının evində olan zaman ona İran mobil nömrəsindən “Ata” kimi tanıdğı şəxs “Whatsap” ani mesajlaşma proqram təminatı vasitəsi ilə zəng etmiş, narkotik vasitə təklif etmiş, o isə tamahlanıb razılaşmışdır. Bundan sonra “Ata adlı şəxsin ona təqdim etdiyi, lakin xatırlamadığı kart hesabına qabaqcadan razılaşdıqları kimi 100 manat məbləğində pul göndərmiş, həmin şəxs isə siqaret qutusuna qoyduğu bir ədəd büküm narkotik vasitəni Tarqovu deyilən ərazidə işıq sayğacının yanına qoymuş, o isə həmin yerə gedib içərisində narkotik vasitə olan siqaret qutusunu götürüb cibinə qoymuş və oradan uzaqlaşmışdır. Həmin gün saat 21:05-də ünvan 5 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərinin polis olduqlarını bildirdikdən sonra, ondan özünü təqdim etməsini tələb etmişdirlər. Bu zaman o polis əməkdaşlarına özünü təqdim etmiş, lakin üzərində narkotik vasitə olduğundan özünü şübhəli aparmağa başlamış və səmimi olaraq narkotik vasitə daşıdığını polis əməkdaşlarına etiraf etmişdir. Bu zaman polis əməkdaşları onu Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət etmiş, xidməti otaqların birində ona istəyi ilə təyin edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, ona əvvəlcə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o da əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən içərisində bir ədəd büküm tünd qəhvəyi rəngdə, alarkən narkotik vasitə “kokos” kimi bildiyi lakin ekspert rəyindən sonra “tiryək” olduğu məlum olan narkotik vasitəni “Winston” markalı siqaret qutusunun içərisindən çıxararaq masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra ondan, üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində olan bir ədəd Samsung A10 markalı mobil telefonu təqdim etmiş, həmin telefon iş üçün əhəmiyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən tam olaraq üzərinə baxış keçirilmiş, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra bükümün içərisində nə olması soruşulmuş, o isə həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan “kakos” olduğunu bildirmiş və harada, nə vaxt, necə əldə etməsini izah etmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuş, 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Saxlanıldığı zaman ona hər hansı fiziki təzyiq və ya psixoloji təsir göstərilməmiş, törətdiyi əməli özü etiraf etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, yaşını nəzərə alaraq, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2024cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən və Nəsimi RPİ-nin 22-ci PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 21:05-də tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu Rəsul Rza küçəsində “Zülfüqar” adlı şəxsə yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİnin 22-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməkdə, saxlamaqda, gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu deyərək sonuncunu 22-ci Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə 22-ci Polis getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı tərəfindən Kamran Şükürlü müdafiəçi qismində təyin edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməyə başlanılmış, üzərində qeyri-qanuni ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o isə üzərində olan tünd göy rəngli gödəkçənin sağ cibindən 01 ədəd “Winston" markalı siqaret qutusunu çıxarmış və həmin qutunun içərisində olan tünd qəhvəyi rəngli bir ədəd bükümü və gödəkçəsinin sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq narkotik vasitəni “Ata” adlı İran vətəndaşından “Whatsap” üzərindən 100 manat ödəniş qarşılığında onlayn qaydada sifariş etdiyini və siqaret qutusuna qoyulan bükümü “Tarqovu” deyilən ərazidən gedib götürdüyünü bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində narkotik vasitəyə bənzər maddə olması aşkar olunmuş, büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 24). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 90-91). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 92). İş materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi haqqında” 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin baş təhqiqatçısı Tariyel Mahmudov tərəfindən tərtib edilmiş, həmin Şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, barəsində istintaq hərəkəti aparılan Təqsirləndirilən şəxs, onun müdafiəçisi 14 saylı Vəkil Bürosunun vəkili Kamran Şükürlünün, Nəsimi RPİ-nin KTQ-nun kriminalistika vəzifəsində xidmət aparan mütəxəssis Vahid Kazımovun iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, o da üzərində olan tünd göy rəngli gödəkçənin sağ cibində olan 01 ədəd “Winston" markalı siqaret qutusunun içərisində olan tünd qəhvəyi rəngli bir ədəd bükümü və 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir (i/v 48-49). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/725 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Təqsirləndirilən şəxs” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,109 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir (i/v 55-56). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 984 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 98-99). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 100). İş materiallarında olan “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,109 qram olan narkotik vasitə asetilə olunmuş tiryək maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 1,009 qram olan narkotik vasitə asetilə olunmuş tiryək saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v 110). Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-280/2024 saylı 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı Nəsimi rayon Məhkəməsinə Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-512/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin CAŞnin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan tiryəki xeyli miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə olan tiryək xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,5 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 1,109 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,009 qram olan narkotik vasitə asetilə edilmiş tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-280/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 18 (on səkkiz) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 1,109 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,009 qram olan narkotik vasitə asetilə edilmiş tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-280/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-280/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver