Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-280/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Yeni Müşfiqabad qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,325 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2025-ci il tarixdə saat 14:20-də ünvan 3 ünvanda yerləşən X9 həyətində tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,325 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə aludəçisidir. Belə ki, əsasən “patı” adlandırılan psixotrop maddə metamfetamini yandırıb tüstüsünü çəkmə üsulu ilə qəbul edir. Həmin maddələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə edir. Sonuncu dəfə 07 yanvar 2025-ci il tarixdə səhər saatlarında Bərdə rayonunda olarkən orada tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmış, ondan bir büküm psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs ona 5 manat qarşılığında sellofan kəsiyində olan metamfetamini satmış və o, həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Bir neçə saat sonra Bakı şəhərinə gəlmiş və həmin gün, yəni 07 yanvar 2025-ci il tarixdə saat 14:20 radələrində ünvan 4 ünvanda yerləşən X9 həyətində olarkən iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Ardınca qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişdən istifadə etməklə ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasını soruşmuşlar. O, şalvarının sağ yan cibində saxladığı şəffaf sellofan kəsiyində həmin gün əldə etdiyi bir büküm psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən üzərində başqa əşya və predmet olub-olmaması yoxlanılmış və əlavə nəsə olmadığı müəyyən edilmişdir. Təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq götürüldükdən sonra o, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonradan həmin bükümün içərisindəki maddənin 0,325 qram çəkidə psixotrop maddə metamfetamin olduğu məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuşdur. O, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin maddədən kiməsə verməmiş və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 07 yanvar 2025-ci il tarixdə səhər saatlarında Bərdə rayonu ərazisində psixotrop maddə metamfetamin əldə etdiyi şəxsin anket məlumatlarını bilmir və onun haqqında hansısa məlumatı yoxdur. Ancaq onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilir. Həmin şəxs özü haqda ona nəsə bildirməmişdir. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Daha sonra törətdiyi əməlini səmimi etiraf etməsini və peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD disklərdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəsi barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən 07 yanvar 2025-ci il tarixdə müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1, digər üzvü isə o olmuşdur. 07 yanvar 2025-ci il tarixdə saat 14:20 radələrində ünvan 5 ünvanında yerləşən X9 həyətində Təqsirləndirilən şəxs görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tərəflərindən saxlandığını elan etmişlər. Ona hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş aparılması ilə Təqsirləndirilən şəxs üstünü yoxlamaq zərurətini bildirmiş, bununla əlaqədar ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs isə bu təkliflə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra üstünü yoxlamış və əlavə hər hansı əşya, predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs cibindən çıxardığı bükümün nə olduğunu soruşduqda o, bükümün içərisində “patı” adlandırılan psixotrop maddə olduğunu, onu Bərdə rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi məqsədi ilə aldığını etiraf etmişdir. Həmin büküm tərəflərindən qablaşdırılaraq götürüldükdən sonra çəkiliş yekunlaşmış və onlar birlikdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin inzibati binasına getmişlər. Orada müvafiq qaydada tərəflərindən əməliyyat-axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair Şahid1 tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi RPİ- nin 20-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X4 tapşırılmış və o, Təqsirləndirilən şəxs təqdim etdiyi, tərəfindən götürülərək qablaşdırılmış bükümə özünün, əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. X6 həmin bükümün içərisində ağ rəngli kristallik psixotop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindən sonra sözügedən bükümü ekpertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür, özü də daxil olmaqla iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində şübhəli olduğundan Bakı şəhəri 14 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən, eləcə də şöbəyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Məhkəməyədək icraat zamanı qismində dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.29); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.62-63); - “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.81-82); - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.83-84); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. - Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan və “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 1 ünvanında Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim edilmişdir. - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan heç bir əşya, predmet aşkar edilməmişdir. Ardınca aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddənin metamfetamin olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 1 ünvanında yerləşən KTM-in həyətində keçirilmişdir (i.v.8-10); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb “188” saylı möhürlə möhürlənmişdir. Bir ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır (i.v.14-15); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2025-ci il tarixli 6/40 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ ... Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,325 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (i.v.48-52); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.98-99); - “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,325 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 0,275 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (i.v.87-88); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,325 qram çəkidə psixotrop maddə metamfetaminin xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,275 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü hesab edilmiş və iş materiallarına əlavə edilib saxlanılmışdır (i.v.113-123); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Kərimov X2 Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün idarənin qeydiyyatından çıxarılmışdır (i.v.102-103); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci ildən xx.xx.2021-ci ilədək tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.105-112); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il və xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan iki uşağı vardır. Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi RPl-nin 20-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Nəsimi RPl-nin 20-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 özlərini təqdim edərək 07 yanvar 2025-ci il tarixdə saat 14:20-də ünvan 7 ünvanda yerləşən X9 həyətində Təqsirləndirilən şəxs əvvəldən daxil olmuş məlumat əsasında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlandığını bildirir. Əməliyyat müvəkkilinin sualından sonra Təqsirləndirilən şəxs özünü təqdim etməklə xx xxxxxxxx 1970-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yaşadığı bildirir. Əməliyyat müvəkkili Şahid2 saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Repsublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulan hüquq və azadlıqlara malik olduğunu bildirməklə, ondan saxlanılarkən ona qarşı hər hansı zorakılıq tətbiq olunubolunmadığını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı hər hansı zor tətbiq olunmadığını bildirir. Daha sonra əməliyyat müvəkkili şübhəli şəxsə üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Polis əməkdaşının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb göstərməklə təqdim edir. Əməliyyat müvəkkili şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və hansı məqsədlə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün 5 manata aldığı “patı” adlandırılan narkotik maddə olduğunu, bir dəfə şəxsi istifadəsi məqsədi ilə Bərdə rayonunda tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən şəxsin üzəri yoxlanılır və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Əməliyyat müvəkkili tərəfindən sözügedən büküm açılaraq içərisinə baxıldıqdan sonra bir ədəd zərfə qoyularaq qablaşdırılır, “188” nömrəli möhürlə möhürlənir və üzərində şübhəli şəxslə birlikdə müvafiq imzalar imzalar çəkilir. Nəsimi RPİ-nin 20-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən araşdırmanın davam etdirilməsi üçün şübhəli şəxs Təqsirləndirilən şəxs polis şöbəsinə aparılacağını bildirməsindən sonra çəkiliş yekunlaşır. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Rasim Əliyev özünü təqdim etməklə Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşları olan Şahid2 və Şahid1 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2025-ci il tarixdə saat 14:20-də X9 həyətində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin yerdə yoxlanış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən içərisində metamfetaminə bənzər maddə olan bir ədəd bükümün götürülüb qablaşdırıldığı bildirilir. Qeyd olunan tədbirin əks olunduğu diskə tərəfindən baxış keçirildiyini elan edən X6 həmin büküm olan zərfi açaraq qeyd olunan şəffaf bükümün içərisinə baxır və psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən edir. Təhqiqatçının şullarından sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində "patı” adlandırılan psixotrop maddə metamfetamin olduğunu, 5 manata şəxsi istifadəsi üçün Bərdə rayonundan aldığını bildirir. Ardınca isə təhqiqatçı tərəfindən həmin büküm yenidən başqa boş zərfə qoyularaq, "188” nömrəli möhürlə möhürlənib qabşaldırılır. Həmin zərfin eksertizaya göndəriləcəyini elan edir. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş bitir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək axtarış nəticəsində tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 51 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,275 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat olmaqla, ümumi 24 saata görə cəmi 224 (iki yüz iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək axtarış nəticəsində tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,275 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 224 (iki yüz iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-280/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-280/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver