Məhkəmə qərarları › İş №1(006)-281/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-281/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-281/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə 15 fevral 2023-cü il tarixdə, saat 20:00 radələrində "xxxx" QSC-nin «28 May» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın «28 May» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs1 əynində olan şalvarının arxa sağ cibindən üzərində 05 manat dəyərində olan telefon qabı, 05 manat dəyərində olan ekran qoruyucusu və 05 manat dəyərində 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 700 manat olan bir ədəd **********92538 və **********17537 İMEİ kodlu «Huawei Nova 9 Se» markalı mobil telefonu oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 715 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o: • 28 fevral 2023-cü il tarixdə, saat 08 radələrində metronun «Koroğlu» stansiyasından «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın «Koroğlu» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkcəsinin sağ yan cibindən üzərində 15 manat dəyərində olan telefon qabı, 05 manat dəyərində olan ekran qoruyucusu və 10 manat dəyərində 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 920 manat olan bir ədəd olan bir ədəd **********51069 və **********51077 İMEİ kodlu “Redmi Note 11 pro” markalı mobil telefonu oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 950 manat məbləğində; • 01 mart 2023-cü il tarixdə, saat 08:35 radələrində metronun «28 May» stansiyasında platformada olan zaman sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa sol cibindən üzərində hər biri 10 manat dəyərində olan 077 ***-**-** və 055 ***-**-** saylı GSM nömrələrlə istifadə olunan 350 manat olan bir ədəd **********97307 və **********97314 İMEİ kodlu «Redmi Note 4» markalı mobil telefonu oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 370 manat məbləğində maddi ziyan vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, fəhlə işləyir və işə getmək üçün də hər dəfə metrodan istifadə edirdi. İttiham aktında qeyd olunan vaxtlarda bu yerlərdə olsa da, o, heç kimin telefonunu oğurlamamışdır. Sadəcə olaraq qatar platformada dayananda vaqona minmək istəsə də, sıxlıq olduğundan geri çəkilib növbəti qatarı gözləmişdir. Polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlinmiş, zor tətbiq olunaraq döyülmüş, törətmədiyi əməlləri etiraf edib boynuna alması tələb edilmiş, əks təqdirdə qardaşının da tutulacağı bildirilmişdir. Eyni zamanda ona deyilmişdir ki, xəstəliyi olduğu üçün ona heç bir cəza düşmür. O da məcbur olub bütün sənədlərə oxumadan imza atmışdır. Himayəsində iki uşağı var, ailəsinin yeganə qazancgətirənidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 15 fevral 2023-cü il tarixdə, saat 20 radələrində o, metronun “28 May” stansiyasından “İnşaatçılar” stansiyasına getmək üçün platformada dayanıb “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarı gözləmişdir. Həmin vaxtı özünə məxsus “Huawei Nova 9 Se” markalı mobil telefonu əynində olan şalvarın arxa sağ cibində idi. Qatar platformada dayananda o, vaqona minmiş, bir müddət sonra isə telefonunun oğurlandığını aşkar etmişdir. Telefonun üzərində 05 manat dəyərində 050 ***-**-** saylı GSM nömrə, 05 manat dəyərində telefon qabı və 05 manat dəyərində ekran qoruyucusu var idi. **********92538 və **********17537 İMEİ kodlu telefonun qiyməti isə 700 manat təşkil edirdi. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 28 fevral 2023-cü il tarixdə, saat 08 radələrində metronun “Koroğlu” stansiyasına daxil olub “Nəriman Nərimanov” stansiyasına getmək üçün platformada dayanıb qatarı gözləmişdir. Həmin vaxt platformada çoxlu sayda sərnişin var idi. Qatarı gözləyən zaman 050 ***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “Redmi Note 11 pro” markalı mobil telefonunu əynində olan qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanarkən o qatara minmişdir. “Nəriman Nərimanov” stansiyasına çatıb çıxış istiqamətində hərəkət edən zaman telefonunun oğurlandığını aşkar etmişdir. **********51069 və **********51077 İMEİ kodlu mobil telefonu 920 manata, onun üzərində olan GSM nömrəni 10 manata, telefon qabını 15 manata, ekran qoruyucusunu isə 05 manata almışdır. Ona vurulmuş zərər ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 01 mart 2023-cü il tarixdə metronun “20 Yanvar” stansiyasından “28 May” stansiyasına getmək üçün platformada dayanmışdır. Həmin istiqamətə gedən qatarın bütün vaqonlarında çoxlu sayda sərnişin olduğundan ona minə bilməmiş və məcburən “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minib “Nəsimi” stansiyasına gəlmişdir. Oradan metronun “28 May” stansiyasına getmək üçün “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatara minib vaqonda ayaq üstə dayanmışdır. Qatar metronun “28 May” stansiyasına çatanda qatardan düşüb çıxış tərəfə getmişdir. Elə bu vaxtı 077 ***- **-** və 055 ***-**-** saylı GSM nömrələr ilə istifadə etdiyi “Redmi Note 4” markalı mobil telefonun əynində olan şalvarın sol yan cibində olmadığını aşkar etmişdir. Qeyd edir ki, onun cibində iki ədəd telefon olmuş, hətta metronun “Nizami” stansiyasında olarkən əli ilə cibinin üst hissəsində olan telefonları yoxlayıb onların yerində olduğunu hiss etmiş, təqsirləndirilən şəxsi isə metronun “Elmlər Akademiyası” stansiyasında vaqonda görmüş, sonuncu özünü narahat aparıb onun arxasında dayansa da, telefonunun nə zaman oğurladığını hiss etməmişdir. **********97307 və **********97314 İMEİ kodlu telefonunun qiyməti 350 manat olmuş, onun üzərində olan nömrələrin hər birinin qiyməti 10 manat idi. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs ifadələrində göstərir ki, o, heç bir yerdə işləmədiyi və maddi durumu normal olmadığından oğurluq etmək qərarına gəlmişdir. O, ictimai nəqliyyatdan istifadə etdiyi üçün "xxxx" QSC-nin stansiyalarının axşam və səhər saatlarında sıxlıq olduğunu bilmişdir. Buna görə də o, oğurluq etmək üçün 15 fevral 2023-cü il tarixdə metronun “28 May” stansiyasına gəlmişdir. Həmin vaxt stansiyanın platformasında çoxlu sayda sərnişin olmaqla platforma sıxlıq olmuşdur. O, platformada bir qədər sərnişinləri müşahidə etmişdir. Sonra platfomada dayanmış adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs1 şalvarının arxa sağ cibində olan mobil telefon diqqətini cəlb etmişdir. Metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. Sərnişinlər, o cümlədən Zərərçəkmiş şəxs1 platformada dayanmış qatarın vaqonuna minmək üçün hərəkətə başlamışdır. O da Zərərçəkmiş şəxs1 arxasınca gedərək onu təqib etməyə başlamışdır. Zərərçəkmiş şəxs1 vaqona minməsindən və sərnişinlərin sıxlığından istifadə edərək onun əynində olan şalvarın arxa sağ cibində olan mobil telefonu oğurlamış və vaqona minmədən stansiyanı tərk etmişdir. Stansiyadan çıxandan sonra telefonu söndürmüşdür. Daha sonra telefonun üzərində olan bir ədəd GSM nömrəni, bir ədəd telefon qabını və bir ədəd ekran qoruyucusunu çıxardıb atmış, sonra elə həmin günü oğurladığı mobil telefonu metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı şəxsə heç bir sənəd olmadan 30 manata sataraq əldə etdiyi pulu öz şəxsi məsrəfi üçün xərcləmişdir. Sonra 26 fevral 2023cü il tarixə kimi müxtəlif ünvanlarda fəhlə işləyərək gündəlik təlabatı üçün pul qazanmışdır. 27 fevral 2023-cü il tarixdən işsiz qalmışdır. Pulu olmadığı üçün o, yenidən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, 28 fevral 2023-cü il tarixdə, səhər saatlarında metronun “Koroğlu” stansiyasına daxil olmuşdur. O, həmin vaxt platformada dayanıb qatar gözləyən vaxtı, adını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs3 əynindəki qış gödəkcəsinin cibində olan mobil telefon diqqətini çəkmişdir. O, həmin telefonu oğurlamaq qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs3lə birlikdə platformada dayanmış qatarın vaqonuna minib telefonu oğurlayaraq vaqondan düşmüş və metronu tərk etmişdir. Sonra oğurladığı “Redmi” markalı telefonu söndürmüş, onun üzərində olan bir ədəd mobil nömrəni, ekran qoruyucusunu və telefon qabını çıxardıb atmış, telefonu isə metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı şəxsə 80 manata satmışdır. 01 mart 2023-cü il tarixdə o, yenidən metronun “28 May” stansiyasına gəlmişdir. Həmin vaxt stansiyanın platformasında çoxlu sayda sərnişin olmaqla platforma sıxlıq olmuşdur. O, platformada bir qədər sərnişinləri müşahidə etmişdir. Sonra platfomada dayanmış adını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa sol cibində olan mobil telefon diqqətini cəlb etmişdir. O, həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs2 yaxınlaşaraq ona yaxın dayanmışdır. Platformada olan sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs2 şalvarının arxa cibində olan mobil telefonu oğurlamışdır. Sonra o, stansiyanı tərk etmişdir. O, stansiyanı tərk etdikdən sonra oğurladığı “Redmi” markalı telefonu söndürmüşdür. Daha sonra isə həmin telefonun üzərində olan 02 ədəd GSM nömrəli çıxardıb atmışdır. Həmin gün oğurluq yolu ilə əldə etdiyi mobil telefonu tanımadığı şəxsə 40 manata satmışdır. O, telefonu satan zaman telefonu alan şəxsə telefonu özünə məxsus olduğunu və oğurluq olmadığını bildirib sənədsiz satmış, əldə etdiyi 40 manat pulu şəxsi məsrəfi üçün xərləmişdir. 08 mart 2023cü il tarixdə o, metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan əvvəllər tanımadığı şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra polis əməkdaşları onu Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Bakı Metropolitenində Polis İdarəsinə gəlmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixoloji təsir olmamışdır (İ cild, i.v.76-79, 90-95, 177-182); • “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən "xxxx" QSC-nin müşahidə kameralarında qeydə alınmış videogörüntülərə dair bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində metronun «28 May» stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs1 yaxından təqib edərək qatarın giriş hissəsinə tərəf getmiş, Təqsirləndirilən şəxs platformada olan sərnişinlərin çoxluğundan istifadə edərək qatara minən Zərərçəkmiş şəxs1 əynində olan şalvarın arxa sağ cibindən «Huawei Nova 9 Se» markalı mobil telefonu oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:35 radələrində metronun «28 May» stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs2 yaxından təqib edərək qatarın giriş hissəsinə tərəf getmiş, Təqsirləndirilən şəxs platformada olan sərnişinlərin çoxluğundan istifadə edərək qatara minən Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa sol cibindən «Redmi Note 4» markalı mobil telefonu oğurlamışdır. Təqsirləndirilən şəxs videogörüntüdə telefonları götürən şəxsin özü olduğunu bildirir (İ cild, i.v.96); • “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən "xxxx" QSC-nin müşahidə kameralarında qeydə alınmış videogörüntülərə dair bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində metronun “Koroğlu” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın “Koroğlu” stansiyasında dayanmasından və platformada olan sərnişinlərin çoxluğundan istifadə edərək qatara minən Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkcəsinin sağ yan cibindən “Redmi Note 11 pro” markalı mobil telefonu oğurlamışdır. Təqsirləndirilən şəxs videogörüntüdə telefonu götürən şəxsin özü olduğunu bildirir (İ cild, i.v.183); • “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarla hadisələri özündə əks etdirən 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, i.v.154-164); • Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-197/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Qərarda Təqsirləndirilən şəxs ona elan olunmuş əməli törətməkdə özünü təqsirli bildiyi qeyd olunmuşdur (İ cild, i.v.102-106); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2.000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, daha sonra həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı tətbiq edilməklə o, xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (İ cild, i.v.147-153); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2010-cu və xx.xx.2012-ci il təvəllüdlü iki övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün Cinayət Məcəlləsinin 177, 180, 181-ci maddələri ilə, habelə 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur (17-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır (26-cı bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərər çəkmiş şəxslərin ifadələri, hadisələri özündə əks etdirən görüntülər, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda məhkəmə iclasında təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının, habelə zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 ilə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən ona əvvəllər eyni əmələ görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 08 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar