Məhkəmə qərarları › İş №1(006)-283/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-283/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-283/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsi, ev 76-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə həbsdə olan, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,370 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 15 mart 2022-ci il tarixdə, saat 11:15-də polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan köməkçi cibindən bir ədəd bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddətdir ki, narkotik vasitə istifadə etməyə başlamış və onu müxtəlif yerlərdə tanımadığı şəxslərdən alırdı. Sonuncu dəfə 14 mart 2022-ci il tarixdə, saat 23 radələrində metronun “Nizami” stansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata heroin alıb üzərində saxlamışdır. 15 mart 2022-ci il tarixdə yaşadığı ünvanın qarşısında olarkən özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər mülki geyimli şəxs yaxınlaşıb ondan narkotik vasitənin gəzdirməsindən şübhəli olduğunu deyib onu polis idarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə üzərinə axtarış keçirmədən əvvəl onda olan qanunsuz əşyaları könüllü təqdim edilməsi təklif olunmuş, o da əynindəki göy rəngli cins şalvarın sağ yan köməkçi cibindən bir ədəd siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 şahid qismində ifadəsində göstərdi ki, 15 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 11:15 radələrində ünvan 1 ünvanda Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmış, özlərini təqdim edərək narkotik vasitə daşıması ilə bağlı məlumata malik olduqlarını bildirib onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, bu zaman o, əynindəki göy rəngli cins şalvarın sağ yan köməkçi cibindən bir ədəd siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi bükümün içərisində heroin olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1503 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,370 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,320 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.64-67); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında xx.xx.2022-ci il tarixli, 2239 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.116-117); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.24-25, 101-105); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,320 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.121-125); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.109); - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il və xx.xx.2015-ci il təvəllüdlü övladları var (İ cild, i.v.119-120); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-486/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasının ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə həbsə alındığı andan – 23 sentyabr 2022-ci il tarixdən hesablanmalı və onun hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,320 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,320 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar