Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-284/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 2001-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, tələbə, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsi, şəhid K.Həsənov adına küçədə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, 10.03.2021-ci il tarixdə, saat 20 radələrində, ünvan 1 ünvanın yaxınlığında yerləşən avtomobil qarajının qarşısında, X2, aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlər zəmnində baş nahiyəsindən yumruqla qəsdən vuraraq ona - sağ göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlivi, baş alın nahiyəsinin qançır-şişkinliyi ( dərialtı hematoması) və sıyrığı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər yetirmişdir. Təqsirləndirilən şəxs Ə.N.Əhmədli məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır, özü isə Azərbaycan Dövlət İqtisad Universitetində, Maliyyə və Mühasibatlıq fakültəsində təhsil aldığı üçün, müvəqqəti olaraq, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində dəqiq ünvanını bilmədiyi mənzildə, tələbə yoldaşları ilə birlikdə kirayə yaşayır. Ailəsinin maddi durumu çətin olduğundan, boş vaxtlarında çalışıb təhsil haqqını özü qazanıb ödəməyə çalışır. Bu səbəbdən ünvan 3 ünvanında yerləşən yeni açılmış “NS” çay evində ofisiant kimi işləməyə başlamışdır. Həmin çay evinin öz daimi müştəriləri var və demək olar ki, ancaq daimi müştəriləri ilə çalışır, kənardan çox az müştəri gəlir. 10.03.2021 -ci ıl tarixdə axşam saatlarında, çay evinə daimi müştəri olan Zərərçəkmiş şəxs gəlmişdir. Sonuncu müştəri olmaqla yanaşı, gitara çalmağı bacardığı üçün, ara-sıra gitara ilə obyektə mahnılar çalıb özü üçün istirahət edir. Həmin gün Zərərçəkmiş şəxs adəti üzrə yenidən gitara götürüb mahnı ifa edən zaman onun sərxoş olduğunu gördüm. Qədimov mahnıları lağ-lağı ilə ifa etdiyindən və mahnının sözlərini dəyişib arada söyüş işlətdiyindən müştərilərin narahatlığına səbəb oldu. Artıq bir neçə müştəri onu çağırıb irad bildirdikdən sonra o, Şahinə yaxınlaşmış və ondan mahnı ifa etməsini nəzakətli qaydada dayandırmağı xahiş etmişdir. Şahin sərxoş olduğu üçün onun bu xahişi onun xoşuna gəlməmiş və Əli ilə mübahisə etməyə başlamışdır. Obyektdə mübahisə olmasın deyə o, ona fikir verməmiş və öz işini davam etmişdir. Təxminən 1-2 dəqiqə sonra Şahin onu çölə çıxmağa dəvət etmiş, birlikdə obyektdən çölə çıxıb, yaxınlıqda yerləşən avtomobil qarajının qarşısına getmişlər. Şahinə sərxoş olduğu üçün evə gedib istirahət etməsini məsləhət görməyi onun xoşuna gəlməmiş və onu söyüb təhqir etməyə başlamışdır. Artıq əsəblərini cilovlaya bilmədiyi üçün, onun baş və sinəsindən əli ilə zərbələr vurmuşdur. Bundan sonra Şahin hadisə yerindən çıxıb getmiş, özü isə işinə geri dönmüşdür. Əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxsla barışmasını, ona vurulmuş zərəri ödəməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə X1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 146 ünvanında yerləşən yeni açılmış “NS” çay evinə tez-tez gedib gəlir. Həmin çay evində canlı musiqi olduğundan hərdən özü üçün gitara çalır. 10.03.2021-ci il tarixdə axşam saatlarında istirahət etmək üçün “NS"’ çay evinə getmişdir. Həmin çay evinə getməmişdən qabaq yaşadığı məhəllədə pivə içmişdir. “NS” çay evində olan zaman, o, səhnədə olan gitaranı götürmüş və mahnı ifa etməyə başlamışdır. Təxminən 2-3 mahnı oxuyandan sonra, çay evində ofisiant işləyən Təqsirləndirilən şəxs ona yaxınlaşmış və mahnı ifa etməyini dayandırmağı bildirmişdir. O, isə bildirmişdir ki, həmin çay evinə tez-tez gedir və demək olar ki, hər dəfə orada gitara ilə mahnı ifa edir, müştərilərində xoşuna gəlmişdir. Həmin zaman o bir qədər sərxoş olduğundan Əlinin bu tələbi onun xoşuna gəlməmiş və ondan bunun səbəbini soruşmuşdur. Bu zaman Əli bildirmişdir ki, güva onun gitarada ifa etməyi, çay evində olan müştərilərin xoşuna gəlməyib. O, gitaranı yerə qoymuş və Təqsirləndirilən şəxs ilə söhbət etmək üçün onu obyektdən çölə çıxmasını xahiş etmişdir. Obyektdən çölə çıxıb yaxınlıqda yerləşən avtomobil qarajının qarşısına getmişlər. Əlidən tələbi onu obyektdə pərt etdiyindən bunun səbəbini bir daha aydınlaşdırmaq məqsədi daşıyırmış. Bu zaman Əli ilə aralarında mübahisə yaranmış və sonuncu onun baş nahiyəsindən yumruqla vurmuş, o, sərxoş olduğundan yerə yıxılmış və yerdə Əli onun sinəsindən yumruqla zərbələr vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda təqsirləndirilən şəxs Ə.N.Əhmədli ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, buna görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, məhkəmə baxış iclası 05 may 2021-ci il tarixə saat 09-30-a təyin edilmişdir. Sadələşdirilmiş icraat materialının 28-30-cu vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi Birliyinin 29 mart 2021-ci il tarixli, 160 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, baş alın nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması) və sıyrığı küt əşyanın təsirindən müayinədən bir iki gün əvvəl, qərarın təsviri hissəsində göstərilən 10.03.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Sadələşdirilmiş icraat materialının 8-ci vərəqəsində olan 12 mart 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 23-cü vərəqəsində olan 12 mart 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs Ə.N.Əhmədli barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 70-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 mart 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Ə.N.Əhmədli əvvəllər məhkum edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs Ə.N.Əhmədli ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs Ə.N.Əhmədlinin ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənlərə əsasən, barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Ə.N.Əhmədlinin zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Ə.N.Əhmədlinin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, təqsirləndirilən şəxs Ə.N.Əhmədlinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Ə.N.Əhmədlini məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Ə.N.Əhmədliyə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün.Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-284/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-284/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver