Məhkəmə qərarları › İş №1(006)-284/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-284/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-284/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 05 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4-da qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının 5-də saat 16 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava 99 saylı küçənin 1 saylı mənzilin qarşısında mənzilinə gedən qaz xətti üzərinə quraşdırılmış qaz sayğacının SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərləri Zərərçəkmiş şəxs və Şahid1 tərəfindən digər sayğacla əvəz edilməsinə iradını bildirərək ucadan nalayiq sözlərlə Şahid1 təhqir edən zaman Zərərçəkmiş şəxs ona sakitləşməsini, nalayiq söyüşlər ifadə etməməsini bildirməsindən sonra ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək heç bir əsaslı səbəb olmadan müqavimət göstərərək başı ilə Zərərçəkmiş şəxs vuraraq sağ qaşüstü nahiyədə əzilmiş-cırılmış yarası, sağ göz qapaqları və gözaltı nahiyənin qançır müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci ildə saat 17 radələrində idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən arvadı Heyran ona zəng edərək “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən qazın kəsildiyini bildirmişdir. Bundan sonra o, yaşadığı evin qarşısına getmiş və görmüşdür ki, qaz idarəsinin işçiləri yaşadığı evə gedən qaz sayğacın dəyişirlər, bunun nəticəsində evinə gedən qaz xətti kəsilir. O, sonradan adını öyrəndiyi “Azəriqaz” İstehsalat Birliyinin işçisi Zərərçəkmiş şəxs və onunla birlikdə olan Ramilə yaxınlaşaraq məlumat vermədən onun yaşadığı evə gəldiklərini və onun icazəsi olmadan sayğacı dəyişmələrini onlara irad olaraq bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, Ağamirzəni və onunla birlikdə ora gələn şəxsi söymüş, Ağamirzə ona yaxınlaşıb nalayiq sözlər ifadə etməməsini bildirmiş, o, da başı ilə Ağamirzənin alın nahiyyəsinə bir zərbə vurmuş, zərbədən Ağamirzə yerə yıxılmış, Ramil Ağamirzəni yerdən qaldırmış, sonra da onlar oradan uzaqlaşıb getmişdirlər. Həmin gün əsəbi olmuş, evin kommunal xərclərini bir neçə müddətdir ki, ödəyə bilmədiyi üçün əsəblərinə hakim ola bilməmişdir. Özünü təqsirli hesab etməməsinə baxmayaraq, ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışmasını və hazırda sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X2 avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində çalışır. Belə ki, o, Nəsimi rayonu 3-cü Alatava küçəsində yaşayan sakinlərin qaz sayğacların göstəricələrinin götürülməsi, bildirişlərin paylanması, qəzaya görə borclu olan şəxslərin pul yığımının təşkil edilməsi, qaz sayğacından kənar istifadə hallarının qarşısının alınmasına və qüsurlu sayğacların aşkar edilməsi və onların dəyişilməsini həyata keçirir. xx.xx.2022-ci ildə saat 16 radələrində X1 avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Şahid1lə birlikdə ünvan 2 ünvana getmiş və evin qapısını döymüşdür. Qapını xanım açmış, o, qaz sayğacı dəyişdirilməsini bildirmiş, heç bir etiraz olmamışdır. Sayğac mənzilin giriş qapısının təxminən 2-3 metr kənarında yerləşmişdir. O, Ramillə birlikdə sayğacı əvəzləşdirmiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəlmiş və uca səsələ “sayğacı niyə dəyişmisiniz, mənim pulum yoxdur, mən pul ödəməyəcəm sayğacımı qaytarın yerə qoyun” deyərək nalayiq küçə söyüşləri ilə onları təhqir etmişdir. Ramil də nalayiq söyüşlər söyməməsini Ədalətə bildirmişdir. Lakin Ədalət onun sözlərinə məhəl qoymayaraq Ramilin üstünə hücum etmiş, o da Ramillə Ədalətin arasına girərək sonuncuya söyüş söyməməsini, qonşuların onları gördüyünü bildirmişdir. Ədalət ona yaxınlaşıb əynində olan gödəkçədən, yəni yaxasından tutaraq başı ilə alın nahiyyəsinə zərbə endirmişdir. O, yerə yıxılmış, huşunu itirmişdir. Ramil ona yerdən qalxmağa kömək etmiş, onu X12 aparmışdır, orada ona tibbi yardım göstərmişlər. Təqsirləndirilən şəxs onlara ucadan nalayiq söyüşlər söydüyü üçün, qonşular ora toplaşmış, o, ora toplaşan şəxsləri tanımamışdır. Təqsirləndirilən şəxs onlarla mübahisəsi təxminən 10-15 dəqiqə davam etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə ibtidai istintaq zamanı barışıq əldə etdiyini, bununla bağlı notarial qaydada ərizəsini Nəsimi rayon polis idarəsinə təqdim etdiyini, hal-hazırda da Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını məhkəmə iclasında bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X2 avadanlıqlarının istismarı və təmiri üzrə çilingər işləyir. O, Nəsimi rayonu 3-cü Alatava küçəsində yaşayan sakinlərin qaz sayğacların göstəricələrinin götürülməsi, bildirişlərin paylanması, borclu olan şəxslərin pul yığımının təşkil edilməsi, qaz sayğacından kənar istifadə hallarının qarşısının alınmasına və qüsurlu sayğacların aşkar edilməsi və onunların dəyişilməsini həyata keçirir. Nəsimi rayonu 3-cü Alatava 99, ev 1-də yaşayan Təqsirləndirilən şəxs bir neçə ildir ki, abonent kimi tanıyır. Ədalətin evinə quraşdırılmış sayğacın düzgün işləmədiyini bir neçə ay bundan qabaq aşkar etmiş, bununla bağlı bir neçə dəfə sayğacın pulunun ödənilməsini Ədalətə bildirmiş, lakin sonuncu ona sözlərinə məhəl qoymamışdır. xx.xx.2022-ci ildə saat 16 radələrində X2 avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 3 ünvana getmiş, evin qapısını döymüşdür. Qapını xanım açmış, qaz sayğacının dəyişdirilməsi xanıma bildirilmiş, xanım da heç bir etiraz etmədən razılıq vermişdir. Sayğac mənzilin giriş qapısından təxminən 2-3 metr kənarda yerləşmişdir. Sayğacı əvəzləşdirmiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəlmiş və uca səslə “sayğacı niyə dəyişirsiniz, mənim pulum yoxdur, mən pul ödəməyəcəm sayğacımı qaytarın yerinə qoyun” deyərək nalayiq küçə söyüşləri ifadə edərək onlara ünvanlamışdır. O, da nalayiq söyüşlər söyməməsini Ədalətə bildirmiş, bu zaman Ədalət onun üstünə hücum etmiş ki, onu vursun, Ağamirzə Ədalətə söyüş söyməməsini, qonşuların onu gördüyünü bildirərkən Ədalət Ağamirzəyə yaxınlaşmış, başı ilə Ağamirzənin alın nahiyyəsinə zərbə vurmuşdur. Ağamirzə yerə yıxılmış, o, Ağamirzəni yerdən qaldırmış, sonra isə X12 aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X2 avadanlıqlarının böyük mühəndisi işləyir. 2022-ci ilin aprelin 5-də saat 16 radələrində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Zərərçəkmiş şəxs ona zəng edərək Nəsimi rayonu, 3-cü Alatava 99 saylı küçənin 1 saylı mənzilin qarşısında abonent Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, o, da baş vermiş hadisə ilə bağlı DİN-in “102” xidmət zəng mərkəzinə zəng edib məlumat vermişdir. Ağamirzə və Ramilin dediyinə görə Ədalət heç bir səbəb olmadan başı ilə Ağamirzəni vurmuşdur. Cinayət işinin 39-cu vərəqəsində olan tutma haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübəhli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-67 vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-92-ci vərəqəsində olan təqsirləndiriən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Cinayət işinin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Nəsimi rayon şöbəsinin 07 aprel 2022-ci il tarixli 404 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərsağ qaşüstü nahiyədə əzilmiş-cırılmış yarası, sağ göz qapaqları və gözaltı nahiyyənin qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun X12 müraciət etdiyi xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər. Cinayət işinin 69-70-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 16 aprel 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 76-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işinin 77-78-ci vərəqəsində olan və məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 iyun 2006-cı il təvəllüdlü X9, 16 oktyabr 2007-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı 3 yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işinin 49-50-ci vərəqəsində üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı ifadələrində göstərdiklərini təsdiq etmişlər. Cinayət işinin 71-72-ci vərəqəsində olan zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək 2022-ci ilin aprelin 5-də saat 16 radələrində Nəsimi rayonu, 3-cü Alatava 99 saylı küçənin 1 saylı mənzilin qarşısında Təqsirləndirilən şəxs tərəfindən vurularaq xəsarət yetirildiyini göstərmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-284 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərəçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ailəli olmaqla himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, sonuncunun 06 aprel 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək 06 (altı) ay müddətində həbsdə və ev dustaqlığında qalması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili S.G.Hüseynova məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında qaldığı 06 (altı) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesablanmaqla 01 (bir) il ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili S.G.Hüseynova məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar