Məhkəmə qərarları › İş №1(006)-285/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-285/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-285/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək üzərində gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronlar əldə edib, özündə saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 74 saylı yaşayış binasının qarşısında üzərində gəzdirərkən Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış və sonuncunun əynində olan göy rəngli cins şalvarının qabaq sağ tərəf hissəsində kəmərə keçirilmiş halda 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, funksional əhəmiyyət daşımayan patron darağı və patron darağının içərisində zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli, həmin Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş üçün nəzərdə tutulmuş döyüş sursatı olan 06 patron aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu, Papanin adlanan ərazidə gəzişən zaman hazırda yeri yadında qalmayan zibilliyin yanından keçərkən yerdə tapança görmüş, bundan sonra o, həmin tapançanı götürüb əynində olan göy rəngli şalvarının kəmərinin bel hissəsinə keçirmişdir ki, kənardan heç kim onda silah olmasını görməsin. Bundan sonra o, evə getsə də, silahı heç kimə göstərməmiş və ümumiyyətlə silah tapmağı barədə heç kimə bir söz deməmiş, yəni onda silah olması barədə heç kimdə məlumat olmamışdır. xx.xx.2020-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 74 saylı ünvana gəlmiş, həmin günü, yəni xx.xx.2020-ci il tarixdə saat 17:30 həmin ünvanın qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və 19-cu PŞ-nin əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra, onun ad və soyadını soruşmuşlar, o da özünü polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxsdur. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun üzərində hər hansı qanunsuz əşya olmasını soruşmuş, o da, könüllü olaraq üzərində, yəni əynində olan göy rəngli cins şalvarının kəmərinin qabaq hissəsinə keçirilmiş halda olan 1 ədəd Makarov tipli tapançanı, həmin tapançaya aid 1 ədəd patron darağını və 6 ədəd 9 mm patronlar olmasını bildirmiş, bundan sonra polislər ondan silahı alıb onu öz avtomobillərinə otuzduraraq, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin inzibati binasına getməyini təklif etmişlər. O da, polislərin təklifi ilə Nəsimi RPİnin 19-cu PŞ-nin inzibati binasına gəlmişdir. Polis Şöbəsində polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirmiş və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmiş, daha sonra polis əməkdaşları ondan dövlət hesabına vəkil istəyib-istəmədiyini soruşduqda cavabında vəkilə ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra onun qarşısına vəkillərin siyahısı qoyulmuş və vəkil seçməyini demişlər. Təklif olunan vəkillər siyahısından dövlət hesabına müdafiəçini seçdikdən sonra həmin müdafiəçi dəvət olunmuş və müdafiəçi gəldikdən sonra onun iştirakı ilə videoçəkiliş vasitəsilə axtarış aparılmışdır. Axtarışda iştirak etmək üçün 3 nəfər şahidi, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, onun əynində göy rəngli cins şalvar, göy rəngli qısaqol yay köynəyi, həmin köynəyinin üstündə isə sarımtıl rəngli uzunqol düyməli köynək və qara rəngli ayaqqabı olmuş, baxış zamanı onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. O, “Papanin” adlanan ərazidə olan zibillikdən tapdığı 1 ədəd Makarov tipli tapançanı, həmin tapançanın üzərində olan 1 ədəd darağı və 6 ədəd patronları polisə təhvil vermək istəmiş lakin,polisə müraciət elməkdən qorxmuş və ona inanmayacaqlarını düşünmüşdür. O, əldə etdiyi qeyd olunan 1 ədəd Makarov tipli tapançanı, həmin tapançaya aid olan darağı və 6 ədəd patronları satmaq fikrində olmamış sadəcə qorxusundan üzərində gəzdirmiş, lakin imkan olmadığından həmin silahı hər hansısa zibilliyə belə tullaya bilməmişdir. Hal-hazırda törətdiyi əməli səmimi etiraf edərək peşman olduğunu bildirərək ona yüngül cəza təyin olunmasını xahiş etdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxx 2020-ci il tarixdə ona qərəzsiz və mötəbər mənbədən daxil olmuş məlumata əsasən məlum olmuşdur ki, Sumqayıt şəhərində yaşayan Bakı şəhəri, Nəsimi rayonu ərazisinə tez-yez gəlib gedən “İlkin” adlı şəxs qanunsuz, olaraq silah əldə edib saxlayır, daşıyır və gəzdirir. Həmin məlumat əsasında Şahid1 tərəfindən rəhbərliyə məruzə olunmuş, rəhbərliyin göstərişi və Şahid1 rəhbərliyi ilə onun və 19-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmış, onlar birlikdə müəyyən edilmiş yerə gedərək “İlkin” adlı şəxsi müşahidəyə götürmüşlər. Həmin günü, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 17:30 radələrində Nəsimi rayonu, Moskva prospektində yerləşən 74 nömrəli yaşayış binasının qarşısında “İlkin” adlı şəxs tərəflərindən saxlanılmış və onlar “İlkin” adlı şəxsə polis işçiləri olduqlarını bildirmişlər, həmçinin İlkin də özünü onlara təqdim edərək Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olmasını bildirmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə məlumat olduğunu bildirdikdə Təqsirləndirilən şəxs könüllü olaraq üzərində, yəni əynində olan göy rəngli cins şalvarının kəmərinin qabaq hissəsinə keçirilmiş halda olan 1 ədəd Makarov tipli tapançanı, həmin tapançaya aid 1 ədəd patron darağını və 6 ədəd 9 mm patronlar olmasını bildirib silahı göstərmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs silahı alıb sonuncunu öz avtomobillərinə otuzdurmuşlar. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin inzibati binasına getməyini təklif etmişlər, sonuncu da onların təklifi ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gəlmişdir. 19-cu Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilmiş və bunun üçün video çəkilişdən istifadə ediləcəyi deyilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkil istəyib-istəmədiyi soruşulmuş, o, da vəkil istədiyini dedikdən sonra onun qarşısına vəkillərin siyahısı qoyulmuş və vəkil seçməyi deyilmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin siyahıdan dövlət hesabına müdafiəçi seçilmiş və həmin vəkil dəvət olunmuş, bundan sonra şəxsin üzərinə axtarış keçirilməyə başlanmışdır. Axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarışda iştirak etmək üçün 3 nəfər şahid, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmiş, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, sonuncunun əynində göy rəngli cins şalvar, göy rəngli qısaqol yay köynəyi, həmin köynəyinin üstündə isə sarımtıl rəngli uzunqol düyməli köynək və qara rəngli ayaqqabı olmuş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd Makarov tipli tapança, həmin tapançaya aid 1 ədəd patron darağı və 6 ədəd 9 mm patronlar qablaşdırılaraq məhkəmə ballistik ekspertizasına göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili X6 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 20/283R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim olunmuş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrliMakarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 06 ədəd patronlarzavod üsulu ilə istehsal olunmuş 9x18mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar (i/v 56-60). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi Rəşad Əhmədzadəyə ünvanlanan xx.xx.2020-ci il tarixli, 011-6205-1220 saylı məktubdan görünür ki, 01 ədəd 9 mm kalibrli, N-si silinmiş, Makarov konstruksiyalıPM modelli tapançadan ekperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i/v 115). İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bir ədəd zavod üsulu ilə keçmiş “SSRİ”dövlətində istehsal olunmuş 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, tapança, bir ədəd patron darağı, 06 ədəd 9x18 mm kalibrli həmin Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş üçün nəzərdə tutulmuş patronlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v 85). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən çəkilmiş video görüntülərin yazıldığı 01 ədəd DVD diskin və əməliyyat çəkilişini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (i/v 128-133). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 110-113). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 4(006)-323/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 107-108). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı 01 ədəd nömrəsi silinmiş tapança, 01 ədəd patron darağı, ekspertiza tədqiqatından sonra qalan 03 ədəd 9x18 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(006)- 285/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki,Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd nömrəsi silinmiş tapança, 01 ədəd patron darağı, ekspertiza tədqiqatından sonra qalan 03 ədəd 9x18 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat və X1 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar