Məhkəmə qərarları › İş №1(006)-285/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-285/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-285/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxx” MTK-da işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13.03.2021-ci il tarixdə təxminən saat 12:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov 1 küçəsində yerləşən 1 saylı KTM-nin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir neçə dəfə yumuruq zərbələri endirərək ona sol gicgah nahiyyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan qançır şişkinliyi (dərialtı hematoması) kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən hadisə baş verən gün də daxil olmaqla ünvan 3 ünvanında yerləşən “xxxx" MTK-da komendant işləmiş, hər gün səhər saat 09:00-da işə gələrək növbəti gün saat 18:00-da işdən çıxıb evə getmişdir. 13.03.2021-ci il tarixində işdə olan zaman saat 12:00 radələrində həmin MTK-da mühafizəçi işləyən Zərərçəkmiş şəxs ona imkanı varsa evinə aparmasını xahiş etmiş, o, işi çox olduğundan ilk növbədə onunla razılaşmasa da, sonradan onunla razılaşaraq özünə məxsus “Xəzər” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək kirayə yaşadığı ünvan 4 ünvanına getmişlər. Yolda olarkən S.Şəbiyev onun fevral ayından əmək haqqından kəsir qalan 50 manat pul vəsaitini nə vaxt verəcəyini soruşduqda o, hər gün bu barədə sual verməsini deyərək imkan olan zaman əmək haqqından kəsir qalan 50 manat pul vəsaitini verəcəyini bildirmişdir. Həmin zaman o, əsəbi olduğu üçün S.Şəbiyevə nalayiq ifadələrlə cavab vermiş, bu zaman Zərərçəkmiş şəxs eyni qaydada onu təhqir edərək öz haqqını ondan istədiyini bildirdikdə, o, yenidən nalayıq ifadələrlə Zərərçəkmiş şəxs təhqir edərək avtomobilini 1 saylı KTM-nin yaxınlığında saxlayaraq sonuncunu avtomobilindən qovmuş, Zərərçəkmiş şəxs onu yenidən eyni ifadələrlə təhqir edib avtomobildən endikdə, o, həmin zaman hirslənərək sonuncunun arxasınca gedib ona yaxınlaşaraq bir neçə dəfə baş nahiyyəsindən yumruq zərbələri endirərək xəsarət yetirib, həmin yerdən avtomobilinə əyləşərək çıxıb getmiş və hadisə baş verən zaman onların yanında başqa heç kim olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmamış və baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin dekabr ayından ünvan 3 ünvanında yerləşən “xxxx" MTK-da mühafizəçi işləmişdir. 13.03.2021-ci il tarixdə iş növbəsindən çıxarkən özünü pis hiss etdiyinə görə həmin MTK-da komendant işləyən Təqsirləndirilən şəxs imkanı olarsa onu evə aparmasını xahiş etmiş, Təqsirləndirilən şəxs ilk öncə istəməsə də, sonradan razılaşaraq ona məxsus “Xəzər” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət 29 ünvanına tərəf getmişlər. Yolda olarkən o, Təqsirləndirilən şəxs fevral ayından əmək haqqından kəsir qalan 50 manat pul vəsaitini nə vaxt verəcəyini soruşduqda sonuncu, onu nalayiq ifadələrlə təhqir edərək yaxın günlərdə kəsir qalan 50 manat pul vəsaitini qaytaracağını bildirmişdir. Həmin zaman o, eyni qaydada Təqsirləndirilən şəxs söyərək öz haqqını ondan istədiyini bildirdikdə, sonuncu onu yenidən nalayıq ifadələrlə təhqir edərək avtomobilini 1 saylı KTM-nin yanında saxlayaraq onu həmin avtomobildən qovmuşdur. O, sonuncunu yenidən eyni nalayiq ifadələrlə təhqir edərək həmin avtomobildən endikdə, Təqsirləndirilən şəxs arxasınca enərək ona yaxınlaşıb bir neçə dəfə baş nahiyyəsindən yumruq zərbələri endirərək ona xəsarət yetirmiş, daha sonra həmin yerdən avtomobilinə əyləşib çıxıb getmişdir. Həmin vaxt onların yanında başqa heç kim olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmamış və baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə üzrə icraata xitam verilməsini xahiş edərək, bununla bağlı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 30.03.2021-ci il tarixli 165 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət – sol gicgah nahiyyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır şişkinliyi (dərialtı hematoması) küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən 13.03.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (i/v 26-27). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 24). Məhkəməyə təqdim edilmiş 29 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-285/2021 saylı, 02.04.2021-ci il tarixli qərara əsasən 02.04.2021-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar