Məhkəmə qərarları › İş №1(006)-285/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-285/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-285/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Lənkran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 6-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 0,304 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 mart 2024-cü il tarixdə saat 13:50-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,304 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır, əvvəllər məhkum olunmamış, hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç yerdə işləmir, fəhlə işləyərək pul qazanıb ailəsini dolandırır. O, uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 25 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə olan zaman adının “Fərid” olduğunu bildiyi narkotik vasitə istifadəçisi kimi tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin təşkil etməsini xahiş etmişdir. “Fərid” adlı şəxs 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetami 25 manata ona vermişdir. O da həmin bükümləri fürsət olanda istifadə etmək məqsədi ilə əynindəki şalvarın sol yan cibinə qoyub üzərində saxlamışdır. Daha sonra həmin tarixdə saat 13:50də Nəsimi rayonu Ə.Topçubaşov küçəsi 99 ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, Nəsimi rayon polis idarəsinin X2 əməkdaşları olduqlarını bildirmişlər və özlərini təqdim etməsini xahiş etmişlər. O özünü polis əməkdaşlarına təqdim etdikdən sonra, polis əməkdaşları onun qanunsuz olaraq nakotik vasitələr əldə etməkdə, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmiş və Nəsimi rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis İdarəsinə getmişdir. Polis idarəsində ona üzərində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd Argo markalı siqaret qutusunu, 01 ədəd alışqanı, şalvarının arxa sağ cibindən 01 ədəd özünə məxsus Redmi 12 markalı mobil telefonu və şalvarının sol yan cibindən 02 ədəd bükümləri təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və başqa hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi siqaret qutusu və alışqan özünə geri qaytarılmışdır. Bundan sonra bükümlər açılmış, içərisində qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli maddə olması müəyyən edilmişdir. Həmin bükümlərin “kakos” və “patı” olduğunu, həmin maddələri “Kubinka” adlanan ərazidə “Fərid” adlı səxsdən öz şəxsi istifadəsi üçün 25 manata almışdır. Bundan sonra içərisi boş olan 02 ədəd zərfə onun təqdim etdiyi bükümlər və 01 ədəd mobil telefon qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə metamfetamindən istifadə etməmiş və heç kimə pay verməmiş, həmçinin yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. O, narkotik vasitə aldığı “Fərid” adlı şəxsin anket məlumatlarını və istifadə etdiyi mobil telefon nömrəsini bilmir. “Fərid” adlı şəxsi sadəcə üzdən tanıyır, sonuncunun narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bilir. O əvvəllər “Fərid” adlı şəxsdən narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin almamışdır. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman, eləcə də Nəsimi RPİ-də ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, aldığı narkotik vasitə və psixotrop maddədən istifadə etmədiyini nəzərə alaraq, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 25 mart 2024-cü il tarixdə “Əli” aldı şəxsin ünvan 5 ünvanın qarşısında narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Nəsimi RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat Şahid1 tərəfindən raportla RPİ-nin rəhbərliyinə məruzə olunmuş və Əli adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuşdur. Bundan sonra Əli adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 13:50 dəqiqədə Şahid1lə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbirləri zamanı Nəsimi rayonu Ə.Topçubaşov küçəsi 99 saylı ünvanın qarşısında özünü şübhəli aparan orta yaşlı bir kişiyə yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməkdə, saxlamaqda, gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu deyərək sonuncunu dəvət edib Polis İdarəsinə gətirmişlər. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı Zaur Hacızadə tərəfindən Bakı şəhəri Xəzər Konsaltinq Vəkil Bürosunun vəkili Fərhad Əliyev müdafiəçi qismində RPİ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılacaq şəxsi axtarış və götürmə prosesində videoçəkiliş aparması üçün Nəsimi RPİ-nin KTQ-nun inspektor kriminalisti Bahadur Bəxtiyarov mütəxəssis qismində dəvət olunmuş, bundan sonra müdafiəçinin, mütəxəssisin, onun və Şahid1 iştirakı ilə təhqiqatçı Zaur Hacızadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı Zaur Hacızadə tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd Argo markalı siqaret qutusu, 01 ədəd alışqan, şalvarının arxa sağ cibindən 01 ədəd Redmi 12 markalı mobil telefon və şalvarının sol yan cibindən 02 ədəd bükümlər çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya prednmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd Argo markalı siqaret qutusu təhqiqatçı tərəfindən açılanda içərisində 3-4 ədəd papiros olması müəyyən edilmiş və siqaretlə alışqan Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümlər təhqiqatçı tərəfindən açıldıqda isə birinin içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddə olması müəyyən edilmişdir. Həmin bükümlər barədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verildikdə, sonuncu həmin bükümlərdə “kokos” və “patı” olduğunu, həmin maddələri “Kubinka” adlanan ərazidə “Fərid” adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 02 ədəd bükümlər və 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən ayrı-ayrılıqda 02 ədəd zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəri möhürlənmiş və zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı polis baş leytenantı Zaur Hacızadə tərəfindən tərtib edilmiş və həmin Şöbənin əməliyyat müvəkkili Şahid1, həmin bölmənin kiçik inspektoru polis serjantı Şahid2, Xəzər Konsaltinq Vəkil Bürosunun vəkili X8, mütəxəssis (ekspert) Nəsimi rayon Polis İdarəsinin KTQ-nun inspektor kriminalisti X4, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən 01 ədəd Redmi 12 markalı üzərində ***-***-**-** GSM nömrəsi olan mobil telefonu, 01 ədəd alışqan, 01 ədəd Argo markalı siqaret qutusu və 02 ədəd ağ kağıza bükülmüş bükümləri təqdim etmişdir. O təqdim etdiyi bükümün içərisindəki maddənin “patı” digər bükümün içərisindəki maddənin “kakos” olduğunu, öz istifadəsi üçün Nəsimi rayonu Kubinka adlanan ərazidə “Fərid” adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Daha sonra paltarlarına baxış keçirilmiş, 01 ədəd alışqan və 01 ədəd Agro markalı siqaret qutusu əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmş, 01 ədəd Redmi 12 markalı mobil telefon aşkar olunmuş, İstintaq Şöbəsinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və 186 saylı möhürlə möhürlənərək götürülmüşdür (i/v 49-51). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-134/2024 sylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (i/v 24, 106-109). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 110-111). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/1648 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186 dairəvi möhür əksi, “....Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza: dörd-imza, Tərtib etdi: Z.Hacızadə-imza,...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroin; 01 (ədəd) bükümdəki təmiz çəkisi 0,126 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına; metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir (i/v 60). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 677 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 130-131). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində AZərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 94). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunduğundan, onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,126 qram olan psixotrop maddə metamfetaminə görə inzibati məsuliyyətə cəlb olunmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan narkotik vasitə heroin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,254 qram olan narkotik vasitə heroin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,126 qram olan psixotrop maddə metamfetaminin tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,076 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i/v 134-142). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini xeyli miqdarda əldə etməsi, daşıması və saxlaması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə olan heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ondan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİnin maddi sübutların saxlanc abarında saxlanılan, ümumi təmiz çəkisi 0,304 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,254 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc abarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,126 qram olan və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,076 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesablarına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-285/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5, daha sonra vəkilin vəkillik fəaliyyətinə xitam verilməsi ilə əlaqədar Nəsimi rayon Məhkəməsinin 1(006)-285/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə yenidən vəkil təyin edilərək xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat və 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ümumi təmiz çəkisi 0,304 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,254 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc abarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,126 qram olan və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,076 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar