Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-286/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 2007-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaradonlu Ə/D, Çahar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Belə ki, o, orta dərəcəli sərxoşluq halında 13 dekabr 2024-cü il tarixdə, saat 21:50 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Yamaha FZ S” markalı 99-C-630 dövlət qeydiyyat nişanlı motosiklın mühərrikinin işlək vəziyyətdə olmasından istifadə edərək sükanı arxasına keçib idarə etməklə başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında “Nizami” metrosu yaxınlığında yerləşən kafelərin birində dostları ilə birlikdə yemək yeyib spirtli içki qəbul etmişdir. O həmin kafedən çıxıb piyada “Kubinka” adlanan əraziyə getmək istəmiş və həmin ərazidə qohumu yaşadığı üçün onunla görüşmək istəmişdir. Həmin gün saat 21:50 radələrində Nəsimi rayonu, Rəsul Rza küçəsi 70 ünvanının qarşısında olarkən mühərriki işlək vəziyyətdə olan və açarı üzərində olan motosikl görmüşdür. O, spirtli içki qəbul etdiyi üçün motosikla minib oradan uzaqlaşmışdır. Əvvəllər motosikl idarə etmədiyi üçün həmin motosiklla aşağı sürətlə hərəkət etmişdir. Təxminən iki-üç dəqiqə sonra sərxoş olduğu üçün motosikli aşırmışdır. Yaxınlıqda olan iki nəfər PPX əməkdaşı ona yaxınlaşmış və polis əməkdaşları onu sorğu-sual etdikdən sonra motosiklın dostuna məxsus olduğunu bildirmişdir. Daha sonra motosiklın dostuna yox, başqa bir vətəndaşa məxsus olması polis əməkdaşlarına məlum olmuşdur. Bundan sonra YPX əməkdaşları dəvət olunmuş və onlar tərəfindən motosikl duracağa aparılmışdır. O isə PPX əməkdaşları tərəfindən 21-ci Polis Bölməsinə dəvət olunmuşdur. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə olaraq, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2024-cü ilin avqust ayının 4-də “Wolt” şirkətində kuryer işləmək üçün Nicat Mansurov adlı şəxsdən 99-C-630 dövlət qeydiyyat nişanlı “Yamaha FZ S” markalı motosikl almışdır. Zərərçəkmiş şəxs sürücülük vəsiqəsində “A” kateqoriyası olmadığı üçün Nicat Mansurov, dostu Şahid3 onlayn notariat qaydada motosikli idarə edə bilmək üçün baş etibarnamə vermişdir. Həmin tarixdən etibarən hər ikisi motosikli idarə edərək kuryer işləmişlər. xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində ünvan 4 ünvanında yerləşən suşi satılan obyektin qarşısına motosiklla gəlmişdir. Motosiklı işlək vəziyyətdə, açarı üstündə parklanma yerində saxlayıb obyektə daxil olmuş və obyektdə sifarişin hazırlanmasını gözləmişdir. Təxminən 10 dəqiqə sonra bir nəfər şəxs obyektə daxil olaraq motosiklın naməlum şəxs tərəfindən sürüldüyünü ona bildirmişdir. Zərərçəkmiş şəxs cəld şəkildə obyektdən çıxmış və motosiklın naməlum şəxs tərəfindən qaçırıldığını görmüşdür. Sonradan istintaq dövründə ona motsiklı qaçıran şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid1, X3 və Şahid3 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 14 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rahim Bəhmənov tərəfindən Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i/v 1). İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus "Yamaha FZ S" markalı 99-C-630 dövlət qeydiyyat nişanlı motosikl Nəsimi rayonu, Rəsul Rza küçəsi 70 ünvanının qarşısında qaçırılmışdır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya götürülməmişdir (i/v 9-13). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 59-60). İşdə olan qətimkan tədbirinin seçilməsi haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i/v 82-83). İş materiallarında olan Baxış keirilməsi haqqında 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış Zərərçəkmiş şəxs məxsus 99-C-630 dövlət qeydiyyat nişanlı "Yamaha FZ S" markalı motosikla baxış keçirilən zaman motoskletin sol yan güzgüsünün çatlaması, motosiklın gövdəsində zədələr olması aşkar olunmuşdır. (i/v 89-90). İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanınmaq haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 99-C-630 dövlət qeydiyyat nişanlı "Yamaha FZ S" markalı motosikl mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanmaq üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır (i/v 94). İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, 99-C-630 dövlət qeydiyyat nişanlı "Yamaha FZ S" markalı motosikl sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 97). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 114). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törtəməsi özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə sübuta yetirilir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinin tələbinə görə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 99-C-630 dövlət qeydiyyat nişanlı "Yamaha FZ S" markalı motosiklın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-286/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Pro Bono” Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 99-C-630 dövlət qeydiyyat nişanlı "Yamaha FZ S" markalı motosiklın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-286/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-286/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver