Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-287/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Müslüm Maqomayev küçəsi, ev 109-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev küçəsi, ev 251-də yerləşən məhəllənin ümumi girişində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sağ əl nahiyəsindən qəsdən yumruq zərbəsi ilə vuraraq ona sağ mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan, sağ said və mil-bilək oynağı nahiyələrinin şişkin fonda geniş həcmli hematoması kimi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş və birgə nikahdan 2008-ci il təvəllüdlü X2 və 2009-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. 2019-cu ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq boşansalar da, birlikdə Bakı şəhəri, Yasamal rayonu, 3-cü Alatava qəsəbəsində yerləşən evdə yaşamışlar. 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs övladları ilə birlikdə evdən getmiş və bacısına məxsus Qobu qəsəbəsində yerləşən evə köçmüşdür. Bundan sonra o, bir neçə dəfə Zərərçəkmiş şəxs ilə barışmaq istəmiş, dəfələrlə birlikdə yaşamağı təklif etmiş, lakin sonuncu hər dəfə buna etiraz edərək onu təhqir etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdən çıxıb uşaqlarının təhsil aldığı məktəbin yaxınlığına getmişdir. Bir qədər gözlədikdən sonra uzaqdan Zərərçəkmiş şəxs uşaqları məktəbə gətirdiyini görmüş və onlara yaxınlaşmadan gözləmişdir. Uşaqlar məktəbə daxil olduqdan sonra o, Zərərçəkmiş şəxs arxası ilə getmiş və onu səsləmişdir. Sonuncu onu görmüş və heç bir reaksiya vermədən avtobusa minmişdir. O da həmin avtobusa minmiş və kənarda dayanaraq ona baxmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Heydər Əliyev adına” sarayın yaxınlığında Zərərçəkmiş şəxs avtobusdan düşərək işlədiyi yerə doğru hərəkət etdiyi üçün o da onun arxasınca getmiş və “Artur Jafar” gözəllik salonun qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq söhbət etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə söhbət edən zaman sonuncuya barışmaq və ailəsini yenidən bir araya gətirmək istədiyini söyləmişdir. Bunun qarşısılığında Zərərçəkmiş şəxs onu təhqir etmiş və sifətindən əli ilə şillə vurub keçib getmək istəyən zaman o, əsəbləşərək onun sağ əlindən əli ilə zərbə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs işlədiyi məkana daxil olduğu üçün oranı tərk edərək evə getmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. İşə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və birgə nikahdan iki övladları dünyaya gəlmişdir. 2019-cu ildə Təqsirləndirilən şəxsla rəsmi olaraq boşansalar da, övladlarının xatirinə yenidən birlikdə yaşamışlar. 2022-ci ilin mart ayında artıq Təqsirləndirilən şəxs ilə münasibətləri pisləşdiyi üçün övladlarını da götürüb evdən getmiş və öz bacısına məxsus Qobu qəsəbəsində yerləşən evə köçmüşdür. Keçmiş yoldaşı Təqsirləndirilən şəxs bir neçə dəfə onunla barışmaq istəmiş, lakin o, ona bunun mümkün olmadığını bildirərək narahat onu etməməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə övladlarını məktəbə gətirib dərsə ötürmüş və öz iş yerinə qayıdan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Bu zaman heç bir reaksiya bildirmədən avtobusa minmiş və Bakı şəhəri, Füzuli küçəsində yerləşən “Heydər Əliyev adına” sarayın yaxınlığında avtobusdan düşmüşdür. İşə tərəf addımlayan zaman Təqsirləndirilən şəxs yenidən ona yaxınlaşmış və barışmaq istədiyini bildirmişdir. O da ondan əl çəkməsini dəfələrlə xahiş etsə də, sonuncu onu iş yerinin qarşısına kimi təqib etmişdir. İş yerində problem yaranmasın deyə yaxınlıqda yerləşən binanın ümumi girişinə daxil olaraq Natiqlə söhbət etmişdir. Natiq onun barışmadığını görüb nalayiq sözlər işlətdiyi üçün o, onun sifətindən əli ilə şillə vuraraq yanından keçib getmək istəyən zaman Təqsirləndirilən şəxs onun sağ əlindən əli ilə bərk zərbə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 604 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ said və mil-bilək oynağı nahiyələrinin şişkin fonda geniş həcmli hematoması küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.33-34); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.48). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-287/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-287/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver