Məhkəmə qərarları › İş №1(006)-287/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-287/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-287/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İ.Əbilov küçəsi ev 170-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 1,160 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 mart 2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 111 saylı ünvanın qarşısında saxlanılaraq 21-ci Polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindəki kibrit qutusunun içərisindən 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,116 qram, 0,103 qram, 0,098 qram, 0,090 qram, 0,083 qram, 0,088 qram, 0,117 qram, 0,078 qram, 0,061 qram, 0,060 qram, 0,065 qram, 0,096 qram olmaqla ümumi təmiz çəkisi 1,160 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, tutulduğu günədək narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2023-cü il tarixində saat 23:00 radələrində “Kubinka” adlı ərazidə yerləşən məscidin yanına getmiş və sadəcə üzdən tanıdığı özünü “Qulam” kimi təqdim edən şəxsdən öz şəxsi tələbatı üçün 70 manata 13 bükümdə narkotik vasitə heroin almışdır. O, narkotik vasitəni əvvəllər olduğu kimi 1 qram miqdarında almaq istəsə də, “Qulam” adlı şəxs bütövlükdə 1 qram miqdarında narkotik vasitə olmadığını, yalnız kiçik bükümlərdə ümumilikdə 1 qram miqdarında narkotik vasitə sata biləcəyini bildirmişdir. O, ağrıları olduğuna görə ümumilikdə 13 büküm narkotik vasitəni almış və gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 111 saylı ünvanın qarşısında hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis olduqlarını bildirdikdən sonra, narkotik vasitələrin daşıması ilə bağlı şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O, üzərində narkotik vasitə olduğunu bildirmiş və həmin narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Lakin onu saxlayan 3-4 nəfər şəxs olsa da, həmin şəxslərin içərisində Şahid1 olmamışdır. Daha sonra onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına gətirmişlər və ona azadlığa buraxılacağı vədi verilmişdir. Bundan sonra üzərinə videoçəkilişlə baxış keçirilmiş və o, 13 ədəd kağız bükümlərin olduğu 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Ona təqdim etdiyi bükümlərin içərisindəkinin nə olduğu soruşulmuş və o, həmin bükümün içərisindəkilərin narkotik vasitə heroin olduğunu, öz şəxsi tələbatı üçün həmin narkotik vasitəni “Kubinka” adlı yerdə məscidin yaxınlığında sadəcə üzdən tanıdığı “Qulam” adlı şəxsdən 70 manata aldığını bildirmişdir. İfadəsinin sonunda narkotik vasitənin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 03 mart 2023-cü il tarixdə “Vaqif” adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupunun digər üzvü ilə birlikdə ünvan 1 ünvanda saat 10:00-dək gözlədikdən sonra Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini görmüşlər, sonuncuya yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirdikdən sonra üzərində narkotik vasitə olması barədə məlumata malik olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində özünün şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz şəxsi avtomobili vasitəsilə Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilərkən sonuncunun əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd kibrit qutusunun içərisindən 13 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin maddə barədə sorğu-sual edərkən Təqsirləndirilən şəxs maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni «Kubinka» kimi tanınan yerdən istifadə etmək məqsədi ilə aldığını bildirmiş, daha sonra həmin bükümlər təhqiqatçı tərəfindən həqiqətən də narkotik vasitə olmasının müəyyənləşdirilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmış və imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı fiziki və ya psixi təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 03 mart 2023-cü il tarixdə “Vaqif” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupunun digər üzvü ilə birlikdə ünvan 1 ünvanda saat 10:00-dək gözlədikdən sonra Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini görmüşlər, sonuncuya yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirdikdən sonra üzərində narkotik vasitə olması barədə məlumata malik olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində özünün şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu demişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs onlar Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd kibrit qutusunun içərisindən 13 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin maddə barədə sorğu-sual edilərkən Təqsirləndirilən şəxs maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni «Kubinka» kimi tanınan yerdə “Qulam” adı ilə tanıdığı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirmiş, daha sonra həmin bükümlər təhqiqatçı tərəfindən həqiqətən də narkotik vasitə olmasının müəyyənləşdirilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı fiziki və ya psixi təsir edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10:40-da şübhəli şəxs qismində tutulmuşdur (i/v 25-26). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Əməlin tövsif olunması haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir (i/v 75). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmişdir (i/v 77-78). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-131/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “Həbs” qətimkan tədbiri seçilmişdir (i/v 96-99). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 6/1307 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd kibrit qutusunda 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,116 qram, 0,103 qram, 0,098 qram, 0,090 qram, 0,083 qram, 0,088 qram, 0,117 qram, 0,078 qram, 0,061 qram, 0,060 qram, 0,065 qram, 0,096 qram, ümumi çəkisi-1,160 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i/v 61-63). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 20 may 2023-cü il tarixli 3076 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 117-118). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin təhqiqatçısı İlkin Nəbizadə tərəfindən tərtib edilmiş və həmin İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət olunmuş X7 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən içərisində 13 ədəd kağız büküm olan 01 ədəd kibrit qutusunu, özünə aid şəxsiyyət vəsiqəsini və “KGTEL N150” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi gödəkçəsinin və uzunqol sviterinin ciblərinə, qollarına və ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra geyindiyi şalvarının sağ, sol yan, arxa ciblərinə, həmçinin kəmərinin ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş və o, ayaqqabılarını çıxarıb silkələmiş və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan büküm barədə məlumat verməsi bildirilmişdir. O içərisində 13 ədəd kağız bükümdə olan maddənin “heroin” olduğunu, öz şəxsi tələbatı üçün həmin nakotik vasitəni xx.xx.2023-cü il tarixində saat 09 radələrində “Kubinka” adlı yerdə məscidin yaxınlığında sadəcə üzdən tanıdığı və özünü “Qulam” kimi özünü təqdim edən şəxsdən 70 manata şəxsi tələbatı üçün aldığını bildirmişdir. Mobil telefon özünə aiddir və istifadə edir. Bundan sonra iştirakçılara həmin sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində 13 ədəd kağız büküm olan 01 ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq zərfin ağzı Nəsimi RPl-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Saxlanilan Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə polis əməkdaşları tərəfindən PB-yə gətrilən zaman və PB-də olduğu zaman hər hansı bir zorakılığın olub-olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşıları tərəfində polis bölməsinə gətirilən zaman və orada olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Protokol tərtib olunması üçün videoçəkiliş müvəqqəti olaraq dayandırılmışdır. Tərtib olunmuş protokol iştirakçılara və şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs ucadan oxunmuş, “tərtib olunmuş protokola dair hər hansı bir şikayət və ya vəsatətiniz varmı?” sualına iştirakçılar və saxlanılan şəxs Təqsirləndirilən şəxs, heç bir şikayət və vəsatət olmadığını bildirmişlər. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 52-54). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra ümumi xalis çəkisi 0,770 qram olan narkotik vasitə-heroin saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə məsul saxlanca verilmişdir (i/v 103). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 115-116). Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs arvadı X2 yazdığı ərizədən görünür ki, X5 Təqsirləndirilən şəxs ilə xx.xx.2022-ci il tarixdən qeyri rəsmi nikahdadır. Həmin qeyri rəsmi nikahdan bizim xx.xx.2022-ci il tarixli Həsənova Məhluqə adlı bir qız övladımız var. Həyat yoldaşım Təqsirləndirilən şəxs mənim və uşağının qayğısına qalır. Biz ailə olaraq birlikdə yaşayırıq. X3 doğum şəhadətnaməsində mənim atamın (uşağın babasının) adı ata adı kimi göstərilmişdir. Məhkəməyə təqdim olunmuş doğum şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlamaması barədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təhqiqatçıya təqdim etmiş, verdiyi ifadələri təsir və təzyiq altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin, cinayət tərkibinin olması, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, onun əməlinin ittihamda CM-in 234.2-ci maddəsi əsasında istinad edilən cinayətin əlamətlərinə uyğun olması sübut edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən, narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 55 (əlli beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,770 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-287/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərara əsasən, 13 iyun 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadiə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinın saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,770 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar