Məhkəmə qərarları › İş №1(006)-287/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-287/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-287/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Kürdəmir şəhəri, H.Aslanov küçəsi, ev 46-da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 42-də yaşayan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 64 saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “VAZ-21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının şüşəsini əli ilə aşağı endirməklə qapını açmış və naqillərini birləşdirmək yolu ilə avtomobilin mühərrikini işə salaraq talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2024-cü ilin oktyabr ayının 28-i, təxminən saat 05 radələrində içkili vəziyyətdə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 64 saylı binanın yanından keçərkən orada avtomobillərin park vəziyyətində dayandığını görmüş və dayanmış “VAZ-21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Həmin avtomobilin sol qabaq qapısının yan şüşəsini bir az aşağı enmiş olduğunu görüb əli ilə həmin şüşəni tam aşağı salmış, avtomobilin sükanı arxasına əyləşərək avtomobilin naqillərini qoparıb bir-birinə birləşdirərək mühərrikini işə salmış və avtomobili oradan sürüb aparmışdır. Avtomobili bir neçə saat şəhərdə idarə etdikdən sonra 29 oktyabr 2024-cü il tarixdə Pirşağı qəsəbəsinə getmiş və orada həmin avtomobili yolun kənarında saxlayaraq qapısını bağlayıb çıxıb getmişdir. Sonra eşitmişdir ki, həmin avtomobili polis əməkdaşları götürmüş və sahibinə təhvil vermişdir. O, həmin avtomobili satmaq məqsədi ilə qaçırmamış, sadəcə olaraq içkili olduğu üçün avtomobili sürüb əylənmək istəmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən maşın bazarından “VAZ-21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 2.800 manata almışdır. 27 oktyabr 2024-cü il tarixdə, saat 20-21 radələrində həmin avtomobili gətirib yaşadığı Nəsimi rayonu, H.Əliyev küçəsi, 64 saylı binanın yanında saxlayan zaman tanımadığı 40-45 yaşında kişi orada kameranın çəkdiyini və əgər istəyirsə onun saxladığı “Toyota Prius” markalı avtomobilin yanında, yəni yaşadığı binanın arxasında ağacların altında saxlamağı bildirmişdir. O da avtomobili aparıb həmin yerdə saxlayıb evə getmişdir. 28 oktyabr 2024cü il tarixdə, saat 08 radələrində həyətə düşmüş və avtomobilini saxladığı yerdə görməmişdir. O, avtomobili tapa bilmədiyinə görə “102” xidmətinə məlumat vermiş, sonra avtomobili tapılaraq ona qaytarılmışdır. Avtomobildə bir az zədə var idi. Hazırda ona vurulmuş zərər ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli qərara əsasən “VAZ-21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır (İ cild, i.v.30, 32); • “Şübhəli şəxsin tutulması haqqında” 01 dekabr 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs azadlığı faktiki həmin günü məhdudlaşdırılmış, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 03 dekabr 2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.47-48, 77-82); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayətlərinə görə iki dəfə məhkum olunsa da, onun hazırda ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v. 90-91). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 185.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ-21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar