Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-288/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bərdə şəhəri, Babək küçəsi, ev 33-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,829, 1,892 və 2,202 qram olmaqla, ümumilikdə 5,923 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin günü saat 19:20-də qeyd olunan ünvanda saxlanılaraq idarəyə dəvət olunmuş, orada onun üzərində axtarış keçirilərkən göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd polietilen bükümlərdə həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 05 yanvar 2021-ci il tarixdə, saat 11 radələrində “Dərnəgül” bazarı yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 25-30 manata bir büküm kağızda “kokos” deyilən narkotik vasitə alıb üzərində saxlamışdır. Həmin günü, axşam vaxtı dostu Nicat Məmmədovla birlikdə onun idarə etdiyi avtomobil ilə ünvanının dəqiq bilmədiyi yerə gəlib maşından düşərək su almaq istəmiş, bu zaman sonradan bildiyi polis əməkdaşları onları saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Baş idarədə üzərində videoçəkilişlə axtarış aparılarkən guya ondan üç büküm heroin aşkar edilmişdir. Göstərilənləri, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində xəstə anasının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 şahid qismində ifadəsində göstərdi ki, 05 yanvar 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə X6 barəsində qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qanunsuz olaraq narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, həmin günü, saat 19:20 radələrində ünvan 1 ünvanda Nicat Məmmədovun idarə etdiyi “Range Rover” markalı avtomobilin yaxınlığında iki nəfər şəxs saxlanılaraq avtomobil ilə birlikdə idarəyə gətirilmişlər. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmədən öncə ona üzərində olan qanunsuz əşyanın təqdim olunması təklif olunmuş, sonuncu da cins şalvarının sağ yan cibindən üç ədəd polietilen bükümlərdə heroinə bənzər maddələri təqdib edib onları istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid1 Şahid4 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmə istintaqında şahid X6 ifadəsində göstərdi ki, 05 yanvar 2021-ci il tarixdə axşam radələrində dostu Təqsirləndirilən şəxsla birlikdə idarə etdiyi avtomobillə “Çay fabriki” deyilən əraziyə gəlmiş, Xəyyam maşından düşüb su almaq istəyərkən qəfildən onun maşınının qarşısını digər avtomobil kəsmiş, oradan mülki geyimli şəxslər düşərək özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib onları idarəyə aparmışlar. Orada onların hər biri ayrı-ayrı otaqlara salınmış, videoçəkilişlə onun və bildiyinə görə Xəyyamın üzərində axtarış keçirilmişdir. Xəyyamın üzərindən dəqiq olaraq nə aşkar olunduğunu bilmir, çünki bilavasitə heç nə görməmişdir. Bununla bağlı ibtidai istintaq dövründə onun ifadəsində əks olunanlar həqiqət deyil, sənədlərə təzyiq altında qol çəkmişdir. İş materiallarında olan: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05.01.2021-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki görüntülərə görə Təqsirləndirilən şəxs və X2 üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində axtarış aparılarkən onların hər ikisi eyni otaqda olmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü, gödəkçəsinin sol yan cibindən mobil telefonu, şalvarının sol yan cibindən pul, sağ arxa cibindən isə şəxsiyyət vəsiqəsini təqdim edir (İ cild, i.v.49-51, 54); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 06.01.2021-ci il tarixli, 6/59 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan kağız paketdəki 03 ədəd polietilen material kəsiyində ayrı-ayrılıqda təmiz çəkiləri 1,829 qram, 1,892 qram, 2,202 qram, ümumi təmiz çəkiləri – 5,923 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs X2 üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 4,313 qram, ümumi təmiz çəkiləri – 4,809 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin kütlələri ilə X2 üzərindən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər. Tədqiqatdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ümumi qalıq çəkisi 5,873 qram, N.Məmmədovun üzərindən aşkar edilmiş heroinin qalıq çəkisi 4,759 qram, aparılmış tədqiqatın dəyəri isə 109,90 manat təşkil edir (İ cild, i.v.71-73); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 Ambulator X1 haqqında 08.02.2021-ci il tarixli, 384 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.254-255); Maddi sübut hesab edilməsi haqqında” 07 yanvar 2021-ci il tarixli və “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 19.03.2021-ci il tarixli qərarlara görə iş üzrə tədqiqatdan sonra qalıq qalan Təqsirləndirilən şəxs aşkar edilmiş 5,873 qram heroin, Nicat Məmmədovdan aşkar edilmiş 4,759 qram heroin və marixuananın qalığı 0,635 qram, ümumilikdə iki ədəd paketdə qablaşdırılan 10,632 qram narkotik vasitə heroin, 0,635 qram narkotik vasitə marixuana və şəxsi axtarışın nəticələri əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, marixuana və heroin saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmiş, disk isə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.186-187, 258-269); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli, 4(005)-13/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 yanvar 2021-ci ildən hesablanmışdır (İ cild, i.v.159-161); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.01.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.200); Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.02.2021-ci il mtarixli, 409 saylı arayışa görə Təqsirləndirilən şəxs Bərdə şəhəri, Babək küçəsi, 33 saylı evdə 1949-cu il təvəllüdlü, pensiyaçı anası X3 ilə birgə yaşayır (İ cild, i.v.244). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində yaşlı anasının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 05 ay 13 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, qalıq qalan 5,873 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 109,90 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Babək küçəsi, ev 33-ü hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bərdə rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, qalıq qalan 5,873 qram narkotik vasitə heroin məhv edilsin, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-288/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-288/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver