Məhkəmə qərarları › İş №1(006)-288/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-288/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-288/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-104/2025 saylı hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 1,549 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2024-cü il tarixdə, saat 12:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,304 qram, 0,452 qram, 0,185 qram və 0,128 qram olmaqla ümumi təmiz çəkisi 1,549 qram təşkil edən kustar üsulla hazırlanmış həmin həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmur. 04 dekabr 2024-cü il tarixdə saat 12:30 radələrində “Kubinka” deyilən ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində “Məşədi Dadaş” məscidinin yanında olan zaman Rasim, Orxan və Mehti adlı əməliyyat müvəkkilləri ona yaxınlaşaraq onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Saxlanılan zaman onun üzərində 01 bükümdə təxminən 1,5 qram çəkidə narkotik vasitə heroin olmuş və həmin narkotik vasitəni saxlanılmamışdan bir gün əvvəl şəxsi istifadəsi üçün almışdır. Lakin polis əməkdaşları həmin 01 bükümdə olan narkotik vasitəni 5 bükümə ayıraraq ona təqdim etmiş, ona fiziki və psixi təzyiq və təsir göstərməklə həmin bükümləri cibinə qoymasını və çəkiliş zamanı təqdim etməsini tələb etmişlər. Dediklərini etməsə onu CM-nin 234.4.3-cü maddəsi ilə ittiham edəcəkləri ilə hədələmişlər. O da razılaşmış və polis əməkdaşlarının verdiyi bükümləri götürərək axtarış zamanı təqdim etmiş və həmin narkotik vasitəni saxlanılmamışdan bir gün əvvəl Yasamal rayonu ərazisindən 60 manat pul müqabilində aldığını, bükümlərin sayının 6 ədəd olduğunu, bir bükümü istifadə etdiyini, qalan 5 bükümü isə saxladığını bildirmişdir. Halbuki onun üzərində olan narkotik vasitə sadəcə bir bükümdə olmuşdur. Həmçinin bildirmişdir ki, şəxsi axtarışda iştirak edən və iş üzrə şahid kimi dindirilən əməliyyat müvəkkilləri onu saxlayan polis əməkdaşları olmamışlar. Belə ki, onu saxlayan Rasim, Orxan və Mehti adlı əməliyyatçılar olmuşdur. Hazırkı cinayət işi ilə bağlı tutulmamışdan əvvəl onun barəsində Nəsimi RPİ-də CM-nin 234.1-ci maddəsi ilə başqa cinayət işi olmuş və bu iş üzrə onu saxlayan əməliyyatçılar həmin cinayət işi üzrə də onu saxlayan əməliyyatçılar olduğu üçün, çəkilişdə digər əməliyyatçılar iştirak etmiş və iş materiallarında guya onu həmin əməkdaşların, yəni Pərviz və Fərid adlı əməkdaşların saxladığı qeyd olunmuşdur. Halbuki, Pərviz və Fərid adlı polis əməkdaşları sadəcə şəxsi axtarışda iştirak etmişlər. Bundan başqa bildirmişdir ki, o, günorta saatlarında saxlanılsa da, şəxsi axtarış axşam saatlarında keçirilmişdir. Polis əməkdaşları tərəfindən döyülsə də, üzərində xəsarət olmamışdır. Özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Bu səbəbdən də məhkəmədən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilməklə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Cinayət axtarışı şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla aralarında hər hansı bir ədavət olmamışdır. 04 dekabr 2024-cü il tarixdə qərəzsiz və etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, müvafiq əmrlə onun və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 04 dekabr 2024-cü il tarixdə, saat 12:30da ünvan 4 ünvanının qarşısında əlamətləri Təqsirləndirilən şəxs uyğun gələn şəxsə yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demiş və xidməti vəsiqələrini təqdim etmişlər. Ondan özünü təqdim etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs olduğunu demişdir. Ona narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu demiş, sonra onu barəsində olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış etmiş, üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuş, o da üzərində narkotik vasitə heroin olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğunu izah etmiş və saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. O da etirazının olmadığını bildirmişdir. Onu xidməti avtomobilə əyləşdirərək idarənin inzibati binasına gətirmiş, idarənin inzibati binasında hüquq və vəzifələri, üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi bir daha izah edilmiş, ondan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulmuş, o da dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demiş və müvafiq ərizə yazmışdır. Vəkili X4 gəldikdən sonra onunla konfıdensial görüşü təmin edilmiş, sonra video çəkiliş üçün mütəxəssis dəvət edilmiş, vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri izah olunmiş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan boz rəngli şalvarının sol yan cibindən 02 ədəd 100 manatlıq, 04 ədəd 20 manatlıq, 02 ədəd 5 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 290 manat pulu, 01 ədəd qara rəngli, “Nokia” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş və sellofana qoyulmuş bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Masanın üzərinə qoyduğu sellofanın içərisində 05 ədəd büküm olmuşdur. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin bükümlər bir-bir açılmış və 05 ədəd bükümün içərisində qəhvəyi rəngli kütlənin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin heroini şəxsi istifadəsi üçün 06 ədəd bükümdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 60 manat müqabilində aldığını, 01 bükümünü istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş 05 ədəd büküm ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış, 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq qablaşdırılaraq götürülmüş, 290 manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Cinayət axtarışı şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.29); - “Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (i.v.70-71); -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.77); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.96-100); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 01 ədəd qara rəngli, “Nokia” markalı mobil telefon, 02 ədəd 100 manatlıq, 04 ədəd 20 manatlıq və 02 ədəd 5 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 290 manat pul və həmin şalvarın sağ yan cibindən şəffaf sellofanın içərisində siqaretin gümüşü kağızına bükülmüş 05 ədəd, içərisində açıq qəhvəyi rəngli, toz şəkilli kütlə olan büküm aşkar edilir. Ümumilikdə 290 manat pul Təqsirləndirilən şəxs geri qaytarılır. 01 ədəd, qara rəngli “Nokia” markalı mobil telefon və 05 ədəd büküm qablaşdırılaraq götürülür (i.v.38- 40); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 6/5382 saylı, 05 dekabr 2024-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 186” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,304 qram, 0,452 qram, 0,185 qram və 0,128 qram ümumi təmiz çəkiləri 1,549 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 05 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (i.v.58-61); - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş təmiz çəkisi 1,549 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,399 qram saxlanılmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i.v.105-106); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilən zaman o, əynindəki boz şalvarının sol yan cibindən müxtəlif əskinaslardan ibarət pulları, 01 ədəd qara rəngli, “Nokia” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Pul əskinasları sayılan zaman 02 ədəd 100 manatlıq, 04 ədəd 20 manatlıq və 02 ədəd 5 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 290 manat pulun olması müşahidə edilir. Şəffaf sellofan büküm açıldıqda içərisində 05 ədəd bükümün olması müşahidə edilir. Bükümlər bir-bir açıldıqda hər birinin içərisində açıq qəhvəyi rəngli, toz şəkilli kütlənin olması müşahidə edilir. Daha sonra ümumilikdə 290 manat pul Təqsirləndirilən şəxs geri qaytarılır. 01 ədəd, qara rəngli “Nokia” markalı mobil telefon və 05 ədəd büküm qablaşdırılaraq götürülür və zərflər imzalarla təsdiq edilir (i.v.111); - “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefonun zəng, sms, şəkil və digər bölmələrinə baxış keçirən zaman istintaq üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir (i.v.115); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X2” X8 tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 1628 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (i.v.139-141); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7655 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.142-143); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş təmiz çəkisi 1,549 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,399 qramının saxlanılmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilməsi nəzərə alınmış, şəxsi axtarış zamanı çəkilmiş içərisində videogörüntü olan 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.150-161); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti ilə 02 il 10 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin177.2.4cü maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif edilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilərək cəza müddəti 03 ilə endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərk 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i.v.128-130); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-104/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək axtarış nəticəsində tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; - "xxxx" MMC tərəfindən məhkəmənin sorğusu ilə əlaqədar təqdim olunmuş 01 ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı əhəmiyyət kəsb edən hallara rast gəlinməmişdir; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki boz rəngli şalvarın sol yan cibindən müxtəlif əskinaslardan ibarət pulları, 01 ədəd qara rəngli, “Nokia” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Pul əskinasları sayılan zaman 02 ədəd 100 manatlıq, 04 ədəd 20 manatlıq və 02 ədəd 5 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 290 manat pulun olması müşahidə edilir. Şəffaf sellofan büküm açıldıqda içərisində 05 ədəd bükümün olması müşahidə edilir. Bükümlər bir-bir açıldıqda hər birinin içərisində açıq qəhvəyi rəngli, toz şəkilli kütlənin olması müşahidə edilir. Daha sonra ümumilikdə 290 manat pul Təqsirləndirilən şəxs geri qaytarılır. 01 ədəd qara rəngli, "Nokia” markalı mobil telefon və 05 ədəd büküm qablaşdırılaraq götürülür və zərflər imzalarla təsdiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,304 qram, 0,452 qram, 0,185 qram və 0,128 qram ümumi təmiz çəkiləri 1,549 qram olan narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onun üzərində olan narkotik vasitənin 05 ədəd bükümdə olması səbəb olmuşdur. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Bu izaha görə şəxsin üzərindən aşkar edilmiş 05 ədəd bükümdə narkotik vasitənin olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1,549 qram narkotik vasitə heroinin 05 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz satış üçün narkotik vasitəni bükümlərə qablaşdırması, hazırlanması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt onun satışı ilə məşğul olmadığını bildirmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroin 05 ədəd bükümdə olsa da, o, həmin vəziyyətdə narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini söyləmişdir. Habelə, Təqsirləndirilən şəxs ambulator X1nın xx.xx.2024-cü il tarixli, 7655 saylı rəyinə görə opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyinin aşkar olunması bir daha ona dəlalət edir ki, o, belə maddələrin istifadəçisidir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lərin mətnləri və həmin şəxslərin anket məlumatlarının ələ keçirilməsi ilə bağlı sorğusuna "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim olunmuş CD diskdəki məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı hər hansı sübuta rast gəlinməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai istintaq orqanının qənaəti ondan aşkar olunmuş narkotik vasitənin 05 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal üzərində qurulmuş subyektiv xarakterli mülahizədir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bununla belə, Təqsirləndirilən şəxs qanunsuz olaraq 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,304 qram, 0,452 qram, 0,185 qram və 0,128 qram ümumi təmiz çəkiləri 1,549 qram olan narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlaması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama, daşıma kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun iş üzrə şahid qismində iştirak edən polis əməkdaşları tərəfindən deyil, başqa əməkdaşlar tərəfindən saxlanılması, üzərində olan narkotik vasitənin 01 bükümdə olması və sonradan polis əməkdaşları tərəfindən bükümlərə ayrılması, həmçinin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq və təsirə məruz qalması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahidlərin ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-104/2025 saylı saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-104/2025 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq qaydasında qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-104/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək axtarış nəticəsində tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7655 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,399 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat olmaqla, ümumi 24 saata görə 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-104/2025 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək axtarış nəticəsində tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,399 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 208 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar