Məhkəmə qərarları › İş №1(006)-289/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-289/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-289/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, məhkum olunmayan, Abşeron rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsi, ev 19-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsində yerləşən «LC Waikiki» mağazasının qarşısında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun qızı Şahid1 Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Penitensiar xidmətinə işə düzəldəcəyini yalandan vəd verib aldadaraq onun 10.000 manat pulunu alıb ələ keçirmiş, nəticədə zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə iş yoldaşı Şahid2 ona zəng edib redaktoru olduğu “Məktəb Press” qəzetində barəsində məqalə yazdıqları müharibə veteranı Şahid3 onları Sabunçu rayonunda yerləşən Dəmiryol Stansiyasının yaxınlığındakı kafeyə qonaq dəvət etdiyini bildirmişdir. O həmin kafeyə gəldikdə Şahid2 onu Xaləddin və qohumu Mübarizlə tanış etmişdir. Söhbət zamanı Eldar ona Zərərçəkmiş şəxs Milli Aviasiya Akademiyasını qızını Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə işə düzəltmək üçün kömək lazım olduğunu demişdir. O isə bu barədə maraqlanıb onlara məlumat verəcəyini söyləmişdir. xx.xx.2018-ci il tarixdə o, Mübarizə zəng edərək qızının işə qəbul üçün ərizə yazmalı olduğunu deyib onlarla Bakı Dövlət Universitetinin həyətində görüşmüşdür. O, Eldarla birlikdə Mübariz və qızı Mətanətlə görüşüb ərizə formasını sonuncuya təqdim edərək onu öz əl yazısı ilə doldurmasını və sənədlərin surətini çıxarıb gətirməsini bildirmişdir. Bir müddət sonra Xaləddinə zəng edib qohumu Mübarizə qızının işə qəbul olunması üçün razılaşdıqları 10.000 manat pulu metronun “28 May” stansiyasının yaxınlığına gətirməyini və bu zaman onun da orada olmasını xahiş etmişdir. O, metronun “28 May” stansiyası yaxınlığında yerləşən X6 içərisində Eldar və Xaləddinlə görüşmüş, bir neçə dəqiqə sonra Mübarizlə qızı Mətanət də oraya gəlmişdir. Mətanət sənədlərin surətini təqdim etdikdən sonra Mübariz “hörmət əlaməti olaraq” ona çatacağını deyib kağıza bükülmüş 10.000 manat pulu vermişdir. Mübariz qızının işə düzəlməsi müqabilində bu pulu ona verməsinin notarial qaydada rəsmiləşdirilməsini təklif etsə də, Xaləddin buna ehtiyac olmadığını bildirmişdir. O, Mübarizdən aldığı 10.000 manat pulu öz ehtiyaclarına xərcləmiş və qızını işə düzəldə bilməmişdir.Törətdiyi əməldən peşmadır. Hazırda aldığı pulun 1.500 manatını qaytarmış, qalanını da qısa müddət ərzində tam şəkildə qaytaracaqdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qızı Mətanətə iş axtarırdı və bu barədə yaxın qohum və tanışlarına da məlumat vermişdi. xx xxxxxx 2018-ci il tarixdə dayısı oğlu Xaləddin bir nəfər tanışının ona təqaüd düzəldəcəyini, əgər istəyirsə onun qızı Mətanətin işə qəbulu məsələsini də danışa biləcəklərini demiş və həmin tanışı Eldara zəng edərək görüşmək istədiyini deyib onu Sabunçu rayonunda yerləşən Dəmiryol Stansiyasının yaxınlığındakı kafeyə dəvət etmişdir. Onlar Xaləddinlə birlikdə kafedə Eldarla görüşdükdə o sonuncuya qızının Milli Aviasiya Akademiyasını bitirdiyini, hazırda işsiz olduğunu və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə işə düzəlməsində kömək lazım olduğunu demişdir. Eldar bu məsələdə Ziyadxan adlı tanışının onlara kömək edə biləcəyini bildirmiş və sonuncuya zəng edərək bu barədə danışıb onu da olduqları yerə çağırmışdır. Bir saat sonra Ziyadxan kafeyə gəldikdə Eldar onları bir-birilə tanış edərək onun “Məktəb Press” qəzetinin redaktoru olduğunu bildirmişdir. Onlar qızı Mətanətin iş məsələsi ilə bağlı söhbət edərkən o, Ziyadxana qızını Penitensiar xidmətinə işə düzəltmək istədiyini deyib buna kömək etməsini xahiş etmiş, sonuncu isə ona bu məsələnin həlli üçün 10.000 manat pul verməli olduğunu bildirmişdir. O, məbləği 8.000 manat olaraq razılaşdırmaq istəsə də, Ziyadxanın etiraz etdiyini görüb sonuncunun dediyi kimi 10.000 manat verməyi razılaşmışdır. xx.xx.2018-ci il tarixdə Ziyadxanın onlara zəng edərək qızı və onunla Bakı Dövlət Universitetinin həyətində görüşmək istədiyini demişdir. Orada onlar Eldar və Ziyadxanla görüşdükdə sonuncu Mətanətə işə düzəlməsi üçün ərizə yazmalı olduğunu demiş, qızı da həmin ərizəni yazaraq ona vermişdir. Ziyadxan ərizəni Penitensiar xidmətə təqdim etdikdən sonra işin iki-üç ay ərzində işə düzələcəyini bildirmişdir. Onlar oradan uzaqlaşdıqdan bir qədər sonra dayısı oğlu Xaləddin zəng edib Təqsirləndirilən şəxs Mətanətin işə qəbulu üçün razılaşdırdıqları 10.000 manat pulu təcili olaraq metronun “28 May” stansiyası yaxınlığında yerləşən X7 gətirməsini xahiş etdiyini söyləmişdir. O həmin gün qızı Mətanətlə evdən 10.000 manat pulu götürüb X6 içərisində yerləşən ticarət mərkəzindəki «LC Waikiki» mağazasının qarşısında Xaləddin, Eldar və Ziyadxanla görüşən zaman ağ kağıza bükülmüş həmin pulu sonuncuya vermişdir. Ziyadxan pulu götürüb ona yenidən qızının işinin iki-üç aya düzələcəyini desə də, verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Ona vurulmuş ziyandan cəmi 1.500 manat ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Şahid3 iki ildir tanıyır. Sabunçu qəsəbəsində olan zaman keçmiş bir döyüşçü kimi onun həyatı onu maraqlandırdığı üçün barəsində “Bütöv Azərbaycan” və “Məktəb Press” qəzetlərində məqalə yazmış və aralarında dostluq münasibəti yaranmışdır. xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək redaktoru olduğu “Məktəb Press” qəzetində barəsində məqalə yazdıqları müharibə veteranı Şahid3 onları Sabunçu rayonu ərazisində yerləşən Dəmiryol Stansiyasının yaxınlığındakı kafeyə qonaq dəvət etdiyni bildirmişdir. Kafeyə gəldikdə Xaləddin onu yanında olan bibisi oğlu Mübarizlə tanış etmişdir. Bir saat sonra Ziyadxan da həmin kafeyə gəlmişdir. Söhbət zamanı X1 Milli Aviasiya Akademiyasını bitirdiyini və işsiz olduğundan qızını Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə işə düzəltmək istədiyini, lakin bu məsələdə kömək lazım olduğunu bildirmişdir. Ziyadxan bununla bağlı kömək edə biləcəyini, lakin 10.000 manat pul lazım olduğunu söyləmiş və Mübariz onunla razılaşmışdır. xx.xx.2018-ci il tarixdə Ziyadxan ona zəng edərək qəzet üçün material lazım olduğunu, o da hazır materialının olduğunu deyərək onunla Bakı Dövlət Universitetinin həyətində görüşmüşdür. Ziyadxanla birlikdə orada məqalələrə baxan zaman Mübariz qızı ilə birlikdə həmin yerə gəlmişdir. Söhbət zamanı Ziyadxan Mətanətə işə qəbul olmaq üçün ərizə yazmalı olduğunu demiş, sonuncu isə həmin ərizəni yazıb digər sənədlərlə birlikdə ona verdikdən sonra oradan çıxıb getmişlər. Onlar birlikdə bir neçə məqaləyə baxdıqdan sonra Ziyadxan ona məqalələrdə bəzi dəişikliklər edilməli olduğunu demiş, o da həmin düzəlişləri etdikdən sonra yenidən görüşmək üçün razılaşmışlar. Bir saat keçdikdən sonra Ziyadxan ona zəng edərək həmin məqalələri metronun “28 May” stansiyasının qarşısına gətirməsini söyləmişdir. O, məqalələri həmin yerdə Ziyadxana verən zaman sonuncu Xaləddinin də bura gələcəyini demiş və bir müddət sonra Xaləddin, daha sonra isə Mübariz və qızı Mətanət onların yanına gəlmişdir. Onlar bir daha iş barəsində danışdıqdan sonra Mətanət çantasından ağ kağıza bükülmüş bağlamanı çıxardıb atası Mübarizə vermiş, o da həmin bağlamanı Ziyadxana təqdim edərək içərisində qızının işə düzəlməsi üçün 10.000 manat pul olduğunu bildirmişdir. Ziyadxan pulu götürdükdən sonra Mətanəti bir-iki aya işə düzəldəcəyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli arayışı və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə əməli anlaqsız vəziyyətdə törətdiyinə görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunub ümumi psixiatriya stasionarında məcburi müalicə təyin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə məcburi müalicə ləğv edilərək adi əsaslarla müalicəyə keçirilmişdir (İ cild, i.v.62-63, 116); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizası haqqında xx xxxx 2020-ci il tarixli, 1209 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.113-115); - xx xxxxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.145). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi ilə bağlı gördüyü tədbirləri Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və onun cəzasının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı andan – xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar