Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-289/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 Müdafiəçi: "Verdiktum" Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 və 4,313 qram olmaqla, ümumilikdə 4,809 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin günü saat 19:20-də qeyd olunan ünvanda saxlanılaraq idarəyə dəvət olunmuş, orada onun üzərində axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol yan cibindən qapaq hissəsi kəsilmiş vəziyyətdə olan bir ədəd siqaret qutusunun içərisində olan iki ədəd kağız bükümdə həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 05 yanvar 2021-ci il tarixdə Sabunçu rayonunda tanımadığı bir şəxsdən öz istifadəsi üçün 80 manata bir büküm “kokos” deyilən heroin alıb üzərində saxlamışdır. Həmin günü axşam radələrində dostu Şahid1la birlikdə “Çay fabriki” deyilən ərazidə idarə etdiyi avtomobildə olarkən qəfildən avtomobilinin qarşısını digər maşın kəsmiş, oradan mülki geyimli şəxslər düşərək özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib üzərlərində narkotik olması barədə məlumata malik olduqlarını demişlər. Onlar da səmimi olaraq demişdilər ki, üzərlərində heroin var. Bundan sonra onlar baş idarəyə aparılmışlar. Baş idarədə üzərində videoçəkilişlə axtarış aparılarkən guya ondan iki büküm heroin və marixuana aşkar edilmişdir. Halbuki, saxlanılarkən onun üzərində sadəcə az miqdarda bir büküm heroin olmuş, marixuana isə olmamışdır. Göstərilənləri, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində üç övladının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid5 şahid qismində ifadəsində göstərdi ki, 05 yanvar 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs barəsində qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qanunsuz olaraq narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, həmin günü, saat 19:20 radələrində ünvan 1 ünvanda Təqsirləndirilən şəxs idarə etdiyi “Range Rover” markalı avtomobilin yaxınlığında iki nəfər şəxs saxlanılaraq avtomobil ilə birlikdə idarəyə gətirilmişlər. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmədən öncə ona üzərində olan qanunsuz əşyanın təqdim olunması təklif olunmuş, sonuncu da üzərində olan siqaret qutusunun içərisindən kağız bükümlərdə iki ədəd heroinə və bir ədəd marixuanaya bənzər maddələri təqdib edib onları istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid4 və Şahid2 Şahid5 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, 05 yanvar 2021-ci il tarixdə, saat 19:20-də ünvan 1 ünvanda dostu Təqsirləndirilən şəxsla birlikdə sonuncunun idarə etdiyi “Range Rover” markalı avtomobilin yanında olarkən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onları saxlayıb baş idarəyə aparmışlar. Orada onların hər biri ayrı-ayrı otaqlara salınmış, videoçəkilişlə onun və eşitdiyinə görə Nicatın üzərinə axtarış keçirilmişdir. Özünün üzərindən üç ədəd bükümdə heroin aşkar olunsa da, Nicatın üzərindən dəqiq olaraq nə aşkar olunduğunu bilmir, çünki bilavasitə heç nə görməmişdir. Bununla bağlı ibtidai istintaq dövründə onun ifadəsində əks olunanlar həqiqət deyil. İş materiallarında olan: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05.01.2021-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki görüntülərə görə Təqsirləndirilən şəxs və Şahid1 üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində axtarış aparılarkən onların hər ikisi eyni otaqda olmuş, Təqsirləndirilən şəxs üzərində 02 büküm heroin və 01 büküm marixuana olduğunu bildirir və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən pul, sol yan cibindən isə qapaq hissəsi kəsilmiş vəziyyətdə olan siqaret qutusunu, bir ədəd açarı, habelə gödəkçəsinin sol iç cibindən 02 ədəd mobil telefonu və şalvarının arxa cibindən sürücülük vəsiqəsini təqdim edir. Siqaret qutusunun içərisindən 03 ədəd kağız bükümü aşkar olunur (İ cild, i.v.43-45); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 06.01.2021-ci il tarixli, 6/59 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid1 üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan kağız paketdəki 03 ədəd polietilen material kəsiyində ayrı-ayrılıqda təmiz çəkiləri 1,829 qram, 1,892 qram, 2,202 qram, ümumi təmiz çəkiləri – 5,923 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 4,313 qram, ümumi təmiz çəkiləri – 4,809 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid1 üzərindən aşkar olunmuş heroin kütlələri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər. Tədqiqatdan sonra Şahid1 üzərindən aşkar edilmiş heroinin ümumi qalıq çəkisi 5,873 qram, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin qalıq çəkisi 4,759 qram, aparılmış tədqiqatın dəyəri isə 109,90 manat təşkil edir (İ cild, i.v.65-67); 06.01.2021-ci il tarixli, 7/24 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazılar və imzalar olan zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi - 0,655 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın ümumi qalıq çəkisi 0,635 qram, aparılmış tədqiqatın dəyəri 66,46 manat təşkil edir (İ cild, i.v.71-72); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında 15.02.2021-ci il tarixli, 479 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.250-251); “Maddi sübut hesab edilməsi haqqında” 07 yanvar 2021-ci il tarixli və “ Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 19.03.2021-ci il tarixli qərarlara görə iş üzrə tədqiqatdan sonra qalıq qalan Şahid1 aşkar edilmiş 5,873 qram heroin, Təqsirləndirilən şəxs aşkar edilmiş 4,759 qram heroin və marixuananın qalığı 0,635 qram, ümumilikdə iki ədəd paketdə qablaşdırılan 10,632 qram narkotik vasitə heroin, 0,635 qram narkotik vasitə marixuana və şəxsi axtarışın nəticələri əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, marixuana və heroin saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmiş, disk isə iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs 0,655 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi xüsusatına aid hissədə əməlində cinayət tərkibi olmadığından barəsində başlanılmış cinayət təqibinə xitam verilmiş, eyni zamanda onun cinayət məsuliyyətinə cəlb olunması nəzərə alınaraq o, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan məsuliyyətdən azad olunmuşdur (İ cild, i.v.180-181, 252-263); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli, 4(005)-14/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 yanvar 2021-ci ildən hesablanmışdır (İ cild, i.v.156-158); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.01.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.195-196); Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 18.02.2013-cü il, 22.03.2014-cü il və 16.07.2020-ci il təvəllüdlü üç övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməli törətməsini qismən etiraf edərək üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının daha az olduğunu bildirsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan təkzibedilməz dəlillərlə onun tərəfindən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 və 4,313 qram olmaqla, ümumilikdə 4,809 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyıb saxlaması faktı tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hal onun özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailə vəziyyətini və cəzasının yüngülləşdirən halın mövcud olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 05 ay 13 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, qalıq qalan 4,759 qram narkotik vasitə heroin və 0,635 qram narkotik vasitə marixuana Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 109,90 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Lənbəran kəndində olan evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bərdə rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, qalıq qalan 4,759 qram narkotik vasitə heroin və 0,635 qram narkotik vasitə marixuana məhv edilsin, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-289/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-289/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver