Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-289/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:45 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə edib, saxlamaqla daşıyaraq gəzdirmişdir. Belə ki, o, qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş, sonradan detalları xromaoxşar materiallarla işlənmiş, 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı, zavod işarələri xromaoxşar materiallarla örtülmüş, yarımavtomatik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməyən, yivli odlu döyüş silahı hesab edilən, texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı hesab edilən odlu silahı, 08 ədəd zavod üsulu ilə istehsal olunmuş istifadəyə və atəş üçün yararlı olan döyüş sursatı hesab edilən 9 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), “PA 63, “P 64”, “PK 59”, “P 61” konstruksiyalı tapançalardan və “Steçkin”(APS) konstruksiyalı avtomatik tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə olan “Makarov” konstruksiyalı silahın komplekt hissəsi olan darağı əldə edərək, üzərində qanunsuz saxlamaqla daşıyaraq gəzdirmiş və 06 aprel 2023-cü il tarixdə, saat 12:10-da Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 5 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın bel hissəsindən sellofan torbada həmin “Makarov” konstruksiyalı yivli odlu döyüş silahı, həmin kalibrli Makarov (PM), Steçkin (PAS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 08 ədəd patron və “Makarov” konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, tutulmamışdan təxminən 1 ay əvvəl Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə zibil qutularında metal axtaran zaman təsadüfən bir ədəd sellofan torbanın içərisində ağır əşya olduğunu görüb paketin içərisinə baxarkən orada bir ədəd silah olduğunu müəyyən etmişdir, daha sonra o, həmin torbanı öz əşyalarının arasına qoyaraq yaşadığı ünvanına aparıb öz otağında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən həmin silahı atmaq qərarına gələrək onu özü ilə götürüb evdən çıxdıqdan sonra dalanın qarşısında 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşmış, üzərində odlu silah gəzdirməyi ilə bağlı şübhəli olduğunu bildirmişlər, bu zaman o, polis əməkdaşlarına üzərində silah olmasını etiraf etmişdir. Polis əməkdaşları onu 20-ci Polis bölməsinə dəvət etdikdə o, birlikdə polis bölməsinə getməyə razılıq vermişdir. Polis bölməsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış və baxış keçirilmiş və o, üzərində olan “Makarov” markalı tapançanı və onun sandıqçasını, həmçinin sandıqçanın içərisində olan 08 ədəd 9 mm patronu təqdim etmiş, daha sonra üzərində başqa qeyri-qanuni əşya olmadığını bildirmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya mənəvi zorakılığa məruz qalmamışdır. Sonda törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, himayəsində xəstə anasının olmasını bildirərək, məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə məlumat daxil olmuşdur. 06 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat qrupu yaradılmış və o həmin əməliyyat qrupuna daxil edilmişdir. 06 aprel 2023-cü il tarixdə saat 12 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim etmişlər, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra Nəsimi rayon polis idarəsinin 20-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkilişlə şəxsi axtarış və baxış keçirilmiş və Təqsirləndirilən şəxs bu zaman əynində olan tünd göy rəngli şalvarın belindən göy rəngli sellofan torbanı masanın üzərinə qoyaraq həmin torbanın içərisində silah olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən torbanın içərisinə baxış keçirilərkən həmin torbanın içərisində 01 ədəd “Makarov” markalı tapança olduğu məlum olmuşdur. Həmçinin həmin silahın üzərində 01 ədəd sandıqça və sandıqçanın içərisində 08 ədəd 9 mm-lik patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı başqa qeyri-qanuni əşya olmadığını bildirmişdir. O, aşkar edilən tapançanı təxminən 1 ay əvvəl “Şamaxinka” adlanan ərazidə zibil qutusunda qara rəngli selofan torbanın içərisində tapdığını və həmin vaxtdan özündə saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilən hər 01 bir ədəd “Makarov” markalı silah, 01 ədəd sandıqça və 08 ədəd parton ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir fiziki və mənəvi təzyiqə məruz qalmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Nazim Qədirov tərəfindən tərtib edilmiş və həmin bölmənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət edilmiş X1, barəsində istintaq hərəkəti aparılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 06 aprel 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Onun əynində ağ və göy rənglərlə kombinə olunmuş gödəkçə, boz rəngli qısa qol cibi olmayan köynək, tünd göy rəngli şalvar, ayağında isə göy və qırmızı rənglərlə kombinə olunmuş çəkələk olmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın belindən bir ədəd “Makarov” markalı, üzərində nömrəsi olmayan, dəmir metal hissəsi parlaq boz rəngdə olub, tutacaq hissəsində qəhvəyi rəngli plastmas materialdan ibarət tapançanı çıxarıb təqdim etmişdir. Həmin silahın üzərində 1 ədəd sandıqca və həmin sandıqcanın içərisində 8 ədəd 9 mm-lik patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa heç bir qanunsuz əşyanın olmadığını bildirmişdir. O, təqdim etdiyi “makarov” markalı tapançanı təxminən 1 ay əvvəl “Şamaxinka” kimi tanınan ərazidə zibil qutularından qara sellofan torbanın içərisindən tapdığını və həmin vaxtdan özündə saxladıını bildirmişdir. O, həmin silahdan istifadə etmədiyini, onu satmaq məqsədilə yaşadığı ünvan 4 ünvanında öz otağında saxlamasını və həmin gün satmaq məqsədilə yaşadığı evdən götürərək şalvarının belinə qoyub gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd “Makarov” markalı tapança, 01 ədəd sandıq və 08 ədəd patronlar qablaşdırılaraq 188 saylı möhürlə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Ona üst-başını səliqəyə salması tələb edilmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 50-56). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməballistik ekspertizasının 07 aprel 2023-cü il tarixli, 3/603 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tapança zavod üsulu ilə hazırlanmış, sonradan detalları xromaoxşar materialla işlənmiş, 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, zavod işarələri xromaoxşar materialla örtülmüş, yarımavtomatik tapançadır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir - yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd patron zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrdə “Makarov” (“PM”), “PA- 63”, “P64”, “PK59”, “P61” konstruksiyalı tapançalarda “Steçkin” konstruksiyalı avtomotik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar-döyüş sursatıdırlar, istifadəyə (atəşə yararlıdırlar, kaliblərinə və təyinatlarına uyğun olaraq tədqiqata təqdim edilmiş 9 mm kalibrli “Makarov” (“PM”) konstruksiyalı, zavod işarələri xromaoxşar materialla örtülmüş tapancada istifadəsi mümkündür. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Makarov” (“PM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqça, təyinatları üzrə istifadəyə yararlıdılar və təyinatlarına uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 9 mm kalibrli “Makarov” (“PM”) konstruksiyalı zavod işarələri xromaoxşar materiali örtülmüş tapançada da istifadə oluna bilər. (i/v 62-64). İş materiallarına əlavə olunmuş “Sübutların qiymətləndirilməsi haqqında” 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, 01 (bir) ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd sandıqça, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istifadə edilmiş 9x18 mm kalibrli 08 (səkkiz) ədəd patron maddi sübut kimi tanınmış və kriminalistik tədqiqatlardan sonra 01 (bir) ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd sandıqça, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istifadə edilmiş döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 05 (beş) ədəd patron və 03 (üç) ədəd 9x18 mm kalibrli patronun gilizi saxlanılmasından ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi qərara alınmışdır (i/v 119-125). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli arayışdan və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 1(002)-31/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Qaradağ rayon məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. (i/v 97-99, 100-104). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Nəsimi rayon məhkəməsinin 4(006)-183/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 31-32, 93). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Elnur Nəsibov tərəfindən DİN-nin Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayevə ünvanlanan 05 iyun 2023-cü il tarixli, 3-13-11/2-7065/2023 saylı məktubdan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, №-si silinmiş PM modelli “Makarov” konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i/v 118). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci 64 (altmış dörd) manat pul tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 (bir) ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd sandıqça, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istifadə edilmiş döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 05 (beş) ədəd patron və 03 (üç) ədəd 9x18 mm kalibrli patronun gilizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-289/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 (bir) ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd sandıqça, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istifadə edilmiş döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 05 (beş) ədəd patron və 03 (üç) ədəd 9x18 mm kalibrli patronun gilizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-289/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-289/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver