Məhkəmə qərarları › İş №1(006)-289/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-289/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-289/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Şəmkir rayonu, Qasım İsmayılov kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 183.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mənzilə qanunsuz daxil olmaqla özgənin əmlakını və xüsusi tarixi, mədəni dəyəri olan əşyanı gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 oktyabr 2023-cü tarixdə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 98 saylı binanın qarşısına gəlib kənar şəxslərin onu görmədiyi şəraitdə birinci mərtəbədə yerləşən mənzilin pəncərəsinin üzərindəki dəmir barmaqlıqdan istifadə edib ikinci mərtəbədə yerləşən Zərərçəkmiş şəxs yaşadığı 51 saylı mənzilin pəncərəsinə qalxaraq fiziki güc tətbiq edib pəncərəni açdıqdan sonra oraya qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs məxsus həmin günün məzənnəsi ilə 896 manat təşkil edən 500 avro pulu, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd həmin günün məzənnəsi ilə 627 manat 20 qəpik təşkil edən 350 avro dəyərində “Tommy Hilfiger” markalı qol saatını, 01 ədəd 250 manat dəyərində “GSHOCK” markalı qol saatını, 01 ədəd 250 manat dəyərində eynəyi, 01 ədəd 150 manat dəyərində “Sony Ericsson” markalı mobil telefonu, 01 ədəd 30 manat dəyərində “Nokia” markalı mobil telefonu, 01 ədəd 60 manat dəyərində “Nokia” markalı mobil telefonu, 01 ədəd 550 manat dəyərində “Enrico Marinelli” markalı qış gödəkçəsini, 01 ədəd 200 manat dəyərində qış gödəkçəsini, 01 cüt 100 manat dəyərində “Togga” markalı ayaqqabını, 01 cüt 100 manat dəyərində ayaqqabını, 01 ədəd 200 manat dəyərində “Adidas” markalı idman dəstini, 01 ədəd 100 manat dəyərində “Colins” markalı gödəkçəni, həmin günün məzənnəsi ilə 125 manat 44 qəpik təşkil edən 70 avro dəyərində yaz gödəkçəsini, 01 ədəd 200 manat dəyərində üzərində “BP” loqosu olan idman çantasını, 01 ədəd 50 manat dəyərində üz qırxan aparatı və Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə Zərərçəkmiş şəxs verilmiş xüsusi tarixi və mədəni dəyəri olan “Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3888 manat 64 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan zaman gecə saat təxminən 01 radələrində orada olan yaşayış binalarının birində 2-ci mərtəbənin pəncərəsində işığın sönülü olmasını görmüş və pəncərədən mənzilə daxil olmuşdur. Daxil olmamışdan əvvəl mənzildə kiminsə olmamasına əmin olmaq üçün pəncərəni döymüş və mənzildə kiminsə olmadığına əmin olduqdan sonra içəriyə daxil olmuşdur. Mənzildə olan dəyərli əşyaları, yəni 02 ədəd qol saatını, 01 ədəd üz qırxan aparatı, 01 ədəd gün eynəyini, 01 ədəd “Nokia” markalı mobil telefonu və 01 ədəd “Ericsson” markalı mobil telefonu, həmin əşyaları içərisinə yığdığı “BP” loqosu olan idman çantasını, 02 ədəd gödəkçəni, 01 ədəd idman dəstini, 01 cüt idman ayaqqabısını götürərək mənzilə daxil olduğu pəncərədən çıxaraq getmişdir. Oradan taksi ilə Yasamal rayonu, Kazım Kazımzadə küçəsində tanışı Rüstəm adlı şəxsin mənzilinə getmiş, gecəni orada qalmış, səhər isə oradan çıxıb getmişdir. Həmin gün axşam saatlarında oğurladığı əşyaları Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən telefon mağazalarının birində sənəd təqdim etməklə satmışdır. İttiham aktında yazılan digər əşyaları, həmçinin 500 avro məbləğində pulu və “Şuşanın azad olunmasına görə” medalını isə oğurlamamışdır. Daha sonra özünü CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bildiyini, lakin CM-nin 183.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmədiyini, oğurlanan əşyaların bir qisminin qaytarıldığını, zərər çəkmiş şəxsin ondan şikayətinin olmadığını nəzərə alaraq məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, işi ilə əlaqədar mütəmadi olaraq ayın təxminən 15-20 gününü dənizdə keçirir. Baş vermiş oğurluq hadisəsini aşkar etdiyi gündən təxminən 10 gün öncə yaşadığı ünvandan çıxmışdır. 10 oktyabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı ünvan 2 ünvana qayıdan zaman mənzilə daxil olduqda paltar dolabının qapısının açıq olmasını aşkar etmiş, lakin buna bir o qədər də, əhəmiyyət verməmişdir, belə ki, o, düşünmüşdür ki, ola bilsin evdən çıxanda qapını özü açıq qoymuşdur, lakin dəhlizdən yataq otağında daxil olduqda yataq otağının dağınıq olmasını həmçinin yataq otağının çölə açılan pəncərəsinin açıq olmasını aşkar etmiş, bu zaman o, naməlum şəxs(lər)-in mənzildə oğurluq etməsini başa düşmüşdür və hadisə barəsində dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Polis əməkdaşlarının ünvana gəlmələrini gözləmiş və təxminən 20-25 dəqiqədən sonra Nəsimi RPİ-nin əməkdaşları ünvana gəlmişlər. Bundan sonra mənzilə baxış keçirməyə başlamış, ilk öncə yataq otağına daxil olan kimi sağ tərəfdə yerləşən dolabın 1-ci siyirtməsində olmalı olan, lakin yatağın üstünə atılmış qara rəngli uzunsov pul kisəsinin içərisinə baxış keçirmiş, pul kisəsinin içərisində olmalı olan 500 avro pulun oğurlanmasını aşkar etmişdir. Həmin pul kisəsi ekspertizadan keçirilməsi üçün “Hasil” adlı polis əməkdaşına təhvil verilmişdir. Daha sonra yataq otağında sağ tərəfdə yerləşən dolaba baxış keçirmək qərarına gəlmiş və həmin dolabın üzərində olmalı olan korpusu və kəməri gümüşü rəngdə olan dəyəri 350 avro olan “Tommy Hilfiger” modelli qol saatının naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmiş, lakin həmin saatın qutusu elə dolabın üstündə qalmışdır. Daha sonra həmin dolabın 1-ci siyirtməsinə baxış keçirmiş və orada olmalı olan 250 manat dəyərində qara rəngli “GSHOCK” markalı qol saatının oğurlanmasını aşkar etmişdir. Daha sonra dolabın birinci siyirtməsinə baxış keçirmiş və orada olmalı olan “Policai” markalı 250 manat dəyərində gün eynəyinin oğurlanmasını aşkar etmişdir. Daha sonra həmin dolabın birinci siyirtməsinə baxış keçirən zaman orada olmalı olan qara rəngli, içərisində işləməyən “Nar” mobil operatoruna aid sim kartı olan “Sony Ericsson” markalı, dəyəri 150 manat olan yaddaşında 2-ci Qarabağ döyüşlərindən olan videogörüntülər olan smartfonun oğurlanmasını aşkar etmişdir. Daha sonra eyni dolabın birinci siyirtməsində olmalı olan sadə, dəyəri 30 manat dəyərində olan “Nokia” markalı, içərisində sim kart olmayan mobil telefonun oğurlanmasını aşkar etmişdir. Daha sonra həmin dolabın birinci siyirtməsində olmalı olan 1 ədəd “Nokia” markalı dəyəri 60 manat olan mobil telefonun oğurlanmasını aşkar etmişdir. Daha sonra isə aşkar etmişdir ki, dolabın birinci siyirtməsində olmalı olan “Şuşanın azad olunması uğrunda” təltif olunduğu medal oğurlanmış, lakin həmin medal ilə birlikdə təqdim olunan “veteran” vəsiqəsi yerə atılmışdır. Daha sonra yataq otağında olan paltar dolabına baxış keçirməyə başlamış, baxış keçirən zaman 01 ədəd qəhvəyi rəngli, dolabın üst hissəsində paketin içərisində olmalı olan 550 manat dəyərində olan “Enrico Marinelli” markalı qış gödəkçəsinin oğurlanmasını aşkar etmişdir, daha sonra həmin dolabda asılqandan asılmalı olan 200 manat dəyərində olan qara rəgli qış gödəkçəsinin oğurlanmasını aşkar etmişdir, daha sonra mənzilin giriş hissəsindən sol tərəfdən yerləşən ayaqqabı dolabına baxış keçirtmiş, baxış keçirən zaman müəyyən etmişdir ki, 100 manat dəyərində 1 cüt altı sarı üzəri isə qara rəngli olan “Togga” markalı idman ayaqqabısı oğurlanmışdır, bundan başqa eyni dolabda olmalı olan 1 cüt 100 manat dəyərində olan qəhvəyi rəngli dəri materialdan olan ayaqqabı naməlum şəxs tərəfindən oğurlanmışdır. Hadisədən 1 gün sonra mənzilə daha ətraflı baxış keçirən zaman, paltar dolabında olmalı olan 100 manat dəyərində “Colins” modelli yaz gödəkçəsinin, həmin dolabdan 200 manat dəyərində olan “Adidas” markalı idman dəstinin, həmin dolabdan 1 ədəd üzərində “BP” şirkətinin loqosu olan 200 manat dəyərində qara rəngli idman çantasının, 1 ədəd 70 avro dəyərində yaz gödəkçəsinin, 01 ədəd yeni, qutusu açılmamış 50 manat dəyərində üz qırxan aparatın naməlum şəxs(lər) tərəfindən oğurlanmasını aşkar etmişdir. Ona hadisə nəticəsində ümumilikdə 3888 manat 64 qəpik maddi ziyan vurulmuşdur. Daha sonra ona dəymiş zərərin qismən ödənildiyini bildirərək Təqsirləndirilən şəxs şikayətçi olmadığının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən telefon alqı-satqısı mağazasında satıcı olaraq işləyir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində əvvəllər tanımadığı şəxs mağazaya daxil olaraq özünə məxsus olmasını bildirərək 01 ədəd yeni işlənməmiş qəhvəyi rəngli gödəkçə, 01 ədəd yeni işlənməmiş göy rəngli idman dəsti, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd altı sarı üstü qara rəngli idman ayaqqabını satmaq istəməsini bildirdikdə o, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirmiş, Təqsirləndirilən şəxs həmin əşyaların haradan əldə etməsini sual etdikdə Təqsirləndirilən şəxs suala cavab olaraq bildirmişdir ki, həmin əşyalar onun özünə məxsusdur, həmçinin vurğulamışdır ki, əşyaları ucuz qiymətə alır, bir qədər baha giymətə satır. Bu zaman o, Təqsirləndirilən şəxs təklif etdiyi əşyalara baxış keçirmək qərarına gəlmiş və baxış keçirən zaman 01 ədəd qəhvəyi rəngli gödəkçəni, 01 ədəd qara rəngli gödəkçəni, 01 ədəd göy rəngli idman dəstini və 01 cüt altı sarı üstü isə qara rəngli olan idman ayaqqabısını ümumilikdə 105 manat qarşılığında almaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə isə saat 18 radələrində həmin şəxs yenidən onun işlədiyi mağazaya gələrək 02 ədəd mobil telefonu göstərmiş, telefonlardan biri “Sony Ericsson” markalı, digəri isə sadə “Nokia” markalı mobil telefon olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin telefonlar özünə məxsusdur və həmin telefonları satmaq istəməsini vurğulamış, təqdim olunan mobil telefonlara təxminən 5 dəqiqə baxış keçirmiş və hər iki telefonun alınmasına dair 45 manat məbləğə razılıq vermiş və telefonları Ruslanın şəxsiyyət vəsiqəsinin surətini almaqla əldə etmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs yenidən mağazaya qayıdaraq satdığı telefonlardan birini özünün işlətmək istəməsini bildirmiş və Ruslan ona telefona görə ödənilən 10 manat pulu geri qaytararaq sadə “Nokia” markalı mobil telefonu geri götürmüşdür. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.48-49); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 23 noyabr 2023-cü il tarixdən, saat 17:00-dan hesablanmış, həbsdə saxlanılma müddəti 11 yanvar 2024-cü il tarixədək müəyyən edilmişdir (İ cild, i.v.94-96); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 98, mənzil 51 ünvanıdır (İ cild, i.v.9-11); - “İfadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi cinayət hadisəsinin baş verdiyi yerdə, yəni Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 98, mənzil 51 ünvanında yoxlanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (İ cild, i.v.99-104); - “Baxış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Rzayev X3 Qasımovdan almış olduğu 01 ədəd “Enrico Marinelli” markalı gödəkçəni, 01 ədəd “Collins” markalı gödəkçəni, 01 ədəd “Adidas” markalı idman dəstini, 01 ədəd “Sony Ericsson” markalı mobil telefonu, 01 cüt “Togga” markalı idman ayaqqabısını Nəsimi RPİyə təqdim etmişdir (İ cild, i.v. 82-85); - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid təqdim etdiyi 01 ədəd “Enrico Marinelli” markalı gödəkçəyə, 01 ədəd “Collins” markalı gödəkçəyə, 01 ədəd “Adidas” markalı idman dəstinə, 01 ədəd “Sony Ericsson” markalı mobil telefona, 01 cüt “Togga” markalı idman ayaqqabıya baxış keçirilmiş və daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim edilmişdir (İ cild, i.v. 107); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/9218/2023 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş qara-sarı rəngli “Togga” markalanma göstəricisi ilə olan idman ayaqqabısı 50 manat, üzərində “Adidas” markalanma göstəriciləri olan idman dəsti 70 manat, qəhvəyi rəngli üzərində “Enrico Marinelli” markalanma göstəricisi olan papaqlı gödəkçə 250 manat, qara rəngli süni dəri materialdan hazırlanmış üzərində “Collins” markalanma göstəriciləri olan XL ölçülü gödəkçə 60 manat, “X5” markalı mobil telefon (komplekləşməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla) 50 manat olmaqla dəymiş ziyanın ümumi məbləğinin 480 manat olması göstərilmişdir. Ekspertizaya təqdim edilməyən qərarda göstərilən 6 adda malların markası, modeli, texniki göstəriciləri, ölçüləri və sair haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. “X4 uğrunda gedən döyüşlərdə iştirak etdiyinə” görə qərarda göstərilən medal satış üçün nəzərdə tutulmadığından həmin medal üzrə qiymətləndirilmə aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 50,00 manat təşkil edir (İ cild, i.v.140-144); - “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 183.1-ci maddələrinə tövsif edilmiş, 01 ədəd “Collins” markalı gödəkçə, 01 ədəd “Enrico Marinelli” markalı qış gödəkçəsi, 01 ədəd “Adidas” markalı idman dəsti, 01 cüt “Togga” markalı idman ayaqqabısı, 01 ədəd “Sony Ericsson” markalı mobil telefon maddi sübut növü kimi tanınmış və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır (İ cild, i.v.150-160); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası 05 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2010-cu il tarixli hökm ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi hökmdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələrinə tövsif edilərək CM-nin 67.1-ci maddəsinə əsasən cəzası 08 ilə endirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 06 il 06 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzası başa çatmışdır. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir (İ cild, i.v.109-111); - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-140/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələ, cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət sərvətlərinin tarixi, bədii elmi dəyərinin müəyyənləşdirilməsi üzrə Azərbaycan Milli İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 224 saylı rəyindən görünür ki, “Şuşanın azad olunmasına görə” medalı dövlət təltifi olaraq, tarixi, ictimai, mədəni və maddi əhəmiyyətə malikdir. Medal bürüncdən tökülərək, qızıl təbəqəsi ilə örtülmüşdür. Medalın diametri 36 mm-dir. Medalın ön tərəfində (obverse) doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur. Medalın səthi qızılı, Azərbaycan bayrağı isə emal rənglərlə işlənmişdir. Medalın arxa tərəfində (reverse) “Şuşanın azad olunmasına görə” sözləri yazılmışdır. Dairəvi şəkildə olan medal beş guşəli xara lentə asılqan vasitəsilə asılmışdır. Medalın bədii həlli, onun hazırlanmasında istifadə olunan qiymətli metal və medalın məhdud sayda hazırlanması onun tarixi perspektivdə qiymətli tarixi və bədii əşya olmasına əsas verir. Hal-hazırda medal daha çox tarixi, ictimai və mənəvi dəyər daşıyıcısı hesab oluna bilər. Cinayət işi üzrə adı çəkilən Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaətə görə təltif edilmiş “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı tarixi və hərbi əhəmiyyət kəsb edir. - Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.1-ci maddəsi xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 98, mənzil 51 ünvanından “Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalını, 500 avro pulu, 04 ədəd gödəkçəni, 01 ədəd ayaqqabını və 01 ədəd Nokia markalı telefonu oğurlamaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 183.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü və 183.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini qismən etiraf etməsini, dəymiş zərərin qismən ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayətinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü və 183.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-140/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-140/2024 saylı saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 183.1-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-140/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Collins” markalı gödəkçənin, 01 ədəd “Enrico Marinelli” markalı qış gödəkçəsinin, 01 ədəd “Adidas” markalı idman dəstinin, 01 cüt “Togga” markalı idman ayaqqabısının, 01 ədəd “Sony Ericsson” markalı mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci olaraq 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 183.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 183.1-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-140/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Collins” markalı gödəkçənin, 01 ədəd “Enrico Marinelli” markalı qış gödəkçəsinin, 01 ədəd “Adidas” markalı idman dəstinin, 01 cüt “Togga” markalı idman ayaqqabısının, 01 ədəd “Sony Ericsson” markalı mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar