Məhkəmə qərarları › İş №1(006)-29/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-29/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-29/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,744 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımışdır. 02 may 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfındən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin19-cu Polis şöbəsinə gətirilmiş və orada videoçəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,744 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fasilələrlə olmaqla uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, “Xutor” adlanan ərazidə gəzərkən yerdən içərisində narkotik vasitə heroin olan büküm tapmışdır. Həmin bükümü şalvarının cibinə qoymuşdur ki, daha sonra istifadə etsin. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Əvvəlcə ona anket məlumatları barədə sual verdikdən sonra üzərində narkotik vasitələrin olması və qanunsuz olaraq daşınmasında, istifadəsində şübhəli olduğunu bildirərək onu 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsindəki xidməti otaqların birində təhqiqatçı tərəfindən əvvəlcə ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona dərhal müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə ona yenidən hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün mütəxəssis dəvət edilmişdir. Onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilməyə başlanmışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan ola biləcək əşyaları təqdim etməyi təklif etdikdə o, şalvarının cibində olan narkotik vasitə heroini çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisindəkinin nə olduğu soruşulduqda o, içərisində “kakos” adlanan narkotik vasitə heroin olmasını və onu həmin gün Bakı şəhəri, “Xutor” adlanan ərazidə gəzərkən yerdən tapdığını, daha sonra üzərində saxlayaraq gəzdirməkdə məqsədinin istifadə etmək olmasını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirilmiş, heç bir əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərindən aşkar edilmiş büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, “Kamil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat yolu ilə məlumat əldə etmişdir. O, xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaratmışdır. xx.xx.2023cü ildə saat 18:00 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsin adını soruşaraq onun qanunsuz narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Həmin şəxs özünü Kamil deyə təqdim etmişdir. Bundan sonra isə o və Şahid2 həmin şəxsi 19-cu PŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra onu təhqiqatçı Elşad Vəliyevin xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Elşad Vəliyev Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs vəkillərdən Bakı şəhəri 5 saylı Vəkil Bürosundan vəkil istədiyi üçün təhqiqatçı Elşad Vəliyev 5 saylı Vəkil Bürosundan PŞ-nə vəkil dəvət etmiş, 5 saylı Vəkil Bürosundan vəkili Əhməd Fərhadov gəldikdən sonra təhqiqatçı Elşad Vəliyev müdafiəçini Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı Elşad Vəliyev Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Elşad Vəliyev Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən içərisində bir ədəd bükümdə olan qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddə barədə sual verilən zaman Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin “kakos” adlı narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü həmin günü, yəni ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, “Xutor” adlanan ərazidə gəzərkən yerdən tapdığını bildirmişdir. Daha sonra həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.24); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.92-93); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.94-95); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixi 6/2536 №-li ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №187 dairəvi möhür əksi olan”, “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,744 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65,00 manat təşkil edir (i.v.57-60); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 4341 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.118-119); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,744 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,694 qram olan narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v.121-131); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyşdirilmiş, üzərində qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.116-117); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, şalvarın cibindən bir ədəd bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Bakı şəhəri, “Xutor” adlanan ərazidə gəzərkən yerdən tapdığını bildirir; - “Bakı Baş Səhiyyə Mərkəzi” X14 20 nömrəli Şəhər Klinikası tərəfindən verilmiş TQS № 027 saylı Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Diaqnoz: Əsas xəstəlik – Şizofreniya əlamətləri müşahidə olunmayan kəskin polimorf; əsas xəstəliyin ağırlaşması – psixotek pozuntu. Qısa anamnez: anamnezindən məlumdur ki, ruhi xəstəliklər irsiyyətində aşkar edilmir. İlkin inkişaf adi keçib. Valideynlərin dediyinə görə narkotik istifadə etdikdən sonra psixi durumu pozulub. Pasiyentin vəziyyəti – gecələr yatmır, narahat olur, sayıqlamaları olur, tez əsəbləşir, evdəkilərlə yola getmir. Psixi status: ünsiyyətə qoşulmur, aqressivdir, gigiyenik normalarını qarşılamır, səliqəsizdir, emosional labildir və disfonkdur; (i.v.185-186); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X11 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 137 saylı rəyindən görünür ki, Sual 1. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə ictimai təhlükəli əməlləri törətdiyi zaman psixi xəstəlikdən əziyyət çəkmişdirmi və hal-hazırda psixi xəstəlikdən əziyyət çəkirmi? Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkirsə, məhz hansı xəstəlikdən? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədən zaman «Psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində şəxsiyyət dəyişikliyi» psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində şəxsiyyət dəyişikliyi müəyyən edilir. Sual 2. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub və ya olmayıb? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə ictimai təhlükəli əməli törətdiyi zaman əziyyət çəkdiyi psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində şəxsiyyət dəyişikliyi nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Sual 3. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin (hərəkətinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarındadırmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sual 4. Təqsirləndirilən şəxs cinayət törədilən anda anlaqlı, yaxud anlaqsız olmuşdur? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Sual 5. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı varmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkarlanan şəxsiyyət dəyişikliyinin dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X11 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 137 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar məhkəmə psixiatrik ekspertizası keçirilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə müvafiq olaraq anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək peşman olmasını və Azərbaycan Respublikasının CM-nin 59.1.9-cu maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi ilə əlaqədar saxlandığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 444.1.4-cü maddəsinə müvafiq olaraq məhkəmə-psixiatriya və ya məhkəmə-tibb ekspertizasının aparılması üçün şübhəli, təqsirləndirilən və ya psixi vəziyyətinə görə təqsirləndirilən şəxs qismində cəlb edilə bilməyən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi məhkəmənin qərarı əsasında tətbiq edilən prosessual məcburiyyət tədbirlərinə aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını və anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar məhkəmə psixiatrik ekspertizasının aparılması üçün tibb müəssisəsində yerləşdirildiyi 11 (on bir) gün, ümumilikdə 13 (on üç) gün müddət 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X2 Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 4341 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,694 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar məhkəmə psixiatrik ekspertizasının aparılması üçün tibb müəssisəsində yerləşdirildiyi 11 (on bir) gün müddət, ümumilikdə 13 (on üç) gün müddət 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,694 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar