Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-290/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 LibraVəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1999-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 23A, mənzil 46-da qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 177.3.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 05 il 06 aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1996-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, ev 2/9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 523, 20 saylı binanın qarşısına gələrək onun ikinci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs1 yaşadığı 4 nömrəli mənzildə heç kimin olmamasını müəyyən etdikdən sonra birinci mərtəbədə yerləşən qaz borusunun üzərinə çıxmaqla mənzilin mətbəxinin pəncərəsini əli ilə itələyib açaraq qanunsuz olaraq içəri daxil olmuş və yataq otağındakı paltar dolabında saxlanılan qara rəngli pul qabının içərisindən həmin günün məzənnəsi ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları və 500 manat məbləğində pulu götürərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 7.300 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında: - 05 mart 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 48 saylı binanın qarşısına gələrək onun ikinci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs2 yaşadığı 4 nömrəli mənzildə heç kimin olmamasını müəyyən etdikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə birinci mərtəbədəki mənzilin pəncərəsinin üzərinə çıxmaqla pəncərəyə özü ilə gətirdiyi, istintaqa məlum olmayan vintaçanla müdaxilə edib açaraq həmin mənzilə qanunsuz daxil olmuş və yataq otağındakı dolabda asılmış cins gödəkcənin ciblərindən ümumilikdə 2.980 manat nağd pulu və orada olan rəfin içərisindən 08 manat dəyərində, 08 qram çəkidə, sarı rəngli metaldan hazırlanmış dairə formalı, üzərində ərəb qrafikalı yazıları olan bir ədəd kulonu, 08 manat dəyərində, 6,58 qram çəkidə, sarı rəngli metaldan hazırlanmış, düzbucaqlı formalı, üzərində ərəb qrafikalı yazıları olan bir ədəd kulonu, 30 manat dəyərində, 90,95 qram çəkidə sarı rəngli metaldan hazırlanmış, düzbucaqlı formalı, içərisində “Ferrucci” yazısı və korpusunun kənarlarında ağ şəffaf qaşları olan bir ədəd qol saatını, 400 manat dəyərində bir ədəd qızıl qaşlı qadın üzüyünü, 400 manat dəyərində bir ədəd gümüş kişi üzüyünü, 500 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, 500 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, 700 manat dəyərində bir ədəd qızıl qolbağı gizli olaraq talayıb birlikdə hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 5.526 manat məbləğində; - 07 mart 2022-ci il tarixdə, saat 20:29 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 07 saylı binanın qarşısına gələrək onun ikinci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs3 yaşadığı 66 nömrəli mənzildə heç kimin olmamasını müəyyən etdikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə binanın fasadına bərkidilmiş dəmir borunun üzərinə çıxmaqla mənzilin pəncərəsinə özü ilə gətirdiyi, istintaqa məlum olmayan vintaçanla müdaxilə edib açaraq həmin mənzilə qanunsuz daxil olmuş və yataq otağındakı dəmir seyfin üzərindəki qutunun içərisinə qoyulmuş açarı götürüb onu açaraq içərisindən həmin günün məzənnəsi ilə 9.605 manat təşkil edən 5.650 ABŞ dollarını, 222,93 manat 120 Avro və 5.600 manat məbləğində pulu gizli olaraq talayıb birlikdə hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 15.427,93 manat məbləğində maddi ziyan vuraraq təkrar oğurluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17 oktyabr 2021-ci il tarixdə, təxminən saat 18 radələrində taksi ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə metronun “İnşaatçılar” stansiyası istiqamətində hərəkətdə olarkən Mətbuat prospektində olan yaşayış binalarını görüb avtomobildən düşmüşdür. Bundan sonra məhəllələrdən birinə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində olan mənzilin işıqlarının yanmaması onun diqqətini cəlb etmiş və başa düşmüşdür ki, mənzildə heç kim yoxdur. Bundan sonra, o, blokun yanında olan qaz borusu ilə eyvanın üzərinə, oradan isə qaz borusunun üzərinə qalxıb plastik pəncərənin alt hissəsindən sıxıb pəncərəni sındırmadan açıb mənzilə daxil olmuş və qonaq otağına keçmişdir. Qonaq otağında masanın üzərində olan 100 manat pulu götürmüş, daha sonra yataq otağına keçmişdir. Yataq otağında dolabın içərisində qara rəngli pul kisəsi görmüşdür. Pul kisəsini açdıqda içərisində olan 600 manat pul və 100 ABŞ dollarını götürüb daxil olduğu pəncərədən mənzili tərk edib bir az piyada getmiş, daha sonra taksi ilə Xırdalan şəhərinə getmişdir. Əldə etdiyi pulları yeyib-içməyə və s. əyləncəyə xərcləmişdir. Mənzil sahibinin dediyi kimi həmin mənzildə 4.000 ABŞ dolları və 500 manat məbləğində pul olmamışdır. Daha sonra hər ikisinin maddi vəziyyəti yaxşı olmadığından o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan danışıb oğurluq etmək qərarına gəlmişdir. Bu minvalla 05 mart 2022-ci il tarixdə Mənsumla birlikdə Xırdalan şəhərindən Bakıya gəlmiş və gəzə-gəzə saat 19 radələrində Moskva prospektində yerləşən 48 saylı binanın qarşısında olmuşlar. Oğurluq etmək üçün ətrafa nəzər salıb işiğı yanmayan mənzillərə baxmış və beş mərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzilin işiğının sönülü olduğunu gördükdə Mənsum blokdan içəri daxil olub orada kiminsə olub-olmamasını müəyyən etmək üçün qapını döymüşdür. Mənzildə heç kimin olmadığını gördükdə ona məlumat vermiş, o da binanın birinci mərtəbəsindəki mənzilin pəncərəsinin üzərinə çıxıb özü ilə gətirdiyi vintaçanla həmin ikinci mərtbədəki mənzilin pəncərəsini açmış və ora daxil olmuşdur. Mənzilin mətbəxindən yataq otağına keçmiş və dərhal otağda olan dolablara baxış keçirməyə başlamışdır. Dolabda asılmış paltarların ciblərinə baxış keçirərkən cins rəngli gödəkcənin cibindən 800 manat pul tapmış və dərhal cibinə qoymuşdur. Bundan sonra otaqda olan rəfə baxmış və rəfin üzərindən bir ədəd qol saatını və zərində ərəb yazıları olan kulonları götürüb dərhal pəncərədən çölə çıxmışdır. Mənsuma mənzildə cəmi 50 manat pul olduğunu bildirmiş və həmin pulu onunla bölmüş, saatla kulonları isə hələlik özündə saxlaması üçün Mənsuma vermişdir. Daha sonra gəzərək yolun kənarına çıxmış və taksi ilə getmişlər. Özündə qalan 750 manat pulu əyləncəyə, qumar oyunlarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Bu mənzildən yaxşı pul götürə bilmədikləri üçün Mənsumla yenidən digər bir mənzilə girmək qərarına gəlmişlər. Bu minvalla 07 mart 2022-ci il tarixdə saat 20 radələrində Mənsumla birlikdə gəzə-gəzə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7-ci binanın qarşısına gəlmiş və oğurluq etmək üçün ətrafa nəzər salıb işiğı yanmayan mənzillərə çöldən baxmışlar. Mənsum eyni qaydada 2-ci mərtəbədə olan mənzillərin birində ev sahibinin olub-olmaması üçün bloka daxil olub mənzilin qapısını döymüş və orada heç kimin olmadığını bildirmişdir. Bundan sonra Mənsumun köməyi ilə o həmin binanın 1-ci mərtəbəsinin pəncərəsinə qalxaraq binanın fasadına bərkidilmiş dəmir borunun üzəri ilə mənzilin eyvanının dəmir barmaqlıqlarının üzərinə qalxmışdır. Barmaqlığın pəncərə hissəsi bağlı olmadığından özü ilə gətirdiyi vintaçanla plastik pəncərəni açmış və içəri daxil olmuşdur. Qonaq otağında hər-hansı dəyərli əşya və pul tapmadığından yataq otağına keçib bir ədəd iki hissədən ibarət dəmir seyf görmüşdür. Seyfin aşağı hissəsinin açarı üzərində olduğu üçün onu açmış, lakin içəridə hər-hansı əşya olmadığından yuxarı hissəsini açmaq istəmişdir. Bunun üçün seyfin yuxarısındakı kiçik əşya qabının siyirtməsinə baxmış, orada açar və sonradan bijuteriya bildiyi əşyalar var idi. Həmin əşyalardan sancaq, üzük, kulon, sırğanı götürmüş, açarla isə seyfin bağlı hissəsini açmış və qırmızı rəngli dəftərin üzərində olan 100 manatlıq əsginaslarla pulu götürüb dərhal pəncərədən çıxmışdır. Sonra Mənsumla kənarda pulu sayaraq 2.800 manat olduğunu müəyyən etmiş, ondan 1.400 manatı və dəyərli sandığı bijuteriyaları Mənsuma vermişdir. Sonradan Mənsum bildirmişdir ki, həmin əşyalar bijuteriyadır. 1.400 manat pulu eyni qaydada əyləncə, qumar oyunları və digər ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onunla yoldaşlıq münasibəti vardır. Hər ikisinin maddi vəziyyəti yaxşı olmadığından Emillə qabaqcadan danışıb oğurluq etmək qərarına gəlmişlər. Bu minvalla 05 mart 2022-ci il tarixdə Emillə birlikdə yaşadığı Xırdalan şəhərindən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektinə gəlmiş və saat 19 radələrində Emillə 48-ci binanın qarşısında oğurluq etmək üçün ətrafa nəzər salıb işiğı yanmayan mənzillərə baxmışlar. Həmin beş mətrəbəli binanın 2-ci mərtəbəsində mənzilin işığının sönülü olduğunu gördükdə o, blokdan içəri daxil olmuş və evdə hər hansı şəxsin olub-olmamasından tam əmin olmaq üçün həmin mənzilin qapısını döymüşdür. Mənzildə heç kimin olmadığını gördükdə bunu Emilə demiş, sonuncu da bloka girib müşahidə etmiş, daha sonra düşərək binanın birinci mərtəbəsinin üzərinə çıxıb özü ilə gətirdiyi vintaçanla həmin ikinci mərtbədəki mənizlin pəncərəsini açmış və içəri daxil olmuşdur. O isə kənarda dayanıb müşahidə aparmış, bir neçə dəqiqədən sonra Emil pəncərədən aşağı düşmüş və mənzildə cəmisi 50 manat pul və qızıl rəngli saat və üzəri ərəb yazıları ilə yazılmış kulonların olduğunu bildirmişdir. Pulu onunla yarı bölmüş, qızıl rəngli saatla kulonları isə saxlamaq üçün götürmüşdür. 07 mart 2022-ci il tarixdə Emillə yenidən qabaqcadan razılaşıb digər bir mənzilə girmək qərarına gəlmişlər. Bu minvalla həmin günü birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsinə gəlmiş, gəzə-gəzə saat 20 radələrində 7-ci binanın qarşısına çatmış və oğurluq etmək üçün ətrafa nəzər salıb işiğı yanmayan mənzillərə baxmışlar. O eyni qaydada ikinci mərtəbədə olan mənzillərin birində ev sahibinin olub-olmamasını yoxlamaq üçün bloka daxil olub mənzilin qapısını döymüş, heç kimin olmadığına əmin olub bu barədə Emilə bildirmişdir. Emil də binanın birinci mərtəbəsinin pəncərəsinə qalxaraq binanın fasadına bərkidilmiş dəmir borunun üzəri ilə mənzilin eyvanının dəmir barmaqlarının üzərinə qalxmışdır. Barmaqlığın pəncərə hissəsi bağlı olmadığından özü ilə gətirdiyi vintaçanla plastik pəncərəni açmış və içəri daxil olmuşdur. O isə kənarda dayanıb ətrafı müşahidə etmişdir. Bir neçə dəqiqədən sonra Emil pəncərə tərəfə gələrək evdən pul götürdüyünü bildirmiş və dərhal bayıra çıxmışdır. Emillə kənarda həmin pulu saymış, 2.800 manat olan pulun yarısı, habelə sancaq, üzük, kulon və sırğa ona verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin əşyalar bijuteriyadır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 07 mart 2022-ci il tarixdə, saat 19:30 radələrində ailə üzvləri yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 07, mənzil 66-nın qapısını bağlayaraq getmiş və həmin günü saat 20:45 radələrində geri qayıdarkən yataq otağının dağınıq vəziyyətdə olduğunu aşkar etmiş, dəmir seyfin qapısının açıq olmasını görmüşlər. Bundan sonra dərhal ona hadisə barədə məlumat verilmiş və o da evə gəlmişdir. Mənzilə gəlib seyfə baxdıqda görmüşdür ki, oradan ona məxsus ümumilikdə 5.600 manat, 5.650 ABŞ dolları, 120 Avro pul və çəkisi 120 qram olan qızıl-zinət əşyaları yoxdur. Bundan əlavə ailə üzvlərinə məxsus, qiyməti əhəmiyyətsiz olan bijuteriyalar seyfin üzərindən götürülmüşdür. Sonradan qızıl-zinət əşyalarını salfetkaya bükülmüş vəziyyətdə seyfin aşağısında aşkar etmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, mənzil 04-də yaşayır. 05 mart 2022-ci il tarixdə, saat 09:30-da evdən çıxıb işə getmiş, saat 21 radələrində qayıdanda isə mətbəxin pəncərəsinin açıq olduğunu görüb başa düşmüşdür ki, mənzilə kənar şəxs daxil olub. Yataq otağına keçdikdə dolabların siyirtmələrinin açıq vəziyyətdə olmasını, əşyaların isə ətrafa dağılmış vəziyyətdə olmasını aşkar etmişdir. Yataq otağında dolabdan asılmış cins gödəkcəsinin yan cibinə qoyduğu 840 manat və 240 manat, döş cibində isə 1.900 manat pulun götürüldüyünü müəyyən etmişdir. Otaqda olan güzgülü rəfin içərisindən 08 manat dəyərində, 08 qram çəkidə, sarı rəngli metaldan hazırlanmış dairə formalı, üzərində ərəb qrafikalı yazıları olan bir ədəd kulon, 08 manat dəyərində, 6,58 qram çəkidə, sarı rəngli metaldan hazırlanmış, düzbucaqlı formalı, üzərində ərəb qrafikalı yazıları olan bir ədəd kulon, 30 manat dəyərində, 90,95 qram çəkidə sarı rəngli metaldan hazırlanmış, düzbucaqlı formalı, içərisində “Ferrucci” yazısı və korpusunun kənarlarında ağ şəffaf qaşları olan bir ədəd qol saatı, 400 manat dəyərində bir ədəd qızıl qaşlı qadın üzüyü, 400 manat dəyərində bir ədəd gümüş kişi üzüyü, 500 manat dəyərində bir ədəd qızıl qadın üzüyü, 500 manat dəyərində bir ədəd qızıl qadın üzüyü və 700 manat dəyərində bir ədəd qızıl qolbağının olmadığını aşkar etmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəməyə çağırılmasına və onun məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə iştirakı təmin edilməmişdir. Tərəflərin razılığı ilə məhkəmədə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəyə əsasən Zərərçəkmiş şəxs1 17 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində nəvəsini “Zoopark”a aparmaq üçün yaşadığı mənzildən (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 523, ev 20, mənzil 04) çıxıb getmiş və saat 23 radələrində mənzilə qayıdarkən mətbəxin plastik pəncərəsinin açıq, güllərin yerdə dağınıq vəziyyətdə və dəhlizin qapısının açıq olmasını görmüşdür. Pəncərədən kiminsə mənzilə daxil olub oğurluq etdiyini düşünüb tez yataq otağına keçmiş və içərisində pul saxladığı kisənin çarpayının üzərində olduğunu, 4.000 ABŞ dolları və 500 manat pulunun olmadığını görmüşdür (cild İİ, i.v.68-70). İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli 011-9904-1221 saylı məktubuna əsasən Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 20, mənzil 04-də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs1 sol əlinin ovucunun əksi ilə eynilik təşkil edir (İİ cild, i.v.107-108); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx.xx.2022-ci il tarixli, 3/199 saylı rəyinə əsasən təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 sol ovucunun hipotenar hissəsindən qalmışdır. Təqdim edilmiş 2, 3 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental ovuclarından qalmamışdır. Aparılmış tədqiqatın dəyəri 161,11 manatdır (İİ cild, i.v.216-221); - xx.xx.2022-ci il tarixli, 6/1554-9/1953 saylı rəyinə əsasən 01 ədəd sarı rəngli metaldan, dairə formalı, üzərində ərəb qrafikalı yazıları olan kulon (arxa hissəsindən sürtülərək zədədlənmiş) - metalı dəmir (Fe) və xrom (Cr) elementinin ərintisindən hazırlanmışdır, çəkisi 8,00 qramdır, bijuteriyadır - 8,0 manatdır; 01 ədəd sarı rəngli metaldan, düzbucaqlı formalı, üzərində ərəb qrafikalı yazıları olan kulon (arxa hissəsindən sürtülərək zədədlənmiş) - metalı dəmir (Fe) və xrom (Cr) elementinin ərintisindən hazırlanmışdır, çəkisi 6,58 qramdır, bijuteriyadır - 8,0 manatdır; 01 ədəd sarı rəngli metaldan, düzbucaqlı formalı, içərisində “Ferrucci” yazısı, korpusunun kənarlarında ağ şəffaf qaşları olan qol saatı (bilərziyinin aşağı hissəsindən sürtülmə zədəsi var) - metalı dəmir (Fe) və xrom (Cr) elementinin ərintisindən hazırlanmışdır, ümumi çəkisi 90,95 qramdır, qaşları qiymətli qaşlara aid deyil, işlək vəziyyətdədir - 30,0 manatdır; 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük (çox sayda qaş yeri boşdur) - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 2,28 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 11,0 manatdır; 01 cüt gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaş olan qol düyməsi – metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 9,49 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 10,0 manatdır; 02 ədəd sarı, gümüşü rəngli metaldan, üzərində qaşları olan məmulat hissəsi - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 6,87 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur - əmtəə göstəriciləri kifayət qədər olmadığı üçün qiymətləndirilmir. Aparılmış tədqiqatın dəyəri 150 manatdır (İİİ cild, i.v.69-71); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 142 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyət pozuntusu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 cinayəti törədən zaman öz hərəkətlərini qavramaq iqtidarında olmuş, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 qeyd olunan emosional davamsız şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, i.v.210-212); - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərarla Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 20, mənzil 04-ün mətbəxinin pəncərəsinin üzərindən götürülmüş əl-barmaq izlərinin köçürüldüyü 05 ədəd daktilolent maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İİ cild, i.v.231, İİİ cild, i.v.96-109); - “Diskə baxış keçirilməsi haqqında” 10 may 2022-ci il tarixli protokollara əsasən Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 07, mənzil 66-da baş vermiş oğurluq hadisəsini əks etdirən DVD diskə baxış zamanı müəyyən edilir ki, diskdə 09 ədəd “mp4” formatlı video fayl mövcuddur. Həmin fayllardan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə ünvan 1 ünvanda 07 mart 2022-ci il tarixdə, saat 20:29-da binanın qarşısı ilə hərəkət edirlər. Təqsirləndirilən şəxs1 həmin görüntülərdəki şəxsin özü, digər şəxsin isə tanışı Təqsirləndirilən şəxs2 olduğunu bildirir. Eyni diskə baxış zamanı Təqsirləndirilən şəxs2 görüntülərdə əks olunan şəxsin özü olduğunu, digər şəxsin isə tanışı Təqsirləndirilən şəxs1 olduğunu bildirir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, mənzil 04-də baş vermiş oğurluq hadisəsini əks etdirən DVD diskə baxış zamanı müəyyən edilir ki, diskdə 04 ədəd video fayl və bir ədəd şəkil mövcuddur. Həmin fayllardan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə həmin binanın blokuna daxil olurlar, oradan Təqsirləndirilən şəxs1 əynində qara rəngli gödəkçə, başında isə kepka ilə pilləkənlərdən qalxır, daha sonra düşüb binanı tərk edir, qırmızı rəngli taksiyə əyləşib oradan uzaqlaşır. Təqsirləndirilən şəxs1 həmin görüntülərdəki şəxsin özü, digər şəxsin isə tanışı Təqsirləndirilən şəxs2 olduğunu bildirir. Eyni diskə baxış zamanı Təqsirləndirilən şəxs2 görüntülərdə əks olunan şəxsin özü olduğunu, digər şəxsin isə tanışı Təqsirləndirilən şəxs1 olduğunu bildirir (İİİ cild, i.v.90-93); - “Sübutların qiymətləndirilməsi haqqında” 11 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sarı rəngli metaldan hazırlanmış dairə formalı üzərində ərəb qrafikalı yazıları olan kulon, 01 ədəd sarı rəngli metaldan hazırlanmış düzbucaqlı formalı kulon, 01 ədəd sarı rəngli metaldan hazırlanmış düzbucaqlı formalı, içərisində “Ferrucci” yazısı, korpusunun kənarlarında ağ şəffaf qaşları olan qol saatı, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan gümüş üzük, 01 cüt qol düyməsi, 02 ədəd sarı, gümüşü rəngli metaldan hazırlanmış, üzərində qaşları olan məmulat hissələri iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İİİ cild, i.v.96-109); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(004)-621/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (İİ cild, i.v.99-100); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-35/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina olunaraq onun barəsində xx.xx.2022-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri tətbiq edilmişdir (İİ cild, i.v.202-208); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-156/2022 və 4(006)-157/2022 saylı qərarları ilə müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.193-196); - Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsindən olan çıxarışa əsasən 17 oktyabr 2021-ci il və 07 mart 2022-ci il tarixlərə 01 ABŞ dollarının məzənnəsi 1,70 manat, 05-09 mart 2022-ci il tarixlərə 01 Avronun məzənnəsi 1,85 manat təşkil edir (İİİ cild, i.v.118-120); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin: - xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.200); - xx.xx.2021-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə oğurluq və soyğunçuluğa görə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 177.3.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 05 il 06 aya endirilmişdir (İİ cild, i.v.103-105, 114-129, İİİ cild 59-66). - Penitensiar xidmətin 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün xx.xx.2021-ci il tarixdə bu müəssisəyə keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs olunan tarixədək Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsi 01 il 06 ay 01 gün təşkil edir (İV cild); - Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il təvəllüdlü bir övladı var (İ cild, i.v.185). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Göstərilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməllərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə, qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Göstərilənlərlə əlaqədar Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı 10 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 06 ay 01 gün hissəsi hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli, o, cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsə alınması, daha sonra xx.xx.2022-ci il tarixli qərarı ilə ev dustaqlığında olması da nəzərə alınmaqla 19 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş əl-barmaq izlərinin köçürüldüyü 05 ədəd daktilolent həmin idarədə saxlanılmalı, 01 ədəd sarı rəngli metaldan hazırlanmış dairə formalı üzərində ərəb qrafikalı yazıları olan kulon, 01 ədəd sarı rəngli metaldan hazırlanmış düzbucaqlı formalı kulon, 01 ədəd sarı rəngli metaldan hazırlanmış düzbucaqlı formalı, içərisində “Ferrucci” yazısı, korpusunun kənarlarında ağ şəffaf qaşları olan qol saatı, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan gümüş üzük, 01 cüt qol düyməsi, 02 ədəd sarı, gümüşü rəngli metaldan hazırlanmış, üzərində qaşları olan məmulat hissələri isə sahiblərinə qaytarılmalı, ekspertiza tədqiqatlarının dəyəri 311,11 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 01 (bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş əl-barmaq izlərinin köçürüldüyü 05 ədəd daktilolent həmin idarədə saxlanılsın, 01 ədəd sarı rəngli metaldan hazırlanmış dairə formalı üzərində ərəb qrafikalı yazıları olan kulon, 01 ədəd sarı rəngli metaldan hazırlanmış düzbucaqlı formalı kulon, 01 ədəd sarı rəngli metaldan hazırlanmış düzbucaqlı formalı, içərisində “Ferrucci” yazısı, korpusunun kənarlarında ağ şəffaf qaşları olan qol saatı, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan gümüş üzük, 01 cüt qol düyməsi, 02 ədəd sarı, gümüşü rəngli metaldan hazırlanmış, üzərində qaşları olan məmulat hissələri isə sahiblərinə qaytarılsın. Espertiza tədqiqatlarının dəyəri 311 (üç yüz on bir) manat 11 (on bir) qəpik pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-290/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-290/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver