Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-290/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Ermənistanın Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətənadaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qununsuz olaraq xeyli miqdarda 1,106 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2025-ci il tarixdə saat 12:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,106 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər “kakos” deyilən narkotik vasitə heroindən istifadə etmiş, lakin son 4 ildir ki, hər hansı narkotik vasitə və ya psixotrop maddədən istifadə etmir. 07 yanvar 2025-ci il tarixində günorta saat 12:00 radələrində işlədiyi “Avrasiya” klinikasından çıxıb aptekə dərman almağa getmiş, aptekdən çıxan zaman ünvan 2 ünvanının qarşısında mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində onu külli miqdarda narkotik vasitə daşımaqda ittiham edəcəkləri ilə hədələyərək ondan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmasına razı olmasını tələb etmiş və ona qarşı təhqiredici ifadələr işlətməklə bir-iki dəfə vurmuşlar. O da qorxduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmış və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair sənədlərə qol çəkmiş, həmçinin videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona verilmiş bükümü təqdim edərək içərisində psixotrop maddə olduğunu və həmin maddənin ona məxsus olduğunu bildirmişdir. Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerində olan zaman ona içməyə su verilmiş və daha sonra narkoloji ekspertizadan keçirilən zaman onun qanından narkotik vasitə aşkar edilmişdir. Güman edir ki, ona verilən suyun içərisinə narkotik vasitə əlavə edilmişdir. Çünki o, uzun müddətdir ki, narkotik vasitə qəbul etmir. Ailəlidir, 6 uşağı var, onlardan ikisi hərbi xidmətdədir, üçü isə yetkinlik yaşına çatmayıb. Daha sonra saxlanılan zaman onun üzərində qeyri-qanuni hər hansı bir maddə olmadığını nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 07 yanvar 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Seyrab» adlı şəxs Bakı şəhəri Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıyır, istifadəsi ilə məşğul olur. Keçirilmiş əməliyyat tədbirləri ilə «Seyrab» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyala keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 və Narkotiklərlə mübarizə bölməsinin kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 4 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, Təqsirləndirilən şəxs Nəsimi RPİ-yə dəvət etmişlər, sonuncu razılaşaraq onlarla birlikdə RPİ-yə gəlmişdir. Sonra raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçıya həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd büküm çıxarıb təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan gödəkçə və digər paltarlarının ciblərindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 25 manat nağd pulu, 06 ədəd bank kartlarını, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı da çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bır əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur Təqsirləndirilən şəxs təqdim eldiyi bükümdə olan maddənin psixotrop maddə meiamletamin olduğunu, həmin metamfetamini «Kubinka» deyilən ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin, bank kartları və mobil telelefon təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, 35 manat pul, siqaret və alışqan isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və NMB-nin kiçik inspektoru, polis serjantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başmaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.68); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.92-96); - “Şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v.33-35); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/48 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №186 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,106 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (i.v.55-55); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 50 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhəl görülür (i.v.83-84); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (i.v.106); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2025-ci il tarixli, 397 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur, cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (i.v.131-133); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,106 qram psixotrop maddə melamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,056 qram psixotrop maddə melamfetamin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (i.v.134-139); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 1 ay 05 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Amnistiya qərarının 4-cü hissəsinə əsasən cəzası 06 ay azaldılmış və üzərində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (i.v.113-115); - Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır; - Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümün içərisindəki maddənin “patı” adlana psixotrop maddə metamfetamin olduğunu və onu “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, himayəsində 3 azyaşlı uşağının olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 50 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,056 qram psixotrop maddə melamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat olmaqla, ümumi 20 saata görə cəmi 140 (yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,056 qram psixotrop maddə melamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 140 (yüz qırx) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-290/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-290/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver