Məhkəmə qərarları › İş №1(006)-291/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-291/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-291/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 19 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 bükümdə, təmiz çəkisi 0.540 qram olan psixotrop maddə metamfetamin və 1 bükümdə, təmiz çəkisi 0.250 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 21 yanvar 2021-ci il tarixdə saat 18:00-da Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 28 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ 19-cu PŞ-nə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 bükümdə psixotrop maddə metamfetamin və 1 bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Həmin narkotik vasitələri tanımadığı şəxslərdən, şəhərin müxtəlif yerlərindən alır. Sonuncu dəfə 19.01.2021-ci il tarixdə saat təxminən 15:00-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olarkən tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 10 manat qarşılığında şüşə kimi tanınan “metamfetamin” və “heroin” almışdır. Hər iki narkotik vasitə ayrı-ayrılıqda olmaqla 2 ədəd bükümdə olmuşdur. Həmin narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində daşımağa başlamışdır. 21.01.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 3 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun ad və soyadını soruşmuşlar. Həmin zaman o, artıq işlədiyi avtoyuma yerindən çıxıb yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsinə qayıdırdı. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra polis əməkdaşları ondan üzərində narkotik maddənin olub-olmadığını soruşmuş, o isə cavab olaraq üzərində heçnə olmadığını demiş, buna baxmayaraq həmin polis əməkdaşları onu öz avtomobillərinə otuzdurub Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Şöbədə olduğu zaman polis əməkdaşları ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik maddənin olmasından şübhələndikləri üçün üzərinə baxış keçirəcəklərini, həmçinin baxış zamanı onun müdafiəçisinin olmasının zəruriliyini bildirmişlər. Bu zaman o, maddi imkanının olmadığını bildirmiş, bundan sonra ona dövlət hesabına müdafiəçi, həmçinin üzərinə baxış keçirilən zaman video çəkiliş etmək üçün mütəxəssis dəvət edilmişdir. Sonradan keçirilən baxış zamanı ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmiş, axtarış zamanı o, cibində olan 2 büküm narkotik və psixotrop maddələri çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o isə üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Sonra üzərinə axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi gödəkçəyə və köynəyinin ətrafına, həmçinin əynində olan cins şalvarının sağ-sol yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ayağında olan ayaqqabısını çıxarmağı tələb olunmuş, o, ayaqqabısını çıxarıb silkələmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Ona üzərindən aşkar edilmiş bükümlərin nə olduğunu deməklə təqdim etməyi təklif olunmuş, o, həmin narkotik maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi deyilən ərazidə adını bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını demişdir. Bundan sonra onun və polislərin iştirakı ilə üzərindən aşkar edilmiş maddələrin tərkibinin müəyyən olunması üçün həmin bükümlər qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 21 yanvar 2021-ci il tarixdə «Məharət» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin 19-cu PŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəhbərliyi adına raportla müraciət olunmuş, daha sonra isə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X4 və ondan ibarət əməliyyat qrupu yaradılmış və «Məharət» adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında «Məharət» adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edilmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 21 yanvar 2021-ci il tarixdə ünvan 4 ünvanın qarşısına Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şamil Novruzov ilə birlikdə yollanmış və birlikdə 21 yanvar 2021-ci il tarixdə, saat 17:50 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən təxminən 10 dəqiqə sonra, yəni saat 18:00-da «Məharət» adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1998-ci il tarixdə Abşeron rayonunda anadan olan, subay, əvvəllər məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞnin inzibati binasının xidməti otaqların birində təhqiqatçı Vahid Quliyev tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, özünün, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şamil Novruzovun, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd qəhvəyi rəngli kağız bükülünün içərisində spesifik iyə malik olan maddələri çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmişdir. Həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi qara rəngli cins şalvarının sağ və sol yan ciblərinə, həmçinin şalvarın ətəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin boynuna baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, ayağında olan ayaqqabılarını çıxarması tələb olunmuş, ayaqqabıları çıxarılıb yoxlanılmış və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs cavab olaraq, üzərindən aşkar edilmiş ümumilikdə 02 ədəd bükülünün “kakos” və “metamfetamin” olmasını bildirmiş, ondan həmin narkotik vasitələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitələri 19 yanvar 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 10 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümlər təhqiqatçı Vahid Quliyev tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X8 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. 21 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 24-25) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir.(i.v.107). İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.01.2021-ci il tarixli, 6/276 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində: «... Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0.250 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0.540 qram olan ağ rəngli, kristal hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.(i.v.57-64) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 01.03.2021-ci il tarixli, 620 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.122-123) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.108) İş materiallarında olan 25 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, çəkisi 0.540 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə, çəkisi 0.250 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi subut kimi tanınmış, həmçinin tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi ekspertiza tədqiqatı nəticəsində 0.050 qramı istifadə edildikdən sonra qalıq qalan 0.490 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi ekspertiza tədqiqatı nəticəsində 0.050 qramı istifadə edildikdən sonra qalıq qalan 0.200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra saxlanması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş, 21 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddənin, 01 ədəd bükümdə, qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.128-134, 139) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını və əvvəllər məhkum olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini və səmimi peşman olmasını, həmçinin əvvəllər məhkum olmamasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 21 yanvar 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək, yəni 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 07 (yeddi) ay 24 (iyirmi dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 01 mart 2021-ci il tarixli, 620 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yem cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.490 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0.200 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 81,82 (səksən bir manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 09 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 yanvar 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək, yəni 03 (üç) ay 27 (iyirmi yeddi) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.490 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0.200 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81,82 (səksən bir manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 09 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar