Məhkəmə qərarları › İş №1(006)-291/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-291/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-291/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,780 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 12 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 03:10-da Bakı şəhəri Nəsimi rayonu, Bül-bül küçəsi ilə Füzuli küçəsinin kəsişməsində saxlanılaraq, Nəsimi rayon Polis idarəsinin 22-ci Polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 04 bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,453 qram, 0,454 qram, 0,427 qram və 0,446 qram olmaqla ümumi təmiz çəkisi 1,780 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, evlidir, iki yetkinlik yaşına çatmış övladı vardır. Usta kimi ev təmiri ilə məşğul olur. Narkotik vasitədən 1-2 ay olar ki, istifadə edir. Yuxusu gəlməməsi və ayaqda durması üçün bəzi hallarda narkotik vasitədən istifadə edir. Bu ona stimul verir ki, yaxşı fikrləşə bilsin və işləsin. Həmçinin ayağında ağrılar olduğundan narkotik vasitə qəbul edir. Narkotik vasitələri müxtəlif yerlərdən alır. Sonuncu dəfə də, xx.xx.2022-ci il tarixdə gecə saatlarında təxminən saat 11-12 radələrində “Kubinka” kimi tanınan ərazidə tanımadığı şəxsdən narkotik vasitə olan heroini təxminən 20-25 manata almış və yaşadığı evinə qayıtmışdır. Aldığı bir bükümdə narkotik vasitəni dörd yerə bölmüşdür ki, arada bir istifadə etsin. Hər dəfə Kubinka deyilən əraziyə getmək çətin olduğundan özü üçün bükümlərə ayırmışdır. xx.xx.2022-ci il tarixdə saat 03:10 radələrində yaşadığı evdən çıxaraq mağazaya siqaret almağa getmiş və narkotik vasitələri də yaddan çıxararaq üzərində saxlamışdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül küçəsi ilə Füzuli küçəsinin kəsişməsində olduğu zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis işçiləri olduqlarını bildirdikdən sonra onu Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş və o da əynində olan göy rəngli cins materialından olan şalvarının sağ yan cibindəki şəffaf sellofana bükülmüş 04 (dörd) ədəd bükümü çıxararaq təqdim etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 12 aprel 2022-ci il tarixdə «Nazim» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin 22-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin 22-ci PŞ-nın rəhbərliyi adına raportla müraciət olunmuş, daha sonra isə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və özündən ibarət əməliyyat qrupu yaradılmış və “Nazim” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Nazim” adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edilmiş və daxil olmuş məlumat əsasında Şahid1la birlikdə 12 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül küçəsi ilə Füzuli küçəsinin kəsişməsinə gəlib bir müddət orada gözlədikdən təxminən 10 dəqiqə sonra, yəni saat 03:10-da “Nazim” adlı şəxs həmin ünvana gəlmişdir. Bu zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər, sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs də onlara etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞnə gəlmişdir. Polis şöbəsinin inzibati binasının xidməti otaqların birində şəxsiyyəti sonradan onlara məlum olan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, sonuncu da könüllü olaraq əynində olan göy rəngil cins şalvarının sağ yan cibindən 04 (dörd) bükümdə narkotik vasitəni çıxararaq təqdim etmişdir. X1 zaman və polis şöbəsində olarkən heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 12 aprel 2022-ci il tarixdə «Nazim» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin 22-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatı yoxlamaq məqsədi ilə Şahid2 tərəfindən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəhbərliyi adına raportla müraciət olunmuş, daha sonra isə ondan və Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və “Nazim” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Nazim” adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edilmiş və daxil olmuş məlumat əsasında Şahid2 ilə birlikdə 12 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül küçəsi ilə Füzuli küçəsinin kəsişməsinə gəlib bir müddət orada gözlədikdən təxminən 10 dəqiqə sonra, yəni saat 03:10-da “Nazim” adlı şəxs həmin ünvana gəlmişdir. Bu zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər, sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onu Nəsimi RPİnin 22-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs də onlara etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə getmişdir. Polis şöbəsinin inzibati binasının xidməti otaqların birində təhqiqatçının iştirakı ilə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, sonuncu da könüllü olaraq əynində olan göy rəngil cins şalvarının sağ yan cibindən 04 (dörd) bükümdə narkotik vasitəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis şöbəsində olarkən heç bir təzyiq göstərilməmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Emil Qaralov tərəfindən tərtib edilmiş və həmin Şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət olunmuş X4, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “04” ədəd bükümdə, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuş, həmin istintaq hərəkəti dəvət edilmiş mütəxəssis tərəfindən «Sony» markalı video kameradan istifadə edilməklə qeydə alınmış, həmin video görüntü bir ədəd DVD diskinə köçürülərək götürülmüş, bununla bağlı qərar və protokol tərtib edilmiş və materiala əlavə edilmişdir (i/v 49-55). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2061 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №190” möhür əksi, “Şübhəli şəxs:... Təqsirləndirilən şəxs..” və s. sözlər, imzalar olan zərfdəki 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,453 qram, 0,454 qram, 0,427 qram, 0,446 qram, ümumi təmiz çəkiləri 1,780 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 04 bükümdə heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (i/v 60-63). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,453 qram, 0,454 qram, 0,427 qram, 0,446 qram, ümumi təmiz çəkiləri 1,780 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi rayon Polis idarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v 157-163). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 2705 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 151-152). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli 1026 saylı rəyin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - özünü əsəbi şəxs kimi xarakterizə edərək əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, hərbi xidmətə çağırış zamanı AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə kimi stasionar müayinədə olaraq “Şəxsiyyətin emosional-davamsız tipli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla” diaqnozu müəyyən edilməsi, hazırki müayinə zamanı əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional qeyri-sabitliyi və s. təsdiq edir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhllikəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində aniaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i/v 144-146). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 116). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-205/2022 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 25-26, 109-113). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 110 (yüz on) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,660 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,660 qram olan narkotik vasitə heroin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar